Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:26

A. Gross: «Azərbaycan reanimasiya şöbəsindədi...»


Avropa Şurası Parlament Assambleyasının üzvü, Azərbaycan üzrə keçmiş həmməruzəçi Andreas Gross
Avropa Şurası Parlament Assambleyasının üzvü, Azərbaycan üzrə keçmiş həmməruzəçi Andreas Gross
-
Avropa Şurası Parlament Assambleyasının üzvü, Azərbaycan üzrə keçmiş həmməruzəçi Andreas Gross oktyabrın 9-da keçirilmiş prezident seçkisini AŞPA müşahidəçisi kimi Gədəbəy rayonunda izləyib. O, AzadlıqRadiosuna yazılı müsahibəsində müşahidələrini bölüşür:
- Siz Gədəbəydə seçkiləri izləyən zaman səsvermə və səssaymanın gedişində hansı pozuntuları qeydə aldınız?
“HANSI NAMİZƏDİN ADININ QEYD EDİLDİYİNİ YOXLAMAĞA MANE OLURDULAR”
- Kiçik və ucqar kəndlərdə seçki günü bir neçə pozuntunun şahidi oldum: Məntəqə komissiyasının üzvləri möhürü bülletenin səhv tərəfinə vururdular, bir qutuya 6 bülletenin topa ilə atıldığı aydın görünürdü, xeyli savadsız seçicilər vardı və hansı adı qeyd etməyi onlara deməli olurdular. Məntəqədə səssaymanı gecə saat 10-dək izlədim, ancaq prosedurlara əməl olunmurdu, özəlliklə hansı namizədin adının qeyd edildiyini yoxlamağa mane olurdular. Məntəqədəki seçici sayından çox olan 3 səsin haradan gəldiyini də aydınlaşdıra bilmədim. Ancaq nəticə etibarilə, bütün bu pozuntular müşahidə apardığım məntəqələrdə seçkiyə gedənlərin 93 faizinin köhnə prezidentin vəzifədə qalmasına səs verməsi faktını dəyişdirmədi.
- Yerli və beynəlxalq müşahidəçilər səsvermə və səssaymanı açıq şəkildə izləyə bilirdilər?
- Kəndlərin çoxunda mən yeganə müşahidəçi idim və hər şeyə baxmağa icazə verirdilər. Seçki məntəqəsində başqa bir müşahidəçi də vardı. Yarırəsmi adam təsiri bağışlayır və hər şeyi o da görürdü. Mən fərdi nəticələrin hesablandığı seçki dairəsinə getmədim. Bu, ATƏT-dən olan həmkarlarımın işidir, ancaq onlar da normal olaraq, bizim kimi, seçki günü işə səhər 6-da başlamırlar (Bütün gecə müşahidə aparanlar səhər tezdən işə başlamaya da bilərlər – dəqiqləşdirmə Andreas Gross-a məxsusdur).
- Bəs həmkarlarınızın müşahidələri nə göstərir? Onlar sizin fikirlərinizi nə dərəcədə bölüşürlər?
- Seçkidən sonra həmkarlarımla görüşə bilmədim. Seçki günü və axşamı müşahidələrim barədə iki dəfə AŞPA nümayəndə heyətinin rəhbərinə məlumat verdim. Axı mən Gədəbəyin ən ucqar kəndlərində seçkini izlədiyimdən Bakıya çərşənbə axşamı (oktyabrın 10-da – A.K.) gündüz saat 4-də çata bildim – həmkarlarım səhər saat 8-9 arasında fikir və qənaətlərini bildirməliydilər. Ancaq AŞPA Bürosunun noyabrda Vyanada keçiriləcək toplantılarında, Parisdə komitə iclaslarında təəssürat və təhlillərimizi müzakirəyə çıxaracağıq. Çox ümid edirəm ki, 2014-cü il yanvarın sonlarında AŞPA-nın növbəti sessiyasında – irəliləyiş hesabatının müzakirəsində də Azərbaycandakı seçkilərə diqqət yetiriləcək. Bu debatlarda kimin hansı mövqeni və müşahidəni bölüşdüyünü görəcəyik.
Andreas Gross və Andres Herkel Bakıda mətbuat konfransı zamanı (28 May 2006)
Andreas Gross və Andres Herkel Bakıda mətbuat konfransı zamanı (28 May 2006)
«ALDADA BİLMƏDİK!»
