Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:47

Aşurbəy məscidinin təmsilçisi: «Bizim Suriyaya nə dəxlimiz var?»


Aşurbəy məscidi
Aşurbəy məscidi
-
Azanadək onlarla dindar günorta namazı üçün yerini tutmuşdu. Azan səsinə qaçaraq gələnlər, tez-tələsik dəstəmaz alıb namaza keçənlər də az deyildi. Təxminən 20-30 kvadratmetrlik məscidə ibadətə gələnlərin sayı 50 nəfər olardı.

SÜBH VƏ AXŞAM NAMAZLARINA DAHA ÇOX DİNDAR GƏLİR

Ətrafdakılar daha çox «Ləzgi» məscidi kimi tanıdıqları Aşurbəy məscidində özəlliklə cümə namazında qələbəlik olduğunu deyirlər. Elə məscidin təmsilçisi Ramin Həmzəyev də deyir ki, sübh və axşam namazlarına daha çox ibadət əhli gəlir.

Bir gün əvvəl-yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda İçərişəhər «Cümə» Məscidinin axundu Hacı Surxay Məmmədli bu məscidin qapadılmasını təklif edib. O, bildirib ki, «ölkə daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilik, vəhhabilik, təkfirçilik, xəvariclikdir».

QMİ də həmin gün verdiyi fətvada bildirib ki, «xalqın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrı-seçkiliyinə şərait yaradan, xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək» həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımları qınayırlar.

«DİNİ SABİTLİK İSTƏYİRİK»

Ramin Həmzəyevin fikrincə, Allah evini bağlamaq üçün güclü səbəb olmalıdır. O, 1994-cü ildən fəaliyyətdə olan «Ləzgi» məscidinə böhtan atıldığını düşünür, radikal fəaliyyətlə bağlı deyilənləri əsaslandırmağa çağırır:
Ramin Həmzəyev
Ramin Həmzəyev

– Biz ölkədə dini sabitlik istəyirik. Din insanların qəlbindəki əqidə daşıyıcısıdır.

– Bəs bu tip bəyanatlar nədən qaynaqlanır sizcə? Nədir səbəb?

– Gülünc fikirlər səsləndirirlər. Suriyayla bağlayırlar. Bizim Suriyaya nə dəxlimiz var? Müəyyən fərdlər gedibsə Suriyaya, özləri bilər. Dövlət onları tutub cəzalandıra bilər. Məscidə gəlib-gedənlərin Suriyaya getməyə sövq edilməsi barədə deyilənlər hamısı böhtandır.

«VƏTƏN HAQQINDA BURADA DANIŞILAN QƏDƏR HEÇ MİLLİ MƏCLİSDƏ DANIŞILMIR»

QMİ fətvasında «bəzi vətəndaşların digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adıyla qərəzli və təmənnalı savaşını İslam dininin mahiyyətinə zidd» sayıb. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə apa-ya açıqlamasında deyib ki, təhlükəsizlik orqanları, Xarici İşlər Nazirliyi və xarici ölkələrdəki səfirliklər vətəndaşların Suriyadakı döyüşlərdə iştirakı məsələsi ilə məşğuldur.

Ramin Həmzəyev deyir ki, sələfilərin adının fətvada çəkilməsinin bir səbəbi Suriyada döyüşənlərin internetdə yerləşdirdiyi videoçarxlarda özlərini sələfi kimi tanıtması ola bilər:

«Məsciddə Suriya barədə heç söhbət getmir, dünyadakı fitnələrdən, bu fitnələrdən necə uzaq durmaq barədə danışılır. Vətən haqqında burada danışılan qədər heç Milli Məclisdə danışılmır».

«Biz təxribatçıya oxşayırıq?»
«Biz təxribatçıya oxşayırıq?»
O, Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli ilə isti münasibətləri olduğunu, məsələnin müzakirəsi üçün onunla görüşəcəyini də deyir.

«BİZ TƏXRİBATÇIYA OXŞAYIRIQ?»

Aşurbəy məscidinə ibadətə gələnlər QMİ-nin fətvasında sələfilərdən danışılmasını səhv addım sayır. Əksəri video və audio çəkilişə razılıq verməsələr də, fikirlərini bölüşənlər də oldu. İbadətə gələnlərdən biri:

«Hamısı böhtandır. Biz təxribatçıya oxşayırıq? Kimlərsə bizi başqa cür qələmə verir. Biz saqqalı insanlara görə saxlamırıq. Biz hər şeyi Allah adına edirik. On il var bu söhbətlər çıxıb ortaya. Mən əvvəl əbada gəzirdim. Polislər bizi görəndə əl verib görüşürdük. İndi camaat sanki bizi görəndə yadlarına partlayış düşür».

Başqa biri isə 1997-ci ildən Aşurbəy və İlahiyyat məscidlərində ibadət etdiyini deyir:

«Sadəcə gəlib Allahıma ibadət edirəm – Allah və mən. Şəxsən mən radikal-zad deyiləm. Bu məsciddə də heç bir radikal görməmişəm».

«DİNDƏ AYRICALIQ SALIRLAR»

Aşurbəy məscidi yaxınlığında çalışanlar ibadətə gələnlərin çoxalmasının onlara narahatlıq yaratmadığını söyləyirlər. Ancaq sakinlərdən Əbdürrəhman Hüseynov radikal qrupların bəzi gəncləri işdən, gündəlik fəaliyyətdən soyutduğunu düşünür. O, İslamda təriqətlərarası gərginliyin getdikcə artmasından narahatlığını dilə gətirir:

«Biri deyir İmam tərəfdarıdır, digəri əhli-sünnədir, o biri vəhhabidir. Dində ayrıcalıq salırlar».

Elşad Miri
Elşad Miri
«TƏZƏPİRİ DƏ BAĞLAMALIYIQ?»

İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, məscidi bağlamaq çıxış yolu olsaydı, «Əbu-Bəkir», «Şəhidlik» məscidlərinin bağlanmasıyla problem həll olunardı:

«Bu gün həmin məscid bağlansa, bu insanlar İlahiyyat məscidinə yığışacaq. Sabah ora da bağlansa hara yığışacaqlar? Təzəpirə. Belə çıxır onda da Təzəpiri bağlamalıyıq? Sonra da yığışsalar Hacı Surxayın axundu olduğu məscidə, oranı da bağlamalıyıq? Yəni məscid bağlamaq çıxış yoludur?».

İlahiyyatçı problemin kökünün araşdırılmasını, maarifləndirmə işini, daha çox məscidin açılmasını vacib sayır. QMİ-nin fətvasında sələfilərin adının qeyd olunmasına gəlincə, Elşad Miri idarənin illərdir bir məzhəbi əsas götürdüyünə təəssüflənir:

«Təhsil Nazirliyi qarşısında polislə davaya çıxanlarla bağlı belə bir fətva verildimi? Xeyr. Rafiq Tağının öldürülməsiylə bağlı fətva verildimi? Xeyr. İslam Universitetində oxuyanlardan bəzilərinin «Hizbullah»a qoşulması haqda keçmiş dini komitə sədri Rafiq Əliyevin dedikləriylə bağlı fətva verildimi? Xeyr».
XS
SM
MD
LG