Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:53

İsmayıllı hadisələrində həbs edilənlərin doğmaları şübhəli mətləblərdən danışır...


İsmayıllıda polis, 25 yanvar 2013
İsmayıllıda polis, 25 yanvar 2013
-
İsmayıllı hadisələrinin təşkilində günahkar hesab edilərək həbs olunan 14 nəfərin qohumları məhkəmənin gedişindən narazıdırlar. Noyabrın 4-ü və 5-i Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayılı hadisələri ilə bağlı keçiriləcək prosesin hazırlıq iclasları olub.

Həmin vaxt məhkəməni izləməyə gəlmiş valideynləri, məhkumların yaxın qohumlarını prosesə buraxmayıblar. Məhkəmənin sonunda vəkillərin açıqlamaları insanlarda daha da narahatlıq yaradıb. Yada salaq ki, vəkillər qeyd edirdilər ki, məhkəmə salonundakı 3 nəfərlik qəfəsdə 18 məhkum saxlanır.

«OTELİN YANDIRILMASINDA POLİSLƏR DƏ İŞTİRAK EDİB?»

Rayon Ağsaqqallar Birliyinin sədri Heybət Balayev deyir ki, İsmayıllıda həmin vaxt baş verənlər bütünlüklə qurama idi:

«Dəqiq məlumatlara əsasən bilirik ki, otelin yandırılması prosesində bəzi polislər də iştirak edib. İndi insanlar qorxur o videoları açıqlamağa. Ancaq bütün bunlar olan işlərdir».

Heybət Balayev deyir ki, o, insanlar sürücünü döyməsəydi, bu proses baş verməyəcəkdi:

«Tutaq ki, dava düşdü, həmin an orada yüzə yaxın polis var idi. Ərazidə cəmi iyirmi beş nəfər dalaşan insan var idi. Elə ki, İsmayıllının ünvanına söyüş söyüldü, polisin çiçəyi çırtladı. Çəkilib durdular kənarda, bir saatdan sonra ora üç-beş min adam yığıldı. Bəs polis niyə onların qarşısını almadı?».

«ƏSL MÜHAKİMƏ OLUNMALI ŞƏXSLƏR...»

Heybət Balayev deyir ki, həmin vaxt polis insanları etirazlara təhrik edib:

«Bütün bunlardan sonra insanları aparıb mühakimə edirlər. Onların heç bir günahı yoxdur, əsl mühakimə olunmalı şəxslər İsmayıllıda hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunurlar. İnsanları evindən çağırıb, şəklini çəkib bu gün həbsə atıblar».

«MÜNASİBƏTİN DƏYİŞƏCƏYİNİ GÖZLƏYİRDİK»

Məhbus Elşən İsmayıllının atası Səməd İsmayıllı isə deyir ki, onlar prosesin əvvəlində xeyli nikbin olublar:

«Ancaq təəssüf ki, əksi oldu. Hər birimiz bilirik ki, bu uşaqlara verilən maddələr absurddur. Onlar nəinki təşkilatçı olmayıblar, üstəlik etirazlara təhrik olunublar. Rayon rəhbərliyi biz valideynlərlə görüşündə dedi ki, narahat olmayın, hər şey yaxşı olacaq. Ancaq yaxşılığa doğru hələ ki, heç bir irəliləyiş yoxdur.
İsmayıllıda yandırılan otel - 28 yanvar 2013
İsmayıllıda yandırılan otel - 28 yanvar 2013
Bu olay hazırlanmış, əvvəlcədən planlaşdırılmış işə daha çox oxşayır. Çünki maraqlı detallar çoxdur».

«NİYƏ HƏBSDƏ OLAN UŞAQLARI HADİSƏ YERİNƏ ÇAĞIRAN MƏMURLARIN TELEFON DANIŞIQLARI ÜZƏ ÇIXARILMIR?»

Səməd İsmayıllı sözlərinə daha sonra belə davam edir:

«Bu təxribatı görməmək üçün gərək kor olasan. İndi həbsdə olan uşaqları həmin vaxtı rayonda yüksək vəzifələrdə olan və hələ də öz işinə davam edən məmurlar kömək adı ilə çağırıblar. Onları hadisə yerinə gətiriblər. Ertəsi günü həbslər başlayıb. Qoy baş prokurorluq araşdırsın. Mən baş prokurorun müavini Rüstəm Usubovla görüşümdə onun diqqətinə çatdırdım ki, bu hadisə üç, beş nəfər arasında baş vermiş dava olub. Sonradan rayon rəhbərliyində, hüquq-mühafizə orqanlarında təmsil olunan maraqlı qüvvələr bu məsələnin daha da böyüməsində maraqlı olublar. Daha onların marağı nə olub, qoy bunu istintaq orqanları araşdırsınlar? Niyə həmin vaxt həbsdə olan uşaqları hadisə yerinə çağıran məmurların telefon danışıqları üzə çıxarılmır? Niyə həmin hadisədə rayondan kənardan gələn və sonradan aradan çıxan 15 -20 nəfərin kimliyi araşdırılmır? Onları kim gətirtmişdi? Kim aradan çıxartdı? Həmin vaxt yaxınlıqdakı yanacaqdoldurma məntəqəsi dərhal bağlanıb işçilər evə buraxılmışdı. Yaxşı, «Niva» markalı avtomobildə litrlik butulkalarda benzini kimlər əhaliyə paylatdırırdı? Axı necə olur ki, polisin gözü qarşısında otelə benzin daşınır? Bütün bu suallara prokurorluq niyə susqun yanaşır? Mənim üçün şəxsən maraqlıdır».

İsmayıllıda etirazlar - 25 yanvar 2013
İsmayıllıda etirazlar - 25 yanvar 2013
«VƏKİLLƏR VƏSATƏT VERİR, HAKİMLƏR HAMISINI RƏDD EDİR»

Səməd İsmayıllı qeyd edir ki, indi də tutulan uşaqların hüquqları məhkəmədə pozulur:

«Vəkillər vəsatət verir, hakimlər hamısını rədd edir. Təsəvvür edirsinizmi, o qədər insanı gətirib bir balaca zala yığıblar. Bəyəm Şəkidə digər böyük zal yoxdur? Yəni, buna məhkəmə demək olmaz. Sadəcə, Prezident Aparatının göstərişlərini yerinə yetirən idarədir».

DİN-İN MÖVQEYİ...

Bu iddialara münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu barədə çox danışmaq istəmədi. Cənab Mansurzadə deyir ki, saxlananların yaxınlarının belə bir iddiaları varsa, məhkəmədə qaldırsınlar:

«Onlar çox şey deyə bilərlər. Amma qanunvericiliyin tələblərinə görə, məhkəmə gedişində hər hansı rəsmi orqanın və ya digərlərinin bu barədə mövqe bildirməsi yolverilməzdir. Amma əgər onların elə bir iddiaları varsa, məhkəmədə qaldırsınlar. Qoy işi məhkəmə araşdırsın».
XS
SM
MD
LG