Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:31

Azay Vəlixanov. Möcüzə


-


Bu, əsl möcüzə idi. İsti qumun üzərində prezidentlə yanaşı uzanmışdılar. Mehbalı bu dəqiqələrədək baş verənlərə inanmaq istəməsə də eksperiment aparmaqdan yorulmuşdu artıq. Nə qədər gözləri açıb yummaq, bədənin müxtəlif yerlərini çimdikləmək olar axı?
Açıq səmaya baxaraq: - hər şey realdır, - deyə düşünürdü.
Bəli, Mehbalı vətəndaşı olduğu ölkənin birinci adamı - prezidenti ilə bir dirsək araları ola, ya olmaz uzanıb səmaya tamaşa edir, hətta on metrlikdə olan okeanın yaratdığı uğultuya baxmayaraq prezidentin necə sakitliklə nəfəs almasını da eşidirdi.
Mehbalı ixtisasca inşaatçı idi. Amma bu sahə üzrə bir gün olsun belə işləməmişdi. Ona görə yox ki, Mehbalı zəif kadr idi, yaxud işini pis bilirdi. Əksinə, dövlət imtahanlarında azacıq pul düzəldə bilsəydi, lap qırmızı diploma da düşərdü. Amma o bunu etmədi. Ona qırmızı diploma biganə qalmamağı məsləhət görən müəlliminə isə kommunistsayağı cavab verərək: ”Mən diplomumun qırmızılığını tikəcəyim binalarla sübut edəcəyəm” - dedi. Mehbalı bəlkə də bunu edəcəkdi. Sadəcə, ölkəni başına götürən tikinti mafiyaları ona bu arzusunu yerinə yetirməyə imkan vermədilər. Şəhərdə hündürmərtəbəli bina tikintisi ilə məşğul olan şirkətlərdən heç birində onu prorab kimi işə götürən olmadı. Xalaxətrin qalmasın təklif edilən fəhlə işinə isə Mehbalının fiziki göstəriciləri imkan vermirdı. Bu halda isə, Mehbalının diplomunun qırmızılığını sübut etmək cəhdləri nəticəsiz qaldı. Elə bu nəticəsizlik də Mehbalını sənətini dəyişməyə məcbur etdi. Ürəyindən axan qara qanları kağıza köçürən Mehbalı günlərin birində dönüb oldu müxbir. Təbii ki, Mehbalının çəkdiyi maddi və mənəvi çətinliklər onun iqtidar mətbuatında çalışıb düzəməlli qonarar almasını əngəlləyirdi. Odur ki, yoxa lənət deyib müxalifət mətbuatında başını girləyir, birtəhər çörəkpulunu çıxarırdı. Özü demiş, müxalif mətbuatda yazarlıq artıq onun üçün həyat normasına çevrilmişdi və radikal yazıları ilə seçilən Mehbalını ölkənin bütün qəzet əhli tanıyırdı. Mehbalı da təbii ki, bundan hədsiz qürur duyurdu.
Axı, (dövrün radikal müxalifətcilərinin dili ilə desək) avtoritarizmin pik həddə çatdığı bir ölkədə ölkənin birinci adamının ünvanına sərt, kəskin yazılar yazmaq, bu yazılarla onun iç və dış siyasətini qılınclamaq hər oğulun işi deyildi. Bunun üçün gərək adamın qılınc gücündə qələmi ola. Və nisbət etibarı ilə ölkədə azsayda adamda olan bu “qılınc” dan biri də Mehbalı da idi.
Beləliklə, ixtisasca inşaatçı olan Mehbalı şəninə deyilən təriflərin hesabına günü - gündən daha sərt yazıları ilə seçilir, yüksək ideallar uğrunda mübarizəsini bu yolla da davam etdirirdi.
Elə bu üzdən isti yay günlərinin birində baş redaktorun etdiyi təklif ona həm yerində, həm də yersiz göründü. Mehbalı ölkə başçısının növbəti həftə Uzaq Şərq ölkələrindən birinə baş tutacaq səfərində işlədiyi qəzeti təmsil etməli idi.
Müxalif mətbuatın prezidenti xarici səfərlərdə müşayət etməsi respublika üzrə nadir hal sayılsa da Mehbalıya daha qəribə görünən qəzetdən məhz onun seçilməsi idi. Çünki Mehbalını ən azı imzasına görə yuxarılarda belə tanıyır və təbii ki, ondan zəndeyi - zəhlələri gedirdi.

