Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:45

Prezidentə açıq məktub: «Şərq Tərəfdaşlığı»ndan əl çək...


Avropa, yoxsa Rusiya?
Avropa, yoxsa Rusiya?
-
Ötən həftəsonu hakimiyyətyönlü media mənsubları adından prezident İlham Əliyevə açıq məktub yayıldı. Ölkənin Avropa Birliyi ilə münasibətlərini məktubu imzalayan bir incəsənət xadiminin və üç jurnalistin sual altına alması birmənalı qarşılanmadı. Müəlliflər məktubu noyabrda Vilnüsdə keçiriləcək «Şərq Tərəfdaşlığı» sammitindən dolayı yazdıqlarını qeyd edirdilər.

ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATI?

Məktubda deyilir: «Hazırda sistematik iqtisadi və sosial problemlər yükü altında olan Avropa respublikamıza siyasi-iqtisadi inkişafın səmərələri yollarını təklif edə bilərmi?.. Sağlam və bərabərhüquqlu tərəfdaşlıq bütün tərəflərdən ciddiyyət, bir-birinin mövqeyinə hörmət tələb edir. Ancaq son vaxtlar AB-Azərbaycan dialoqunda mentor (hami, tərbiyəçi, rəhbər və məsləhətçi mənasında – red.) və öyüdverici ton, görünür, bir trendə çevrilir və bizdə müəyyən narahatlıq yaradır».

Müəlliflər alternativ də təklif edir və Bakının bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük üçün müraciət etdiyini, üzv ölkələrin bunu tam anlaşma və dəstəklə qarşıladığını vurğulayırlar.

Xarici İşlər nazirinin müavini Araz Əzimov isə «Şərq Tərəfdaşlığı»na qatılmaq perspektivindən söz açıb. O, oktyabrın 21-də jurnalistlərə açıqlamasında həmin tərəfdaşlıqda «ən yüksək səviyyədə də, daha aşağı səviyyədə də» iştirakın mümkünlüyünü dilə gətirib.
Araz Əzimov
Araz Əzimov
O, «iştirak qərarının» ən yüksək səviyyədə qəbul ediləcəyini də söyləyib. apa-nın məlumatına görə, nazir müavini proqramın lap əvvəldən yetərincə yayğın coğrafi çərçivəyə malik olmasını vurğulayıb:

«Biz hesab edirik ki, Avropa Birliyi ilə münasibətlərimiz hansısa ümumi regional yanaşmaya əsaslanmamalıdır... Sadəcə, keçmiş SSRİ-nin yerində yaranmış respublikalardan biri kimi seçilməyimiz doğru deyil. Bu ölkələr qrupunda müxtəlif imkan, resurs, start mövqeyi və məqsədlərə malik dövlətlər var. Ona görə də bizi hansısa ümumi çərçivəyə salmaq o qədər də doğru qərar deyildi».

«AZƏRBAYCAN NƏ QAZANACAQ?»

Ötən həftəsonu www.1news.az portalında dərc olunmuş açıq məktuba cavab gecikməyib. Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov sözügedən məktubu 7 tezislə cavablandırıb:

«Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), yaxud Avrasiya İttifaqı adekvat alternativdirmi?
Rasim Musabəyov
Rasim Musabəyov
Avropa Birliyinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 40 faizdən çoxdur. Son onillikdə AB ölkələrinin iqtisadiyyatımıza ümumilikdə və neft-qaz sektoruna ayrılıqda investisiyası xarici sərmayələrin ümumi həcmində 51 və 36.5 faiz təşkil edib. ŞƏT-in aparıcı ölkələri olan Rusiya və Çinin Avropa Birliyi ilə tərəfdaşlığa dair müstəqil sazişləri var. Bu səbəbdən Avropadan nümayişkaranə şəkildə üz çevirməyə dəyərmi?».

