Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:51

«Hər gün gömrükdən yüz tonlarla yanacaq keçirilirdi Türkiyəyə»


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov dekabrın 17-də Türkiyədə saxlanıb.

Türkiyə mətbuatında yayılan məlumatlara görə, o, Naxçıvanla sərhəddəki Dilucu gömrük-keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanıb. Məlumata görə, gömrük rəisini təyyarə ilə İstanbuldan Qarsa gələrkən Türkiyənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları həbs edib. Həbs olunduqdan sonra onu Qarsdan İğdır vilayətinə aparıblar. Hazırda gömrük rəisinin İğdır Əmniyyət Müdirliyində saxlandığı bildirilir.

Elə həmin gün Dilucu sərhəd-keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə əməliyyat keçirilib. Əməliyyat zamanı 7-si gömrük işçisi, 10-u daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib.

Keçirilən əməliyyatla bağlı həm Türkiyə, həm də Azərbaycan mətbuatında müxtəlif versiyalar səsləndirilməkdədir.

«ONUN İŞLƏDİYİ MÜDDƏTDƏ GÖMRÜKDƏ MİLLƏTƏ QAN UDDURULUB»

Naxçıvanlı hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev deyir ki, Sədərək gömrüyündə baş verən qanunsuz əməllərdən əvvəlcədən məlumatlı olub. Hüquq müdafiəçisinin deməsinə görə, o bu pozuntularla bağlı bir neçə dəfə araşdırmalar aparmaq istəsə də, buna imkan verilməyib. O deyir ki, hətta 2011-ci ildə araşdırma apararkən keçid məntəqəsinin əməkdaşları tərəfindən döyülüb:

«Hələ 2 il öncə Mirməhəmməd Seyidov qəzaya düşmüşdü. Beli qırılmışdı, Türkiyədə müalicə olundu. Onun işlədiyi müddətdə gömrükdə millətə qan uddurulub. Hər gün yüz tonlarla yanacaq keçirilirdi Türkiyəyə. Kasıb camaatın uşaqlarına aldıqları ərzaqları müsadirə adı altında əllərindən alıb, bazarlarda satırdılar. Maşınlardan zorla yanacaq çəkib, «zapravka»larda satdırırdılar. Onun Bakıda, digər yerlərdə çoxlu obyektləri var. Yəqin, bardağı daşırıb, sonunda saxlayıblar».

Həkimeldostu Mehdiyev
Həkimeldostu Mehdiyev
Ötən ilin dekabrında naxçıvanlı işadamı Məmməd Qurbanov və kürəkəni Nadir Məmmədov Sədərək keçid məntəqəsində baş verən insidentdən sonra həbs olunmuşdu. Hüquq müdafiəçisi deyir ki, onlar gömrük işçiləri tərəfindən şərlənərək həbs olunmuşdular:

«İşadamlarına məxsus təxminən 20 min manatlıq malın da çox hissəsini müsadirə adı altında bazarlarda satdırmışdılar».

Naxçıvan MR Gömrük Komitəsindən nə Mirməhəmməd Seyidovun həbsinə, nə də hüquq müdafiəçisinin onlara qarşı səsləndirdiyi iddialara münasibət bildirdilər.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, hazırda M.Seyidovun saxlanması səbəblərini araşdırırlar.

Türkiyənin Naxçıvandakı konsulluğundan isə hadisə haqqında məlumatsız olduqlarından danışa bilməyəcəklərini dedilər.

Naxçıvanın Bakıdakı nümayəndəliyi ilə də əlaqə saxladıq. Nümayəndəliyin rəhbəri Həsən Hacıyev məsələ ilə bağlı yaxın saatlarda açıqlama yayacaqlarını bildirdi.
XS
SM
MD
LG