Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:27

ABŞ senatoru AzadlıqRadiosunun əməkdaşına təzyiqləri pisləyir


Benjamin L.Cardin
Benjamin L.Cardin
-
ABŞ Helsinki Komissiyasının (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) sədri, ABŞ senatoru Benjamin L. Cardin AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılovaya davamlı təzyiqlərə cavab olaraq aşağıdakı bəyanatı verib:

DAVAMLI VƏ ÇİRKİN HÜCUMLARIN HƏDƏFİ

“AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılovanın təhlükəsizliyi və azadlığı üçün narahatçılıq keçirirəm. Araşdırıcı jurnalistika fəaliyyətinə görə, xanım İsmayılova hökumətin davamlı və çirkin hücumlarının hədəfinə çevrilib. O, indi də Birləşmiş Ştatlar üçün casusluqda ittiham olunur. Bu ittihamlar açıq-aşkar uydurmadır və mahiyyət etibarilə cəzalandırma məqsədi güdür. Helsinki Komissiyası Azərbaycan hökumətini bütün jurnalistlərə qarşı təqibi dayandırmağa, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iştirakçı üzvü kimi media azadlığına hörmət etməyə çağırır”.

“Xanım İsmayılovaya qarşı təzyiq və onun dindirilməsi Azərbaycanda azad söz hüquqlarından yararlanan fəalların kədərli siyasi motivli həbslərinin bir hissəsidir. 2013-cü il prezident seçkisi ərəfəsində prezidentliyə potensial namizəd İlqar Məmmədov da daxil olmaqla, cinayət ittihamları ilə saxlananların siyahısı təşviş yaradır. Hətta Anar Məmmədli kimi seçki müşahidəçiləri də həbsdən yayına bilməyib. Cənab Məmmədli 2 aylığa saxlanıb. Azərbaycan hökuməti bu ilin iyulunda ATƏT Parlament Assambleyasına ev sahibliyi edəcək. Biz hökuməti bitkin təhlükəsizliyin əsas elementləri sayılan hüququn aliliyi və digər fundamental azadlıqlara hörmət etməyə çağırırıq”.

JURNALİST 2 DƏFƏ DİNDİRİLİB

Helsinki Komissiyasına ABŞ senatının doqquz, Nümayəndələr Palatasının doqquz üzvü, Dövlət, Müdafiə və Ticarət Departamentlərinin hərəsindən bir üzv daxildir.

AzadliqRadiosunun əməkdaşı Xədicə İsmayıl prezident ailəsinin ictimaiyyətdən gizli biznesi haqda araşdırmalar dərc edəndən sonra təhqir, böhtan və şantaj kampaniyalarına məruz qalıb. O, fevralın 17-də öz «Facebook» səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aidliyi ehtimal edilən sənəd yerləşdirib. Orada MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi Azərbaycan mətbuatında Xədicə İsmayılovaya qarşı aparılan kampaniya ilə eyni vaxta təsadüf edir. Hökumətin nəzarətində olan mediada Xədicə İsmayılın Amerika kəşfiyyatçılarına məlumat ötürməsi iddia olunur. Jurnalist fevralın 18-də və 19-da istintaqa ifadə verib.
XS
SM
MD
LG