Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:55

Şahbaz Xuduoğlu: "Desəm, hamı mənimlə düşmən olar"


Zahir Əzəmət və Şahbaz Xuduoğlu
Zahir Əzəmət və Şahbaz Xuduoğlu
-

Pərviz Əzimov:

- Gördüm ki, burda qısqanclıq var. Sanki başqa nəşriyyatlara qarşı yönələn monopoliya yaratmaq cəhdi var.

Şahbaz Xuduoğlu:

- Siz hələ təzə nəşriyyatsız, 4 kitab buraxmısız, çox adam sizi tanımır. Dərhal belə hücuma əl atmağın yeri yoxdur.



Ötən həftə Azadlıq Radiosunun "Pen klub" proqramında "Əli və Nino" mağazalar şəbəkəsinin müdiri Nigar Köçərli Azərbaycan yazıçılarının əsərlərinin yaxşı satılmadığını, bunun da bir çox əsərlərin zəif və maraqsız olması ilə bağlı olduğunu dedi. Doğrudanmı, Azərbaycan yazıçıları zəifdir, yoxsa satışın zəif olması onların kitablarının təbliğ olunmaması, ögey münasibətlə bağlıdır?

Ədəbiyyat cameəsində böyük marağa səbəb olan debatı "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, şair Zahir Əzəmət, yazıçı Vahid Qazi, bloqçu Ramil Qafarov və Pərviz Əzimovla davam etdirdik.


Şahnaz Bəylərqızı:

- Şahbaz bəy, Nigar xanımın dedikləri ilə razısınızmı?

Şahbaz Xuduoğlu:

- Birinci, söhbət ondan gedir ki, Azərbaycan kitabı zəif satılır. Bu məsələni kontekstdən ayırıb ayrı bir məsələni gündəmə gətirmək məncə, yanlış mövqedir. Azərbaycan kitabı həqiqətən də bazarda zəif satılır. Mən sizə avqustda satılan kitabların siyahısını təqdim edim. Bu siyahı təqribən 10 mənbəyə aiddir, yalnız bir qrafa “Əli və Nino”ya aiddir, qalanları başqa mağazalara aiddir. Baxın, burda “Qanun”un nəşr etdiyi, yaydığı 170 Azərbaycan yazarının kitabı var. Bunlardan 106 kitab satılıb. Ən çox satılan Eyvaz Zeynalovun “Bələdçi” kitabıdır, 22 ədəd, təzə çıxıb, yəqin ona görədir. ondan sonra Ağalar Məmmədovun “Aşma” kitabı gəlir, 20 ədəd satılıb. “Xudafərin körpüsü” 10 ədəd, Aqşinin “Məbədin sükutu” 8, Qan Turalının “Mustafa”sı 6, İlqar Fəhminin “Akvarium”u 4, Cəlil Cavanşirin “İtirilmiş əlyazma”sı 2 ədəd satılıb. Bura yay boyu endirim kampaniyasında satılan kitablar da aiddir. Bizim dostumuz Şərif Ağayarın kitabı heç satılmayıb.

Ş.Bəylərqızı:

- Yəni siz də o fikirdəsiz ki, yerli yazarlar zəif və maraqsız yazırlar?

Ş.Xuduoğlu:

- Birincisi, söhbət zəif və maraqsız yazmaqdan getmir. Siz kitabçıya sual verirsiz, o da cavab verir ki, Azərbaycan kitabının satış səviyyəsi budur.

Ş.Bəylərqızı:

- Sizcə, niyə az satılır? Bir naşir kimi yəqin bunu araşdırmısız.

Ş.Xuduoğlu:

- Birinci səbəb odur ki, Azərbaycan yazarı kitab dükanını boykot edir. Və ya bir naşir kitab dükanını boykot edir. Bu gülməlidir. Kitab dükanını necə boykot etmək olar? İkinci səbəb yazıçının köhnə təfəkkürdə qalmasıdır. Azərbaycan yazıçıları yenə də elə düşünürlər ki, oxucu bunun kitabını almağa borcludur. Oxucuya hörmət etmək, dəyərləndirmək lazımdır. Bizim yazarlar kitab aksiyalarında kənardan iştirak edirlər, bəzən oxucu ilə söhbət etməyə belə məsafə qoyurlar. Bir də bunu təbliğ edən saytlar yoxdur. Baxın, sizin “Oxu zalı”na, ədəbiyyat səhifənizdir səhv etmirəmsə. Amma neçə gündür ədəbiyyata aid intriqa saytına çevrilib. Orda 9 yazı var, 8-i Nigar Köçərliyə qarşıdır, nə baş verib ki? (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


Ş.Bəylərqızı:

- Niyə, Nigar Köçərlini müdafiə edən yazılar da var.

