Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:40

Mircəfər Bağırovun xilas etdiyi nəhəng şəxsiyyət...


sağdan sola: Rasim Qaraca və Kənan Hacı
sağdan sola: Rasim Qaraca və Kənan Hacı
-

Teyyub Qurban:

- İndiyə kimi Mikayıl Rəfilinin tanınmamağı, onun haqqında yeni nəsillərə geniş məlumatın verilməməsinin əsas səbəbi onun xilaskarıdır. O xilaskar isə Mircəfər Bağırovdur.


Rasim Qaraca:

-
O ki qaldı Rəsul Rzanın Mikayıl Rəfili ilə müqayisəsinə... inanın ki, Rəsul Rzada bircə sağlam misra da tapmamışam, bütün misraları pafos, yalançı, qondarma şeiriyyət üzərində qurulub.


Böyük şair Mikayıl Rəfili bu gün niyə təbliğ edilmir? İndi Azərbaycan poeziyasında ən çox yayılan janra çevrilmiş sərbəst şeiri Azərbaycana kim gətirdi? Mikayıl Rəfili, Rəsul Rza, yoxsa..?

Azadlıq Radiosunun “Pen klub” proqramındakı debata araşdırmaçı yazar Teyyub Qurban, tənqidçi Vaqif Yusifli, yazarlar Rasim Qaraca, Kənan Hacı və ədəbiyyatşünas Paşa Əfəndiyev qaıltıblar.


Səadət Akifqızı

- Azərbaycanda sərbəst şeirin banisinin mən Rəsul Rza olduğunu bilirdim, ancaq Mikayıl Rəfilinin adını çəkdilər, mən də araşdırdım ki, doğrudan da bu tip şeiri ilk yazan Mikayıl Rəfili olub. Ümumiyyətlə, sərbəst şeirin banisi ilə bağlı belə müzakirələrə necə yanaşırsınız?

Kənan Hacı

- Mikayıl Rəfili haqda onu deyə bilərəm ki, o 1905-ci ildə anadan olub, Rəsul Rza isə 1910-cu ildə. Səhv eləmirəmsə, Rəfilinin ilk sərbəst şeiri 1919-cu ildə dərc olunub, Rəsul Rzanın isə 1920-ci ildə. Belə götürəndə Rəfili sərbəst şeirin öndə gedənlərindən birincisi olub. Onun ilk şeirlər kitabı isə 1929-cu ildə çap olunub. Amma konkret olaraq, sərbəst şeirin banisi kimi Rəfili haqda danışılmır. Həmin dövrdə sərbəst şeir yazan başqa adamlar da vardı, amma bu şeirin ön cərgədə gedənlərindən biri Mikayıl Rəfili idi. Rəfilinin sərbəst şeir yazmasına Mayakovskinin, Nazim Hikmətin çox böyük təsiri olub, təsadüfi deyil ki, 1930, yaxud 1931-ci ildə Mikayıl Rəfilinin Mayakovski haqqında kitabı da çap olunub.
Kənan Hacı
Kənan Hacı

Rasim Qaraca

- Məsələ burasındadır ki, Mikayıl Rəfili həm də Azərbaycanda sərbəst şeirin nəzəri əsaslarını yaratmış insandır. Vaxtilə mənə Axundov kitabxanasında “Ədəbiyyat və İnqilab” jurnalında Mikayıl Rəfilinin impressionizm haqqında, o dövrün digər avanqard cərəyanları haqda məqalələri rast gəlmişdi. Avropada sənətdə, poeziyadakı yeni axınların ilk carçısı demək olar ki, Mikayıl Rəfili idi. Onun yeni şeirə nəzəri hazırlığı vardı. Onun həm də cəsarəti və azad, şairanə ruhu vardı.

Səadət A.

- Amma Mikayıl Rəfili şair kimi yox, daha çox ədəbiyyatşünas, tərcüməçi kimi tanınır. Mən də onu daha çox bu yönü ilə tanımışam.

Rasim Q.

- Məsələ burasındadır ki, o vaxt ədəbiyyatda elə hadisələr cərəyan edirdi ki, hər hansı bir abırlı adam o saat geri çəkilər, özünü qorumaq xatirinə o bəlalı prosesdən yan gəzərdi. Rəfilinin şeirdən tərcüməçiliyə, ədəbi araşdırmalara çəkilməsini onunla izah edərdim ki, görünür totalitar rejimdə azad ruhlu bir şairə ehtiyac yox idi. O da nəzarətdə olmalıydı. Yeni inqilabi dövr başlamışdı, bu, həqiqətən də cəsarətli çıxışlar dövrü idi, sənət sahəsində böyük sərbəstlik vardı. Amma sonradan rejim repressiyalara başladı, nəzarət sistemini gücləndirdi, birdən-birə azad ruhlu insanları ortadan götürmək, susdurmaq, nəzarətdə saxlamaq tendensiyası yarandı. Belə halda artıq azad ruhlu insanlara ehtiyac qalmırdı. Hesab edirəm ki, Mikayıl Rəfili belə bir nəzarətə boyun əymədi və mədəni şəkildə ədəbiyyatşünaslığa, tərcüməyə doğru yönəldi. Amma o adamlar ki, şəxsiyyət etibarilə iradəli deyildilər və xidmət göstərməyi, əyilməyi, ləbbeyk deməyi asanlıqla öz şərəflərinə sığışdırırdılar, onlar önə çıxarılırdılar. Fikrimcə, onlardan biri də Rəsul Rza olub. Düzdür, Rəsul Rzanın şəxsiyyətini belə kiçiltmək istəməzdim, onun da özünə görə pozitiv tərəfləri olub, amma özüm də bir şair kimi əminliklə deyirəm ki, onun şairlik istedadı olmayıb. O sanki zamanın tələbindən irəli gələrək şeir yaradıcılığına qurşanmış adam idi. Sovet şairi idi, daha çox siyasi xadim idi, yeddi çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdu. 60-cı illərdən başlayaraq ömrünün sonuna qədər Yazıçılar İttifaqının idarə heyətinin üzvü olmuşdu. Kifayət qədər titullu bir adam idi. Şeir isə ona humanitar rəng qatmaqdan ötrü lazım olan bir şirma idi.
Mikayıl Rəfili
Mikayıl Rəfili

Səadət A.

- Yəni ictimai-siyasi titullar insana şeir yazdıra bilir?

Rasim Q.

- Məsələ burasında idi ki, o, şeir yazmadı. Onun yazdıqları qrafomaniya idi, elə şeirləri orta məktəbi bitirmiş hər hansı yeniyetmə asanlıqla yaza bilər.

Səadət A.

- Kənan bəyin də bu məsələdə fikrini bilək.

Kənan H.

- O fikirlə razıyam ki, Mikayıl Rəfili həqiqətən azad ruhlu insan idi. Təsadüfi deyil ki, o, poeziyadan uzaqlaşdıqdan sonra elmi fəaliyyətlə, ədəbiyyatşünaslıqla məşğul olduğu dövrdə də o dövrün təpkilərinə məruz qalmışdı, dəfələrlə Mircəfər Bağırova, İman Mustafayevə məktublar yazmışdı ki, onu müdafiə etsinlər. Cəfər Xəndan, Məmməd Cəfər, hətta Səməd Vurğunun özü də dəfələrlə Mikayıl Rəfiliyə qarşı qaragüruh tipli yazılarla mətbuatda çıxış etmişdilər. Bu yazılardan sonra Mikayıl Rəfilini Nizami adına Ədəbiyyat institutundan çıxarmışdılar, Yazıçılar Birliyindən xaric etmişdilər, ədəbiyyatşünaslıq sahəsində belə ona qarşı böyük basqılar olub.

Rasim Q.

- Yazıçılar Birliyində onun məsələsini 1947-ci ildə müzakirəyə qoyurlar ki, ordan kənar etsinlər. Orda bir xəbərdarlıq məktubu var ki, sovetizmin tam iç üzünü göstərən, amansız bir məktubdur. Orda yazılıb ki, “sizə son dəfə xəbərdarlıq edirik ki, sosialist quruluşuna və s. əməl edən əsərlər yazasınız, yoxsa sizi Yazıçılar Birliyindən xaric edəcəyik”. Bilirsiniz ki, o vaxt Yazıçılar İttifaqından çıxarılmaq az qala ölümə bərabər bir şey idi.

Səadət A.

