Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:24

Hafiz Hacıyev: "Cəmil Həsənlinin gözünü çıxartmadıq ki..."


Cəmil Həsənli
Cəmil Həsənli
-

Cəmil Həsənli:

- Bu hakimiyyət elmdən, təhsildən, kitabdan uzaqdır. Bunlar kitabın bazarını öldürdülər. Bakıda 74 kitab mağazasından 3-ü qalıb. kitab pasajını cır-cındır mağazası etdilər.

Hafiz Hacıyev:

- Cəmil bəy, sən bizimlə oturmağı özünə ar bilirsən, gedib ermənilərlə oturub-durursan.

Sərdar Cəlaloğlu:

- Dialoq mədəniyyəti yoxdur, bir-birinin arvad-uşağını söyürlər.



Onlar seçilsələr, ədəbiyyat, mədəniyyət sahəsində nəyi dəyişərdilər? Sentyabrın 19-da İctimai Televiziyadakı qalmaqallı debatdan 1 saat əvvəl prezidentliyə namizədlər Sərdar Cəlaloğlu, Cəmil Həsənli və Hafiz Hacıyev AzadlıqRadiosunun “Pen klub” proqramında üz-üzə gəldilər.


“YARADICI QURUMLAR, QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ BURAXILMALIDIR”

Şahnaz Bəylərqızı:

- Bütün debat iştirakçılarından soruşmaq istərdim: Yaradıcı qurumlar – Yazıçılar Birliyi, Rəssamlar Birliyi, Bəstəkarlar İttifaqı haqda nə düşünürsüz? Bəziləri onların vaxtının keçdiyini və ləğvinin zəruri olduğunu düşünürlər. Necə bilirsiz bu qurumlar qalsın, qalmasın?

Sərdar Cəlaloğlu:

- Biz müstəqillik əldə etdikdən sonra ətalət üzrə SSRİ dönəmindən qalmış idarəçilik və münasibətlər sistemini, o cümlədən təşkilatlanma formalarını saxlamışıq. Biz müstəqilliyimizi elan edəndən sonra Yazıçılar Birliyi kimi, Rəssamlar Birliyi kimi sovet ənənələrinə söykənən və sovet prinsipləri ilə formalaşan təşkilatların hamısı buraxılmalı idi. Çünki sovet dövründə bu təşkilatların bir məqsədi vardı - yaradıcı insanları bir araya yığmaq, onların üzərində dövlət nəzarətini həyata keçirmək, onları dövlət sifarişlərini yerinə yetirməyə məcbur etmək. Bu baxımdan düşünürəm ki, belə birliklər, yəni yaradıcı insanlar arasında nəzarəti həyata keçirən və ya rəsmi hakimiyyətin siyasətinə xidmət edən bütün qurumlar, təkcə mədəni qurumlar yox, Qafqaz Müsəlmanları İdarəsi də daxil olmaqla hamısı buraxılmalıdır. Aşağıdan, ictimai qaydada təşkilatlanan yaradıcı qurumlar meydana çıxmalıdır. Bu zaman dövlət həmin yaradıcı qurumlarla əməkdaşlıq etməlidir. Onlara qayğı göstərib, sonra da ögey ata kimi öz məqsədləri üçün istifadə etməməlidir. Yaradıcı insan dövlətdən yuxarıda durmalıdır. Mən İrana gedəndə Şəhriyarın evində oldum. İranın indiki dini lideri Əli Xameneyi Təbrizə gedəndə Şəhriyarı qoca vaxtında evində olub, diz-dizə oturub ədəbiyyat söhbəti ediblər. Bizdə isə belə situasiya olsaydı, əksinə Şəhriyarı o qoca vaxtı Prezident Aparatına gətizdirərdilər ki, gəl prezidentlə görüş. (ardı aşağıda)

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu


“ÇOX CÜZİ MƏBLƏĞ LAZIMDIR Kİ...”

Hafiz Hacıyev:

- Biz mədəniyyətimizə, onun inkişafına ciddi fikir verməliyik. Bu gün də mədəniyyət işçilərinə böyük qayğı var, bundan sonra da o qayğı göstərilməlidir. Yaradıcı adamlara xüsusi statuslar vermək olar, müəyyən imtiyazlarla təmin etmək olar, yaşlı mədəniyyət xadimlərini su, qaz, işıq pulundan azad etmək olar.

Ş.Bəylərqızı:

- Hafiz bəy, sovet dövründə də yaradıcı insanlar dövlətin nəzarəti altında idi və qayğısı ilə əhatə olunmuşdu. Bu da ona gətirdi ki, həmin zümrə dövlətdən asılı vəziyyətə düşdü. İndi siz də dövlətin yaradıcı insanlara qayğı göstərməli olduğundan danışırsız. Həmin təhlükəli vəziyyət təkrarlanmazmı?