Ş.Xuduoğlu:

-Siz doğrudan da, ədəbiyyatın inkişafında maraqlısınızsa, onda burda bir romanı müzakirə edərdiniz və mən də öz fikirlərimi deyərdim.

Ş.Bəylərqızı:

- Biz roman müzakirələri keçiririk.

Ş.Xuduoğlu:

- Yazmaq yox, bir roman oxusu keçirərdiz. Axı bu “Oxu zalı”dır.

Ş.Bəylərqızı:

- Şahbaz bəy, diqqətlə izləmirsiz. Biz canlı efirdə də romanları müzakirə etmişik.

Ş.Xuduoğlu:

- Yəni demək istəyirəm ki, ədəbiyyatı təbliğ etmək, dəstəkləmək, yanında olmaq lazımdır. Azərbaycan yazıçısı da həmçinin. Seymur Baycan kitabını təbliğ etdi, təşkilat-təşkilat gəzdi və yaxşı satdı, istədiyi tirajı satdı. Günel Mövlud yarmarkalara gəldi və kitabını təqdim etdi, oxucuyla birbaşa ünsiyyət qurdu ki, sənə nə lazımdır, məndən nə tələb olunur. Yazarlar var, kitabının təbliğatını öndə aparır və oxucu qazanır. Kitabı dükana verirsənsə, sənin marağın onun satılmağındadır. Deməli, bunu satış formasını tapmalısan.

Ş.Bəylərqızı:

- Amma yazarlar da naşiri günahlandırırlar ki, kitab satmaq yazıçının işi deyil, bununla nəşriyyatlar məşğul olmalıdır. Naşir kitab reklamı yönündə hansı işi görür?

Ş.Xuduoğlu:

- Bəs nəşriyyatlar yazıçıya deyəndə ki, elə yazmalısan ki, biz o kitabı sata bilək, deyirlər ki, sən mənə yazmağı öyrədirsən. Yazar, kitabçı, naşir - üçü bir yerdə işləməlidir. Bir yerdə işləməyəcəksə, onda inkişaf etməyəcək. Bizim “Qanun” nəşrlər evinin Facebook səhifəsinin 10 min izləyicisi var, 8 min də mənim özümün var, 60 min “Əli və Nino”nun var.

Ş.Bəylərqızı:

- Bu kifayətdirmi, sizcə?

Ş.Xuduoğlu:

- Kifayət deyil təbii ki. Biz kitabların plakatlarını da nəşr edib küçələrə yapışdırırıq. 3 aydan bir kataloqlar nəşr edirik. Kitabın təbliğatı yönündə nə mümkündürsə, onu edirik.
"Zero" nəşriyyatının buraxdığı kitablardan
"Zero" nəşriyyatının buraxdığı kitablardan

Zahir Əzəmət:

- Bu, çox yaxşıdır ki, ölkədə kitab məsələsi bu qədər müzakirə olunur. Təbii burda nüanslar ola bilər ki, Şahbaz bəyi və “Əli və Nino”nu qıcıqlandıra bilər.

Ş.Xuduoğlu:

- Məni qıcıqlandıran odur ki, “Qanun”un monopoliya qurduğunu deyirlər.