*****

İnsafən səfər pis keçmədi.
Hələ təyyarə havada ikən prezident onu müşayət edən müxbir heyətinin yerləşdiyi salona gələrək mehribanlıqla salamlaşdı, ümumi hal - əhval tutub problemlər ilə maraqlandı. Bu zaman iqtidar mətbuatının yazarları, eləcə də ölkənin müxtəlif televiziya təmsilçiləri hamılıqla hər şeyin yaxşı olduğunu söyləyib özlərini son dərəcə xoşbəxt göstərdilər. Bircə Mehbalı susdu və elə bu susqunluğu ilə həmkarlarının ikiüzlülüyünə qarşı havadaca radikal müxalifliyini nümayiş etdirməyə çalışdı.
Onun bu tərzdə etirazı ümumi əhval - ruhiyəyə xələl gətirə bilməzdi, elə gətirmədi də. Odur ki, prezidentin əlini yelləyərək hələlik deyib otaqdan çıxması ilə müxbirlər kitabçalarını çıxarıb səfərlə bağlı ilk xoş təəssuratlarını yazmağa başladılar. Mehbalı da öz dəftərinə qısaca olaraq belə yazdı: ”Təyyarə hələ ölkəmizin hüdudlarında ikən ölkə başçısı bizim olduğumuz salona gələrək, ümumi salamlaşdı, özünü əsl demokrat kimi apararaq vəziyyətlə maraqlandı. O, danışığı və hərəkətləri ilə göstərməyə çalışırdı ki, sanki hər birimizin problemi onun şəxsi problemidir. Bununla da onun hərəkətlərində bir növ artıq siyasi lider kimi püxtələşdiyini nəzərə çatdırmaq istəyi (aktyorluq və yalançı təəssübkeşlik) hiss olunurdu.”
Qaldıqları üçulduz mehmanxanada hər şey luks idi. Prezidentin kecirdiyi bütün görüş və brifinqlərdə Mehbalı seyrici mövqe tutdu. Həmkarlarından fərqli olaraq nə qonaq olduqları ölkənin, nə də öz ölkələrinin dövlət başcısına suallar ünvanlamadı.Bununla həm dövlətçilk maraqlarını üstün tutdu, həm də gəldikləri ölkənin Şərq dövləti olduğunu nəzərə alıb burada demokratik dəyərlərdən danışmağı yersiz saydı.
Bədbəxtçilik isə onlar geri qayıdan zaman baş verdi. Təyyarə okean üzərindən uçarkən qəflətən bir neçə dəfə silkələndi, ardınca matorların səsinin kəskin dəyişildiyi hiss olundu. Bundan sonrakı saniyələr içində salonunda güclü uğultu qopan maşın gözlənilmədən üzüaşağı sürət götürdü. Bütün bunlar elə sürətlə cərəyan etdi ki, salondakılar nə baş vediyini anlamağa belə imkan tapmadılar. Mehbalının son olaraq yadında qalan - hər şey mənim bəxtimdəndir - deyə düşünməsi və salonun arxa hissəsində qərarlaşan müxbirlərin təhlükəsizlik kəmərlərini bağlamamaq səbəbindən irəliyə - düz Mehbalı oturan hissəyə çırpılması səhnəsi oldu.
Gözünü açanda nə baş verdiyini anlamasa da kiçik bir hərəkəti nəticəsində bədənində yaranan ağrılar ona təyyarə qəzasını xatırlatdı. Təpədən - dırnağadək vücudunu sarmış süstlüyə və şiddətli ağrılara baxmayaraq özünü toplayıb ayağa qalxdı. Ətrafda kimsə gözə dəymirdi. Arxada okean uğuldayır, irəlidə ağ qum zolağı, sonra isə ada bitkilərindən ibarət yaşıllıq başlanırdı. Bu saniyədən etibarən Mehbalı baş verənlərin yuxu olduğunu düşündü və hətta özünü buna inandırmağa çalışaraq cansıxıcı yuxusuna son qoymaq istədi. Amma bu məqsədlə ağrıdan göynəyən qolunu qaldırıb biləyini dişləməsi də, qumlu əlləri ilə gözlərini ovxalaması da nəticəsiz qaldığından Mehbalı baş verənlərin yuxu olmadığına inanmağa məcbur oldu.
Dalğaların onu sahilə atdığı yerdən təxminən yarım kilometr aralıda (Mehbalı heysiz bədəni ilə bu məsafəni kim bilir neçə saata qət etmişdi) o, gözlənilmədən prezidentə rast gəldi. Qurşağından aşağı hissə tamamilə okeanın içində olan prezident az qala ölmüş şəkildə uzanıb qalmışdı. Mehbalı onu çətinliklə də olsa (ölkə başçısının onsuz da ağır olan çəkisinin üstünə heysizliyi və su süzülən paltarlarının ağırlığı da əlavə olunmuşdu) çəkib sudan kənara çıxararaq üzüaşağı çevirib kürəyinə döyəclədi. Onun bu yardımı həyat ilə vidalaşmaq üzrə olan prezidentə kömək etdi. Ölkə başçısı bir az əvvəl Mehbalı kimi öyüdü, amma onun mədəsindən daha çox su gəldi.
Prezident Mehbalının çoxsaylı təcili yardım üsullarından sonra, axşamüstü tam şəkildə özünə (Mehbalını həmişə şax görünən, əslində də canlı - cüssəli olan prezidentin bu cür zəifiyi təəccübləndirdi) gəldi. Əvvəlcə onunla yanaşı uzanıb səmaya tamaşa edən adama, sonra isə ətrafa nəzər yetirdi. Təbii ki, o da baş verənləri bu tezliklə anlamaq imkanında deyildi. Ona görə də üzündən yorğunluq qarışıq sonsuz təəccüb və təlaş duyulurdu. Mehbalı aclıqdan mədəsinə axmağa başlayan acı suyun təsirindən, eləcə də yorğunluqdan baş verənlərlə bağlı izahat verməyə həvəsi olmasa da prezidentin suallarına tuş gəlməmək üçün dilləndi. Hadisəni olduğu kimi danışaraq hər şeyin təyyarə qəzası nəticəsində baş verdiyini xatırlatmağa çalışdı. Amma prezidentin eşitdiklərinə belə asanlıqla inanmaq fikri yox idi. Odur ki, Mehbalıya tərs - tərs baxıb gözlənilmədən səsini ucaltdı. Onu ələ salmağın Mehbalıya baha başa gələcəyini qışqıra - qışqıra söyləyərək, əllərini quma çırpdı. (Onun bu hərəkəti Mehbalıya prezidetin müşavirələrdə eyni əda ilə yaraşıqlı mebeli yumruqlamasını xatırlatdı). Ölkə başçısının bu hərəkətindən sonra Mehbalı sanki dünyada ən zəhləsi getdiyi, ömrünün son illərini özünə bir nömrəli düşmən seçdiyi adamlardan biri ilə yanaşı oturduğunun fərqinə vardı. Amma prezidentin danışığı müqabilində o, əvvəlkilərdən fərqli olaraq əsəbləşib yumruqlarını düyünləmədi, olkə başçısının yeddi arxa dönəninə söyüşlər yağdırmadı. Və bunu özlüyündə prezidentin gücsüz, yazıq görkəmi ilə bağladı. Bununla belə o, prezidentin sərsəm hərəkətlərini görüb onlara dözmək fikrində deyildi. Ona görə də yorğunluğuna və süstlüyünə baxmayaraq dik qalxıb geriyə, yaxınlıqdakı meşəyə doğru addımladı.
Prezident onun qalxmasından diksinərək bir anlıq səsini kəssə də qarşısındakı adamın ona hücum etmək fikrində olmadığını görüncə yenidən əllərini quma çırparaq qışqırmağına davam etdi. Mehbalı prezidentin yalnız - “vicdansız, sən bilirsən mən kiməm, bu təxribata, oğurluğa görə gör sənə nə edəcəklər” kəlmələrini eşitdi. Daha sonra okeanın uğultusu ölkə başçısının səsini eşidilməz etdi.
Mehbalı meşədə yabanı halda da bitsə, çox dadlı olan meyvələrdən doyunca yeyib və yığıb qayıdarkən prezident sakitləşmişdi. Onun əlləri ilə başını qucaqlayaraq oturmasından Mehbalı anladı ki, artıq qəzanı xatırlayıb və baş verənlərin ciddiliyini anlayır. Yaxınlaşıb görünüşündən üzgünlük yağan prezidentlə yanaşı oturdu və heç bir söz demədən qucağındakı meyvələri ortalığa tökdü.

