Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:28

NİDA-çı «Məni ailəmlə hədələmişdilər»


NİDA-çıların məhkəməsi
NİDA-çıların məhkəməsi
-
«Dedim ki, təsdiq etməsəm nə olacaq? Daha əvvəl məni ailəmlə hədələmişdilər».

Bunu NİDA-çıların məhkəməsində təqsirləndirilənlərdən Bəxtiyar Quliyev deyib. Aprelin 10-da 8 NİDA-çının işi üzrə məhkəmə davam edib.

Təqsirləndirilənlərdən Rəşad Həsənov və Bəxtiyar Quliyevin üzləşmə protokolu açıqlanaraq diqqətə çatdırılıb.

Bəxtiyar Quliyev üzləşmədə bildirib ki, Rəşad Həsənov iğtişaş törətməyi vacib sayırmış:
«Rəşad Həsənov VHP-də keçirilən konfransda liderlik, fəallıq və inqilab üçün iğtişaş törədilməsini, partlayıcılardan, «Molotov kokteyli»ndən, tüstü şaşkalarından istifadəni önə çəkib. Biz butulkaları Rəşad Həsənovun tapşırığı ilə hazırlamışıq».

Rəşad Həsənov deyilənlərin bir qismini təsdiqləyib, amma zorakılığın əleyhinə olduğunu vurğulayıb:
«Fəallığın gərəkli olmasını demişəm. Ancaq zorakılıq, «Molotov kokteyli»ndən, partlayıcılardan istifadənin vacibliyi barəsində heç vaxt danışmamışam. Həbs olunanda tüstü şaşkalarının nə olduğunu isə ümumiyyətlə bilmirdim. Bəxtiyar mənim üzümə belə ifadələr deməyib. İndi eşitdiklərimiz əvvəlcədən yazılmış vərəqdən oxunub və Bəxtiyar, sadəcə, başını tərpədərək təsdiqləyib. Buna görə onu qınamıram. Məmməd mənə qarşı üzə durmaqdan imtina edəndən sonra çox pis döyülüb. Bəxtiyara da təzyiqlər olub. Oradakı vəziyyəti, psixoloji durumu orada olmayan bilməz».

«KONVENSİYANIN 8-Cİ MADDƏSİ POZULUB»

Prokurorun suallarına cavablayan Bəxtiyar Quliyev üzləşmədə deyilənləri təsdiqləməyib:

«MTN-də mənə dedilər ki, Rəşad yan otaqdadır. Onlar əvvəlcədən yazılmış vərəqdəkiləri üzləşmədə deyəcəyimi bildirdilər. Mən onlardan bunu etməsəm, nə olacağını soruşdum. Əvvəllər də ailəmlə bağlı məni hədələmişdilər».

Bu sözlərindən sonra Bəxtiyar Quliyev nitqinə davam edə bilməyib.

Hakim daha sonra NİDA Vətəndaş Hərəkatının nizamnaməsini oxuyub. Məhkəmə sənədlərin tədqiqi ilə davam edib.

Hakim Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlunun MTN-nin Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə göndərdiyi şəxsi facebook yazışmalarını açıqlayıb. Yazışmaların elanından sonra vəkillər iki vəsatətlə çıxış ediblər.

Vəkil Elton Quliyev bildirib ki, şəxsi yazışmalar ictimaiyyət üçün deyil:

«Bu yazışmaları kim götürüb? Necə götürüb? Hansı şəkildə cinayət işinə əlavə edilib? Bunlar protokol şəklində qeyd edilməli idi. Bu, birbaşa şəxsi həyata müdaxilədir və Konvensiyanın 8-ci maddəsini pozur».

(Avropa Konvensiyasının 8-ci maddəsində göstərilir ki, hər kəsin öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququ var. Zəruri hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanlarının müdaxiləsi yolverilməzdir).

VƏSATƏT RƏDD EDİLİB

Yuxarıda adları keçən üç şəxs facebook hesablarının istifadəçi adı və parollarının onlardan MTN-də götürüldüyünü bildiriblər.

Ceyhun Bayramovun məhkəmədə dindirilməsi və məhkəmə ekspertizasında həmin butulkalardan birinin partladılması barədə də vəsatət olub. Ceyhun Bayramov Məmməd Əzizovun, Bəxtiyar Quliyevin və Şahin Novruzlunun evində axtarış zamanı götürülən butulka və bağlamalar haqqında ekspert rəyi yazıb.

Hakim Ceyhun Bayramovun dindirilməsini təmin etsə də, vəsatətin geri qalan hissəsini rədd edib.

Məhkəmə aprelin 11-də davam edəcək.

Gənc fəallar ötən ilin martında Bakıda «Əsgər ölümünə yox!» şüarı ilə keçirilən aksiyada iştiraka görə həbs ediliblər. Onlar qanunsuz partlayıcı və narkotik maddələr saxlamaqda, kütləvi iğtişaşlara hazırlaşmaqda ittiham olunurlar. Gənclər ittiham edildikləri maddələrlə 7 ilədək azadlıqdan məhrum oluna bilərlər.
XS
SM
MD
LG