Z.Əzəmət:

- Mən o cür düşünmürəm. Sadəcə, qeyd edim ki, 10 il əvvəl kitab bazarı ölü idi, kitab bazarının inkişafında “Qanun”, “Əli və Nino” böyük rol oynayıb. Məni əsəbiləşdirən müəlliflərin yox sayılmasıdır. Bir az da satış şəbəkəsi peşəkar qurulmayıb. Tənqidlərə açıq olmaq lazımdır. Şahbaz bəyin dediyi kimi hamımızın marağı bazarın daha da inkişaf etməsidir. Satış məsələsində ən çox rastlaşdığımız nədir? Hətta “Qanun”un nəşri də olsa, kitab satışda ola-ola oxucuya kitabın olmadığını deyirlər. Satış şəbəkəsində olanlar məlumatlandırılmır. Dostumuz Nigar xanımın satış şəbəkəsində, anbarında çalışanlar 5 Azərbaycan yazarının adını çəkib, onu xarakterizə edə bilməzlər. problem də bundan qaynaqlanır. Tənqidlər də ona görədir ki, iş düzgün qurulsun. Mən özümə naşir deyə bilmirəm, yeni başlamışıq. Amma hər dəfə nəşr olunan kitablar mağazaya gedəndə işçilərimiz üstümüzə qaytarılırsa, hər dəfə dostumuz Nigar xanıma məcbur olub zəng vururuqsa, o da işə qarışır, kitab da anbardan satış nöqtəsinə 10-15 günə gedirsə, oxucu da “yox” cavabı alırsa və ortada da mənə minnət qoyulmalıdır ki...

Ş.Xuduoğlu:

- “Oxu zalı” da bunu müzakirə etməlidir ki, niyə skladda işləyənlər belə işləyir? Yəni bu problemi oturub müzakirə etmək olardı. Mən kitab satmaqla bağlı treninq keçirdim. Biz elə həmin ay “Əli və Nino”da dəyişikliyi gördük. Amma digər dükanlar adam göndərmədi, mən yenə getdim ora və özləriylə söhbət etdim ki, kitablar nədir, necə təqdim etmək lazımdır. Bu, işin qaydasıdır.

Z.Əzəmət:

- Bəs mən də eyni şeyi deyirəm də. Bu işin qurulması üçün tənqidlər də lazımdır. Sizinlə “Əli və Nino”nun açıqladığı satış listələrinə baxaq. Eyni siyahıda xarici müəllif də var, yerli müəllif də. Siz bu siyahını yayırsız, biz də onu tirajlayırıq. 20 kitab açıqlayırsız, onun 18-i əksər hallarda xarici müəllif olur. Amma sizə bu təklifi vermişdim ki, yerli müəlliflərin siyahısı ayrı olsun, xarici müəlliflərin ayrı. Bu, yerli müəllifi yoxa saymaq kimi çıxır. bu özü də təbliğatdır. İkinci nüans, Nigar xanımın kitabı çox satılan müəlliflər kimi təqdim etdiyi yazarların hər birinin il ərzində 2 min kitabı satıla bilər. Belə yazarlar da 5-6 nəfər olar. Bu da 10 min tiraj etsin, yəni aya təxminən 1000 nüsxə. Bu 1000 tirajla heç mağazanın xərcini ödəmək olmaz. Amma başqa müəlliflər var ki, az satıla bilər, amma ilə 300-500 satıla bilər, bu cür 500 müəllif sənə aya 20 min, 10 min tiraj verə bilər.

Ş.Xuduoğlu:

- Zahir, mən Azərbaycan yazarlarının satış siyahısını açsam, hamı mənimlə düşmən olacaq. Azərbaycan yazıçısının kitabını nəşr edirsən, ancaq mədəniyyəti çatmır ki, sənə “çox sağ ol” desin. əksinə bir gün sonra əleyhinə danışır. Ay qardaş, mən nə etdim ki? Sənin kitabını çap etdim. Mən səndən heç nə istəmirəm, bircə bunu istəyirəm ki, get kitabın haqda danış, oxucunu inandır. (ardı aşağıda)

Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu


Z.Əzəmət:

- “Əli və Nino”nun təşkilatçılığı ilə, bizim də ekspert kimi dəstəyimizlə illərdir Milli Kitab Mükafatı keçirilir. Orda iyirmilik, onluq bəlirlənir, təbliğat gedir və kitab çap olunur. Sən bunun arxasında durmayacaqsansa, öz onluğuna, iyirmiliyinə düşən yazıçının kitabını öz mağazana götürməyəcəksənsə, nəticə nə olacaq?

Ş.Xuduoğlu:

- Niyə götürmür?

