Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:31

"Belə getsə bir azdan oxucuları da çağırıb sorğu-sual edəcəklər"


soldan sağa: Nəriman Əbdülrəhmanl, Fəxri Uğurlu, nəşriyyatın direktoru Şahbaz Xuduoğlu və Mahir Qarayev
soldan sağa: Nəriman Əbdülrəhmanl, Fəxri Uğurlu, nəşriyyatın direktoru Şahbaz Xuduoğlu və Mahir Qarayev
-

Yazarların Vergilər Nazirliyinin 150 min manat cərimələdiyi “Qanun” nəşriyyatına dəstəyi davam edir.

Fəxri Uğurlu, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı “Qanun” Nəşriyyatına gələrək baş verən son hadisələrə münasibət bildiriblər.



Fəxri Uğurlu:

- Təbii ki, biz qələm əhli olaraq həmişə “Qanun”u dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. “Qanun” hər gün kitab nəşr edir, həm Azərbaycan müəlliflərini, həm dünya klassiklərini oxuculara bir daha tanıdır. Maariflçiliklə məşğul olur. Bütün bunlar olduqca təqdirəlayiq və bizim bu günümüzdə cəmiyyət üçün, oxucu üçün çox vacib məsələdir.

Mən həm ədəbiyyatsevər kimi, həm də sıravi oxucu kimi Vergilər Nazirliyinə və bütün müvafiq təşkilatlara müraciət edirəm ki, “Qanun” Nəşriyyatını sıxmasınlar, əksinə ona kömək etsinlər ki, gördüyü bu təqdirəlayiq işi bundan sonra da həyata keçirə bilsin. Azərbaycanda onsuz da kitab çap edən nəşriyyatların, kitab mağazalarının sayı arzu olunduğundan xeyli azdır.

Təəssüf ki, hətta Ermənistandakından və digər qonşu ölkələrdəkindən də azdır. Bu, təbii ki, utanc gətirən bir haldır. Vaxt var idi ki – 25-30 il əvvəl – Azərbaycanda kitablar 50 min, hətta 100 min tirajla çap olunardı. İndi isə bir kitabın tirajı 1000-i ötmür. Ölkəmizdə yeni-yeni nəşriyyatlar, mağazalar yaranmalı, eyni zamanda mövcud olanlar da inkişaf etdirilməlidir.

Ona görə də biz bu gün kitab nəşrinə müdaxilə etməli deyil, əksinə müdafiə etməliyik, lazım gələrsə hətta kitab çapını vergidən azad etmək variantı da düşünülməlidir. Qoy nəşriyyatlar, mağazalar, müəlliflər, tərcüməçilər heç olmasa bir neçə illiyə bütün vergilərdən azad edilsinlər ki, bu sahə inkişaf etsin. Bir daha deyirəm ki, biz ədəbiyyatsevərlər və sıravi oxucular mənəvi cəhətdən “Qanun”un yanındayıq və axıradək yanında olacayıq.

Mahir Qarayev:

- Mənə belə gəlir ki, vicdanı olan heç bir kəs kitaba – istər nəşriyyat olsun, istər mağaza olsun – basqıya laqeyd qalmamalıdır. “Qanun” yaşına baxmayaraq, cavanın da, orta yaşlının da, qocanın da kitabını çap edir, dünya klassiklərini çap edir, hətta bu gün nəşriyyatı yoxlayan qurumların da qanunlar toplularını nəşr edir. Biz özümüz müəllif olaraq Azərbaycanda kitab satışının nə vəziyyətdə olduğunu bilirik: kitablar hələ də lazımi səviyyədə satılmır, alınmır. Biz hamılıqla – müəlliflər də, naşirlər də, oxucular da, dövlət qurumları da belə vəziyyətlə barışmalı deyilik.

Gündə bir qutu siqaretə pul tapanlar həftədə, ayda bir kitaba pul vermək istəmirlər. Biz hamılıqla bundan bir çıxış yolu tapmalıyıq. “Qanun”a da bir ümid yeri kimi baxmalıyıq. Daha maneçilik törətməli deyilik. Mən kitabın qarşısını alacaq heç bir qanun tanımaq istəmirəm. Mən təbii ki və təəssüf ki, “Qanun”la bağlı baş verənlərin incəliklərini bilmirəm, amma bu absurddur ki, insanlar kitab çap edib oxuculara çatdırmaq istəyirlər – kimlərsə bunun qarşısını almaq istəyir. Mən buna ad tapmıram. Bu ən azı cəhalətdir.

Düşünürdük ki, cəhalət dövrü arxada qalıb, amma indi “Qanun”la bağlı baş verənlər də elə hardasa cəhalətdir. Əgər indi hansısa redaktoru, yaxud tərcüməçini istintaqa çağırıb sual verirlər ki, sən niyə filan kitabı redaktə etmisən və ya tərcümə etmisən, belə getsə bir azdan oxucuları da çağırıb sorğu-suala çəkəcəklər ki, sən niyə filan kitabı oxuyursan? Biz deyəsən bu gedişlə buna doğru gedirik və qarşısı alınmasa fəlakətə aparacaq.
XS
SM
MD
LG