- İndi Mikayıl Rəfili haqda “Həqiqət olduğu kimi” araşdırma kitabının müəllifi Teyyub Qurban telefonla proqramımıza qoşulur. Teyyub bəy, Mikayıl Rəfili bu gün Azərbaycan ədəbiyyatı üçün kimdir? Nəyə görə müasir gənclik onu tanımalıdır?
Teyyub Qurban
Teyyub Qurban

Teyyub Qurban

- Bilirsiniz, Mikayıl Rəfili haqda hələ gələcək nəsillər biləcək. İndiyə kimi onun tanınmamağı, onun haqqında yeni nəsillərə geniş məlumatın verilməməsinin əsas səbəbi onun xilaskarıdır. O xilaskar isə Mircəfər Bağırovdur. Mikayıl Rəfili Bağırovun xilas etdiyi nəhəng şəxsiyyətdir. 1953-cü ildə Bağırov işdən çıxarılıb, 1956-cı ildə güllələnəndən sonra bir çox qələm sahibləri onun əleyhinə çıxışlar etməyə başladılar, onu Mircəllad adlandırdılar. Mikayıl Rəfili isə öz xilaskarının tənqid kampaniyasına qoşulmadı. İndi zaman dəyişib, arxiv materialları üzə çıxıb. Mən bir neçə il əvvəl Rəfili və Bağırov haqqında materialları üzə çıxartdım və “Həqiqət olduğu kimi” kitabında iki dəfə nəşr olundu. Bilirsiniz, Azərbaycanda Sovet Yazıçılar İttifaqı eynilə SSRİ Yazıçılar İttifaqı kimi 1934-cü ildə yaradılıb. Amma heç kim bilmir ki, Mikayıl Rəfili Azərbaycan Xalq Cümhuriyyəti dövrünün Yazıçılar İttifaqının ən cavan üzvü olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Yaşıl Qələm” adlı yazıçı təşkilatı olub. Onun üzvləri Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə olublar, orda ən gənc üzv isə 15-16 yaşlı Mikayıl Rəfili idi. Heç kəsə gizli deyil ki, Mikayıl Rəfilinin bədxahları onu dvoryan balası adlandırırdılar. Bu dvoryan balası hələ 20-ci illərdə bir çox tanınmış yazıçının, şairin kitabları çıxmayanda məşhur şair idi. Onun bir neçə şeir kitabı çıxmışdı. Həmçinin o, Azərbaycanda yeganə qələm sahibidir ki, doğulduğu günlə getdiyi gün üst-üstə düşür. Rəfilini dünya miqyasına çıxarmaq üçün bütün əsaslarımız var. Şairliyi, tənqidçiliyi, tədqiqatçılığı vardı. Onun tədqiqat işi Azərbaycanın ən qədim dövrlərini əhatə edirdi.

Səadət A.

- Teyyub bəy, bu gün niyə Rəfilinin şeirləri çap olunmur, tanıdılmır?

Teyyub Q.

- Azərbaycanda Mircəfər Bağırovun hakimiyyətə gəlməsinin səksən illiyi tamam olur. Məmməd Əmin Rəsulzadədən sonra ikinci bir şəxsiyyət yoxdur ki, Bağırov kimi Azərbaycanın mənafeyini, ərazi bütövlüyünü qoruya bilsin. Niyə Bağırov yada düşmür indi? Mikayıl Rəfilinin əsərlərini uzun müddətdir ona görə tərcümə etmirlər ki, 1953-cü ildən sonra Rəfilinin başına oyunlar gətirilib. Onun heç bir təqsiri yoxdur. Bunun üçün gərək dövlət səviyyəsində Rəfilinin ildönümü, yubileyi keçirilsin. 2005-ci ildə onun 100 yaşı tamam oldu, bu heç kimin yadına düşmədi. Bunun günahı nə oxucularda, nə də alimlərdə, Yazıçılar Birliyindədir. Gərək rəhbərliyimiz qədirbilən olsun. Siyasi məsələyə görə yazıçılara qiymət verməsinlər.