*****

Adada olduqları ilk üç gün ərzində prezidentin uzun illər ərzində birinci olmasından irəli gələn xasiyyəti özünü biruzə verdi. O, özünü şax tutur, tezliklə bu kimsəsiz, cansıxıcı adadan xilas ediləcəyinə əminliyini nümayiş etdirimiş kimi bütün günü oturub okeanın dərinliklərinə baxırdı. Bu müddətdə onlar bir - biri ilə üst - üstə on kəlmə söz danışmamışdılar.
Dördüncü gün isə Mehbalı ona əziyyət verən diş ağrısından, eləcə də prezidentın müştəbehliyindən cana doyub adada cəngəllik qanunlarını bərpa etməyin vacibliyini anladı. Nahar zamanı meşədən yığıb gətirdiyi meyvələri həmişəki kimi ortalığa deyil, yanına tökdü. Nə qədər qəribə də olsa prezident onun bu mesajını anladı və heç nə olmayıbmış kimi meşəyə nahar etməyə, eləcə də axşama tədarük görməyə getdi. Qayıdanda isə, hətta onun üzü gülürdü.
Ay çıxan zaman meşədən birgə yığıb gətirdikləri iri və yumşaq yarpaqların üstündə uzandılar. Bu anlarda prezidentin nə düşündüyünü bilmək Mehbalı üçün maraqlı olsa da, beynindəki fikirləri dilinə gətirmək istəyi onu daha çox sıxırdı. O, üzüyuxarı uzanmış halda düşüncələrini çək - çevir edir, sinəsində olan əllərini çarpazlayaraq durmadan ağır - ağır nəfəs alırdı:
”Nə edim, deyimmi? Deyimmi ki, cənabınız prezident, gördünüzmü ki, yaşadığınız gen, bol həyatda görəcəkli günləriniz varmış!? Deyimmi ki, sənin başçılıq etdiyin ölkədə demək olar ki, əksər vətəndaşların az qala gündəlik həyat tərzi bu biçimdədir!? Hamısı da yeritdiyin “məqsədyönlü” siyasətin , seçdirdiyin və təyin etdirdiyin işbazların sayəsində. Deyimmi ki, nə yaxşı sənin başcılıq etdiyin ölkədən fərqli olaraq burada monopolistlər, rüşvət, korrupsiya yoxdur!? Yoxsa, ac qalardıq. Deyimmi ki, sənin başcılıq etdiyin ölkədə insanların belə rahatlıqla uzanıb yatması az qala müşkül məsələdir!? Hamısı da harınlamış məmur ordusunun azğınlığı üzündən. Deyimmi ki, sayəndə ölkəmizdə insan azadlığından, bərabərliyindən danışmağa dəyməz!? Çünki çoxsaylı polis ordusu tərəfindən vətəndaşlar addımbaşı təhqir olunur, səbəbsiz yerdə şərlənərək həbsə atılır, mitinqlərdə, piketlərdə azğıncasına döyülərək qol - baş edilir. Deyimmi ki, müdafiəsinin yenilməz olduğunu iddia etdiyin ölkəndə müdafiə nazirliyinə başçılıq edən şəxslər korrupsiya və rüşvətlə, əsgər payını yeməklə məşğuldurlar!? İstirahətlərini isə dağda, təpədə ceyran, cüyür, dovşan qovmaqla keçirirlər. Deyimmi ki, “ölülər“ üçün nəzərdə tutduğun pensiya, ona layiq gördüyün biçarələrin heç kəfən puluna da çatmır!? Amma bunun əksinə olaraq məmur ordun qiyməti milyonlarla ölcülən villalara, var - dövlətə mənsubdurlar. Deyimmi ki, mənim kimi binəva müxbirlər yerli - yersiz döyülür, qətlə yetirilir, habelə ədalət anlayışının nə olduğunu bilməyən məhkəmələrdə cərimələrə, həbsə məruz qalırlar!? Deyimmi ki, ölkədəki başıpapaqlıların əksəriyyəti bir parça çörək dalınca, ya xaricə üz tutub, ya da vətənində qaçaq - quldurluqla məşğuldur!? İmkansız başı ləcəklilər isə fahişəliyə qurşanıb”.
Düşüncələrinin ona gətirdiyi əsəbə rəğmən Mehbalını kimsə saxlaya bilməzdı. Ağırlaşmış dodaqları ilə dalbadal bir neçə dəfə - deyəcəyəm, mütləq deyəcəyəm - deyə pıçıldayaraq ürəyini deşib keçən fikirləri dilinə gətirmək üçün dikəlməyə cəhd etdi. Və bu arada onun beyninə qorxunc bir fikir də hakim oldu: - prezidenti boğaraq qətlə yetirmək.
Amma ağırlaşmış və keyləşmiş bədəni ona fikirlərini əməli olaraq tamamlamağa imkan vermədi. Mehbalı okean sularının gətirdyi sərinliyin təsiri ilə qeyri - ixtiyarı üşüyərək prezidentə sıxındı və dərin yuxuya getdi.

