Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:51

«Rusiyanın imkanı olsaydı, Qarabağa çoxdan girərdi»


Ermənistan və Rusiya tankları hərbi təlimlərdə
Ermənistan və Rusiya tankları hərbi təlimlərdə
-
Rusiyanın qısa bir müddətdə Krımı Ukraynadan qoparıb özünə qatması ölkələrin təhlükəsizliyi ilə bağlı bir çox məsələləri gündəmə gətirdi. İndi bir sual çoxlarını düşündürür: Rusiya Krımla kifayətlənəcəkmi?

Üstəlik bu məsələnin Qarabağ münaqişəsinə mümkün təsirləri də Azərbaycanda düşündürücü suallardandır. Rusiyada son günlər bu yöndə səslənən çağırışlar da narahatlığa bir xeyli əsaslar verir.

«BİZ ÇOX TƏHLÜKƏLİ VƏZİYYƏTDƏYİK»

Politoloq Hikmət Hacızadə deyir ki, Krım münaqişəsindən Rusiyanın qalib çıxması regiona yaxşı bir gələcək vəd etmir:
«Krım əməliyyatı uğurla nəticələnsə, Rusiya ürəklənib, eyni tərzdə digər respublikaları şantaj etməyə başlayacaq. Bu, Rusiyanın birinci addımı olacaq. Misal üçün, deyəcək ki, Gömrük İttifaqına gəlin, yoxsa Qarabağın müstəqilliyini tanıyacağıq və ya birləşdirəcəyik və s. Məsələ gərginləşsə daha güclü təzyiqlərə əl atmağa başlayacaq. Deyəcək erməni əhalisini Qarabağda qırırlar, ora qoşun yeritməliyik. Bundan başqa Azərbaycanın hansısa bölgələrində iğtişaşlar təşkil edəcək, sonra da deyəcək onları müdafiə edirəm. Bu baxımdan biz çox təhlükəli vəziyyətdəyik. Bu səbəbdən bütün ssenarilərə əməlli başlı hazırlaşmaq lazımdır».
Hikmət Hacızadə
Hikmət Hacızadə

«ORDUMUZU GÜCLƏNDİRMƏLİYİK, ƏN ƏSASI...»

Politoloq Ukrayna timsalında beynəlxalq güclərə arxayın olub gözləməyi doğru saymır. Üstəlik Azərbaycanın özünü qorumaq üçün xeyli imkanlara malik olduğunu önə çəkir:
«Biz hazırlaşmalıyıq. Ordumuzu gücləndirməliyik, sərhədlərimizi möhkəmləndirməliyik, ən əsası bu ümummilli məsələdə iqtidarlı, müxalifətli cəmiyyətimizi birləşdirməliyik. Bu çətin vəziyyətdə hamı silahdaş olmalıdır. Daxildən parçalanmış cəmiyyəti, xalqı tabe etmək çox asandır. Amma bu baş verməməlidir».

XİN-DƏ NƏ DÜŞÜNÜRLƏR?

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev isə yada salır ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü işğal altında olan ərazilərlə birgə tanıyıb:

«Bununla bağlı BMT-nin qətnamələri mövcuddur, həmsədr ölkələrin mövqeləri də ortadadır və burda başqa bir məsələ yoxdur».

«RUSİYA OYUNDAN ÇIXARILSA, ONDA...»

Politoloq Rasim Ağayev də Rusiyanın Krımda atdığı addımların Qarabağ və digər münaqişə bölgələrinə təsir edəcəyini istisna etmir.
Rasim Ağayev
Rasim Ağayev
Deyir ki, Rusiya Krım məsələsində uduzsa, onda bu, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunması imkanlarının artıra bilər:

«Rusiya oyundan çıxarılsa, onda Cənubi Osetiya, Abxaziya və Qarabağ məsələsi gündəliyə çıxacaq. Bu zaman gərək Azərbaycan cəld tərpənsin ki, öz torpaqlarına yiyə dura bilsin».

Qaldı ki, Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı orada səslənən çağırışlara, Rasim Ağayev Rusiyanın özünə yeni problem yaradacağına inanmır.

«BİZƏ ÜMİD VERİR Kİ...»

Xarici siyasət üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə də Rusiyanın Azərbaycana qarşı təcavüzə keçəcəyinə inanmır. O, bunu daha çox Krıma müdaxilədən sonra Rusiyanın xarici siyasətdə təklənməsi və ona qarşı atılan sanksiyalarla izah edir:

«Bax bu faktorlar bizə ümid verir ki, Rusiya Krımda atdığı addımları Azərbaycana qarşı tətbiq etməyəcək».

«RUSİYA DEMƏK İSTƏYİR Kİ...»

Münaqişə bölgələrindən Rusiyaya birləşmə çağırışlarına gəldikdə isə, Vəfa Quluzadə bunu Krımın işğalını qəbul etdirmək üçün Rusiyanın Qərbə təzyiqi sayır:
Vəfa Quluzadə
Vəfa Quluzadə

«Dnestryanıya da, Qarabağa da idarəetmə və əmrlər Moskvadan gəlir. Bu baxımdan da Qərbin Krımı qəbul etməsi üçün təzyiqlər göstərirlər. Bu təzyiq də odur ki, biz Dnestryanıya da, Qarabağa da qoşun yeridə bilərik, Qarabağın müstəqilliyini tanıya bilərik. Dünyaya nümayiş etdirirlər ki, biz bunu da edə bilərik və gəlin bizim Krımla bağlı atdığımız addımları qəbul edin. Reallıqda isə Rusiyanın Qarabağa girib, onu Azərbaycandan qoparmaq imkanları yoxdur. Belə imkanları olsaydı, onu çoxdan edərdi».

Təhlükəni önləmək üçün Azərbaycanın nə iş görə biləcəyinə gəlincə, Vəfa Quluzadə rəsmi Bakının indiyə qədər Amerika və Avropaya doğru çox addım atdığını bildirir:

«Azərbaycan Qərblə yaxınlaşmaq üçün çox iş görüb. Bakı-Ceyhan, Bakı-Ərzurum, digər enerji kəmərlərinin istiqaməti hamısı Qərbə doğrudur. Bunların hamısı olduqca önəmlidir».

Vəfa Quluzadənin fikrincə, bu baxımdan indiki məqamda növbəti addım Azərbaycandan gözlənilməməlidir. Qərb özü bəzi addımları atmalıdır.
XS
SM
MD
LG