Z.Əzəmət:

- Mən də eyni sualı verirəm.

Ş.Xuduoğlu:

- Həqiqətən də MKM-də olan kitablar ekspertlər, münsiflər tərəfindən oxunur, bir dəyərləndirmə gedir. Amma gəlin bunu bazara çıxaraq.

Z.Əzəmət:

- Bazara çıxanda naşir arxasında durmalıdır. Eyvaz Zeynalovun adını çəkdiz, pis-yaxşı ötən ay 22 kitabı satılıb. Amma saytınızda bu haqda bildiriş qoymusuzmu?

Ş.Xuduoğlu:

- Qoymamışıq. Çünki saytda problem yaranıb. Amma Facebook səhifəsində məlumat qoymuşuq.

Z.Əzəmət:

- Yerli müəllifə qarşı soyuqluq var.

Ş.Xuduoğlu:

- Yerli müəllifə hansı soyuq münasibətdən söhbət gedə bilər? Yerli müəllifin "Qanun"da çıxan kitabını hansısa aksiyalara, tədbirlərə aparmadığım olubmu? Sizin keçirdiyiniz yarışlarda, MKM-də bizim buraxdığımız nəşrlər öndə olub. Necə soyuq münasibətdən danışa bilərik?

Z.Əzəmət:

- Mən “Əli və Nino” ilə bağlı məsələləri konkret deyirəm. Nigar xanımla dostam, həmişə də dəstək olmuşam. Sadəcə, söhbət ondan gedir ki, mən niyə hər dəfə ona zəng etmək zorunda qalmalıyam. Bir dəfə bilmədin, danışırsan, tapşırırsan, axırda bezirsən, deyirsən ki, tamam, bu məsələ ictimailəşsin. İctimailəşsin ki, problem aradan qalxsın... Bu ölkədə 5 müəllif varsa, biri Həmid Herisçidir. Bunun kitabını götürmürsən, Borxesi götürmürsən.

Ş.Xuduoğlu:

- Həmid Herisçi çox gözəl jurnalistdir. Onun hansı son nəsr əsəri olub ki? Onun son kitablarını mən buraxmışam. Konspiroloq yazılarının toplusudur, bu, bədii əsər deyil. Ondan əvvəl də televiziya verilişlərindəki söhbətləri köçürüb kitab buraxmışdı. Gəlin bir-birimizi aldatmayaq.

Z.Əzəmət:

- O, “Gecə kanalı”ndakı kitabı “Alma” qəzətində satmışıq, aya 100 ədəd satılırdı.

Ş.Xuduoğlu:

- Həmid mənim də dostumdur. Amma yazını həm sayta vermək, həm efirə vermək, sonra da kitab kimi çap etmək... Olmur axı...
"Qanun" nəşriyyatının buraxdığı kitablar
"Qanun" nəşriyyatının buraxdığı kitablar

Ş.Bəylərqızı:

- Bəlkə bunu oxucunun ixtiyarına buraxmaq lazımdır?

Ş.Xuduoğlu:

- Ona görə də alınmır. Azərbaycan müəlliflərinə dəstək olmaq lazımdır. Nəşriyyatlar yox, əzizim, kitabxanalar, fondlar, təşkilatlar, nazirlik dəstək verməlidir.

Ş.Bəylərqızı:

- Pərviz Əzimov söhbətə qoşulur, o “Əli və Nino” mağazasını boykot etdiyini yazmışdı.

Pərviz Əzimov:

