Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Anar Məmmədliyə daha 2 ittiham irəli sürülüb


Anar Məmmədli
Anar Məmmədli
-

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, səfir Janez Lenarčič Azərbaycanda tanınmış ictimai fəal, seçki müşahidəçisi Anar Məmmədlinin həbsindən narahatlıq ifadə edən bəyanat yayıb.

Dekabrın 17-də yaydığı bəyantında səfir qeyd edir ki, Anar Məmmədlinin həbsi ilə bağlı öz narahatlıqlarını Azərbaycan hakimiyyətinə də çatdırıblar:

“Seçkilərin ictimai müşahidəsini də təhlükəyə atması baxımından Anar Məmmədlinin həbsi narahatlıq doğurur. Bu müşahidənin mövcudluğu ATƏT-ə üzv olan bütün ölkələr, o cümlədən də Azərbaycanın özü üçün seçki proseslərinin dürüstülüyünün təminatıdır.

Biz onun həbsi ilə bağlı vəziyyəti yaxından izləyəcəyik. Ümid edirik ki, bu məsələ Azərbaycanın insan haqları sahəsində ATƏT qarşısında öhdəliklərinə uyğun şəkildə həll ediləcək.”


***


«Anarla, onun ölkəmiz üçün gördüyü işlərdən qürur duyuruq. Önəmli olan dürüst davranmaq, haqsızlığa göz yummamaq, ədalətsizliklə barışmamaqdır. Anar da hər zaman bunlardan ötrü mübarizə aparıb».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədli dekabrın 16-da axşam həbs olunandan sonra onun xanımı Vəfa Sübhani öz facebook səhifəsində belə yazıb.

ARD-ARDA GƏLƏN İTTİHAMLAR

Anar Məmmədliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə cinayət işi açılıb. O, qanunsuz sahibkarlıqla məşgul olub, külli miqdarda gəlir qazanmaqda ittiham edilir. İttiham maddəsinə əsasən, Anar Məmmədli 1 ildən 5 ilədək həbs oluna və ya qazancının 3 misli qədər cərimələnə bilər. Dekabrın 17-də – günün 2-ci yarısında o, xeyli miqdarda vergini və ya məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendum nəticələrini saxtalaşdırmaqda da suçlanıb.

QHT-lər, müstəqil ekspertlər, siyasi partiyalar həbsi siyasi motivli sayır.

İşdən sonra - Anar Məmmədlini niyə həbs etdilər?

«İşdən sonra»da müzakirə
ABŞ SƏFİRİ: «İTTİHAMLARIN TƏFƏRRÜATI HƏLƏ AYDIN DEYİL»

Hüquqşünas İntiqam Əliyev Anar Məmmədlinin seçkilərdə obyektiv mövqe tutduğu üçün tutulduğunu deyir:

«2008-ci ildə uzun dava- dalaşdan sonra Anar Məmmədlinin təşkilatını qeydiyyata alsalar da, prezident seçkiləri ərəfəsində təşkilatın qeydiyyatı ləğv edildi. Elə o zaman Anar Məmmədliyə xəbərdarlıq edilmişdi. 2013-cü ildə SMDTM-in prezident seçkilərinə dair dünyaya yaydığı hesabat hakimiyyətin səbir kasasını doldurdu. İnsanları həbslə qorxutmaq istəyirlər. Amma mümkün deyil».

Richard Morningstar
Richard Morningstar
ABŞ-ın Azərbaycandakı səfirliyi Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat yayıb. Səfir Richard Morningstar ictimai fəalın qanunsuz sahibkarlıq fəaliyyətinə görə saxlanmasından və haqqında 3 aylıq həbs tədbirinin seçilməsindən narahatlığını bildirib:

«İttihamın təfərrüatları hələ aydın deyil. Görəsən, Anar Məmmədlinin saxlanması onun təşkilatının seçkiləri müşahidə etməsi və bu barədə məlumat yayması ilə bağlı deyil ki? İndidən bunu soruşmalıyıq. Bu məsələni artıq Azərbaycan hökumətinin yüksək rütbəli məmurları qarşısında qaldırmışıq və olayın gedişini izləməyi davam etdirəcəyik».

Britaniyanın Azərbaycanda səfərdə olan xarici işlər naziri William Hague də dekabrın 17-də keçirdiyi brifinqdə həmin məsələni Azərbaycan hökuməti qarşısında qaldırdığını söyləyib.

SİYASİ PARTİYALAR HƏBSİ PİSLƏYİBLƏR

Anar Məmmədlinin həbsi ilə bağlı siyasi partiyalar da bəyanat yayıb.
Ümid Partiyası Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) sədrinin həbsini pisləyib.

Partiya quruma təzyiqlərə son qoyulmasını, Anar Məmmədli barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsini, obyektiv məhkəmə araşdırması aparılmasını tələb edib.

