Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Qızınmaqçun cəhənnəm arzusu... (Seçmə şeirlərdən)


-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. 17 hekayə və 8 şairin şeirləri imzası göstərilmədən Münsifə göndərilib.


Şəhriyar Həsənov


Bomj

Bu necə taleydi, İlahi!
Küçədə göyərçinlər qarşımızdan uçur
Donmuş bomjun
Qızınmaqçun cəhənnəm arzusu
Yarımçıq cümlələrlə
Közərmiş ciyərlərdən qayıdan tüstüyə qarışır
Ətrafda gəzişən başqa bir ikiayaqlıların
Gözləri
dodaqları işıq saçır
Yanlarında gəzişən körpələr
və özlərinə danışdıqları əsrarəngiz yalanlar
Körpələrindən əvvəl
ayaq tutur
yeriyir
qaçır.
Közərmiş ciyərlərdən qayıdan hansısa tüstü
Boğazlarına dolur ikiayaqlıların
Öskürür və deyirlər
Necə bədbəxt insanlar var?!


Hekayə

Uşaqkən qumda xətlər cızarkən
Başımızın üstündəki iri kölgələr
Yaxşı-yaxşı öyrətmişdilər
Öz yolumuzu özümüzün cızdığımızı
Sonra gözləmədiyimiz hansısa külək
Pozdu qumlardakı yazdığımızı
Əlimiz hər şeydən üzüləndə
bir hekayə eşitmək ümidiylə
Atamızın yanına qaçmışdıq
Onlar nağıl danışırdı
Bizsə hekayəyə acmışdıq.
XS
SM
MD
LG