Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:43

Dönərin «ixtiraçısı» Almaniyada vəfat etdi


Arxiv foto
Arxiv foto
.
Elə adamlar var ki, onları yalnız öləndən sonra tanıyırsan və məhz buna görə də, bu itki ikiqat ağır olur.
80 yaşında Berlində vəfat etmiş Kadir Nurmanın ölümü mənim üçün belə xəbər oldu.
Dönər həvəskarı olmasam da, Londonda yaşadığım illərdə görmüşəm ki, bu qəlyanaltı növü ingilislərin sevimli yeməklərindən və ya öz təbirlərincə desək, «fast food»larından biridir.
Evlərində xörək bişirməyə vaxtı və həvəsi olmayan milyonlarla Avropa qadını üçün Kadir Nurmanın kəşfi xilas yolu olub.
Həftəsonları içki barları bağlanandan sonra «post-alkoqol aclığı» duyan ingilislər gecə saatlarında heç vaxt bağlanmayan London dönərxanalarına üz tuturlar.
Britaniyada dönəri ingilislər türklərdən də çox xoşlayırlar.
Taksi sürücüsü olan bir Türkiyəli tanışım həmişə deyirdi ki, London dönərini İstanbulda kiməsə versələr, hazırlayanın başına çırpar.
Amma belə müqayisələr subyektivdir... London azərbaycanlıları da deyirlər ki, Azərbaycanda hazırlanan kababı Avropanın heç yerində tapmaq olmaz.
Əslində cənab Nurman dönəri kababın qəlyanaltı və ya türklər demiş qəhvəaltı növü kimi ixtira edib.
Britaniya mətbuatı yazır ki, Almaniyaya mühacir kimi gələn Kadir Nurman dönəri 1972-ci ildə ixtira edib. O fikir verib ki, işgüzar almanlar ayaqüstü yeyib, daha vacib işlərlə məşğul olan insanlardır.
Qəzetlər yazır ki, dönərin başqa «ixtiraçılarının» adları çəkilsə də, Türkiyə Dönər İstehsalçıları Assosisiyası 2011-ci ildə onun müəllifi kimi məhz Kadir Nurmanı tanıyıb.

AVROPAYA YEMƏK, TÜRKƏ İŞ...
Berlində mənzillənmiş həmin təşkilat bildirir ki, bu gün təkcə Almaniyada 16 min dönərxana var.
BBC xəbər verir ki, bütün Avropada hazırlanan dönər üçün ətin 80 faizi Almaniyadan gəlir.
Almaniyaya 1960-cı ildə gələn cənab Nurman öz kəşfinə beynəlxalq patent almaq üçün heç vaxt müraciət etməyib.
2011-ci ildə «Frankfurter Rundschau» qəzetinə verdiyi müsahibədə Kadir Nurman bu barədə heç bir peşmançılıq keçirmədiyini deyib.
Əvəzində bildirib ki, milyonlarla Avropalıya ləzzətli qəlyanaltı, yüz minlərlə mühacir türkə isə çörək verdiyindən məmnundur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG