Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:28

Telman müəllim, mənə də villa alın!..


Günel Mövlud
Günel Mövlud
-

Gəlin, bəzi azərbaycanlıların «əxlaqsız», «tərbiyəsiz», «böyük-kiçik yeri bilməyən» adlandırdığı Avropaya da baxaq, Qərb milyonçularının nə işlə məşğul olduğuna da fikir verək...


Günel Mövlud


TELMAN MÜƏLLİM, MƏNƏ DƏ VİLLA ALIN!...


«İstəyirəm ki, AST Telman mənə də villa alsın. Mən onun villa aldığı müğənnilərin hamısından yaraşıqlıyam…»

Bunlar yerli mətbuata müsahibə verən bir müğənninin sözləridir...

Adıçəkilən milyonçunun ismi illərlə gənc müğənnilərə o qədər də təmannasız görünməyən yatırımlar etmək məsələsində hallanmasaydı, belə bir təklif də olmayacaqdı.

Əgər milyonçu öz ziyafətlərinə dünyanın ən bahalı müğənnilərini, aktrisalarını gətirirsə, başının dəstəsini Shakiranın mahnısının sədaları altında məhz özü istədiyi kimi rəqs etdirirsə, Hollivud ulduzlarına dəyəri milyonlarla ölçülən hədiyyələr, Rusiyalı ifaçılara villa bağışlayırsa, onda ucuz şöhrətli Azərbaycan müğənnisinin də yüngülvari villa istəməyi başadüşüləndir. Özü dediyi kimi, Nikolay Baskovdan daha yaraşıqlıdısa, həmin milyonçu niyə də ona villa almasın?

Biz oxşar, əxlaq və məbləğ sarıdan bir aşağı, beş yuxarı eyni hərəkətləri elə öz ölkəmizdə yaşayan, pullarını buradan qazanan milyonçular, oliqarxlardan da görürük. Hamısı pullarını eyşi-işrətə, müğənnilərə, xarici ulduzlara xərcləməyi fəxr bilir. Bununla öyünürlər. Birinin adı türk aktyoru ilə yeyib-içmək, dostluq etməkdə hallanır, digərinin adı bir müğənni xanıma yarım milyonluq maşın almaqda, birinin də adı bir milyona ayı kababı sifariş verməkdə.

Oliqarxlar və oğullarının səsləri mütləq hansısa kef məclislərindən eşidilir. Ayı, müğənni, villa, maşın, kimisə döymək… azərbaycanlı milyonçuların adlarının assosiasiya olunduğu sözlər bunlardır…

Gəlin, bəzi azərbaycanlıların «əxlaqsız», «tərbiyəsiz», «böyük-kiçik yeri bilməyən» adlandırdığı Avropaya da baxaq, Qərb milyonçularının nə işlə məşğul olduğuna da fikir verək.

Bill Gates, mərhum Steve Jobs, Mark Zickerberg və indi adları yadıma düşməyən onlarla Qərb milyonçuları öz pullarını nələrə xərcləyiblər?

Xeyriyyəçilik, elmi işlər, araşdırmalara yatırımlar, milyonların həyatını xilas etmək məqsədilə qurulmuş fondlar… Siz heç eşitmisiniz ki, bu adamlardan biri bir milyona ayı kəsdirib yesin, hansısa qadın müğənniyə milyonluq maşın bağışlasın, ya da hansısa gənc müğənni özünü bu adamlardan birinə təklif eləsin? Yəni, misal üçün, «Qoy Bill Gates mənə də villa alsın, mən Justin Biberdən də yaraşıqlıyam» deyən bir qərb müğənnisinin müsahibəsini oxumusunuzmu? Yox. Oxumamısınız, oxuya da bilməzsiniz…

Bu adamların öz pullarını kef məclislərinə, eyş-işrətlərə, çirkli münasibətlərə deyil, ləyaqətli işlərə xərcləməsinin səbəbi də var. Bill Gates-in, Steve Jobs-un milyonlarını qazanmağı ilə azərbaycanlı milyonçuların varlanmağı fərqli şəraitlərdə baş verib. Qərb milyonçuları sağlam, qanuni şərtlər altında çalışıblar, zəhmət çəkiblər, pul qazanıb, vergi ödəyiblər. Onlar ödədikləri verginin insanların sosial müdafiəsinə, qocalara təqaüd, xəstələrə tibbi xərclər kimi ödənməsinə alışıblar. Bu, onlar üçün qəbul olunmuş bir şeydir.

Azərbaycanlı milyonçular, istər Rusiyada, istərsə də Azərbaycanda varlananlar pulu həmişə «şapka» kimi ödəyiblər, «obşak»a pul köçürüblər. Ödədiklərini həmişə qeyri-qanuni ödəyiblər, o pulların özlərindən böyüklərin ciblərinə axmasına öyrəşiblər. Pulu qanunsuzluğa, özlərindən böyklərin şəxsi həzlərinə ödəməyə alışıblar. Və o puların hamısı inhisarçılıq, istismarçılıq, qanunsuzluqlar bahasına qazanılıb. Bu şərtlər altında qazanılan pulların ləyaqətli işlərə xərclənməsi mümkün deyil. Onlar ödədikləri pulların sadə insanlara, sağlamlığa, xeyir işlərə, təqaüdlərə xərclənməyinə alışmayıblar, belə şeylər onlar üçün yaddır. Bu adamlar öz çirkli milyonlarını elə çirkli münasibətlərə, müğənilərə, eyş-işrətə, oğru dünyasına, mənəvi çəkisi olmayan şeylərə xərcləyə bilərlər.

Onlar necə qazanıblarsa, elə də xərcləyirlər.

Yazının sonunda bir hadisə danışım.

Bir dəfə bizim həm də yazıçı kimi tanınmış bir millət vəkilimiz gənc yazarların oturduğu məclisə gəlir. Ayaqüstü söhbət edib, harasa tələsdiyini deyir. Sonra cibindən bir neçə yüz dollar çıxarıb, yazarlardan birinin cibinə basır və deyir:

- Mən tələsirəm, siz qonaqlığı davam elətdirin. Amma sən allah, bu pul haram puldur, hamısını içkiyə verin, bara-zada gedin, qə…bələrə xərcləyin, amma evə aparmayın...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG