Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Gəncədə doğuş zamanı ölümə səbəb nə olub?


Foto: Arxiv
Foto: Arxiv
-
«Sonuncu dəfə həyat yoldaşımla danışanda, mən Bakıda, o isə Gəncədə evdə idi. Dedi ki, həkim çağırıb, xəstəxanaya gedir. Sevinirdik ki, 3 qızdan sonra ailəmizə oğlan uşağı gəlir. Gülə-gülə sağollaşdıq. Günorta zəng gəldi ki, vəziyyəti ağırlaşıb».

Sentyabrın 22-də Gəncə şəhər sakini, 32 yaşlı Fərqanə Ricai Gəncədəki Abbas Səhhət adına Xəstəxanada doğuş vaxtı ölüb. Onun həyat yoldaşı Elşad Balacayev hadisədə həkimləri təqsirləndirir:

«Ondan bir gün əvvəl Fərqanə həkim müayinəsindən keçmişdi. Həkim demişdi hər şey normaldır. Arxayın etmişdi ki, doğuş da normal keçəcək. Mənə zəng vurub deyəndə ki, Fərqanənin vəziyyəti ağırdır, demə artıq keçinibmiş. Hadisə vaxtı qayınanam da yoldaşımın yanında olub. O deyir ki, Fərqanəyə iynə vurulandan dərhal sonra halı pisləşib, rəngi qaralıb. Həkimlərdən kömək istəsə də, yaxın dayanmayıblar. Qorxudanmı, məsuliyyətsizlikdənmi, bunu bilmirik. Bildiyimiz odur ki, yoldaşım həkimlərin gözü görə-görə, yardım etməmələri üzündən keçinib».

BAŞ HƏKİM GÖRÜŞDƏN QAÇIR

Elşad Balacayevin deməsinə görə, həyat yoldaşı da, körpə də - hər ikisi doğuş masasında keçinib. O isə dəfələrlə Gəncədəki doğum evinə gedib-gəlsə də, baş həkim və doğuşu qəbul edən həkimlər onunla görüşməkdən yayınırlar.

Gəncə şəhəri, Abbas Səhhət adına 1 saylı şəhər Xəstəxanasından «Qaynar xətt»ə bildiriblər ki, ölümün səbəblərini Gəncə şəhər Prokurorluğu araşdırır. Əlavə məlumat almaq üçün prokurorluğa müraciət etməyimizi məsləhət gördülər.

Gəncə şəhər Prokurorluğundan isə bildirdilər ki, Fərqanə Ricainin ölüm faktı üzrə cinayət işi başlanıb. Ekspertizanın rəyi istintaqa daxil olduqdan sonra ölümün əsl səbəbləri araşdırılacaq və istintaq hərəkətləri rəyə uyğun davam etdiriləcək.
XS
SM
MD
LG