Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:31

"Əziz dostum" Fətullayev necə Fiqarov oldu?


Şamil Fətullayev-Fiqarov
Şamil Fətullayev-Fiqarov
-
Dekabrın 24-ü mənim üçün xüsusi bir gündür.
Yanlış anlamayın.
Bu gün mənim əziz dostumun doğum günüdür.
Amma əziz dostum bu gün nə dövlət rəhbərlərindən xüsusi təbriklər alır, nə də şərəfinə 52 metrlik tort bişirilir…
Doğrusu, heç bilmirəm, o, indi harada yaşayır, doğum gününü necə keçirir?
Xoşbəxtdirmi?
Sağlamdırmı?
Qarşılaşsaq, öz tərəfimdən “əziz dostum” adlandırdığım şəxs məni tanıyacaq qədər gümrahdırmı?
Sözü uzatmadan söyləyim ki, bu gün memarlıq doktoru professor Şamil Fətullayev-Fiqarovun 85 yaşı tamam olur.
Uzun illərdir ki, bu günü xatırlayır və sevinirəm.
Fiqarovun bizim dünyaya gəlməsindən, dünyamızda olmasından qürurlanıram.
Və düşünürəm ki, Şamil müəllim doğum günü xüsusi qeyd ediləcək insanlar sırasındadır.
O günü bir və ya bir neçə nəfərin xatırlaması günahdır…
Bu yazını yazmazdan öncə əziz dostuma telefon açdım.
Amma telefonu bağlıydı.
Bilirsiniz, avtocavablayıcı mənə nə dedi?
O dedi ki, “bu nömrə telefon borcunun ödənməməsi səbəbindən müvəqqəti bağlanıb”…
İş yerinə zəng çaldım. Heç kəs götürmədi.
Nəhayət, onu çalışdığım mətbu orqandan təbrik etmək qərarına gəldim.

Şamil müəllim! Əziz dostum!
Birincisi, mən Sizi 85 yaşınızı tamamladığınız üçün təbrik edirəm.
Bilmirəm məni xatırlayırsınız, ya yox, amma mən sizi heç unutmadım.
Yadınızdadırmı, bir neçə il əvvəl arada bir müddət başım qarışdığından sizi aramadım?
Və nəhayət, evinizə zəng vuranda, səsimi eşidincə nə dediniz?
Səsimi eşidən kimi qayıtdınız ki, "nə yaxşı zəng vurdun. Neçə gündür, deyirdim, Sevda niyə məni axtarmır".
Mən bu sözləri heç unuda bilmirəm, Şamil müəllim.
Hə, ikincisi, kefinizin necə olduğunu soruşacaqdım. Ağrıyan yeriniz varmı, ən əsası, işləyə bilirsinizmi – deyəcəkdim.
Üçüncüsü, bir müsahibənizdə mənə bunları demişdiniz:


“İndi bir kitab var əlimdə, ora 850 bina salmışam. Təəssüf ki, çap üçün vəsaitim yoxdur. Neçə ildir Qacarlar dövründən 600 səhifəlik kitab yazmışam, 500 illüstrasiyası var, çap edə bilmirəm... Əvvəlkiləri də özüm çıxarmışam, heç kim kömək etməyib... Bax, o son kitabı işləyəndə, memar Məşədi Qafar İsmayılovun arxivdən 250 səhifəlik layihəsini tapmışam. Özü də bu arxiv materialı heç vaxt çap olunmayıb. Mən memarların ayrı-ayrı portretini vermişəm kitabımda. Zivər bəy Əhmədbəyovun, Qasım bəyin, Məşədi Qafarın, Qoslavskinin, Ploşkonun – Bakını quran bütün memarların”.

