Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:36

Xocalıya ədalət üçün nə etmək lazımdır? [Video]


-


«Xocalıya ədalət üçün ilk növbədə, Xocalı və digər işğal olunmuş ərazilər qaytarılmalı, əhali geri qayıtmalıdır. Buna nail olunmasa, digər tədbirlərin böyük əhəmiyyəti olmayacaq».

Bunu «İşdən sonra» verilişində hüquqşünas Erkin Qədirli «Xocalıya ədalət» kampaniyası barəsində danışarkən deyib.

«ATILAN HÜQUQİ ADDIMLAR YETƏRLİ DEYİL»

«Xocalıya ədalət üçün hüquqi baxımdan atılan addımlar isə yetərli deyil. 1992-ci ildə bu faciə baş verdi. Dərhal cəmiyyətdə ilk təsəvvür belə oldu ki, bu hadisə soyqırımıdır. Bununla belə, biz «Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında» Konvensiyaya 4 il sonra, 1996-cı ildə qoşulduq. Bundan sonra belə o zamankı Cinayət Məcəlləsində soyqırımı cinayəti təsbit olunmamışdı. Buna görə də, rəsmi istintaq «iki və daha çox adamın xüsusi qəddarlıqla öldürülməsi» məddəsiylə cinayət işi qaldırmalı oldu. Yalnız 2000-ci ildə Cinayət Məcəlləsinə soyqırımı cinayəti daxil edilib. Yəni, özümüz bu məsələyə 8 il susmuşuq».

«HADİSƏNİN ƏSAS İŞTİRAKÇILARI AXTARIŞA VERİLMƏYİB»

«Milli Məclis 2007-ci ildə Xocalıyla bağlı son bəyanatını qəbul etdi. Ancaq bu bəyanatda hadisə zamanı qondarma Dağlıq Qarabağ Respublikasının səhra komandiri olan Seyran Ohanyanın adı olsa da, prezident Robert Koçaryanın adı yoxdur. Halbuki, hadisəni planlayan şəxslərdən biri olduğu üçün o da, məsuliyyətə cəlb olunmalıdır».

«XOCALIYA ƏDALƏT ÜÇÜN GEC DEYİL»

«2000-ci ildən bəri daimi işləyən Beynəlxalq Cinayət Məhkəməsi var. Ancaq Azərbaycan bu məhkəmənin nizamnaməsinə qoşulmayıb. O zaman prezident Heydər Əliyevə BMT baş katibi tərəfindən bu məhkəmənin nizamnaməsinə qoşulmaq üçün dəvət gəlmişdi. Heydər Əliyev əlaqədar orqanlara bu məsələylə bağlı rəy verməyi tapşırmışdı. Yalnız Milli Təhlükəsizlik Nazirliyi mənfi rəy verdi. Səbəb belə izah olundu ki, qoşulmaq tezdir. Çünki müharibəyə başlasaq, bizim əsgərlərimiz də məsuliyyətə cəlb oluna bilər. Nizamnamədə təcavüz cinayəti təsbit olunub. Bu nizamnaməyə qoşulmaq da hüquqi və siyasi bir addım ola bilər. Məsələ budur ki, bu cür addımlarla hökumət öz xalqı qarşısında, ən azı, alnıaçıq qalır. Bu cür cinayətlərin zaman məhdudiyyəti yoxdur. Nə qədər ki, cinayətkarlar sağdır, Xocalıya ədalətə nail olmaq olar».
XS
SM
MD
LG