Rəfilinin şeirlərinə gəldikdə isə deyim ki, rəhmətlik Şamil Salmanov Rəfilinin şeirini “Sönən bir təbəssüm, ölən bir ulduzdur” adı altında toplayıb. Bəziləri elə bilir ki, Mikayıl Rəfili ancaq sərbəst vəzndə yazdığı üçün ona təzyiqlər olunub. Xeyr, elə deyil, Rəfilinin sərbəst şeirləri hələ 20-ci 30-cu illərdən çıxırdı. Bunu müzakirə obyektinə çevirmək olmaz. Əsas odur ki, Mikayıl Rəfili şeir yazıb.

Səadət A.

- Rasim bəy istərdim siz də deyəsiniz, Mikayıl Rəfili bu gün niyə Yazıçılar Birliyi tərəfindən təbliğ olunmur?

Rasim Q.

- Məsələ burasındadır ki, Mikayıl Rəfilinin başlatdığı Avropa mərkəzli, dünyəvi sənət ənənəsi elə o dövrlərdə yarıda kəsilir, yalançı, qondarma bir ənənə meydana gəlir və hələ də davam etməkdədir. Ədəbiyyat, sənət azad olmalıdır. Bizdə onun Mikayıl Rəfili kimi təmsilçiləri olub, repressiya dövrünə qədər belə adamları görürük, sonra o zor gücü ilə dayandırılır və biz hələ də onun acı meyvələrini yeməkdəyik. Hələ də Azərbaycanda azad söz xor görülməkdədir, onun meydanı hələ də daraldılmaqdadır. Bunun başqa bir səbəbini də onda görürəm ki, Azərbaycan şərq ədəbiyyat ənənəsindən qopa bilməyib. Mən şərq ədəbiyyatı deyəndə doqmatizm, ehkamçılıq, öyüd-nəsihət ədəbiyyatını nəzərdə tuturam. Mikayıl Rəfili də şair kimi önə çıxa bilməyib, erkən yaşlarında susdurulub, onun poeziyası primitiv səviyyədə, ruşeym halında boğulub. Amma onun “Səfillər”i Azərbaycan dilinə tərcümə etməsi, bu gün də yazıçıların ondan qidalanması onu deməyə imkan verir ki, o bu gün də yazıçılara təsir etməkdədir.

Kənan H.

- Biliriniz, biz indi elə bir dövrdə yaşayırıq ki, görkəmli ədəbiyyat adamlarının ölümündən sonra bir varisi olmasa, onlar təbliğ olunmur, çap olunmur. Elə böyük yazarlarımız var ki, indiyə qədər heç latın qrafikasında əsərləri çap olunmayıb. Məsəlçün, İsi Məlikzadə, Sabir Əhmədli və digərləri. Mikayıl Rəfilinin hansısa varisləri varsa, yük ancaq onların çiyninə düşür, çünki bu işlə məşğul olan konkret bir təşkilat yoxdur.
Rəsul Rza
Rəsul Rza

Səadət A.

- İndi telefon xəttində Mikayıl Rəfilinin aspirantı olmuş ədəbiyyatşünas Paşa Əfəndiyevdir. Paşa bəy, istərdim bizə bildirəsiniz, Rəfilinin şairliyə son qoymasının səbəbi nə olub? O özü bunu sizə necə izah edib?

Paşa Əfəndiyev

- Mən onun şeirləri haqda elə də çox yazmamışam. Amma onun dörd şeirlər kitabı çıxıb. Akademik Məmməd Arif yazırdı ki, Rəfili şairdir, onun deməyə öz sözü var, orijinal bir şairdir. Ancaq Mikayıl Rəfili yetərincə təbliğ olunmur. Onun 100 yaşı tamam olanda mən “Ədəbiyyat və İncəsənət” qəzetində onun haqqında bir məqalə yazdım. Onu oxuyandan sonra Nizami adına Ədəbiyyat institutunda onun xatirəsinə bir iclas həsr etdilər. Mən o məqaləni yazmasaydım heç kəs onu xatırlamayacaqdı. Səbəbini bilmirəm, onun bəxti yox idi, yoxsa nə, bilmirəm. Rəfili ilə bağlı bir hadisə baş vermişdi, mən onu sizə danışmaq istərdim. O vaxtlar Stalinin dilçiliklə bağlı bir kitabı çıxmışdı, hamı Stalinin o kitabının dilə, fəlsəfəyə təsirlərindən məqalələr yazırdı. Rəfili də bu barədə “Ədəbiyyatşünaslıq” adlı bir məqalə yazmışdı. “Azərbaycan” jurnalında çap olunmuşdu. Onun öz fikri vardı, heç kimin təsirinə düşən adam deyildi. Həmin məqaləsinə görə bizim ədəbiyyatşünaslar onun üstünə düşdülər ki, güya o, məqaləsində səhvlər işlədib. Rəfilini tənqid edirdilər ki, onun Mirzə Fətəli Axundov haqqında, yaxud Sabir haqqında yanlış fikirləri var. O isə necə düşünürdüsə eləcə də yazırdı. Bu fikirlərinə görə onu Yazıçılar İttifaqından, Ədəbiyyat İnstitutundan, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdirliyindən çıxarmışdılar. Ona hücümlar olmuşdu, nədənsə ona çox soyuq yanaşırdılar. Bir müddət sonra onu bütün işlərdən çıxarmışdılar, yalnız Bağırov onu işinə qaytardı.