- Builki seçkiləri Azərbaycanda müşahidə etdiyiniz əvvəlki seçkilərdən nə fərqləndirirdi?
- 2000-ci ildə seçkiləri Sumqayıtda izləyirdim. Səhər tezdən, yəni seçki məntəqəsi açılmazdan bir saat əvvəl seyfdə üstündə YAP qeydi olan 100 möhürlü bülleten aşkarladıq. Gecə DTHİB-nin və AŞPA nümayəndə heyətinin rəhbəri olaraq mən prezident Heydər Əliyevi inandırdıq ki, bu, qəbuledilməzdir. Daha sonra o, yeddi dairədə təkrar seçkiyə dair qərar verdi. Bu, növbəti yanvarda Azərbaycanın Avropa Şurasına üzvlüyü üçün bir şərt idi. 2003-cü ildə seçkini Gəncədə izlədim. Bütün gün və gecəyarısı boyunca Finlandiyalı həmkarımla məntəqələrin birində səssaymanı müşahidə etdik. Gecəyarısı sədr hamıya dedi: “Cənab Gross bütün vaxt burada idi, biz aldada bilmədik!”. İlham Əliyev orada səslərin 53 faizini aldı. O vaxt da Gəncədə əsas azadlıqlara xeyli məhdudiyyət vardı. Bu məhdudiyyətlər seçkilərə kölgə salırdı. Amma orada fəal, plüralist və çalışqan müxalifət də vardı. Bu gün Azərbaycan cəmiyyətində həmin enerji çatışmır. Müxalifətçilər əldən düşüblər, repressiya altındadırlar, daxili, yaxud gerçək mühacirətdədirlər. Gəncədən bilirəm ki, hələ də opponentlər var. Bilirəm ki, müxalifət namizədləri üçün imza toplayanlar ya həbs olunub, ya da ailə üzvləri qorxudulub. Narazıların susdurulmasını görməmək mümkün deyil. 5 il əvvəl isə seçkiləri izləmək istəmədim.
- Əvvəlki seçkilərin, demək olar, hamısında beynəlxalq müşahidə missiyası seçkini irəliyə addım kimi dəyərləndirdi. Bu dəfə, sizcə, DTİHB niyə belə davranmadı?
ATƏT bu dəfə daha aydın, daha açıq və daha vicdanlı davrandı...
– Ötən on il ərzində də çoxları plüralizm, azad və açıq debatlar, gerçək ictimai müzakirələr yönündə gözgörəsi irəliləyişin çatışmadığını vurğulayırdılar. ATƏT və AŞPA-nın bəyanatları arasında fərq də ilk dəfə deyil. Sadəcə, ATƏT bu dəfə daha aydın, daha açıq və daha vicdanlı davrandı. Bu, aydın məsələdir, axı onların rəyi çoxsaylı, həm də uzunmüddətli müşahidəçinin bütün ölkədə, üstəlik, bir neçə həftə boyunca gördüklərinə əsaslanır. Bilirik ki, seçki prosesi seçki günündən daha geniş anlayışdır. Bilirik ki, seçkilərə dəqiq qiymət vermək üçün bütün prosesin keyfiyyət baxımından təhlilini verməlisən. Seçki günü texniki baxımdan çox yaxşı təşkil oluna, bütövlükdə proses isə çox pis ola bilər.
“ONUN DİLİNİ DEŞİRFƏ ETSƏNİZ...”
- AŞPA Missiyasının rəhbəri Robert Walter Avropa Parlamenti nümayəndələri ilə birgə keçirilən mətbuat konfransında bəyan etdi ki, seçkilər azad, ədalətli və şəffaf olub. Bu fikirlə razısınız?
- Yox, əlbəttə, yox. Daha öncəki cavabımda səbəbini dedim. Ancaq gərək bəyanatı diqqətlə oxuyasınız. O, yalnız seçki günündən danışır. Onun dilini deşifrə edə bilsəniz, görəcəksiniz ki, bu bəyanat ATƏT/DTİHB-dən köklü şəkildə və bütün elementlər baxımından fərqlənmir. Sadəcə, ATƏT/DTİHB-nin rəyi daha aydın, daha açıq və birbaşa ifadə olunub və onu deşifrə etməyə ehtiyac qalmır!
- Sizcə, AŞPA, AP və ATƏT/DTİHB-nin bəyanatları niyə fərqləndi?
