Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:55

Elif Şafak. 76 milyon səbirsiz uşaq...


Elif Şafak
Elif Şafak
-

"Türkiyə əvvəllər heç olmadığı qədər qütbləşib... Həm hökümət, həm müxalifət “Bizdənsən, yoxsa onlardan” deyə soruşur".

"Biz fərdik. Bu mədəni dəyişikliyə görə Taksim meydanındakı gənc etirazçılara borcluyuq".

"Hər səhər oxuduğumuz şagird andının ləğv edilməsi şəxsən məndə bir rahatlıq yaratdı".


Elif Şafak


76 MİLYON SƏBİRSİZ UŞAQ...


Ünlü türk yazarı Elif Şafak Britaniyanın “The Guardian” qəzetindəki məqaləsində Türkiyədə baş nazir Erdogan-ın elan etdiyi “Demokratikləşmə paketi” haqqında fikirlərini bölüşür:

Paketin həm müsbət, həm də mənfi tərəfləri olduğunu qeyd edən Şafak islahatların bütün cəmiyyəti əhatə etmədiyini bildirir: “Artıq bəsdir. Cəmiyyət dəyişdi. Türkiyədə insanlar siyasətçilərdən daha sürətlə dəyişir və aradakı uçurum getdikcə dərinləşir. Bu islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə etmir, yalnız bəzi vətəndaşlara aidiyyatı var, digərlərisə diqqətdən kənar qalır. Baş nazirin çıxışında adları belə çəkilməyən ələvilərin hamısı məyus oldu və buna haqları da var”.

O, yazısına ötən yay İstanbulda - Taksim meydanında baş verən hadisələrin təsviri ilə başlayır:

“Qəribə və boğucu bir yay günü idi. Küçələrdə insanların öldürüldüyü bir yay. İstanbula necə gəlib düşdüyümü bilmirdim… Taksim meydanındakı etirazlar mənə eynilə Silviya Platın “Şüşə abajur” əsərinin ilk cümləsini xatırladırdı. Qaz bombalarından ağırlaşmış havada həmin qüssə sezilirdi.

Keçən il ölkə üçün nə qədər çətiniydisə, payız bir o qədər ümidlər gətirdi. Xeyli vaxtdır gözlənilən “Demokratikləşmə paketi” böyük bir mətbuat konfransında elan edildi”.
Taksim meydanında etirazlar, 11 iyun 2013
Taksim meydanında etirazlar, 11 iyun 2013

Daha sonra Elif Şafak bütün Türkiyə əhalisinin gözünü “76 milyon səbirsiz uşaq kimi” “Demokratikləşmə paketi”nə dikdiyini, hərənin öz payına çıxacaq hədiyyəni gözlədiyini bildirir.

Məhkəmə proseslərindən yorulmuş yazıçılar və jurnalistlər burdan ifadə azadlığı, azad mətbuatla bağlı islahat gözləyir, azsaylı ələvilər başqa dindən olanlarla bərabər hüquqlara sahib olmaq haqqı və cəm evlərinin ibadət yeri olaraq tanınmasını istəyir, tələbələr və elm adamlarısa univerisitetlərin elmin və azad düşüncənin inkişaf etdiyi yerlər olmasını umurdular:

“Bəs kürdlər? Onlar həddindən artıq səy göstərdikləri sülh prosesində ciddi addımlar atılmasını istəyirdilər. Hətta PKK lideri Abdulla Öcalanın mətbuat konfransına həbsxanadakı hücrəsində canlı baxması diqqətəlayiq bir haldı”.

Lakin Elif Şafak demokratikləşmə paketi açıqlandıqdan sonra çoxlarının məyus olduğunu yazır:

“Hökümətin paketini dəstəkləyənlər onu tənqid edənləri nankorluqda günahlandırdı və dərhal da qaraqışqırıq qoparmağa başladılar. Şükr etməyin necə önəmli bir şey olduğu türklərin beyninə hələ uşaqlığın ilkin çağlarında yeridilir və türk siyasətçilərin iş prinsipini anlamaq üçün bunun oynadığı rolu da anlamaq lazımdır. Sizə verilən bir şeyi tənqid etmək nankorluğun sübutu kimi görünür və nankorlar mədəni cəhətdən geri qalmış adamlar kimi damğalanır”.
Türkiyə İmralı həbsxanasına gətirilərkən, 1999
Türkiyə İmralı həbsxanasına gətirilərkən, 1999

Elif Şafak paketin mənfi və müsbət tərəflərini sadalayır: “Paket Mardindəki 700 illik Mor Qabriel Monastırını xristian süryani icmasına qaytardı. Bu, monastırın onsuz da onlara məxsus olması və dövlətin əvvəldən ona sahiblənmək haqqının olmamasına görə çox gecikmiş bir qərar idi. Bununla yanaşı paketdə Heybeliadadakı xristian ruhani məktəbinin adı çəkilmir. Niyə süryanilərin monastırı özlərinə qaytarıdı amma pravoslav yunanlar diqqətdən kənarda qaldı? Bilən yoxdur.

Türk əlifbasında olmayan üç kürd hərfinə qoyulan mənasız qadağa götürüldü. İndi uşağınıza içində bu hərflərdən biri olan ad qoysanız, başınız ağrımayacaq. Adları türkləşdirilmiş yerlərə əvvəlki adları qaytarılacaq. Özəl məktəblərdə tələbələrə özlərinin seçməsi şərtiylə kürd dili öyrədiləcək. Amma belə addımlar nə qədər mütərəqqi olsa da, xeyli vaxtdır özlərini təzyiq altında hiss edən milyonlarla kürdü razı salmır. BDP - (Türkiyədə sosial demokrat kürd milliyyətçi partiyasıdır –tərc) heç də təəccüb doğurmayan bir şəkildə narazılığını ifadə etdi.

Mühüm addımlardan biri də dövlət idarələrində çalışan qadınlara qoyulmuş hicab qadağasının götürülməsi oldu”.

Həmçinin Elif Şafak bir çox türkü qəzəbləndirən şagird andının hökümət tərəfindən tamamilə ləğv edilməsindən xeyli məmnun olduğunu yazır: “Hər səhər oxuduğumuz andımızın ləğv edilməsi şəxsən məndə bir rahatlıq yaratdı. “Türkəm, doğruyam, çalışqanam... Varlığım türk varlığına ərmağan olsun” – deyə beynimizə işləyir, bir-birindən fərqli fərdlər deyil, heç bir fərqi olmayan bir kütlənin parçaları olduğumuzu deyir və varlığımızı dövlətə, xalqa fəda edirdi. Bu düşüncə tərzi dəyişir. Biz fərdik. Bu mədəni dəyişikliyə görə Taksim meydanındakı gənc etirazçılara borcluyuq.

Məqaləsinin sonunda Elif Şafak son dövrlərdə ölkədə yaranan qütbləşməni təsvir edir:

“2013-cü ilin yayından sonra Türkiyə əvvəllər heç olmadığı qədər qütbləşib... Ölkədəki həm mənfi, həm müsbət şeyləri müzakirə etməyin vacibliyinə inanan insanlar bir kənara atılır. Bu bizim ən böyük itkimizdir. Artıq əks qütblərdə dayanan insanların əlaqə qurması üçün intellektual körpülərimiz yoxdur. Bunun əvəzinə qəzəbli və narazı iki cəbhə var. Həm hökümət, həm müxalifət “Bizdənsən, yoxsa onlardan” deyə soruşur.

Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG