Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:50

«Şahdağ»da gəzdiyim, gördüyüm və eşitdiklərim… [Fotolar]


Şahdağ Qış-Yay Turizm Kompleksi
Şahdağ Qış-Yay Turizm Kompleksi
-
“Burada ən yüksək xidmət təşkil olunacaq. Müasir otellər tikilir. Ümid edirəm ki, yaxın zamanlarda burada birinci mərhələni əhatə edən işlər başa çatacaq. Bu ilin sonuna qədər bu gözəl kurort öz qapılarını insanlara açacaq”.

İlham Əliyev Şahdağda
İlham Əliyev Şahdağda
Prezident İlham Əliyev bunu 3 il əvvəl Qusarda inşa olunan Şahdağ Qış-Yay Turizm Kompleksinin kanat və xizək enişinin açılışında demişdi. Kompleksi ən iri layihələrdən biri adlandırmışdı. İkinci mövsümdür ki, xüsusi günlərdə xizək və kanatda əylənmək üçün buraya xeyli turistlər gəlir.

TIXACLI GÜNLƏR GERİDƏ QALSA DA…

Turizm kompleksi tıxaclı, səs-küylü bayram günlərini geridə qoyub, adi günlərinə qayıdıb… Bir neçə gün əvvəlki qələbəlik seyrəlsə də, istirahətini davam etdirənlərin sayı azalmayıb. Bakıdan gələn Oleq 5 gündür ki, xizək və kanatın dadını çıxarır:

“Ailəvi gəlmişik. İlk dəfədir burdayıq, sürüşmək, vaxt keçirmək üçün əla yerdir. Burda hər şey insanların dincəlməyi üçün düşünülüb. Bircə narazılığımız bundandır ki, otellərdə yer azlığı var. Otellərin sayını artırmaq lazımdır”.

MOSKVADAN GƏLƏN TURİSTLƏR

Şahdağ
Şahdağ
Andrey Mironenko “Şahdağ”ı görmək üçün ailəsi ilə Moskvadan gəlib:

“İstirahətimizin ilk günüdür, hələlik hər şey yaxşıdır. Yollar da qaydasındadır, adamlar da yaxşıdır…”

“Şahdağ” hotelində standard otağın bir günlük qiyməti 195 manatdır. Bu ödənişə yalnız səhər yeməyi daxildir. “Zirvə” otelində isə qiymətlər necə deyərlər bir qədər zirvədədir - 250 manat.

Xizək zolaqlarından istifadə böyüklər üçün bir günlük 22, yarım günlük 11 manatdır. 11 yaşına qədər uşaqlar üçün bu qiymətlər müvafiq olaraq 17 və 9 manat təşkil edir.

Xizək və sürüşmək üçün digər avadanlıqların kirayəsi 28-30 manata başa gəlir. Kanatda bir dövrənin qiyməti 6 manatdır. Şənbə-bazar günləri qiymətlərdə artım olur.

Ancaq buraya gələnlərin üz-gözündə qiymətlərdən narahatlıq hiss olunmur. Deyirlər, xərclik sarıdan ehtiyatımızı möhkəm tutub gəlmişik.

“ŞAHDAĞ”DA ƏYLƏNCƏ AXTARIŞINDA…

Məsələn, xizək sürməyə hazırlaşan Ceyhun Quliyev Bakıdan 3-4 günlüyə istirahətə gəlib. Onu bir turist kimi qiymətlər yox, əyləncələrin çeşidli olmaması narahat edir:

“Saat 4-dən sonra əyləncə yerləri olmur deyə, buralar maraqsız olur. Ancaq belə istirahət üçün pis yer deyil”.

- Əsasən nə maraqlı gəlir sizə?

“Şəhərdə qar görməmişik, gəldik, burda gördük. Bizə çox xoşdur”.

ADAMLARIN YIXILMALARINA VƏRDİŞ EDƏN ADAM…

Ayaz Əzizov yaxın kəndlərdən birində yaşayır. 1 ildir burada xilasedici işləyir. Deyir, əvvəllər sürüşüb yıxılan, qolunu-ayağını sındıran olanda təşviş keçirirmiş. İndi adamların yıxılmalarına vərdiş edib:

“İşim insanların həyatını xilas etməkdən ibarətdir. Təhlükəsizliyə, yollara nəzarət edirəm. Yıxılan adamlara köməklik göstərirəm. Keçən il yıxılanlar daha çox idi. Çünki hamı təcrübəsiz idi. Bu il azalıb. Turistlər getdikcə vərdiş etməyə başlayırlar deyə, daha əvvəlki kimi yıxılmırlar. Yəqin ki, gələn ilə yıxılan qalmaz”.

Otellərdə ancaq Avropa yeməkləri verilir. Kompleksin baş aşpazı argentinalıdır.

GÖZÜ “ŞAHDAĞ”DA QALANLAR VAR…

Ancaq Şahdağın burnunun ucunda yaşayıb Şahdağda istirahət etməyin xiffətini çəkənlər də az deyil.

“Biz tərəfdə yazıqlar yaşayır”, - “Şhadağ”dan enib Aladaş kəndində qarşılaşdığımız Ələmşah dayı deyir bunu və gülür…

Heç bircə dəfə olmusunuz orda?

“Ora pulu olan gedir. Keçən il 2-3 dəfə kanata minmişəm. Bir dövrəsi 5 manata idi, indi 6 manata olub. Pullular üçün ucuzdur, yazıqlar üçün lap bahadır”.

Aladaşlıların və kuzunluların “Şahdağ”a yaxın düşə bilməmələri bir tərəfə, gözləri də kompleksin tikildiyi torpağda qalıb. Turizm Kompleksi tikilərkən torpaqları əllərindən alınmış sakinlər onlara cüzi kompensasiya təklif olunmasından şikayət edirlər. Kəndlilər məhkəmədə yerli icra hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə qarşı iddialar qaldırıblar. Bu barədə növbəti reportajda danışacağıq.

“Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinə 2009-cu ilin sentyabrında başlanıb. 2 milyard avro dəyərləndirilən bu layihənin 4 mərhələdə, 6-7 ilə tamamlanması planlaşdırılır.

Dövlət vəsaiti ilə yanaşı, layihəyə özəl investisiyalar da cəlb olunub.





XS
SM
MD
LG