Elton Quliyev
Elton Quliyev
Müsavat Partiyası bu həbsi seçkilərin monitorinqini aparan və obyektiv rəy verməyə cəhd göstərən təşkilatlara və onların rəhbərlərinə, eyni zamanda bütövlükdə vətəndaş cəmiyyətinə qarşı yönəlmiş təzyiq saydığını bildirib.

Vətəndaş və İnkişaf Partiyası Anar Məmmədlinin qondarma ittihamla həbs olunduğunu düşünür və həbsi hakimiyyətin öz tənqidçilərinə yönəltdiyi qisas aktı sayır.

«10 QƏTİMKAN TƏDBİRİ İÇƏRİSİNDƏ ƏN AĞIRI...»

Bəs onun həbsinə zərurət hardan yaranıb? Həbsi nə ilə əvəzləmək olardı?
Hüquqşünaslar da Anar Məmmədliyə qarşı ittihamları dəyərləndiriblər.

Vəkil Elton Quliyev həbs-qətimkan tədbirinin seçilməsi üçün xüsisi halların vacibliyini vurğulayaraq, bildirir ki, bu tədbir çox zəruri hallarada tətbiq edilə bilər:

«Məhkəmə ittihamları təsdiqlənib, hökmə qüvvəyə minənədək insan təqsirsiz sayılır. Belə həbsin seçilməsi son dərəcə ciddi əsaslandırılmalıdır, çünki demokratik cəmiyyətdə azadlıq hüququ özünün aktuallığını və əhəmiyyətini o əsaslara nisbətdə itirmiş olmalıdır.
Elçin Sadıqov
Elçin Sadıqov
Belə maddələrlə bu qətimkan tədbirinin seçilməsi ən ağır qətimkan tədbiridir. Bu, 10 qətimkan tədbiri içərisində ən ağırıdır. Mən inanmıram ki, məhkəmə qərarında elə ciddi əsaslar göstərilib».

Vəkil Elçin Sadıqovun fikrincə, məhkəmə qərarında həbsi qaçılmaz saydıracaq hallar əsaslandırılmayıb:

«Məhkəmə həbs-qətimkan tədbiri seçərkən, cəza müddətini və cinayətin yendən törədilə biləcəyini əsas gərtirib. Belə məsələlərdə Avropa Məhkəməsi təcrübəsi ondan ibarətdir ki, şəxsin həbsinə səbəb olan əsaslar arqumentləşdirilməli və sübut olunmalıdır. Məhkəmə qərarında isə bunlar yoxdur».

«SEÇKİLƏRƏ DAİR RƏYƏ MÜNASİBƏT...»

Seçki eksperti, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov ötən həftələrdə AzadlıqRadiosuna bildirib ki, seçkilərlə məşğul müstəqil qeyri-hökumət təşkilatlarının problemləri əvvəllər də az olmayıb. Onun sözlərinə görə, birbaşa və ya dolayı yollarla bank hesablarının yoxlanması, vergi yoxlamaları indiyədək də olub və adi qarşılanıb. Ancaq indiki yoxlama müəmmalıdır:
Hafiz Həsənov
Hafiz Həsənov

«Bunun səbəbini anlayırdıq. Fəaliyyətimizin qanun çərçivəsində olmasına, bənzər hallara bəhanə verməməyə həmişə çalışmışıq. Əvvəllər də başqa QHT-lərə basqılar olub. Sadəcə, məsələnin bu cür qoyuluşu bizi bir qədər təəccübləndirir. Baş verən qanun pozuntuları nədir? Belə anlaşılır ki, son layihələrlə bağlı təşkilatın maliyyə fəaliyyəti yoxlanılır. Ancaq kompüterlərin götürülməsi və 20 qovluq sənədin aparılması onu göstərir ki, bu, təkcə maliyyə fəaliyyəti ilə bağlı məsələ deyil, Seçki Monitorinq Mərkəzinin seçkilərə dair rəyinə münasibətdir».

SMDT daha öncə Seçki Monitorinq Mərkəzi kimi fəaliyyət göstərib. Anar Məmmədli qurumun icraçı katibi və direktoru olub. 2008-ci ildə mərkəzin qeydiyatı ləğv edilib.
Ədliyyə Nazirliyi mərkəzin təsis sənədlərində məlumatların qeyri-müəyyənliyini iddia edib və üstəlik, hüquqi ünvanın dəyişdirilməsi barədə nazirliyə bilgi verilmədiyini, mərkəzin bölgə nümayəndəliklərinin dövlət reyestrindən keçmədiyini bildirib.

Daha sonra Anar Məmmədli Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini təsis edib.

Mərkəz 9 oktyabr prezident seçkisindən sonra seçkinin beynəlxalq standartlara uyğun olmaması, kütləvi qanun pozuntularına yol verilməsi barədə hesabat hazırlayaraq ictimaiyyətə açıqlayıb.

Baş prokurorluq oktyabrın 31-də mərkəzdə yoxlamalara başlayıb.

SMDTM seçki sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə çalışan qeyri-hökumət təşkilatıdır.
XS
SM
MD
LG