*****

Səhəri gün yuxudan ayılanda prezident onu çox mehribanlıqla salamladı. Okean suyu ilə yuyunub qayıdan Mehbalı onun ada meyvələrindən səhər yeməyi hazırlayan gördü. Ölkə başcısının bu lütfkarlığından utanan Mehbalı hiss olunacaq dərəcədə qızardı da. Bunu sezən prezident isə nəzakətlə - “ əyləş, nuş elə Mehbalı ” - dedi və bananın ən yekəsini götürüb soyaraq ona uzatdı. Bu dəfə Mehbalı qulaqlarının dibinə qədər qızarıb ürəyində - yəni, o, məni şəxsən tanıyırmış - düşünərək təəccüb etdi. Prezident bananı tərəddüdlə qəbul edən Mehbalının təəccübünün səbəbini sual dolu gözlərindən sezdi. Özünə xas tərzdə gülümsündü, (ilahi, əvvəllər Mehbalı bu təbəssümü saxtakarlıq təzahürü kimi qəbul edib ona necə də nifrət edərdi) yerdən kiçik bir banan götürüb qabığını soya - soya dilləndi: ”mən səni tanıyıram Mehbalı, harada yaşadığını, ailə vəziyyətini, ixtisasca inşaatçı olduğunu da yaxşı bilirəm ” - deyib sözarası soyduğu banana kiçik bir dişləm vuraraq sözünə davam etdi - “onu da bilirəm ki, köşələrində əsas hədəf mənəm”.
Təəccübdən və maraqdan Mehbalının qızaracaq yeri qalmadığı üçün onun bədənindən qəribə gizilti keçdi, daha sonra barmaqları yüngülcə əsməyə başladı. Prezident isə sanki Mehbalını təəccübləndirməyin qəsdinə durmuş kimi danışmağına davam edirdi. (Bu açıqlamalar mövzu sarıdan sürünməkdə olan ölkə mətbuatın azından yarımillik müraciət mövzusu ola bilərdi və Mehbalı şübhəsiz ki, ani də olsa bu haqda düşündü.) Onun dediyinə görə Mehbalının kimliyi barədə çoxdan məlumatlı imiş. Və hətta ara - sıra yazılarını oxuyaraq onlardan ləzzət də alıb.
Ümumiyyətlə isə, prezidentin dediklərindən (onun bu haqda danışması üçün sual verməyə ehtiyac olmadı) məlum oldu ki, başcılıq etdiyi ölkədə baş verən əksər hadisələrdən, ictimai - siyasi ab - havadan, xalqın güzaranından, insan hüquqlarından və onların kobudcasına pozulmasından, korrupsiya və rüşvətin dərəcəsindən, mətbuatın, xüsusilə müxalifət mətbuatının ağır durumda olmasından, ordudakı, təhsildəki, səhiyyədəki iyrənc vəziyyətdən, bir sözlə hər şeydən xəbərdardır.
Prezident danışdıqca Mehbalı sanki vətəndaşı olduğu ölkənin başcısını deyil, oradakı hər cür mərhumiyyətlə üzləşmiş adi, sadə vətəndaşı dinləyirdi və dinlədikcə heyrətdən boğulurdu. Amma prezident iqtidar mətbuatının dili ilə desək bu dəfə də güclü siyasətci, uzaqgörən dövlət xadimi olduğunu bir daha sübuta yetirdi. (Bu zaman o, artıq banan soymaq və yeməkdən əl çəkmişdi. Dizlərini qatlayaraq əllərini qurşağı boyunda çarpazlayıb oturmuş halda danışmağına davam edirdi).
- Bilirəm, düşünürsən ki, bütün bunları bildiyim halda nə üçün mən vəziyyətə müdaxilə etmirəm. Amma Mehbalı, - o, ixtiyarsız olaraq dərindən köks ötürdü, - hakimiyyəti idarə etmək heç də asan deyil axı...
Prezident çox danışdı. Söhbətə o qədər aludə oldular ki, hətta nahar üçün meşəyə meyvə dalınca getməyi belə unutdular. Nəhayət, axşamüstü birlikdə cəngəlliyə yollanıb yemək tədarük etdilər. Burada isə Mehbalı prezidentin çoxlu sayda lətifə bilməsinin şahidi oldu və onları dinlədikcə adada yalqız olduqlarını belə unutdu.
Ertəsi gün Mehbalı kəskin fit səsinə oyandı. Baş verənlərin yuxu ola biləcəyini düşünüb möhkəm - möhkəm gözlərini ovxaladı. Amma sahilə yaxınlaşmaqda olan iri gəmi bütün şübhələrinə son qoydu və o, yatmış prezidentə tərəf çevrilib var gücü ilə bağırdı: ”Cənab prezident, biz xilas olduuuq!”