H.Hacıyev:

- Yox, qətiyyən. Yəni dövlətin onlardan asılılığı, onların da dövlətdən asılılığı yoxdur. Dövlət bunları təsir altına salmaqla, imtiyazlar verməklə nə əldə edə bilər? Biz bəzən islahat aparmaq istəyəndə düşünürlər ki, prezident hansısa təbəqəni təsiri altına salır. Bunlara kömək etməyəndə də şikayətlənirlər ki, dövlət tərəfindən qayğı yoxdur. Bu adam fikirləşməməlidir ki, aldığı məvacib sabah kommunal xərclərini ödəyəcəkmi? Burda nə ola bilər? Bu elə böyük pul da deyil. Bizim maliyyəçilər hesablayıblar, çox cüzi yardım lazımdır ki, mədəniyyət adamları, yazıçılar gələcək həyatlarını qura bilsinlər və xalqa daha yaxşı mədəniyyəti bəxş etsinlər.

S.Cəlaloğlu:

- Mən hesab edirəm ki, vətəndaşlar arasında hüquq bərabərliyi təmin edilməlidir. Yəni dövlətin qeyri-yaradıcı insan qarşısında hansı öhdəliyi varsa, yaradıcı insanla bağlı da həmin öhdəliyi var. Dövlət sadəcə, yaradıcılığı stimullaşdırmalıdır, sifarişlər verməlidir. Bir də var, sovet dövründəki kimi dövlətin bütün qayğıları ilə əhatə olunur və dövlətin siyasətinin reallaşmasında ondan istifadə olunur. Fadeyevdən, Səməd Vurğundan tutmuş başqalarına kimi hamısından istifadə olunub. (ardı aşağıda)

Hafiz Hacıyev
Hafiz Hacıyev


“YARADICI QURUMLAR QALMALIDIR...”

Cəmil Həsənli:

- Mən Yazıçılar Birliyinin üzvüyəm. Prezidentliyə namizədlər arasında yəqin yeganə adamam ki, AYB üzvüyəm. Bu üzvlük mənim tarixi-publisistik əsərlərimə görədir. Prezident seçkilərinin mənim üçün müsbət nəticələri olsa, şübhəsiz ki, ədəbiyyat, mədəniyyət sahəsində bir sıra məsələlərə yenidən baxılacaq. Azad yaradıcı mühitin bərqərar edilməsini vacib sayıram. Eyni zamanda, ədəbiyyat və incəsənəti dövlətin himayəsindən qurtarmaq lazımdır. Hansısa formada yazıçını, rəssamı, musiqiçini dövlətdən asılı etmək lazım deyil. Məsələn, prezident təqaüdü var, əslində, bu, adamların halal haqqıdır. Niyə adamların haqqını onlara minnətli şəkildə vermək lazımdır? Doğrudan da, bunlar mədəniyyətimizə təkan verirlərsə onların təminatı, əmək haqları dolanışıqlarını təmin etməlidir. Bir də yaradıcılıq məhsullarının bazarı olmalıdır. Bu hakimiyyət elmdən, təhsildən, kitabdan uzaqdır. Bunlar kitabın bazarını öldürdülər. Bakıda 74 kitab mağazasından 3-ü qalıb. kitab pasajını cır-cındır mağazası etdilər. Bu qədər bina tikilir. Onların bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətinə verilir. Kim görüb ki, onlardan birini kitab dükanı etsinlər?.. Bir dəfə mədəniyyətlə bağlı qanun müzakirə olunurdu. Aktyorların əmək haqqından söz düşəndə soruşdum ki, bunlar nə qədər maaş alır? Dedilər ki, o vaxtın pulu ilə 20 “şirvan”. Bu pula adam heç öz rolunu oynaya bilmir, başqasının rolunu necə oynasın?

Ş.Bəylərqızı:

- Sərdar Cəlaloğlu yaradıcı qurumların ləğv olunmasından danışdı. Siz AYB haqda nə düşünürüsüz?

C.Həsənli:

- Yaradıcı qurumlar qalsınlar. Amma yaradıcı qurum olsunlar, dövlətin buna müdaxiləsinə yol vermək olmaz. Dövlət yaradıcılıq qurumlarını maliyyə cəhətdən tabeliyində saxlamamalıdır. Normal mühit yaratmaq lazımdır ki, özlərini dolandıra bilsinlər. Yazıçıların böyük hissəsini kənara atıb, 5-10 yazıçıya prezident təqaüdü verməklə bütövlükdə bu zümrənin problemini yaxşılaşdırmaq olmaz. Asılılıqdan qurtarmaq lazımdır, asılılıq məddahlığa, yaltaqlığa gətirir. Amma bu qurumlar qalsa yaxşıdır, öz sənətləri ilə bağlı müzakirələr keçirirlər, sərgilər keçirirlər və s... (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“AXŞAM İCTİMAİ TV-DƏ YIĞIŞACAĞIQ, BAXIN GÖRÜN BİR-BİRİ HAQDA NƏ DANIŞACAQLAR”

S.Cəlaloğlu:

