Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:43

İlham Əliyevin bir iradı və bir arzusu [Video]


İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonra açılışında, 13 mart 2012
İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonra açılışında, 13 mart 2012
-
«Sirr deyil ki, bəzi insanlar, xüsusən imkanlı insanlar, müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır».

Bu irad və arzunu təxminən bir ay öncə prezident İlham Əliyev Tibb Universitetində – müəllim-tələbə heyəti ilə görüşündə dilə gətirib.

Bir iş var ki, xaricə üz tutanlar yalnız imkanlı adamlar deyil. Məsələn, Astara gömrük məntəqəsinin qarşısında saatlarla növbədə dayanıb Arazın o tayında dərdinə əlac axtaranlar arasında aztəminatlı ailələr daha çoxdur.

JURNALİSTİN TƏBRİZ XƏSTƏXANASINDA GÖRDÜKLƏRİ

Elə yenicə Təbrizdən qayıtmış jurnalist Röya Rəfiyeva AzadlıqRadiosuna təəssüratını bölüşür:

- Mən Təbrizdə 10-dək xəstəxanada oldum. Növbələr vardı. Əksəriyyəti də Azərbaycandan gedən adamlardı. Orda bir neçə qan analizi verdim, bizim pulla 67 manat tutdu.

Röya Rəfiyeva deyir ki, analizlər heç də Bakıdakından ucuz deyil, bəlkə də bahadır:

- Adi qarın boşluğunun UZİ-sinə 47 manat ödədim. Həkimin qəbulu 12-13 manatdan başlayır. Baxır sənin qismətinə kim düşəcək.

Jurnalist bir müşahidəsini də bölüşür. Deyir ki, Azərbaycandan gedən xəstələr heç də konkret həkimin adına getmirlər. İranda onlara həkimi taksi sürücüləri tapırlar:

- Mən taksi sürücüsündən soruşdum ki, bütün sahələr üzrə yaxşı həkimləri necə tanıya bilir. O da dedi ki, tanımırlar. Azərbaycandan gələn xəstəni həkim yanına aparırlar, sonra xəstəyə zəng edib müalicəsinin düşüb-düşmədiyini soruşurlar. Əgər «yox» desə, növbəti xəstəni başqasının yanına aparırlar.

İran xəstəxanasında cərrahiyyə əməliyyatı
İran xəstəxanasında cərrahiyyə əməliyyatı
QIZCIĞAZ ŞƏFASINI İRANDA TAPDI

Dörd ildir azyaşlı qızını İrana müalicəyə aparan Könül Məmmədova danışır ki, illər öncə uşağının gözündə problem yaranıb. Bakıda bir neçə həkimə aparılsa, müalicə kursu keçilsə də, uşağın durumu yaxşılaşmaqdansa, pisləşməyə doğru gedib:

- Bəziləri düzgün diaqnoz qoysa da, müalicədən imtina etmişdi. Bəziləri də yanlış diaqnoz qoymuşdu. Dərman tapmaq problemi də vardı. Bir həkim müalicəni boynuna götürdü, amma sovet dövrünün üsulu ilə müalicə apardı. Həmin dərmanlar çox yandırıcı idi, uşaq onu gözünə tökməyə qoymurdu. Uşağın gözü getdikcə tutulurdu, aça bilmirdi gözünü. Axırda İrana apardım. Orda həkimin davranışı, müalicəsi, münasibəti tamam fərqli idi.

Könül Məmmədova deyir ki, artıq əvvəlki əziyyəti, həyəcanı arxada qalıb, qızının səhhəti qaydasına düşüb.

ÜMİD İCBARİ TİBBİ SIĞORTAYADIR

Azərbaycanlı xəstələrin xaricə üz tutmasının səbəbləri çox dərindədir. Bunu Azərbaycan Həkimlər Assosiasiyasının sədri Qalib Əliyev deyir. Onun sözlərinə görə, Azərbaycanda həkimlərin nüfuzu zədələnib, həkimə inamsızlıq güclənib. Müsahibimiz tibb sahəsindəki beyin axınının da ölkədə peşəkar həkim mühitinə ciddi zərbə vurduğunu bildirir.
Zirə xəstəxanası
Zirə xəstəxanası
​Son illərdə ölkədə səhiyyəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artdığını, maddi-texniki bazanın möhkəmləndirildiyini diqqətə çatdıran Qalib Əliyev ölkədəki tibb müəssisələrində xidmətin çox bahalı olduğunu düşünür:

- Müayinələr, dərman preparatları, əməliyyatlar çox bahadır, ona görə vətəndaşlar xaricə, xüsusən İrana getməyə məcburdurlar.

Bəs nə etmək lazımdır ki, vətəndaşlar öz ölkəsinin səhiyyə xidmətlərindən istifadə etsinlər?

Qalib Əliyev bunun üçün dövlət proqramlarının işlənməsini vacib sayır və əlavə edir ki, icbari tibbi sığorta sistemi mütləq işə salınmalıdır.

Ötən il Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə 660 milyon manatdan çox vəsait ayrılmışdı. Gələn il səhiyyə xərclərinin 700 milyon manata çatdırılması nəzərdə tutulub. Yəni, məbləğ təxminən 8 faiz artırılıb. Amma bu artım Azərbaycandan İrana və digər xarici ölkələrə xəstə axınının qarşısını alacaqmı? Ekspertlər bu sualın cavabında o qədər də optimist görünmürlər.
XS
SM
MD
LG