- Artıq bəzi səbəbləri izah etdim. ATƏT/DTİHB-nin bazası daha geniş və daha ciddidir. Deputatlara gəlincə, onların çoxu öz müşahidələrini, düşüncələrini seçki günü ilə məhdudlaşdırır, uzunmüddətli müşahidəçilərin və ekspertlərin bütün prosesə dair dəyərləndirməsini də bəyanata daxil etməyə hazır olmur, yaxud mənim onlara inandığım qədər inanmırlar. Biz real problem barədə uzun müddətdir düşünməyə başlamışıq və bu müzakirəni davam etdirməliyik. Bir-birimizdən ayrı düşməyə davam etsək, yalnız antidemokratik oliqarxların maraqlarına xidmət edərik. Bunun demokratikləşmə prosesini irəlilətməyə heç bir xeyri yoxdur. İndi Azərbaycanda demokratikləşmə prosesi geriləməkdədir.
“AVROPA ŞURASI BİR XƏSTƏXANADIR”
- Azərbaycan gələn il Avropa Şurasına sədrlik edəcək. Prezident seçkisi də bu missiyaöncəsi bir sınaq kimi dəyərləndirilirdi. Sizcə, ölkə bu sınaqdan necə çıxdı?
Avropa Şurası çoxlu xəstə üzvləri gözə dəyən bir xəstəxanadır və təcili yardıma ehtiyacı olan Azərbaycan da reanimasiya şöbəsindədir...
- Seçkiyə sınaq kimi baxmırdım. Adamların çoxu bu nəticəni və pis keyfiyyəti çoxdan görürdü. Avropa Şurasının prezidentliyi hansısa keyfiyyət göstəricisi, yaxud ölkənin irəli çəkilməsi deyil, sadəcə, ingilis əlifbasıyla bağlıdır. Əlifbaya görə Azərbaycan Avstriyadan sonra gəlir. Avstriya tezliklə sədrliyi Ermənistandan alacaq. Əlbəttə, futbol çempionatı liderinin bütün oyunları uduzan komanda olması heyrət və sual doğura bilər. Necə ki Azərbaycan, insan hüquqları və demokratiya çempionlarının toplaşmalı olduğu Avropa Şurasında uğursuzluq göstərir. Ancaq birinci dəfə deyil anlayıram ki, Avropa Şurası nə Çempionlar Liqasıdır, nə də Demokratiya və İnsan Hüquqları Məktəbi. Burası çoxlu xəstə üzvləri gözə dəyən bir xəstəxanadır, Azərbaycan da reanimasiya şöbəsindədir və təcili yardıma ehtiyacı var.
“MİSİR, TUNİS VƏ SURİYADAKI SƏHVLƏR TƏKRARLANIR”
Andreas Gross
Andreas Gross
- Demokratiya və hüququn aliliyinin inkişafı baxımından Azərbaycanın Avropa ilə gələcək münasibətlərini necə görürsünüz? Axı bir tərəfdə enerji əməkdaşlığı, digər tərəfdə insan hüquqları əsas götürülür...
- Neft və qazın yaşlı, demokratiyanın gənc olduğu yerlərdə Demokratiyanın inkişaf imkanları məhduddur. Azərbaycan Nigeriya, Venesuela, Səudiyyə Ərəbistanı və digərləri kimi bu tarixi idarəçiliyi dəstəkləyir. Kanada, Şotlandiya, ABŞ və Norveçdə demokratiya neftdən daha yaşlı olduğundan neft iqtisadiyyatı demokratiya prosesinə zərbə vura bilmədi. Azərbaycanda demokratların işi xüsusilə çətindir, çünki çox az istisnalarla, əksər Avropa hökumətləri demokratik çatışmazlıqları düşünmədən enerji təminatı almağa can atır. Onlar Misir, Tunis və Suriyadakı səhvləri təkrarlayırlar. Həmin ölkələrdə qısamüddətli maraqlar naminə diktatorların nöqsanları bağışlandı. Nəticədə günü bugünədək Qoca Qərbin etibarlılığı və dəyərləri zərbə altındadır. Ancaq əminəm ki, dəyişikliklər olacaq, özü də Azərbaycan cəmiyyətinin öz içindən. Axı bu gün rejimin uğursuzluq, ziddiyyət və qəddarlığı elə açıq-aydındır ki, onlar uzun müddətə qala bilməzlər. Azərbaycan xalqı rejimlə Avropa Şurasının prinsip və əsas dəyərləri arasındakı bugünkü təzadları dolduracaq.
XS
SM
MD
LG