Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Rusiya Ukraynaya «xox» gəlir


Rusiya. Moskva
Rusiya. Moskva
-
Moskva bildirir ki, Kiyevin Avropa İttifaqı ilə ticarət sazişi fəlakət gətirəcək.
Kreml iddia edir ki, əgər Kiyev Avropa İttifaqı ilə inteqrasiya sazişinin üstündə axıra qədər dursa, Ukraynanı maliyyə fəlakəti və hətta iflas gözləyir.
Rusiya «axıra qədər dursa» deyəndə, yəqin ki, axıra qədər dura bilməyən Ermənistanı nəzərdə tutur.
Çünki eyni məzmunlu hədələri Moskva Yerevan üçün də səsləndirmişdi və bu hədələr Ermənistanın Avropa ilə inteqrasiya üçün 4 illik zəhmətini bir neçə dəqiqə ərzində zay eləmişdi.
Ermənistan Avropa ilə yox, Rusiyanın Gömrük İttifaqına daxil olmaq barədə Moskva ilə saziş imzaladı. İndi Rusiya nəhəng qonşusunu da eyni tələyə salmaq istəyir.
Moskva seytnotdadır, çünki Kiyevin Brüssellə izdivacı noyabr ayında Avropa İttifaqı Şərq Partnyotrluğunun Vilnüsdə keçiriləcək sammitində gerçəkləşə bilər.
Avropa Ermənistana demişdi ki, Yerevan eyni vaxtda həm Gömrük İttifaqının, həm də Avropa Assosiasiya Sazişinin üzvü ola bilməz.
İndi Rusiya Ukraynaya bildirib ki, Kiyev Brüssellə Moskva arasında seçim etməlidir.
BU HƏMİN YALTADIR Kİ…
Lakin vaxtilə Belovej ormanında SSRİ-nin tabutuna mismar çalanlardan biri olan Ukrayna, bir çox Qərb təhlilçilərinin qənaətinə görə həmin tabutdakının xortladılmasını istəmir.
Yaltada görüş (1945) Winston Churchill, Franklin Roosevelt və Stalin
Yaltada görüş (1945) Winston Churchill, Franklin Roosevelt və Stalin
​Ötən həftəsonu Qara dəniz kurortu Yaltada Avropa siyasətçiləri Ukrayna prezidentinə və siyasi elitasına, nəhayət, üzlərini Moskvadan Brüsselə çevirmələri üçün ürək-dirək verirdilər.
Bu həmin Yaltadır ki, 1945-ci ildə Stalin, Winston Churchill və Franklin Roosevelt burada görüşərək Avropanın bölüşdürülməsi barədə razılığa gəlmişdilər.
Lakin Ukrayna ölçüsündən başlamış bir çox parametrlərinə görə Ermənistan deyil.
Ukrayna və Belarus hətta Sovet İttifaqının sağlığında da BMT-də nümayəndəliyə malik idilər və 1991-ci ildə Belovej ormanında onlara SSRİ-nin tabutu başında durmağa da beynəlxalq hüquqi əsası məhz həmin incəlik vermişdi.
Britaniya mətbuatı xəbər verir ki, Ukraynanın ticarət naziri Petro Poroshenko keçirilən müzakirələr zamanı Vladimir Putinin müşaviri Sergei Glazyev-in abrını ətəyinə büküb.
Nazir deyib ki, Avropa İttifaqı ilə inteqrasiyanı zəruri edən elə Kremlin ticarət müharibəsi ilə kəsilmək bilməyən təhdidləridir.
«Tariximizdə ilk dəfədir ki, əhalimizin 50 faizindən çoxu Avropaya inteqrasiyanı dəstəkləyir, - deyib Poroshenko, - və ilk dəfədir ki, adamların 30 faizindən də azı Rusiya ilə daha sıx əlaqələrə tərəfdardır. Biz buna görə sizə minnətdar olmalıyıq, cənab Glazyev».
Polşanın xarici işlər naziri Radek Sikorski isə Rusiyanı qonşuları ilə 19-cu əsrin tərzində rəfrtar etməkdə günahlandırıb.
O deyib ki, Ukrayna Avropa ilə tam ittifaqda olanda, Moskva Kiyevə hörmət etməyi öyrənəcək.
Radosław Sikorski və Sergei Lavrov
Radosław Sikorski və Sergei Lavrov
«Polşanın Rusiya ilə münasibətləri biz Avropa İttifaqının və NATO-nun üzvü olandan bəri yaxşılaşıb»- deyib Sikorski.
AVROPA, KRIM, QARABAĞ...
Lakin müzakirələrin kuluarlarında danışan Glazyev deyib ki, bu, səhv yanaşmadır və Rusiyanın bu məsələdə neyrtral mövqe tutacağını gözləyənlər səhv edirlər.
«Rusiya Ukraynanın əsas kreditorudur, - deyib Glazyev, - və Ukrayna yalnız Gömrük İttifaqının üzvü kimi bu borclarından çıxa bilər».
Kreml müşaviri deyib ki, Ukraynanın Avropaya inteqrasiyası onun üçün həm də siyasi və sosial problemlər törədə bilər. O, Ukraynanın cənubunda separatçı hərəkatların qızışa biləcəyi barədə fikirlər səsləndirib. Moskva Ukraynanın cənubu deyəndə, ilk növbədə Krımı nəzərdə tutur və Glazyev-in dediklərinə hədədən başqa heç bir ad vermək olmur.
Moskva Yerevanı da məhz belə yola gətirmişdi. Vladimir Putin Serj Sasrkisyanın qarşısında «ya Avropa, ya da Rusiya sualını» – «ya Avropa, ya da Qarabağ şəklində» qoymuşdu.
Bu taktikada da yeni heç nə yoxdur. Vladimir Putinin adaşı Lenin də Finlandiyanın müstəqilliyini onun özü boyda Kareliyanı qoparandan sonra tanımışdı.
MOSKVA KİYEVƏ MÜHARİBƏ ELAN ETDİ
V. Putin
V. Putin
Əslində bu mənada Putinin müşaviri çox açıq danışıb. O deyib ki, Ukrayna Avropa İttifaqı ilə inteqrasiya sazişini imzalasa, Rusiya onunla sərhəd demarkasiyası barədə razılaşmalarına yenidən baxa bilər.
«Biz şantaj etmirik, - deyib müşavir, - bu, Ukrayna xalqının işidir. Lakin Ukrayna hökumətinin Avropa İttifaqı ilə inteqrasiya sazişi imzalaması, onun Rusiya ilə strateji əməkdaşlıq və dostluq barədə sazişini pozur. Belə olduqda, Rusiya Ukraynanın bir dövlət kimi mövcudluğuna indidən belə qarant ola bilməz və əgər Rusiyaya meylli regionlar birbaşa Moskvaya müraciət etsələr Kreml müdaxilə edə bilər».
Bundan daha böyük bir şantaj düşünmək çətindir və belə bir şantaj Yerevana münasibətdə saat kimi işləmişdi.
Ermənistan prezidenti dramatik şəkildə Avropaya arxa çevirib Rusiyanın ətəyindən tutanda, Yerevanda bir rəsmi Qərb mətbuatına elə belə də bildirmişdi: «Səni bir göz qırpımında məhv etməyə qadir olan müttəfiqi itirmək olmaz».
Amma yenə Ermənistan başqa, Ukrayna başqa. Rus demişkən, «razmer» fərqi var.
Rusiyanın hədələri bu mərtəbəyə çatana qədər Avropa İttifaqı Kiyevlə inteqrasiyanın şərti olaraq Yulia Timoshenko-nun azadlığa buraxılması, Ukraynada insan haqları və korrupsiya kimi məsələləri müzakirə edirdi.
Lakin indi, Britaniya mətbuatının təbirincə desək, Moskvanın hədələri o qədər böyükdür ki, Brüssel bu «xırda» məsələləri arxa plana keçirib.
XS
SM
MD
LG