- Biz burda mədəniyyətdən danışdıq, amma bizdə dialoq mədəniyyəti yoxdur. Axşam biz İctimai televiziyada yığışacağıq (sentyabrın 19-da - red). Baxın görün orda biri-biri haqda nə danışacaqlar. Dialoq mədəniyyəti yoxdur, bir-birinin arvad-uşağını söyürlər, məsələn, Cəmil müəllimi götürək, deyir ki, ordakı namizədlər hamısı qoyundur, mən ləyaqətliyəm, onlar hamısı ləyaqətsizdir. Mədəniyyətin inkişafı yalnız rəsm əsəri çəkmək, əsər yazmaq deyil. Bir dövlət başçısı bütünlükdə mədəni konsepsiya ortaya qoyursa, yalnız ədəbiyyatın, incəsənətin yüksəlməsinə yox, siyasi mədəniyyətin yüksəlməsinə də çalışmalıdır. Elə iqtidar-müxalifət münasibətləri özü mədəniyyət nümunəsi olmalıdır. Biz bu gün bir-birimizə düşmən kimi baxırıq. Prezidenti təbrik etmək xəyanətdir, prezidentin müxalifətin yasında başsağlığı verməsi bir iltifat. Bunlar dəyişməlidir...

Təvazökarlıqdan uzaq da olsa, bizim evimizdə ona yaxın rəssamın əsəri var. Azərbaycan mədəniyyətini sevirəmsə, onun nümunələrini də evimdə saxlamalıyam. Gəlin görək Azərbaycanda neçə prezidentliyə namizədin evində hansısa rəssamın əsəri var? Sən özün mədəniyyətə dəstək vermə, sonra da de ki...

“CƏMİL BƏYƏ SÖYMƏDİK Kİ, GÖZÜNÜ ÇIXARMADIQ Kİ...”

H.Hacıyev:

- Əvvəla, mən də razıyam ki, yaradıcı adamlar azad olmalıdır. Qaldı Sərdar bəyin fikirlərinə, onunla razıyam. Onun dediklərində real, ədalətli fikirlər var. İnsanlar arasında mədəniyyətin də kökündə ciddi problemlər durur. Dediyim odur ki, insanlar arasında münasibətlərin mədəni səviyyədə həlli çox yaxşıdır. Amma buna riayət olunurmu? Qətiyyən!.. Gərək opponentin də səninlə o səviyyədə danışsın. Cəmil bəy deyir ki, mən oranı kolxoz bazarına bənzədirəm. Hafiz Hacıyev də deyir ki, Cəmil bəy, sən bizimlə oturmağı özünə ar bilirsən, gedib ermənilərlə oturub-durursan. Ona söymədik ki? Gözünü çıxartmadıq ki?.. Bir gün Sərdar bəyi evimizə qonaq dəvət edəcəm, bizim evdə də bəzi rəssamların əl işini görəcək, kitabxanama da baxa bilər. Biz namizədlərin münasibətləri normal olmalıdır. Mənim kitabxanamda ən çox Çingiz Abdullayevin kitabları var. Vaxtilə Əkrəm Əylislinin də kitablarını alırdım. Amma sonra elə deyəndə kitablarını yandırdım. Yazıçı da özünə hörmət etməlidir.

Ş.Bəylərqızı:

- Amma ölkəyə başçılıq etmək iddiasında olan şəxsin yazıçının kitabını yandırması nə qədər düzdür? Bu dedikləriniz yazarların sizə səs verməsinin qarşısını almayacaqmı?

H.Hacıyev:

- Qətiyyən. Mən özüm Qərbi Azərbaycandanam. Əkrəm Əylisli milyonlarla qərbi azərbaycanlını aşağılayırsa, “yeraz” deyirsə, mən onun kitabını necə evimdə saxlaya bilərəm? O, ermənilərə üstünlük verir, bizim dədə-baba torpaqlarımızı erməni torpağı kimi qələmə verir, bizə damğa vurur... Bizə belə yazıçı lazım deyil!

S.Cəlaloğlu:

- Yanlış yanaşmadır. Biz bayaqdan siyasi mədəniyyətdən danışırıq, bu, qeyri-tolerant yanaşmadır. Qeyri-mədəni cəmiyyətə xarakterikdir ki, başqa fikrə sahib olana və ya maraqlarına zərbə vurana ikiqat zərbə vurasan. Tarixdə bir neçə dəfə kitab yandırma olub. Biri Ömər İsgəndəriyyə kitabxanasını, ötən əsrdə Hitler elmi-bədii əsərləri yandırtdırıb. Kitab yandırmaq protest yolu ola bilməz. Əkrəm Əylislinin kitabının qüsurlu olduğunu mən də demişdim. Mənim dostum Hafiz deyirdi ki, mən 10 min vermişəm onun qulağının kəsilməsinə. Bu, qanuna ziddir. Bunu prezidentliyə iddialı adam deyəndə sadə vətəndaş bunu normal davranış kimi qəbul edə bilər.

Videoyazı
XS
SM
MD
LG