- “Pen klub” verilişində Nigar Köçərlinin verdiyi müsahibədən sonra “Əli və Nino”nun anbarına getdim, bizim "Zero" nəşriyyatının yeni kitablarını vermək istəyirdim. Bu, Borxesin və Həmid Herisçinin kitabları idi, amma götürmədilər. Onların mərkəzi ofisində də həmin kitabları götürmədilər. Mən ondan əvvəl də bir neçə dəfə getmişdim, kitablar elə yerə qoyulmuşdu ki, satıcı özü belə onları tapa bilmirdi. Nigar Köçərlinin son müsahibələrində də gördüm ki, burda qısqanclıq var. Bundan başqa, sanki başqa nəşriyyatlara qarşı monopoliya yaratmaq cəhdi var. Mən Nigar xanımın bu addımını düzgün hesab etmədim və yerli yazarları aşağılamaq kimi başa düşdüm. Nigar Köçərlinin həmin müsahibədə tək yazarları aşağılamaq yox, həm də nəşriyyatları qarşı-qarşıya qoymaq niyyəti, istəyi vardı. Bir nəşriyyatı tərifləmək, onun bazarı yaxşı tanıdığını demək, başqasını ucuz PR-da günahlandırmaq... Nigar xanımın işi kitab satmaqdır, nəşriyyatın keyfiyyətini yoxlayan adam deyil. O, qarşıdurma yaratmaq istəyirdi. Nigar Köçərlinin bazarda tərəvəz satandan bir fərqi var, o təkcə alverçi deyil, həm də özünü maarifçiliyi, mütaliəni təbliğ edən şəxs kimi təqdim edib. Ona görə Nigar Köçərli kitab bazarına təkcə bazar kimi yanaşa bilməz, “mən bunu istəyirəm”, “bu daha yaxşı satılır” deyə yanaşma ola bilməz.

Ş.Bəylərqızı:

- Amma mağaza sahibinin öz gəlirini düşünməyə, ən çox satılacaq kitabı götürməyə haqqı var.

P.Əzimov:

- Mən yazımda da qeyd etmişdim ki, Həmid Herisçinin kitabını götürmədən onun necə oxunduğunu, çox satılacağını necə bilərsiz? O kitabı mağazaya qoymursansa, onun necə satıldığını hardan biləsən?

Ş.Xuduoğlu:

- “Əli və Nino” bizim kitabları da geri qaytardı, çünki dükanları, anbarı çox yüklənmişdi. Bunların ora kitab gətirməsi də məhz eyni vaxta düşüb. Kimisə az kitab götürməkdə və ya işi pis qurmaqda qınamaq da düz deyil. Bu biznesdir, o bunun yaxşı olmasını istər. Kitab dükanlarında hər adam qalıb işləmir, maaş azdır deyə onlar daha perspektivli işə gedirlər. Mən özüm hər şənbə kitab mağazalarını gəzirəm, kitab satışı, onların necə düzülməsi ilə maraqlanıram. Yeri xoşuma gəlmirsə, dəyişirəm.

P.Əzimov:

- Mən özüm də dəfələrlə mağazada kitabın yerini düzəltmişəm. Amma qayıdanda görmüşəm ki, kitab əvvəlki yerinə qaytarılıb. Və ya mağazada kitab satılıb qurtarıb, amma anbarda bizə bu haqda məlumat verilmir. Məsələ kitabın az və ya çox satılmasında deyil, hansısa nəşriyyata, müəllifə qarşı qısqanc yanaşma var ortada...

Ş.Xuduoğlu:

- Konkret ad çəkin, “Qanun”dan söhbət gedirsə, siz hələ təzə nəşriyyatsız, 4 kitab buraxmısız, çox adam sizi tanımır. Dərhal belə hücuma əl atmağın yeri yoxdur. “Qanun”un kitablarının 35-40 faizi “Əli və Nino” xəttiylə yayılır. Özünüzü göstərin, sonra danışaq...

Z.Əzəmət:

- Pərviz bəy bir az emosional danışır. “Qanun” satış şəbəkəsi deyil, istehsalçıdır. Yerli müəlliflərin kitabları niyə satılmır? Şahbaz bəy və Nigar xanım bir səbəb kimi yazı məsələsini göstərirlər. Nigar xanım bunu Şərif Ağayarla debatda dedi. Bu həmin Şərif Ağayardır ki, Milli Kitab Mükafatında onluğa düşmüşdü. “Əli və Nino”dakı təqdimatda elə bir günə 100 kitab satdı.

Ş.Xuduoğlu:

- Şərif Ağayarın dolandığı yer yazıdır. Yazıya toxunsan, onun içinə toxunarsan, onu zədələyərsən. Amma burda biz bunu da deyirik, onu da... Ümumi baxaq, ayırmayaq kitabçını, naşiri özümüzdən.

