Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:45

Metroda kitab satışı da qadağan edildi


İTV
İTV
-
«İCTİMAİ TELEVİZİYA AZTV QANUNLARI İLƏ İDARƏ OLUNUR»

«Azadlıq» qəzeti yazır ki, prezident seçkisindən sonra İTV-nin siması dəyişib:

«Televiziya az-çox ictimai yayımçılıq mövqeyini hakimiyyət televiziyası rolu ilə əvəzləyib. Telekanalın başlıca fəaliyyəti Əliyevlər ailəsinin təbliğinə yönəlib. Yeri gəldi-gəlmədi əksər verilişlərə H.Əliyevin, İ.Əliyevin, ailə üzvlərinin görüntüləri, şəkilləri salınır. Mədəniyyət və incəsənət verilişlərindən də Əliyevlər çıxır...».

«SON 5 İLDƏ SƏBƏTİN TƏRKİBİNƏ BİR DƏFƏ DƏ BAXILMAYIB»

«İstehlak səbətinin tərkibində dəyişiklik olunmalıdır». Bunu MediaForum saytına İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert Qalib Toğrul deyib:

«Səbət daim zənginləşdirilməlidir. Azərbaycanda istehlak səbətinə hər 3 kateqoriya üzrə cəmi 32 ərzaq, qeyri-ərzaq və xidmət növü daxildir. Müqayisə üçün deyim ki, Fransada bu səbət 500, Almaniyada 750 adlı ərzaq, qeyri-ərzaq və xidmət növünü əhatə edir. Avropa ölkələrində hər il istehlak səbətinin tərkibinə baxılır. Bizim qanunvericiliyə görə, istehlak səbətinin tərkibinə elmi idarə və QHT-lərin iştirakı ilə 3 ildən bir yenidən baxılması nəzərdə tutulsa da, çox təəssüf ki, son 5 ildə səbətin tərkibinə bir dəfə də baxılmayıb».

İqtisadçıya görə, yaşayış minimumu da reallığı əks etdirmir və bu, əslində, istehlak səbəti ilə birbaşa əlaqəli olmalıdır:
Çörək dükanı
Çörək dükanı

«Bizim hesablamalara görə, bu rəqəm əməkqabiliyyətli əhali üçün 200 manat civarında, pensiyaçılar və uşaqlar üçün isə 150 manatdan yüksək olmalıdır. Beynəlxalq prinsiplərlə yanaşanda, əməkqabiliyyətli əhali üçün yaşayış minimumu orta aylıq əməkhaqqı göstəricisinin təxminən yarısına bərabər olmalıdır. Nəzərə alsaq ki, rəsmi statistik məlumata görə, ölkəmizdə orta aylıq əməkhaqqı 414 manatdır, onda bu göstərici elə bizim hesablamalarımızı təsdiq edir».

«ALTERNATİVİ OLMAYAN SİYASİ KURS»

«Azərbaycan» qəzeti yazır ki, «son 10 ildə prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, sosial-iqtisadi, mədəni, elm, təhsil, səhiyyə sahələrində qazanılan sanballı nailiyyətlər Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib».

Qəzet bunu «alternativi olmayan siyasi kurs» adlandırır:

«Prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan cəmiyyəti Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurların, təminatlı gələcəyin mühüm şərti hesab edir. Çünki bu siyasi kursa Azərbaycanda alternativ yoxdur».

«AZTV-NİN DEDİKLƏRİ AXMAQ BİR ŞEYDİR»

«Neftimiz, qazımız yoxdur, sadəcə, beynimiz var». Bunu «Bizim yol»a müsahibəsində Almaniyanın Azad Demokratlar Partiyasının üzvü Rene Klaff deyib.
Almaniya
Almaniya

O, AzTV-nin Almaniyada siyasi-iqtisadi və mənəvi böhranla bağlı verdiyi süjetlərə də münasibət bildirib:

«... təhsildə, pensiya sistemində problemlər yaranıb, mənəvi boşluq yaşanır. Amma Azərbaycan televiziyasının dediyi kimi deyil... Təsəvvür edin ki, dünyadakı maliyyə böhranı ən az Almaniyaya təsir etdi. İşsizlik səviyyəsi 4.5 faiz civarındadır. Mən problemləri ona görə sadaladım ki, biz daha yaxşı şərait qurub yaşaya bilərik. Ona görə AzTV-nin dedikləri axmaq bir şeydir…».

METRODA TƏKCƏ QƏZET YOX, KİTAB-DƏFTƏR DƏ SATILMAYACAQ

«Yeni Müsavat» qəzeti metro keçidlərindən qəzetlə yanaşı, kitab-dəftər satışının da yığışdırıldığını yazır.

«Metroservis»in rəhbəri Bəkir Cəfərov məlumatı təsdiqləyib, amma bunun səbəbini bilmədiyini deyib:

«Abunələrimiz vardı, onların yayımını da saxladıq. İndi abunə pullarını geri qaytarmalıyıq. Baş verənlərin səbəbini bilmirəm. Heç bir izahat verilmədi. Dedilər 20 ildir işləmisiniz bəsdir, gedin».
XS
SM
MD
LG