Səadət A.

- Paşa bəy, bu gündəmi bir Bağırova ehtiyac var ki, onun haqlarını özünə qaytarsın?

Paşa Ə.

- Bu gün lazım deyil. Bu gün bizim ədəbiyyatşünaslıq elmimiz var, onun karifeyləri var. Onlar axtarıb ortaya çıxarmalıdırlar belə şeyləri. Mən özüm folklorşünasam. Deyə bilərəm ki, professor Rəfili folkloru çox sevirdi. Onun ən çox sevdiyi dastanlarımız idi. O məni aspirant götürəndə “Koroğlu” dastanını mənə verib dedi ki, bu heç tədqiq olunmayıb, bununla bağlı bir dissertasiya yaz, mən də yazdım. O, “Dədə-Qorqud” dastanı haqqında çox fikir edirdi. O zaman “Dədə-Qorqud”u bizim mədəniyyətimizdən çıxarmışdılar. Onda Rəfili dedi ki, bir az gözləmək lazımdır, onu geri qaytaracaqlar.

Səadət A.

- Bəziləri iddia edir ki, Rəfilinin sərbəst şeirin banisi olduğunu qəbul etmək, kimisə kölgəyə ata bilər. Sanki onun unudulması məqsədli şəkildə edilir. Buna münasibətiniz necədir?
Səadət Akifqızı
Səadət Akifqızı

Paşa Ə.

- Bilirsiniz, həqiqət necədirsə, əvvəl-axır öz yerini tapmalıdır. Əgər həqiqətən Rəfili sərbəst şeirin banisidirsə, niyə ondan imtina etməliyik? Doğrudan da əvvəlcə sərbəst şeiri Rəfili yazıb, sonra Rəsul Rza onu yüksəklərə qaldırıb, təkmilləşdirib. Bunu desək nə olar ki. Heç kimə əksiklik gəlməz.

Kənan H.

- Məncə, Mikayıl Rəfili ranqında, onun təfəkküründə, erudisiyasında ikinci bir alimimiz olmayıb. O, Azərbaycan ədəbiyyatı ilə bağlı monoqrafiyalar yazıb, Puşkin haqqında, Mayakovski haqqında yazıb. Nizami yaradıcılığı ilə bağlı çox böyük araşdırmaların müəllifidir. Bununla belə tərcüməçilik sahəsində Viktor Hüqonun “Səfillər”, “Paris Notterdam kilsəsi” kimi əsərlərini, Balzakın “Qorio ata”, “Qobsek” əsərlərini dilimizə çevirib. O həm də poeziya ilə məşğul olub. Sovet ideologiyasının basqıları altında bu cür əhatəli yaradıcılıqla məşğul olan ikinci bir ziyalımız yoxdur.

Səadət A.

- Siz qeyd edirsiniz ki, Mikayıl Rəfilinin ədəbiyyatda böyük izi var. Bax bu gün ədəbiyyatda o izlə gedənlər varmı?

Rasim Q.