Z.Əzəmət:

- Burda söhbət sistemli, bəlkə bilərəkdən, bəlkə bilməyərəkdən yaranan münasibətdən gedir. Yerli müəllifin kitabı hansı halda satıla bilər? Siz deyirsiz ki, oxucu ilə ünsiyyətə girməlidir. Tamam. Naşir də bunu qabartmalıdır. Necə ki Markesin kitabı çıxanda beş yerdə xəbəri yayılır. Mən də bir neçə medianın rəhbəriyəm. Kitab xəbərlərini təmənnasız və ürəyimiz yana-yana, ən yaxşı yerlərdən yayımlayırıq.

Ş.Xuduoğlu:

- Tanınmayan yazarla bağlı xəbər göndərəndə hətta sən də vermirsən.

Z.Əzəmət:

- Yox, veririk.

Ş.Xuduoğlu:

- Yerli yazarın adını tanımadan heç kim xəbərini yaymır. Gərək şəxsi əlaqəsi olsun. Ədəbiyyatın oxunmamasının bir səbəbi də mediadır.

Ramil Qafarov:

- Onu deyə bilərəm ki, kitab rəfə qoyulmadan oxucu onu tanımalıdır. Oxucu onu tanımadısa gedib rəfdən götürməyəcək, ən görünən yerdə olsa belə. Mən heç vaxt haqqında rəy eşitmədiyim kitabı almaram. Televiziyaya çıxa bilirlərsə, ora çıxsınlar. Bu mümkün deyilsə, bloqçulardan, “Facebook” istifadəçilərindən kömək istəsinlər, əsas budur ki, reklamı aparsınlar. Bir il də kitabları yatsa, alan olmayacaq, əgər ictimai persona deyillərsə... Digər məsələ kütləyə işləməkdir. Bizimkilər kütləyə işləmir. Elxan Elatlı kütləyə işləyən yazıçıdır, onu tanıyır, oxuyurlar. (ardı aşağıda)

Vahid Qazi
Vahid Qazi


Ş.Bəylərqızı:

- Amma başqa fikir də var ki, sizin də, Nigar xanımın da dediyi Elxan Elatlı, Varis ciddi ədəbiyyatla məşğul deyillər, bunlar kütləyə hesablanmış əsərlər yazırlar.

R.Qafarov:

- Həmin yazıların ədəbiyyat olub-olmamasına 20 il sonra qərar verəcəklər.

Ş.Bəylərqızı:

- Vahid Qazinin “Ruhlar şəhəri” haqda yazmısız ki, ağdamlılardan başqa heç kimə lazım deyil. O zaman siz niyə tələsirsiz həmin əsərə qiymət verməyə?

R.Qafarov:

- Ona oxucu qiymət verib, heç bir kitabını almamaqla. O kitabı oxumamışam ümumiyyətlə. Amma onun köşə yazılarına, bloq yazılarına baxdım, sırf yerliçilik təfəkkürlü adamdır. O, Azərbaycan yazıçısı deyil, ağdamlıların yazıçısıdır. Mənim yazımı tənqid edənlər də ancaq yerliləridir. Bu düşüncənin adamıdır və onunla başqa cür danışmağı düzgün saymıram. Kitabından narahatıydısa gedəndə paylayardı, camaat havayı oxuyardı.

Ş.Bəylərqızı:

- Amma müəllif iddia edir ki, kitabı iki dəfə çap olunub.

R.Qafarov:

- Bundan xəbərim yoxdur.

Z.Əzəmət:

- Həm də müəllif deyir ki, bu kitabdan “Əli və Nino”ya verməyib. Bəs bu hardan çıxartdı ki, kitab satılmayıb?

