Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:45

Domino daşları (Seçmə hekayələrdən)


-

Tahir çoxdan ayaq üstə dayanıb ləzzətlə parçı başına çəkir. Və bir anda yerə yıxılır. Güllə düz boğazına dəyib, dili ağzında şişib, parçdakı yarımçıq qalmış su qana qarışıb yerə axır...


Son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilir.


Ruslan Süleymanlı


DOMİNO DAŞLARI


Maşından düşüb həyətimizə qədər olan əlli addımlıq məsafəni gedərkən nə düşündüyümü xatırlamıram.

Yadımda qalan təkcə günəş şüalarının kürəyimi və çiyinlərimi isitməyinin verdiyi xoş süstlük halı, bir də gözümün önündə səmada dəstə ilə uçan sığırçınların havada gah aşağı, gah yuxarı meyllənərək yaratdıqları maraqlı fiqurlar idi.

Addımladıqca evimiz daha da yaxınlaşır, məni qarışıq hisslər bürüyür. Altı il əvvəl evinizdən müharibəyə getmək üçün çıxıb ,altı il sonra geri dönsəniz nə düşünərdiniz, nə hiss edərdiniz, bilmirəm.

Bildiyim tək şey psixologiyamın normal olmadığıdır.

Özü də bunu bilmək üçün psixoloqa da getməyə ehtiyac yoxdur.

Əsəbiyəm.

Adi söz üstündə qarşımdakını əzişdirə bilərəm.

Gecələr yata bilmirəm. Yuxular görmürəm. Görəndə də eyni qısa, əlaqəsiz epizodlar. Hər dəfə görürəm ki, düşmən əsgəri irişə-irişə üzümə baxır. Silahımı axtarıram. Görürəm ki, silahım düşmənin əlindədir. Ya da ikimizə bir silah var. Kim tez götürübsə, o qalibdir bu yuxuda.

Silahın lüləsi işıldayır. İrişən düşmənin sifəti silahın lüləsində daha da eybəcər görünür.

Bura çatanda ayılıram. Bir neçə aydan bir təkrar eynilə bu yuxunu görürəm.

Qapını açıb həyətimizə daxil oluram. Hər şey əvvəlki kimi qalıb. Sadə, səliqəli. İl boyu güllərin açdığı bağçamızda yenə də rəngarəng güllər var. Məktəb vaxtı oxuduğum bir kitabdan söz yadıma düşür: ”Dünyada elə bir insan yoxdur ki, doğulub boya–başa çatdığı evə illər sonra həyacansız baxa bilsin.”

Dayanıb baxmağa, xatirələri yenidən yaşamağa çox vaxtım olacaq. Addımlarımı yeyinlədib evə, gəlişimdən xəbərsiz anamı görməyə tələsirəm. Bağçanın içərisindən keçib ev qapısına doğru irəlilərkən yerdə oturub qarşısındakı domino daşları ilə oynayan beş-altı yaşlarında bir uşaq görürəm.

-Kimdir bu uşaq? –deyə fikrimdə soruşuram:-Qonağımız var? Bəlkə də qonşulardan kiminsə uşağıdır.

Uşaq addım səslərimi eşidib oyununu yarımçıq saxlayaraq başını qaldırıb məni süzür, sonra yenə oyununa davam edir. Daha bir neçə addım uşağa tərəf addımlayıb soruşuram:

-Kimin oğlusan, kişi?

Tez də özümə acığım tutur. Əvvəlcə istər böyük, istərsə də uşaq olsun adını soruşmaq lazımdır deyirəm öz-özümə .Uşaqlıqda məndən “kimin oğlusan” deyə soruşanda narazılıqla baxdığımı xatırlayıram. Əgər atanı tanıyırlarsa sənə mehribanlıq göstərirlər, yox əgər tanımırlarsa nəsildə tanış bir adam tapana qədər sorğu-suala tuturlar adamı.

Uşaq başına qaldırıb narazılıqla mənə baxır.Yəqin bu sual onun da xoşuna gəməyib.

-Əsgərsən?-deyə soruşur.

-Aha, əsgərəm.Domino oynayırsan?-deyə soruşuram özümü maraqlanmış kimi göstərərək, bir az da könlünü almaq üçün.

Geri dönüb yerdə yarı səliqəsiz ,yarı nizamla düzülmüş domino daşlarına nəzər salır:

-Yox-deyir,-Bunlar əsgərlərdir. Müharibə edirəm.

“Müharibə edən beş yaşlı uşaq. Müharibə haqqında heç nə bilmədən müharibə oyunları ilə böyüyən bir uşağa müharibədən gəlmiş bir insan nə deyə bilər”- deyə öz-özümə fikirləşirəm.

-Kim qalib gəlir?-soruşuram.

Bir az qürurla:

- Biz –deyir.

Gəlib domino daşlarının yanında onunla birlikdə otururam. Yadımı düşür ki, müharibə edən bu balaca tanışımın adını öyrənməmişəm.

-Adın nədir, əsgər?- soruşuram. Düşünürəm ki,ona “əsgər” deməyim xoşuna gələr.

Üz-gözünü turşudur:

-Adım Arazdır. Özüm də əsgər yox, komandirəm.

-Bağışla-deyirəm bir az da əylənərək:

-Paqonların yoxdur,ona görə bilmədim.Nə yaxşı,mənim də adım Arazdır. Adaşıq.

-Ancaq sən əsgər Arazsan,mənsə komandir Araz.-deyir qürurla balaca adaşım.

-Aha,elədir.-gülümsünürəm:-Niyə müharibə oyunu oynuyursan? Ondansa daşlardan evlər qur-deyirəm.

Bir az təəccüb,bir az da narazılıqla üzümə baxır:

-Əsgərlər olmasa düşmənlər gəlib evləri yıxar ki–deyir.

Yadıma yandırılmış,dağıdılmış evlər düşür.Bütün cəbhə boyu tərk edilmiş,bir anda cənnətdən cəhənnəmə çevrilmiş kəndlər,qəsəbələr,şəhərlər keçir gözümün önündən.Ürəyim sıxılır:

-Düz deyirsən,amma müharibədən uzaq olmaq lazımdır.-deyirəm:-Müharibə oyun deyil.Ən çox istədiyin insanları əlindən alır müharibə.Analar ağlayır,uşaqlar ağlayır.

- Amma komandirlər ağlamaz .Əsgərlər də ağlamaz. –deyir balaca tərs-tərs mənə baxaraq .

Yadıma bir əməliyyatdan ac-susuz qayıtdıqdan sonra su içmək üçün gizirin gətirdiyi su dolu vedrənin ətrafına yığılmağımız düşür. Gizir əlindəki parçı su ilə doldurub ilk öncə qardaşdan çox istədiyim Tahirə verir. Və xəbərdarlıq edir:
-Başınızı yuxarı qaldırmayın, qabın parıltısını görsə snayper vurar-deyir.

Amma Tahir çoxdan ayaqüstə dayanıb ləzzətlə parçı başına çəkir. Və bir anda yerə yıxılır. Güllə düz boğazına dəyib, dili ağzında şişib, parçdakı yarımçıq qalmış su qana qarışıb yerə axır.

O anda hiss etdiklərimi heç bir sözlə ifadə edə bilmərəm. Oturub uşaq kimi ağladığımı xatırlayıram.

Xatirələrdən ayrılıram. Gözlərim yaşarıb. Üzümü gizlədirəm ki, uşaq gözlərimi görməsin. Bu uşaq lap tərsin biridir. Amma xoşuma gəlir tərsliyi. Nədən evə qalxmıram? –deyə düşünürəm. Nədən gəlişimdən xəbərsiz, gözləri yolda qalan anamın həsrətinə son qoymuram- fikirəşirəm öz-özümə.

Ayağa qalxıram.Gedərkən:

-Bilirsən, Araz,sən hələ uşaqsan. Böyüyüb görəcəksən ki, oyun başqadır, həyat başqa. Müharibədə hər kəs məğlubdur. İstər qalib gəlsin, istər məğlub olsun. Müharibəyə gedən hər kəs ölüdür. Çünki müharibədə ürəkləri yaralanır insanların. Yaşayırlar, amma ürəklərindəki yara heç vaxt sağalmır.

-Bəs onda düşmən gələndə nə edim?- fikirləşib soruşur balaca Araz domino daşlarına baxaraq.

-Elə möhkəm evlər tik ki, Araz, qala kimi. Düşmən gəlməyə qorxsun.Uzaqdan baxa –baxa qalsın.Yoxsa hər dəfə fürsət tapan kimi üstünə gələr- deyirəm müharibə söhbətini bağlamağa çalışaraq.

Evin qapısı açılır. Yaşlı bir qadın həyətə çıxır. Saçları ağarmış, üzündə qırışların sayı artmış anam məni görüb bir an dayanır. Üstümə qaçır ayaqyalın, qucaqlayıram anamı. Ağlayırıq. Mən səssiz , o hönkürtü ilə.

-Bayaqdan səs eşidirəm həyətdə- deyir göz yaşlarını silməyə çalışaraq:- Deyirəm görəsən kimdir belə həyətdə?!

-Görürsən demişdim ki,sağ-salamat gələcəm-deyirəm ona təskinlik verərək, geri dönməmiş minlərlə əsgər yoldaşıma xəyanət etmiş kimi günahkar hiss edib çiyinlərini qucaqlayıb anamın, davam edirəm:

-Bayaqdan həyətdə Arazla söhbət edirəm.Başım qarışıb səni səsləmirəm.

Anam gözlərindəki yaşları silə-silə, gülümsəməyə çalışır:-Araz kimdir, ay bala?-soruşur.

-Araz .Geri dönürəm ki, uşağı göstərim. Bayaqdan uşağın oyun oynadığı yerdə heç kim yoxdur. Təəccüblə anama dönərək, burda bayaqdan balaca bir uşaq domino daşları ilə oynayırdı deyirəm. Anam təəcüblə baxır.Gülümsəməyə çalışır:

-Yəqin gözünə görünüb, ay bala. Bizə heç kəs gəlməyib. Qonşularda da elə kiçik uşaq yoxdur –deyir. Davam edir: -Uşaq olanda sən özün həmişə orda domino daşları ilə oynayardın. Nə oynadığını da heç kesə deməzdin. Çağırmasam nə yemək yeməyə gələrdin, nə su içməyə - deyir.

Sonra əlimdən tutub evə dartır:

-Gəl, çörək ye -deyir,-nahardan keçib. Niyə xəbər etməmisən gəldiyini. Hazırlıq görərdim. Amma elə bil ürəyimə danmışdı ki, bu gün gələcəksən..

Anam həyacanla danışır, biz evə qalxırıq, əsgər çəkmələrimi çıxartmaq üçün əyiləndə ehtiyatla bayaqdan uşağın oyun oynadığı yerə baxıram. Heç kəs yoxdur. Ürəyimdən gedib orda uşaq vaxtı oynadığım kimi oyun oynamaq keçir. Amma daha domino daşları ilə müharibə oyunu yox, ev tikmək istəyirəm. Elə bir ev ki, heç bir müharibə dağıda bilməsin.
28.12.2013
XS
SM
MD
LG