Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:31

Lyudmila üçün roman


Əli Novruzov
Əli Novruzov
-

Kitablarının üz və arxa qabığını, az qala hər səhifəsini vulqar seks səhnələri ilə bəzəyən gənc yazarlar gərək Rasim Qaracanın romanını oxusun, gözlərinə su versin. Öyrənmək gec deyil.

Bununla belə, kitabı oxuyarkən Rasim Qaracanın nasirdən daha çox bir şair olduğu gözə dəyir...



Bloqçu Əli Novruzov bu yazısı ilə yazıçı Rasim Qaracanın "On bir gecə" romanının "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.


Əli Novruzov


LYUDMİLA ÜÇÜN ROMAN


“Bu an mənim ən çox oxumaq istədiyim roman,” - Lyudmilla izah edir, - “gərək ara vermədən nəql etmək, əhvalat üzərinə əhvalat qalamaq istəyinə sahib olsun; hər hansı həyat fəlsəfəsini sənə aşılamaq istəmədən, sadəcə özünün necə böyüməsinə, bir ağac kimi qol-budaq atmasına tamaşa etmək imkanı yaratsın.” (İtalo Kalvino, “Bir qış gecəsi yolçu”)

“Bir qış gecəsi yolçu” romanında qəhrəmanlar itmiş bir romanın ardınca uzun ədəbi yolçuluğa çıxırlar. Bəs bu romanı necə tanımaq olar?

O romanı taparkən onu tapdığımızı necə biləcəyik? Bax burada, axtarışın lap əvvəlində əsərin qəhrəmanlardan olan Lyudmilla bu romanın tərifini verir – insana ağıl öyrətmədən, dərs keçmədən, sadəcə fasiləsiz əhvalat danışan, əhvalat üstünə əhvalat qalayan bir roman.

(Post-modern roman anlayışına da belə tərif vermək olarmı görəsən?)

Rasim Qaracanın yeni çapdan çıxmış “On bir gecə” əsəri də məhz belə bir romandır. Savaş günlərində eşq hekayələrindən söhbət açan, müəllif tərəfindən çox iddialı formada “Qarabağ dekameronu” adlandırılan bu romanda həqiqətən də sizə heç bir dərs keçmirlər.

Nə Qarabağ savaşının siyasi-hüquqi qiymətini vermirlər, nə savaşın günahkarları və qurbanları axtarılmır, nə müharibə təbliğatı var, nə insan faciəsinə şərik olmaq çağırışı.

Nə də romanda əsl sevgi nədir, onu necə yaşamaq lazımdır sualları verilmir və cavablandırılmır.

Romanın iddialı təqdimatına baxmayın, o, sizə təvazökarcasına sadəcə əhvalatlar danışır. Siz də oturub bir romanın ağac kimi necə qol-budaq atmasına tamaşa edirsiniz.

Qısa xülasə versək – roman Qarabağ savaşının adi günlərinin birində mühasirəyə düşmüş əsgərlərin bir-birilərinə öz ilk sevgi təcrübələrini danışması haqqındadır.

Əsgərlər öz ilk sevgilərini nəql etdikcə oxucu ən gözlənilməz yerlərdə ən gözlənilməz personajların başına gələn ən gözlənilməz əhvalatların şahidi olur.

Bunlar sadəcə eşq hekayələri deyil, bunlar həm də əsl həyat hekayələridir. Şəhər mərkəzindən şəhər kənarlarına və ucqar rayonlara kimi məmləkətimizin insan mənzərələri gözümüzün önündə ən intim formalarda canlanır. Pisdirmi, ya yaxşıdırmı, həqiqətdirmi, ya uydurma – müəllif bu qənaətləri oxucuların öhdəsinə buraxır.

Əsl müasir roman kimi Rasim Qaraca kitabın ancaq yarısını yazıb. O biri yarısını yazmaq oxucunun işidir.

Mütləq vurğulanmalı daha bir vacib məqam – müəllifin vulqarizmə qaçmadan, bayağı seks səhnələri, zorlama və sair bu tipli ucuz priyomlara əl atmadan çox estetik eşq hekayələri yarada bilməsidir.

Deməli, mümkün imiş. Ona görə də kitablarının üz və arxa qabığını, az qala hər səhifəsini vulqar seks səhnələri ilə bəzəyən gənc yazarlar gərək oxusun, gözlərinə su versin. Öyrənmək gec deyil.

Bununla belə, kitabı oxuyarkən Rasim Qaracanın nasirdən daha çox bir şair olduğu gözə dəyir. Elə bil ki, bu kitab şeir kimi yazılıb – tez, tələsik, ilham pərisi gələn anda və heç redaktə olunmayıb. Üslub və dilində xeyli əskiklik var, hətta bir hekayənin daxilində də əhvalatlar arasında bağlar çox zəif qurulur. Roman nəsrdən çox mənsur şeir təsiri bağışlayır.

Və sonda həm də onu qeyd etmək istərdim ki, bütün çatışmazlıqlarına baxmayaraq “On bir gecə” çağdaş Azərbaycan ədəbiyyatında gedən maraqlı bir prosesin ilk qaranquşlarındandır.

Bu gün Qarabağ savaşı haqqında Azərbaycanda mahiyyətcə yeni və yenilikçi ədəbiyyat yaranır. Bu ədəbiyyat necə olacaq, hansı xüsusiyyətləri daşıyacaq, hələ deyə bilmərik, çünki ilk qaranquşlarını görürük.

Bu sırada Əli Əkbərin “Artuş və Zaur”u, Seymur Baycanın “Quqark”ı, Əkrəm Əylislinin “Daş yuxular”ı, Rasim Qaracanın “On bir gecə”si kimi bir-birinə heç bənzəməyən onlarla belə əsər var.

Bu əsərlərin heç biri digərinə nə mövzu, nə də ədəbi metod baxımından oxşamır – əgər bir əsər ən ağır mətləbləri mübahisəli formalarda qaldırırsa, digəri müharibə fonunda insan faciəsinə diqqət çəkir, üçüncüsü isə bu savaşa post-modernist dekonstruksiyanın, pastişin və yumorun gözü ilə baxır.

Amma əsas məsələ odur ki, proses gedir. Durğunluq yoxdur.
XS
SM
MD
LG