Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:21

Əli Həsənov: “Müxalifət qəzetləri məsələni siyasiləşdirirlər”


Əli Həsənov
Əli Həsənov
-
15 noyabr medianın icmalı

Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbə müdiri Əli Həsənov "Azadlıq""Yeni Müsavat" qəzetləri ilə bağlı irəli sürülən iddialara münasibət bildirib. "Trend"-ə açıqlamasında o, deyib ki, hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da ictimai tələbat media orqanlarının reytinqini formalaşdıran əsas amildir:

"Vətəndaşlar məlumat almaq üçün daha çox obyektiv və operativ informasiya daşıyıcısı olan, eyni zamanda tərəfsiz, davranış qaydalarına riayət edən, ayrı-ayrı marginallaşmış siyasi qrupların, biznes subyektlərinin, müxtəlif xarici dairələrin maraqlarına deyil, cəmiyyətin mənafeyinə xidmət edən kütləvi informasiya vasitələrinə üstünlük verirlər.

Artıq yanlış və qərəzli informasiyalarla, reallıqdan uzaq mülahizələrlə cəmiyyəti çaşdırmaq istəyən, qalmaqal yaratmaqla tirajlarını artırmağa cəhd göstərən, təhqir və böhtanın adiləşdiyi media orqanları ictimai tələbat subyektləri kimi öz funksionallığını, oxucu auditoriyasını itirməkdədirlər.

Təəssüf ki, bəzi müxalifət qəzetləri düşdükləri vəziyyətdən düzgün çıxış yolu tapmaq əvəzinə, diqqəti problemin mahiyyətindən yayındırmağa və məsələni siyasiləşdirməyə çalışırlar. Onların bu yolla öz maddi durumlarını düzəltmək cəhdləri hətta qısamüddətli perspektiv baxımından səmərəli hesab oluna bilməz. Yeganə çıxış yolu mövcud vəziyyəti ayıq başla, obyektiv şəkildə təhlil etmək və öz fəaliyyətlərində dönüş yaratmaqdan keçir".

PREZİDENT “BAKI AĞ ŞƏHƏR” BULVARINDA OLUB

Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni salınacaq “Bakı Ağ şəhər” bulvarında həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olub.

“Bakı Ağ şəhər” bulvarında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. “İnşaat işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib,” AzərTac xəbər verir.

TURQUT ƏR: “XALQ “AZADLIĞ”A SAHİB ÇIXMALIDIR”

“Azadlıq”: Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı və “Azadlıqdan Tiranlığa” kitabının müəllifi Turqut Ər «Azadlıq» qəzetinə dəstək marafonu ilə bağlı çağırış edib. T.Ər əsasən Azərbaycan gəncliyinə səslənərək söz və mətbuat azadlığına olan hazırkı basqıya biganə qalmamağa çağırıb:

Turqut Ər
Turqut Ər
«Azərbaycanı hazırkı totalitar qurluşdan yalnız ölkənin gəncliyi qurtara bilər. «Azadlıq» qəzeti 1989-cu ildən bu günə qədər Azərbaycan üçün çalışıb. Öncə qəzet Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdı. Həmin mübarizənin hərəkətverici qüvvəsi gənclər idi. Hazırda isə Azərbaycanda totalitar qurluş mövcuddur.

Bu qurluşa qarşı da mübarizənin hərəkətverici qüvvəsi gənclər olmalıdır. Bu gənclər apardıqları mübarizə yolunda eyni zamanda azad sözün dönməz təmsilçisi olan «Azadlıq» qəzetini qorumalıdırlar. Bu mübarizənin sınaq anıdır. Ya mübarizə davam etməlidir, ya da totalitar rejimə təslim olunmalıdır.

Azərbaycan xalqı «Azadlıq»ına sahib çıxmalıdır. Azərbaycanın əsl ziyalıları bu qəzetin qorunması üçün səylərini əsirgəməməlidirlər. Azərbaycan anaları övladlarının gələcəyi üçün qəzetin yaşamasına dəstək verməlidirlər».

“RAZİN TOLKUÇKA”SI SÖKÜLƏCƏK

“Yeni Müsavat” yazır ki, Razin bazarında antisanitariya və ətrafda yaranan tıxac səbəbindən sakinlər bazarın sökülməsini istəyirlər. Başçı müavini sonda bildirib ki, ya bazar başqa yerə köçürülməlidir, ya da sökülüb yerində müasir tələblərə cavab verən yeni ticarət obyekti inşa edilməlidir. Sahibkarlar isə sadəcə onlara başqa məkanda yer ayrılmasını istəyirlər.

“Camaat arasında “Razin düyünü” adlanan bu massiv az qala tıxacların episentrinə çevrilib. Hər gün bazar qabağında siqnalların səsindən qulaq tutulur, avtobusların bir-birinə girməsindən dözülməz vəziyyət yaranır. Sürücülər bir-birinə yol vermir, saatlarla tıxac əmələ gəlir, üstəlik də natəmizlik bir yandan insanların ətini ürpəşdirir.

Bazarın girəcəyində ərzaq məhsulları satılır, piştaxtaya müxtəlif nemətlər çıxarılıb, ət və ət məhsulları tozanağa qarışıb. Və kimsə də natəmiz şəraitə görə ticarətçilərə “gözün üstə qarşı var” demir. Vətəndaşların şikayətini isə dinləyən tapılmır. Belədə “Razin talkuçka”sında özbaşınalıq, nəzarətsizlik baş alıb gedir”.

“YARAT”IN SƏRGİSİ

“Qafqazinfo” Müasir İncəsənət Muzeyində rəssam Lalla Essaydinin “Zaman və gözəllikdən kənar” adlı sərgidən yazır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.

"Yarat" loqo
"Yarat" loqo
“YARAT!” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova sərginin əhəmiyyətindən danışıb. Bildirmişdir ki, L.Essaydinin “Zaman və gözəllikdən kənar” (Beyond Time and Beauty) adlı sərgisini təqdim etməkdən şərəf duyuruq.

Fikrimizcə, bu tədbir bizim qədim tarixdən də məlum olduğu kimi, vizual ənənələr içində boya-başa çatan Bakı ictimaiyyətində dərin maraq doğuracaqdır. A.Mahmudova sərginin təşkilində əməyi olanlara dərin təşəkkürünü bildirib.

“AMEA-NIN BUNU ELMİ SƏVİYYƏDƏ ÖYRƏNMƏSİNƏ...”

“Bizim yol” Dini işlər üzrə dövlət komitəsinin beynəlxalq şöbəsinin müdiri Nicat Məmmədli ilə müsahibə dərc edib.

- AMEA-nin şöbələrdən birinin adı “Din və ictimai təhlükəsizlik” adlanır. Məgər, bu ifadədə din açıq-aşkar şəkildə aşağılanmırmı, sanki din ictimai təhlükəsizliyə təhdid kimi göstərilir, akademiya rəhbərliyi fanatizmlə dinin fərqini anlamayıb bu adı qoyublar?

- Məni dövlətin vəkili kimi qəbul etməyin, yalnız təmsil olunduğum komitənin adından danışa bilərəm. Çünki dövlətin etdiyi işi izah etmək mənim səlahiyyətimə aid deyil. Ancaq dövlət təhlükəsizliyinin qorunmasında dini məsələlərin öyrənilməsi hər birimiz üçün vacibdir. Yəni müasir dünyada dini kimlik ən çox qabarıq göstərilən kimliklərdən biridir. Hərçənd, mən AMEA-da bunun elmi səviyyədə öyrənilməsinə şübhə edirəm, amma bütün hallarda bu lazımdır.
XS
SM
MD
LG