Soruşacaqdım ki, bu kitabların axırı necə oldu?
Bir də, bir neçə il əvvəl sizə təzə ev verildiyini duydum.
Bakının bütün möhtəşəm binalarının tarixini araşdıran, eskizlərini cızan, şəklini çəkən, buna illərini-ömrünü xərcləyən Siz, həyatınızın böyük payını “xruşşovka” deyilən beşmərtəbəli evin beşinci mərtəbəsində keçirmisiniz, axı...
Həmişə gileylənirdiniz ki, düşəndə çıxmağa çətinlik çəkirəm, çıxanda düşməyə…
İndi vəziyyətiniz necədir?
Vəssalam!
Sizə Allahdan uzun ömür diləyirəm.
İnşallah, 90 yaşınızı daha geniş çevrədə keçirmək imkanınız olar.
Bir də, istəyirəm biləsiniz ki, mən Sizin hamımıza bir tövsiyənizə əməl etməyə çalışıram.
Xatırlayırsınızmı, nə demişdiniz?
“Bakıya mənim gözlərimlə baxın!” – söyləmişdiniz.
Artıq neçə illərdir ki, mən onsuz da sevdiyim şəhərə Sizin gözlərinizlə baxıram, Şamil müəllim.
Gözünüzdən işıq əskik olmasın!!!


Xatırlatma:
Şamil Fətullayev-Fiqarov memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü, əməkdar memar.

Əsli Dərbənddəndir. Nəsil şəcərəsi XV əsrə gedib çıxır.
Zülfüqarlılar nəsli Dərbənddə böyük torpaq sahələrinə və Xəzər sahilində çoxsaylı balıq vətəgələrinə, Dərbənddə neçə-neçə mülklərə sahib olublar.

Fiqarov soyadının maraqlı tarixçəsi var.

X1X əsrdə Dərbənd əhalisini siyahıya alan çar məmurları Şamil müəllimin ulu babasından kimlərdən olduğunu soruşub. O da: “Zülfüqarlılardanıq” – deyib. “Zülfüqar” sözünü tələffüz edə bilməyən rus məmur onun soyadını sadələşdirib və “Fiqarov” yazıb...
Sovetlərin gəlişi Fiqarovları diyarbadiyar salıb. Şamil müəllimin babası Əlimirzə Fiqarov bu üzdən Dərbənddən Bakıya köçüb.

Şamil müəllim 1928-ci il dekabrın 24-də Bakıda doğulub. Fiqarovların özü kimi soyadları da repressiya olunub və ata babaları Fətulla kişinin soyadını qəbul edəndən sonra ara sakitləşib…

Şamil ilk gənclik illərindən rəssam kimi tanınıb və Neft Akademiyasının memarlıq fakültəsini bitirib. Bakı Dövlət Layihə İnstitutunda çalışmağa başlayıb. İndi “Vahid Poeziya Evi” kimi tanınan binanı da o zaman layihələndirib.
Azərbaycanın qədim memarlığına həvəs onu EA-nın Memarlıq İnstitutuna gətirib. O dövrün məşhur memarları – Mikayıl Hüseynov, Sadıq Dadaşov, Əbdülvahab Salamzadə, Qəzənfər Əlizadə ilə tanış olub, onlardan öyrənib.

O vaxtan keçən az qala 60 ildə Şamil müəllim bu institutda çalışıb.
Azərbaycan memarlığının bütün dövrlərini araşdırıb. Amma onun əsas araşdırma obyekti X1X - XX əsr (kapitalizm dövrü) Azərbaycan memarlığıdır.

Şamil Fətullayev indi də həmin institutda “Memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi” şöbəsinin müdiridir.

O, Azərbaycanın, eləcə də Bakının memarlıq tarixinə aid saysız araşdırmaların, neçə-neçə dəyərli kitabların müəllifidir.

Onu “canlı ensiklopediya” adlandırırlar.

Qız Qalasının arxasındakı acıq səma muzeyinin yaradıcısı da odur.

Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyası (ŞÖBMA), Türk incəsənəti üzrə Beynəlxalq Memarlıq Konqresinin üzvüdür.

“Şöhrət” ordenlidir.
XS
SM
MD
LG