Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Richard Giragosian: «Azərbaycan daha yaxşı taktiki hərbi manevr nümayiş etdirib


Richard Giragosian
Richard Giragosian
-
Son günlər Ermənistan və Azərbaycan qüvvələrinin bütün təmas xətti boyunca ciddi insidentlər və gərginləşmə baş verib. AzadlıqRadiosu bu məsələyə münasibət bildirməsini Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian-dan xahiş edib.


Sual: Siz təmas xəttində son toqquşmaları necə şərh edərdiniz? Tərəflər bir-birini ittiham edirlər. Əslində nə baş verir? Parisdə Azərbaycanın Xarici İşlər naziri Məmmədyarovla onun ermənistanlı həmkarı Nalbandian arasında gedən danışıqların fonunda bu hadisələri necə qiymətləndirərdiniz?


Cavab: Noyabr ayında Vyanada Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün verdiyi nikbinlik hissinə və ümidli gözləntilərə baxmayaraq, Dağlıq Qarabağ çözümündə tərəqqi əldə olunacağına dair bütün real ümidlər iki ölkənin xarici işlər nazirlərinin Paris görüşünə ikicə gün qalmış çox tez bir zamanda gərginliyin qəfil alovlanması, atəşkəsin pozulması və ölümlə nəticələnən hücumlarla alt-üst edildi.

Açıq hərbi əməliyyatların bu son yüksəlişi bir neçə səbəbə görə xüsusilə ciddidir.

Birincisi, Azərbaycan kəşfiyyat birləşməsinin müdaxiləsi ondan xəbər verir ki, Azərbaycan hərbiyyəsi əvvəllər görünməyən şəkildə daha yüksək əməliyyat qabiliyyəti, daha yaxşı koordinasiya və yaxşılaşdırılmış taktiki manevr nümayiş etdirib.

İkincisi, Azərbaycanın hücum qabiliyyətinin yaxşılaşması ilə yanaşı bu müdaxilə, diplomatik sammitin ərəfəsində, başqa yerlərdə atəşkəsin pozulması ilə Ermənistanı cavab zərbələri endirmək təxribatına cəlb etmək məqsədi güdüb.

Və üçüncüsü, bu insident bir qayda olaraq diplomatik cədvələ uyğun şəkildə baş versə də, müdaxilə həm də Azərbaycanın yeni müdafiə nazirinin hücum qabiliyyətini nümayiş etdirmək məqsədi güdə bilər.

Hərbi əməliyyatların qızışması yüksəldən iki mühüm faktor da var. Onlardan hər biri hücumların artması meylini və bu hücumların şiddət və müddətini ehtiva edir.

Birinci faktor Azərbaycanın Qarabağ sülh prosesində heç bir real irəliləyişin olmamasından bezikdiyini nümayiş etdirir.

İkinci faktor onunla bağlıdır ki, bu il atəşkəs müqaviləsinin 20-ci ildönümüdür və bu, Dağlıq Qarabağ məsələsində irəliləyişin olmamasına görə Azərbaycan rəhbərliyinin üzərinə təzyiq yükü qoyaraq onu çevik qüvvə nümayişinə məcbur edir.


Sual: Prezidentlər görüşəcəklərmi və görüşərkən nəyi müzakirə edəcəklər? Sülhü, yoxsa zorakılığın dayandırılmasını? Sarkisian-ı və Əliyevi ciddi danışıqlara nə vadar edə bilər?

Cavab: Diplomatik proses davam edəcək və belə görünür ki, prezidentlər Vyanada razılaşdırıldığı kimi bir ay müddətində görüşəcəklər. Əslində zorakılığın son vaxtlarda güclənməsi belə diplomatiyanın mühümlüyünü artırır. Lakin hadisələr həm də onu nümayiş etdirir ki, hər iki tərəfin hərbi gücə əl atması diplomatiyaya və hər hansı real tərəqqiyə olan ümidlərə zərbə vura bilər.


Sual: Ermənistan-Türkiyə “cəbhəsində” yenilik varmı?

Cavab: Aydındır ki, Türkiyənin başı hazırda daxili problemlərə və Suriya ilə bağlı xarici siyasət çətinliklərinə qarışıb. Bu mənada çox az ehtimal var ki, Ankara Yerevanla çox tezliklə müzakirələrə başlasın.

Digər tərəfdən, belə görünür ki, Türkiyə münasibətlərin normallaşdırılması məsələsini Qarabağ probleminə bağlamaq niyyətindədir. Lakin bu son dərəcə aydındır ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasına əngəl nə Yerevan, nə də Ankaradır. Bu məsələdə başlıca maneə Bakı, daha doğrusu Türkiyədə Azərbaycan faktorudur.


Sual: Moskva, xüsusilə də Ermənistan Gömrük İttifaqına qoşulmaq qərarını qəbul etdikdən sonra, situasiyaya necə təsir göstərə bilər?

Cavab: Geniş miqyasda Moskva üçün həll olunmamış münaqişənin status-kvo vəziyyəti daha sərfəlidir. Rusiyanın həm Ermənistan və həm də Azərbaycan üçün bir nömrəli silah təchizatçısı olması onun qüdrətini və təsir gücünü dərinləşdirib.

Bundan əlavə, Rusiya siyasəti aqressiv və konfrontasiyalı olaraq qalır. Bu siyasət “yaxın qonşuların” Avropa ilə münasibətlərini vurub sıradan çıxarmaq məqsədi daşıyır. Bu mənada Qarabağ münaqişəsi Rusiyanın təsiri və qüvvəsi üçün daha faydalı alətə çevrilir.
XS
SM
MD
LG