Vahid Qazi:

- Mən bu oğlanı tanımıram, açığı. Amma bilirəm bu hansı dairənin adamıdır. Mən ona az sonra cavab verərəm. Söhbətə ötən debatdan başlamaq istərdim. “Qanun” nəşriyyatının, Şahbaz bəyin müxalifət mətbuatı qarşısında böyük xidmətləri var. “Əli və Nino”nun Azərbaycanda kitabın populyarlaşmasında, təbliğində gördüyü işləri danmaq olmaz. Milli Kitab Mükafatı da böyük işdir. Mən skandallardan uzaq adamam. Mən ötən debatda gördüm ki, Nigar xanım MKM-lə bağlı yazdığım “Haramıstan” yazısına 3 aydan sonra cavab verir. 200-300 adamın kitabının onun anbarında qaldığını deyir və mənim adımı çəkir. Mən bilirəm ki, o yazı bunların xətrinə dəyib. Şahbaz bəy mənim dostumdur. O süd və süd məhsulları satmır, çörəyi kitabdan çıxır, yaxud o xanım kolxozda gilas satmır. Kitabı da yazıçı yazır. O xanım başqa şey satsaydı, ictimai xadim olardımı? Demək, kitab səni ictimai adam edib. Bu kitaba, yazıçılara görə şöhrətlənirlər, pul qazanırlar, sonra da loxmayla tüpürürlər yazıçıların üzünə. Bu son 20 il yaxşıdır, pisdir, buna sonra qiymət veriləcək, amma bu dövrə tüpürmək olmaz axı. İndi deyirlər ki, xarici əsərlər yaxşı satılır. Bu axı gülməlidir. Onda Pyer Kardinlə “Volodarski”ni müqayisə edək. Ya da “Mersedes”lə Gəncə avtomobil zavodunun istehsalını müqayisəyə qoyaq da... Məntiq lazımdır. O ki qaldı kitabın təbliğatına, prezident hər gün bir obyektin açılışında iştirak edir. Onların içində bircə dənə kitabxana varmı?

Ş.Xuduoğlu:

- Vahid bəy, məndə 150 kvadratmetr yer ancaq kitablarımdır. Bəs yaxşı, kitab dükanda nə qədər gözləyə bilər? Qəzet yayıma gedir. Bir ay sonra geri qaytarılır. Kitab da hansısa formada tənzimlənməlidir. Axı kitab anbarları rezindən deyil. Və “Azərbaycan yazarlarına tüpürür” demək... Bunu niyə bu cür belə...

V.Qazi:

- Ramil Qafarov kitabımı oxumayıb, onunla nə cür debat aparmaq olar? Necə müzakirə aparmaq olar ki, məni təhqir edir? Sənin qabiliyyətin yoxdur 3 kəlmə söz yazasan, məni niyə təhqir edirsən, a kişi? Ayıb deyil?

Z.Əzəmət:

- Şahbaz bəy söhbətə Azərbaycan kitabından başladı. Bu gün satış listələri bölünməlidir, yerli və xarici müəlliflər ayrılmalıdır. Bu gün biz xarici kitablardan asılı olacağıqsa, onda Mirzə Cəlilin “Anamın kitabı” – Azərbaycan kitabı ölkədə yoxa çıxacaq. Azərbaycan kitabı üçün birgə çalışaq. Axı, Nigar xanım da, Şahbaz bəy də, biz də bəyan edirik ki, biz oxucunu yetişdiririk. Bazardan asılı durum yaratsaq onda Röyanın, Aygünün kitablarını buraxaq.

Ş.Xuduoğlu:

- Təəsüf ki, bazar deyəndə gözümüzün qabağında başqa bazar canlanır. Bazar yazıçının ən etibarlı dayaq nöqtəsidir. Bir xalq ki, bir bazar ki yazıçının arxasında dayanır, o yazıçı güclü olur, asılı olmur. Bazarı tənqid etməyin, bazara doğru gedin. Anormal haldır ki, xarici yazar yerli yazardan çox satılır.

Z.Əzəmət:

- Təbliğatin bu yöndə qurulmasına görədir.

Ş.Xuduoğlu:

- Biz bu siyahıları yayırıq. Kataloqlarda yazarlar haqda məlumat veririk. Bunu heç kim etmir, biz edirik. İmkanımız daxilində Azərbaycan yazarını önə çıxardırıq. Bütün tədbirlərimizə dəvət edirik.

Z.Əzəmət:

- Bir söz deyəcəm, acığınız tutacaq. Xarici müəllifi dəvət etməyə imkanınız olsa, bəlkə də yerli müəllifi çağırmazsız.

Ş.Xuduoğlu:

- Insafsız olma. Yaxşı da, olmadı…


Debatın davamını burda izlə
XS
SM
MD
LG