Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:42

Həkim səhlənkarılığı və... ölümə aparan xəstəlik


Şəhriyar Əliyev
Şəhriyar Əliyev

“Həkimin səhv müalicəsi ucbatından övladım ağır xəstəliyə düçar olub”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Bakı sakini Şəhla Kərimova deyir.

Onun sözlərinə görə, 2011-ci il avqustun 8-də azyaşlı oğlu Şəhriyar Əliyevi Nəsimi rayonu, 3 saylı uşaq poliklinikasına aparıb. Poliklinikanın həkimi Fəryal Əliyeva uşağı müayinə edib və soyuqladığını bildirib. Sahə həkimi 4 gün ərzində 8 ampula antibiotik təyin edib. Qısa müddətdə azyaşlıya bu qədər antibiotikin vurulması şok effekt verib.

SƏHV MÜALİCƏNİN FƏSADLARI

Şəhla Kərimova:

“Gördük ki, uşağın vəziyyəti gündən günə pisləşir. Bakının demək olar ki, bütün xəstəxanalarına müraciət etdik. Həm dövlət, həm də özəl... Heç yerdə çarə tapılmadı. Məcbur olub İrana apardıq. Çoxlu müayinələrdən sonra xəstəliyin səbəbi bəlli oldu. Sahə həkimi uşağa səhv müalicə təyin edibmiş. Dərmanlar uşağın dalağında zədə əmələ gətirib. İndi övladımda sağalması çətin olan xəstəlik əmələ gəlib”.
Şəhla Kərimova deyir, balaca Şəhriyarın müalicəsi indi yalnız Danimarkada mümkündür:

"MÜALİCƏSİ AZƏRBAYCANDA MÜMKÜN DEYİL"

“Dedilər ki, müalicə Azərbaycanda mümkün deyil. Biz də bir neçə ölkənin xəstəxanalarına müraciət etdik, araşdırma apardıq. Məlum oldu ki, müalicə yalnız Danimarkada mümkündür. Xərci də ən azı 250 min avrodur. Bu müddət ərzində Şəhriyarın müalicəsinə görə evimizi də satmışıq”.

Səhiyyə Nazirliyindən bildirilib ki, azyaşlı Şəhriyar Əliyevin valideynlərinin nazirliyə şikayəti araşdırılarkən təsdiqlənib ki, xəstə uşağın müalicəsi həqiqətən də səhv aparılıb. 3 saylı poliklinikanın həkimi Fəryal Əliyevaya şiddətli töhmət verilib.

Şəhla Kərimova deyir, bu yaxınlarda Səhiyyə Nazirliyindən yaşadıqları ünvana nümayəndə gəlib:

VƏKİL SƏHİYYƏ NAZİRLİYİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

“Bütün əziyyətlərimizdən sonra evə Səhiyyə Nazirliyindən nümayəndə gəlmişdi. Amma bunun da heç bir şeyə xeyri olmadı. Uşağın sənədlərini götürüb getdi”.

Şəhla Kərimovanın sözlərinə görə, Şəhriyar vaxtında əməliyyat olunmasa, həyatı ilə vidalaşmaqlı olacaq. Övladının sağlamlığının bərpasını Səhiyyə Nazirliyindən tələb edir. Buna görə özünə hüquqşünas Elçin Namazovu nümayəndə tutub.

Elçin Namazov deyir, hazırda sənədlər toplanır. Səhiyyə Nazirliyi balaca Şəhriyarın sağlamlığının bərpasının xərclərindən imtina etsə, vəkil məhkəmədə iddia qaldıracaq.
XS
SM
MD
LG