Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:53

«Rayonlarda çay sahələri bərpa olunsa, işsizlik də azalar»


Çay plantasiyası (Arxiv foto)
Çay plantasiyası (Arxiv foto)
-
AZƏRBAYCANDA SON İLLƏR MİN HEKTARLARLA ÇAY PLANTASİYALARI MƏHV OLUB...

Azərbaycan sovet dövründə çay istehsalında Gürcüstandan sonra ikinci yerdə gedirdi. İndi bu göstərici çox aşağıdır. Mütəxəssislər deyir ki, Azərbaycanın quru çaya olan tələbatının 90-95 faizini xaricdən gətirilən məhsul ödəyir. Səbəb kimi çay sahələrinin məhv edilməsini göstərirlər. Masallıda və Lerikdə çay sahələri ləğv olunub. Vaxtı ilə Astarada 2 min, Lənkəranda 7 min hektara yaxın çay sahələri olub. İndi bu sahələrin çox az hissəsi qalıb. Hazırda il ərzində Astarada 400-450 ton, Lənkəranda isə 200 tona yaxın yaşıl çay yarpağı yığılır. Halbu ki, Azərbaycan çayı keyfiyyətinə görə digər çaylardan fərqlənir. Heç də təsadüfü deyil ki, yerli çayların qiyməti idxal edilən məhsuldan bir neçə dəfə bahadır.

Çay sahələrinin əsasən 1996-cı ildən sonra dağıntıya məruz qaldığı bildirilir.

“BİR ƏSR LAZIMDIR Kİ,...”

Astara rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Firudin Əhmədovun Azadlıq Radiosuna verdiyi məlumata görə, 130 hektarda bərpa işləri aparılıb, 10 hektarda isə əkin keçirilib. Lənkəranda isə 20 hektara yaxın çay kolu əkilib. Mütəxəssislərin dediklərinə görə, bu gedişlə bir əsr lazımdır ki, əvvəlki çay sahələri bərpa olunsun.

Sahibkar-aqranom Zakit Axundov deyir ki, ötən əsrin 80-cı illərində Azərbaycanda çayçılıq geniş yayılmışdı:

“Sovet dövründə mən çayçılıqda mütəxəssis işləmişəm. Ancaq o vaxtları çayçılıq təsərrüfatında gəlir o qədər də yüksək olmayıb. Tərəvəzçilikdə qazandığımız müəyyən maliyələri biz çayçılığa sərf edərdik.”

Zakit Axundov deyir ki, sovet dövründə çayçılıq gözdən düşən bir sahə olsa da inkişaf etdirilirdi. Buna görə də bu sahə sonradan baxımsız qalıb.Onun sözlərinə görə, çayın məhsuldarlığı iki dəfə qaldırlsa gəliri də artar:

“Çayçılığın məhsuldarlığını birə üçə dəfə artırmaq olar. Müəyyən aqrotexniki qaydadan istifadə etmək lazımdır.”

Sahibkar çayçılıqda üzvü gübrələrdən istifadə edilmədiyini deyir. Onun fikrincə ölkədə enerji daşıyıcıları baha olduğundan sahibkarlar da bundan istifadə edə bilmirlər:

“ÇAY SAHƏLƏRİNİN ÇOX HİSSƏSİ MƏHV OLUB GEDİB.”

“Çay sahələrinin çox hissəsi məhv olub gedib. Onu bərpa etmək üçün yeni texnalogiyalardan istifadə etmək lazımdır. Bizə ən çox dövlətin dəstəyi lazımdır ”

Zakit Axundov deyir ki, rayonlarda çay sahələri bərpa olunsa işsizlik də azalar. Onun deməsinə görə, cənub rayonlarında əmək qabiliyyətli əhalinin 25-30 faizi bu sahədə çalışıb.

Kənd təsərrüfatı elmləri namizədi Hüsenqulu Məmmədov isə çayçılığın bərpasının günün tələblərinə cavab vermədiyini bildirir. O da çayçılıqda dövlət dəstəyini vacib sayır:

Hüseynqulu Məmmədov
Hüseynqulu Məmmədov
“ÇAY BİTKİSİ ƏKİLDİKDƏN 5-6 AY SONRA MƏHSUL VERİR.”

“Çayçılığı inkişafı üçün yalnız dövlət dəstəyi lazımdır. Dövlət dəstəyi olmayan yerdə çayçılığı inkişaf elətdirmək olmaz. Səbəbi də ondan ibarətdir ki, çay bitkisi əkildikdən 5-6 ildən sonra məhsul verir. Ona sərf olunan sərmayə buna hesablanmalıdır. Bu gün Lənkəranda çayçılıq demək olar ki, yox dərəcəsindədir. Təxminən 7 min hektar çay sahəsinə malik olan bir rayonda hazırda 200 hektara qədər çay plantasiyaları mövcuddur.”

Hüseynqulu Məmmədov bununla yanaşı Lənkəranda yeni çay sahələrinin salındığını da deyir. O yeni çay sahələrində aqrotexniki qaydaların çox aşağı səviyyədə aparıldığına görə bu işi səmərəsiz hesab edir:

“Təxminən iki il bundan əvvəl Gilan Holdinq Lənkəranın Girdəni kəndi ərazisində 200 hektar çay plantasiyası salmağa başladı. O ərazidə çay kolları əkilib. Ancaq iki illik çay kolların vəziyyəti bir neçə aylıq çay kolların vəziyyəti kimidir. Maliyyəni vaxtında vermədiklərindən perespektivsiz inkişaf gözə dəyir. Mağazalarda Azərçay adı ilə satılan çaylar da əslində Azərbaycan çayı deyil.”

Vidadi Mirzəyev
Vidadi Mirzəyev
ÇAYIN İDXALINDAN QAZANILAN MİLYONLAR...

İqtisadçı Vidadi Mirzəyev isə Azərbaycanda çay bazarına nəzarət edənlərin çayçılığın inkişafına imkan vermədiklərini deyir. Onun sözlərinə görə, Azərbaycan hökuməti xaricdən gətirilən quru çaylara güzəştlər nəzərdə tutub. Nəticədə xaricdən gətirilən çaya Azərbaycan çayını qatdıqa rüsumlar azaldılır. Vidadi Mirzəyevin dediyinə görə, Azərbaycanda çay emal edib bazara çıxartmaq baha başa gəlir. Buna görə də müxtəlif ölkələrdən Azərbaycana aşağı keyfiyyətli quru çaylar gətirilir. O deyir ki, bunun hesabına milyonlarla pul qazanırlar. Vidadi Mirzəyevin fikrincə bu işdə qazanan şəxslər Azərbaycanda çayçılığın yerində saymasında maraqlıdır. O qeyd edir ki, quru çay qonşu ölkələrdə bir neçə dəfə həm ucuzdur, həm də keyfiyyətlidir.

İqtisadçının sözlərinə görə çay yeganə məhsuldur ki, stabil gəliri var. Hətta böhranlı vəziyyətdə belə öz tarazlığını saxlayır.

Azərbaycanda sovet dövründə 17 min hektar çay sahəsi olub. Dünyada 20-ə yaxın ölkədə çay yetişdirildiyi bildirilir.
XS
SM
MD
LG