Rasim Musabəyov sual verir:

«Əgər məqsəd Azərbaycan prezidentinin Vilnüs samitində iştirakdan imtinasıdırsa, bu addım Moskvanı razı sala bilər, ancaq bundan Azərbaycan nə qazanacaq?».

HƏM AVROATLANTİK İNTEQRASİYA, HƏM DƏ...

Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də düşünür ki,
Asim Mollazadə
Asim Mollazadə
Azərbaycan «Şərq Tərəfdaşlığı» ilə əlaqələrini, Assosiativ Sazişi imzalamaq üçün fəaliyyətini gücləndirməli, Vilnüs samitində ən yüksək səviyyədə təmsil olunmalıdır. Deputat öz fikrini Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi demokratik ölkə olması, eləcə də Avropayla demokratiya, insan haqları, insanın önəmi kimi əsas humanitar dəyərləri paylaşması və unikal mədəniyyəti ilə izah edir. O, ölkənin gələcəyini sivilizasiyalı dünyada, Avroatlantik məkanda görür:

«Azərbaycan Türkiyə ilə birgə bu sistemə inteqrasiya olunmalıdır. Bununla yanaşı, öz İpək Yolu strategiyasını, yəni GUAM dövlətləri, Qazaxıstan, Orta Asiya ölkələri ilə uyğun bir İpək Yolu sistemini formalaşdırmalıdır. Buna qısqanc yanaşan, SSRİ-ni Avrasiya modelində bərpa etmək istəyən, bizə rəqib kimi davranan ölkələr də bunu qəbul etməyə məcbur olacaqlar».

«RUSİYA MƏSƏLƏSİ KEÇMƏYƏNDƏ...»

Politoloq Arif Yunus isə ATƏT və ABŞ-ın Azərbaycanda prezident seçkisinə ilkin yanaşmasına hakimiyyətin qəzəbləndiyini, ABŞ və Avropaya qarşı kampaniya başlatdığını vurğulayır:
Arif Yunus
Arif Yunus

«Əvvəllər – hələ Heydər Əliyev vaxtında da bu oyun gedirdi. Qərb ölkələri demokratik məsələlər, insan haqları ilə bağlı təzyiqi artıranda, Azərbaycan özünü elə göstərirdi ki, Rusiyayönlü qurumlara qoşulacaq. Rusiya məsələsi keçməyəndə, ortaya İran məsələsi çıxırdı, burada İran casusları tuturdular. 2003-cü ildə də Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev söyləmişdi ki, küçələrə çıxanlarla bağlı ovaxtkı səfir Reno Harnish-ə zəng edib və necə davranmalarını soruşub, o da deyib ki, «gedin dağıdın»».

Politoloq ruslarla siyasi oyun getmədiyini də vurğulayır. O, Biryulevo olaylarını Rusiyanın Azərbaycana xeyli primitiv təzyiqi sayır. Axı hər iki xalqın münasibətləri gərginləşir, eyni zamanda Avrasiya İttifaqına da dəstək artmır:

«Kimsə deyirdi ki, Putin avqustda gələndə belə bir razılıq alınıb (Azərbaycanın Avrasiya İttifaqına qoşulma razılığını nəzərdə tutur – red.). Ancaq son hadisələr belə bir razılığın olmadığını göstərdi. Əslində, avqustda Putin Azərbaycandan Ermənistanı qorxutmaq üçün istifadə etdi. Belə də oldu. Ermənistana son 3 ildə bu quruma qoşulmaq üçün ciddi təzyiqlər olurdu və onlar aradan çıxırdılar».

ABŞ-a qarşı kampaniyaya gəlincə, politoloq bu qənaətdədir ki, həmin ölkə gərginliyin artmasında maraqlı deyil, əks halda səfir Richard Morningstar öz son bəyanatında hakimiyyətə dəstək mesajı verməzdi. Onun sözlərinə görə, Azərbaycan ABŞ-a, azından, tranzit ölkə kimi lazımdır.
XS
SM
MD
LG