- Elm sahəsində deyil, amma şəxsən məndən soruşsalar ki, sərbəst şeirdə hansı ənənəni davam etdirirsən? Mən cavab verərdim ki, Mikayıl Rəfilinin ənənəsini davam etdirirəm. Modern, avanqard nəzəriyyələrinə bələdliyim var. Birbaşa ondan bəhrələnməsəm də, indi baxıram ki, onunla eyni işi görürük. O ki qaldı Rəsul Rzanın Mikayıl Rəfili ilə müqayisəsinə, deyim ki, Rəsul Rzanın poeziyasını öyrənmək məqsədiylə oxuyub araşdırmışam ki, ordan bir şey əxz edə bilim. İnanın ki, ordan bircə sağlam misra da tapmamışam, bütün misraları pafos, yalançı, qondarma şeiriyyət üzərində qurulub. Məncə, Azərbaycan şeirinə bu iki nəfərdən də çox təsir etmiş şəxsiyyət Nazim Hikmətdir. Nazim Hikmətin Bakıya gəlməsi, burda onun kitabının çap olunması bizim ədəbiyyatımıza çox böyük təsir edib.
Vaqif Yusifli
Vaqif Yusifli

Səadət A.

- İndi telefon xəttində tənqidçi Vaqif Yusiflidir. Vaqif bəy, Azərbaycanda Mikayıl Rəfilinin açdığı cığır bu gün davam etdirilirmi?

Vaqif Yusifli

- Mən obyektiv danışacam, tədqiqatlar yolu ilə danışacam. Keçən əsrin 20-30-cu illəri Azərbaycan ədəbiyyatının ən mürəkkəb dövrü olmuşdu. Təbii ki, belə bir dövrdə şeirimizin nəzm sisteminin dəyişikliyə uğraması, əruzumuzun laxlaması qanunauyğundur. Klassik ədəbiyyata inkarçı münasibət, vulqar sosializmin vurduğu ziyan ədəbiyyatda dəyişikliyə səbəb olmuşdu. Mikayıl Rəfili bu haqda yazırdı: “Biz yeni, böyük, beynəlmiləl bir ədəbiyyat uğrunda mücadiləyə başlamışıq. Biz üzümüzü Füzulilərə, Nəsimilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə doğru deyil, Uitmenlərə, Romenlərə, Mayakovskilərə və bütün dünya klassiklərinə doğru çeviririk. Proletar sinfi üçün ikinci sort ədəbiyyat gərək deyildir. Biz mədəni, yüksək bir ədəbiyyat yaratmaq istəyirik”. Əlbəttə bu inkarçı mövqe şeirin vəzninə də, dilinə də, tematikasına da ciddi təsir göstərmişdi. Təbii ki, Azərbaycan şeiri, istər məzmunca, istərsə də formaca bir yerdə dayanıb dura bilməzdi. Əruz vəzni öz tarixi rolunu şərəflə yerinə yetirmişdi. Dildə xəlqiləşməyə, aydın və təbii ifadə üsuluna keçid zəruriydi. Bunu süni olaraq sürətləndirmək doğru deyildi.

Səadət A.

- Vaqif bəy, sizcə Mikayıl Rəfilinin bu mövqeyi əruzu Azərbaycan ədəbiyyatından çıxartdımı?

Vaqif Y.

- 20-ci illərin sonlarında Mikayıl Rəfili həm sərbəst şeirlər yazırdı, həm də sərbəst şeirin təbliğatı ilə məşğul olurdu. Onun “İnqilab və Mədəniyyət” jurnalında sərbəst şeir haqda məqalələri çıxmışdı. Bu məqalələrdə Rəfili yeni ədəbiyyatın yeni vəzni kimi sərbəst şeiri irəli sürürdü. O özü də sərbəst şeirlər yazırdı və bu şeirləri 1936-cı ilə qədər yazdı. Kütlə onu başa düşmürdü. Azərbaycan poeziyasında sərbəst şeir inqilabi poeziya kimi doğuldu. Rəfilinin “Dünya paralanırkan” şeiri buna nümunəydi. Rəsul Rzanın 40-50-ci illər yaradıcılığına baxanda görərik ki, o, sərbəst şeir meydanında tək idi. Çünki artıq Rəfili şeirdə yox idi, yazmırdı, 1936-cı ildəki beşinci kitabından sonra Rəfili tamamilə alimliyə keçdi. Amma Rəsul Rza yazdı və bundan sonra sərbəst şeir onunla davam etdi.

İzlə

XS
SM
MD
LG