*****

Ölkə başçısı onları xilas edən gəmidəcə Mehbalını özünün mühafizə xidmətinin rəhbəri təyin etdiyini bildirərək hamının qarşısında əlini sıxıb kürəyinə şappıldatdı. Baş verən hadisələrin şokundan hələ də ayılmayan Mehbalı bu gözlənilməz təyinata etiraz etmək iqtidarında deyildi.
Onların xilasından iki gün sonra Mehbalı Prezident Aparatında ona məxsus olan geniş, işıqlı kabinetdə oturaraq əlləri ilə başını qucaqlamış halda düşünürdü: ”mütləq və mütləq prezidentin səlahiyyət müddətinin uzaldılması ilə bağlı məsələ qaldırılmalıdır. Konstitusiyaya düzəliş etmək lazım gəlsə belə”.
Əlini uzadıb daxili nömrəni yığdığı zaman qurumuş dodaqlarını yalayıb, - məsləhətləşmək lazımdır, - deyə pıcıldadı. Ardınca ixtiyarsız olaraq səsində yaranan həyəcanı boğmağa calışaraq xətdə onu gözləyən köməkcisinə - ”məni təcili Mərkəzi Secki Komissyasının sədri ilə calaşdırın” - dedi. Köməkçinin dəqiqləşdirmə məqsədilə verdiyi “kiminlə“ sualını eşidincə isə əsəbləşib yumruğunu var güçü ilə masanın üzərinə vuraraq....

* * * * *

Yuxudan əlinin zərblə divara çırpılmasından ayıldı. Ovucunun içi ilə bütün gecəni mədəsindən axaraq ağzının qıraqlarına yayılıb artıq qurumaqda olan seliyi ovuşdurmağa çalışdığı zaman həmişəki kimi, - qurdum var, - deyə düşündü. Dolabın küncündəki, əqrəblərinin hər ikisi 11-in üzərində qərarlaşan kiçik “kitay” saatına nəzər yetirərkən isə yuxusunu xatırlayıb gülümsündü.
Qalxmaq lazım gələcəkdi. Dünən gecə yazıb hazırladığı, prezidentin kadr siyasətini kəskin tənqid edən köşə yazını redaksiyaya aparmaq üçün.
Ayaqlarını soyuq döşəmədə şappıldada - şappıldada qapıya doğru addımlayan Mehbalı ağzının seliyini yenə də sildi . Bu dəfə əlinin dalı ilə.
XS
SM
MD
LG