Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:38

Banqladeş 152 hərbçini ölümə məhkum etdi


Həbs edilmiş hərbçilər
Həbs edilmiş hərbçilər
-
İnsan haqları təşkilatları Dəkkəni hərbi qiyamda iştiraka görə 846 nəfərin kütləvi mühakiməsi ilə bağlı kəskin tənqid edib.
Banqladeş məhkəməsi 152 nəfəri, 57 hərbi komandir də daxil olmaqla 74 adamın ölümü ilə nəticələnmiş 2009-cu il sərhədçi qiyamına görə ölüm cəzasına məhkum edib.
Dəkkə şəhər məhkəməsinin hakimi Mohammad Akhtaruzzaman həmçinin əksəriyyəti sərhədçilər olmaqla 157 nəfərə ömürlük həbsxana cəzası kəsib.
271 nəfərin işinə məhkəmə qaydasında xitam verilib.
Qiyam 2009-cu ilin 25-26 fevralında, baş nazir Sheikh Hasina hakimiyyətə gəldikdən iki ay sonra baş verib.
Əslində 2008-ci ilin 29 dekabrında keçirilmiş bu seçki hərbiyyənin keçid hökumətinə son qoymuşdu.
Bir sıra tarixçilər 2009-cu il qiyamını məhz bu hadisə ilə bağlayırlar.
Sərhədçilər narazılıqlarına səbəb kimi nizami ordu əsgərlərindən daha az maaş almalarını göstərirdilər. Bir çox şərhçilər bunun yalnız bəhanə olduğunu qeyd edirlər.
Çünki maaş narazılığı olanlar öz qərargahlarını zəbt etmiş və komandirlərini qəddarlıqla güllələmişdilər.
Hazırda Banqladeş Sərhəd Keşikçiləri Korpusu kimi tanınan yarımhərbi silahlı birləşmələr ölkədə həmişə sanballı və ərköyün qurum olub.
QISA TARİX VƏ YA BANQLADEŞ «OMON»U
2010-cu ilədək «Banqladeş tüfəngçiləri» və ya «atıcıları» adlanan birləşmə ölkənin istiqlaliyyət qazanmasında həlledici rol oynayıb. Beləki, 1971-ci ilədək «Şərqi Pakistan» adlanan Banqladeşdə Pakistan qoşunlarına ilk atəş açan məhz tüfəngçilər idi.
Britaniya Hindistanın müstəqilliyini tam ölkə şəklində deyil, ayrılmış ölkə kimi tanıyıb. Beləki müstəqillik elan edilərkən Hindistanın müsəlman və hindu əhalisini təmsil edən siyasətçilər arasında mübahisə və hətta düşmənçilik başlanmışdı.
Buna görə də London Hindistanı üç yerə ayırdı. Ortada hindu əksəriyyəti olan Hindistanın özü və onun şərq və qərbində müsəlman əksəriyyəti olan Qərbi və Şərqi Pakistan.
Lakin Şərqi Pakistan əhalisinin əksəriyyəti benqallar olduğu üçün ayrılma baş verdiyi gündən Banqladeşin Pakistandan ayrılmaq təşəbbüsü baş qaldırmışdı.
30 ildən çox davam edən bu amansız və qanlı qarşıdurmada Banqladeşin azadlığı uğrunda əldə silah vuruşan dəstə məhz tüfəngçilər idi.
Elə buna görə də, ölkə müstəqilliyini əldə edəndən sonra da, uzun illlər tüfəngçilərə toxunulmaz qəhrəman kimi baxılırdı. Tüfəngçilər müstəqillik müharibəsində 800 mindən çox qurban vermişdilər. Onları bir növ keçmiş Sovet məkanındakı “omon”çulara da bənzətmək olar.
Bu ərköyünlük həmin bu 2009-cu ilin qiyamı ilə başa çatdı.
«CAVAN»LIQ EDİBLƏR
2009-cu ilin fevralında tüfəngçilər öz qərargahlarını zəbt etmiş və orada bir çox zabitlərin qətli ilə yanaşı başqa cinayətlər də baş törətmişdilər.
Qiyamın əksər iştirakçıları sıravilər və ya Banqladeşdə deyildiyi kimi “jawan”lar (cavan) idilər.
Paytaxt Dəkkədə baş verən qiyam tezliklə daha 12 şəhərə yayılmışdı.
Nəhayət ölkənin qadın baş naziri Hasina ümumi əfv elan etdikdən sonra tüfəngçilər silahlarını təhvil verərək təslim olmuşdular.
Yeri gəlmişkən, onları silahını yerə qoymağa ölkənin qadın daxili işlər naziri Sahara Khatun əmin etmişdi.
Lakin sonradan qiyam zamanı törədilmiş cinayətlərin ağırlığı aşkar olundu. Zabitlərin qadınları da daxil olmaqla 78 nəfərin kütləvi məzarlıqları üzə çıxdı.
Bundan sonra, baş nazir verdiyi amnistiyanı geri oxudu və indi ölümə məhkum edilənlər də o vaxtkı sərhədçilərdir.
HƏRBİ ÇEVRİLİŞLƏR ÖLKƏSİ
Ümumiyyətlə isə, Banqladeşin qısa tarixi hərbi çevrilişlərlə zəngindir. Ordu 1971-ci ildən bəri 21 dəfə qiyam qaldırıb və bunlardan ikisi dövlət başçısının qətli ilə nəticələnib.
Elə buna görə də, ölkə hərbiyyəsinin baş nazir Sheikh Hasina ilə münasibətləri həmişə gərgin olub. Silahlı Qüvvələrin komandanları onu qiyamçılara qarşı mülayim davranışda günahlandırırdılar.
Müşahidəçilər bildirirlər ki, 2009-cu ildə baş vermiş qiyama görə yalnız indi keçirilən səs-küylü proseslərdə bu qədər ağır hökmlərin çıxarılmasına da səbəb budur.
Bu arada insan haqları təşkilatları Banqladeşdəki kütləvi məhkəmə proseslərini tənqid edir və bildirirlər ki, bu, ədalətə xidmət etməyəcək.
Human Rights Watch bildirib ki, 2009-cu il qiyamı ilə bağlı istintaq altında olanlardan 47-si həbsxanada vəfat edib.
Təşkilat həmçinin qeyd edir ki, müttəhimlərə vəkillərlə çox məhdud ünsiyyət imkanı verilib.
Mühakimə edilənlərdən bir çoxu onlara qarşı irəli sürülən itthamlardan xəbərsizdir.
Banqladeş hökuməti bu iddiaları rədd edir.
XS
SM
MD
LG