Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:31

8 Martda anasına övlad həbsi “hədiyyə” olunmuş gənclər...


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
-

Rüfət Əhmədzadə


GƏLƏCƏYİMİZ ÜÇÜN

(esse)


Mən bu dövlətin təəssübkeşiyəm. Vətənpərvər və milli-demokrat əqidəli olduğumu məni az-maz tanıyan hamı bilir. Mövhumatçı olmasam da, mühafizəkaram.

Əgər lazım gəlsə cəbhəyə də könüllü gedərəm. Bronxial astmaya, ürək çatışmazlığına və ailəmin göz yaşlarına baxmadan. Çünki bu dövləti sevmək, Vətənin bütövlüyünü qorumaq lazımdır... Mənim fikrimcə.

Lakin bu dövlətçilik və millətçilik etirafları o mənaya gəlmir ki, sevdiyimizdən heç nə gözləməli deyilik, dövlətimiz (dövlətin başında, qol-budağında yer alan məmurlar) mənim hislərimlə oynamalıdır.

O demək deyil ki, bir il əvvəl Beynəlxalq Qadınlar günündə anasına övlad həbsi “hədiyyə” olunmuş gənclər hələ də həbsdə qalmalıdır. Onlar liberal ola bilərlər, hətta ermənilərlə barışıq da tələb edə bilərlər... Onları sevməyə də bilərik. Lakin 18 yaşlı bir gənci həbs etmək və 1 il boyunca həbsdə saxlamaq, “Dövlət baba” müdrikliyindən deyil. Müxtəlif həll yolları var ikən...

Ölkədə müxtəlif ekstremist dini qruplar qol-budaq açarkən, gənclərimiz burdan baş götürüb Suriyaya gedərkən, rüşvətxorlar məscidləri işğal edərkən... Milli-mənəvi dəyərlərdən bol-bol danışmaq, ölkəmizi “İslam mədəniyyətinin incisi” adlandırmaq da gülüncdür. Mən öz ölkəm və dövlətim haqqında fəxrlə danışmaq arzusunda ikən, bu arzuma qənim kəsilənlər cəzalanmalıdır, onlar qınaqla qarşılanmalıdır. Mən – xəstə valideynlərini təkbaşına dolandıran kasıb yazıçı yox.

Və “yazıçı” demişkən, gənc yazarların bir xeyrinə-şərinə yaramayan, güldən-bülbüldən ədəbiyyat yaradan adamların bütün Azərbaycan yazıçıları adından siyasi bəyanatlar verməsi gülüncdür. Pardon, dəqiq deməliyəm: iyrəncdir!

Mənim torpaqlarım işğalda ikən, mənim düşmənlərim sağdan və soldan hərəkətdə ikən, mənim milliyyətçiliyimdən istifadə etmək, amma əvəzində məni bir qələbə xəbəriylə “xoşbəxt” etməmək gülüncdür.

“İnkişaf və perspektivlər” deyərkən, işsiz və evsiz gəncləri, küçədə qalan ailələri, təqaüdü yetmədiyinə görə dilənən qocaları unutmaq... Əclaflıqdır.

Amma... Gənclər günü bizə lazımdır – bu gündə, bu halda olmasa da. Gəncliyimizi təbrik edirəm. Nə vaxtsa ölkəsinin ona, özünün ölkəsinə layiq olmasını arzu edirəm. Gələcəyimiz üçün... Gələcəyim üçün. Beşikdə yatan körpə oğlumun gələcəyi üçün. Sənin gələcəyin üçün, əziz oxucum!


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG