Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:30

Mikayıl Abdullayev «Xalq əmanəti» oldu


Mikayıl Abdullayev "xalq əmanəti"nə çevrildi
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
-
«Azərbaycanda ilk dəfədir ki, bir bank mədəniyyət üçün belə gərəkli layihələr həyata keçirir».

Bu sözləri həftəsonu «Xalq Bank»ın «Xalq əmanəti» seriyasının növbəti təqdimat mərasimində AzadlıqRadiosunun «İz» proqramına Xalq rəssamı Arif Hüseynov söylədi.
Arif Hüseynov
Arif Hüseynov

BANKLARIN 1-Cİ MƏRTƏBƏSİNDƏ SƏNƏT QALEREYALARI...

Onun sözlərinə görə, xarici ölkələrdə bu təcrübə geniş yayılıb:

«Türkiyədə də, başqa ölkələrdə də banklar bu sahəyə ciddi fikir verirlər. Bankların birinci mərtəbəsində qalereyalar fəaliyyət göstərir. Xarici ölkələrdə keçirilən sərgilərimdə mən buna şahid olmuşam. Sevinirəm ki, bu təcrübə Azərbaycana da gəlib. Çünki dövlət belə kitablara hər zaman vəsait qoya bilmir. Bu halda banklar köməyə gəlir».

«MİKAYIL MÜƏLLİM SAVADLI, ZİYALI ADAM İDİ...»

Arif müəllim növbəti albomu və rəsm sərgisi təqdim edilən rəssamı belə dəyərləndirdi:

«Mikayıl Abdullayev Azərbaycan təsviri sənətinin ustadlarından biridir. Müasir rəssamlıq sənətinin—rəngkarlığın əsasını qoyanlardandır. Kitab illüstrasiyası, qrafikası sahəsində böyük işlərə imza atmış şəxsiyyətdir. Xoşbəxtəm ki, onun tələbəsi olmuşam. Ondan çox şey öyrənmişəm. Mikayıl müəllim çox savadlı, ziyalı adam idi. Onun söhbətlərini dinləmək, onunla tərəf-müqabil olmaq xoşbəxtlik idi.
Elşən Nurullayev
Elşən Nurullayev
Azərbaycan təsviri sənəti Mikayıl Abdullayevsiz kasıb görünərdi».

««NİZAMİ» METROSU ONUN SƏNƏT ƏSƏRİDİR»

«Xalq Bank»ın ictimaiyyətlə əlaqələr və reklam şöbəsinin rəhbəri Elşən Nurullayevin fikrincə, Mikayıl Abdullayevin albomu üzərində işləmək həm asan, həm də çətin olub:

«Ona görə asan idi ki, sənətkar bizə böyük bir irs qoyub gedib. Çətinlik onda oldu ki, sənətkarın yaratdığı əsərləri bir alboma sığışdırmaq, əsərlər arasında seçim etmək qeyri-mümkün idi. Əsərləri Baş ofisə sığmadığından, ilk dəfə Gəncə filialımızda da sərgi keçirmək qərarına gəldik. Mikayıl Abdullayevin böyüklüyü təkcə kətan üzərində əbədiləşməyib, həm də «Nizami» metro stansiyasının daxilinə həkk olunub. Əhali arasında ən çox tanınan, bəyənilən rəssamdır və onun yaratdıqlarını yeraltı qalereyada da izləmək mümkündür».

BU ONUNCU--YUBİLEY BURAXILIŞIDIR

Xatırladaq ki, 2010-cu ilin martından başlamış «Xalq əmanəti» layihəsində bu illər ərzində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mahmud Tağıyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qorxmaz Sücaəddinovun əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib.
Mikayıl Abdullayev
Mikayıl Abdullayev

Xalq şairləri Məmməd Araz, Hüseyn Arif və Mikayıl Müşfiqin seçilmiş əsərləri və professor Əli Rəcəblinin «Azərbaycan sikkələri» kitabı işıq üzü görüb.

Nəşr olunan kitablar hədiyyəlikdir və üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur.

Layihənin onuncu – yubiley buraxılışı SSRİ-nin və Azərbaycanın Xalq Rəssamı, SSRİ Dövlət mükafatı və Beynəlxalq Cəvahirləl Nehru mükafatı laureatı, böyük Azərbaycan rəssamı Mikayıl Abdullayevin (1921-2002) həyat və yaradıcılığına həsr olunub.

SƏRGİYƏ GƏNCƏDƏ DƏ BAXMAQ OLAR

Rəssamın əsərlərinin ekspozisiyası «Xalq Bank»ın Bakı şəhəri, İnşaatçılar prospekti, 22L ünvanda yerləşən baş ofisində martın 1-dən iyunun 10-dək, Gəncə şəhəri Zərdabi küçəsi, 4 ünvanda yerləşən «Gəncə» filialında isə martın 10-dan iyun ayının 10-dək fəaliyyət göstərəcək.

Sərgiləri iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür.

Giriş sərbəstdir.
XS
SM
MD
LG