Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:34

Şahid iki həftədir NİDA-çıların məhkəməsinə gəlib çıxa bilmir


NİDA Vətəndaş Hərəkatının üzvlərinin məhkəməsi
NİDA Vətəndaş Hərəkatının üzvlərinin məhkəməsi
-
Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvlərinin məhkəməsi davam edib.

İki həftədir şahid Anar Abbasovun məhkəməyə gətirilməsi təmin olunmur. Fevralın 20-də hakim onun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarmışdı. Bugünkü prosesdə hakim əvvəlcə şahidin yolda olduğunu bildirib. Fasilə elan olunub. Ancaq fasilədən sonra hakim deyib ki, şahidin gətirilməsi təmin olunmayıb.

Hakim əlavə vəsatətləri dinləməyə hazır olduğunu bildirib.

«BİR ŞAHİDİ İKİ HƏFTƏDİR PROSESƏ GƏTİRƏ BİLMİRSİNİZ»

Şahidin gətirilməməsi zaldakıların etirazına səbəb olub. «Necə olur ki, bizim övladlarımızı küçədən, evdən çıxarıb həbs edə bilirsiniz, ancaq bir şahidi iki həftədir prosesə gətirə bilmirsiniz?» - valideynlər sual edib.

NİDA-çıların dostları prosesin uzadılmasına etiraz edib: «Niyə dostlarımızın günləri qəfəslik arxasında keçməlidir?».

Vəkil Əshabəli Mustafayev təqsirləndirilən Rəşad Həsənovun evində axtarış aparılarkən hal şahidi və MTN əməkdaşının dindirilməsi, MTN-dən əməliyyata kimin rəhbərlik etməsinə dair sorğu göndərilməsi, əlavə sübutlar təqdim olunması barədə vəsatət qaldırıb.

Vəkil Nemət Kərimli Şahin Novruzlunun evində axtarış aparılarkən 2 hal şahidinin dindirilmədiyini qeyd edib. Vəkil həmin hal şahidlərinin məhkəməyə gətirilməsinə dair vəsatət qaldırıb.

PROSES BİR HƏFTƏDƏN SONRA DAVAM EDƏCƏK

Proses fevralın 27-də davam edəcək.

NİDA üzvləri ötən ilin mart-aprel aylarında həbs olunublar. Onlar qanunsuz silah saxlama, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştiraketmə cəhdində günahlandırılırlar.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. «Azad Gənclik» Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG