Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Dini təriqətlər ləğv oluna bilərmi? [Video]


-
Dini cərəyanların Azərbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquqi cavabdehlik daşıması barədə Qafqaz Müsəlmanları İdarəsinin təklifini teoloq Elşad Miri və təhlükəsizlik məsələləri eksperti İlham İsmayıl dartışıblar.

Elşad Miri deyir ki, hər hansı bir dini icma qeydiyyatdan keçməyibsə, onu ləğv etmək olmaz:
«Dini icmanın ləğv edilməsi üçün gərək ilk növbədə bu icma mövcud olsun. Nə «vəhhabilik», nə «nurçuluq» adı ilə heç bir icma qeydiyyatdan keçməyib. İkinci tərəfdən, bu cür icmalar qeydiyyatdan keçsələr belə, əsasnamənin tələblərini pozduqları halda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi onları məhkəməyə verə bilər. Məhkəmə qərar çıxarsa, bu icmalar ləğv oluna bilər. Atılan addımlar sadəcə «mən də varam, mübarizə aparıram» məqsədi güdür...».

POLİS GƏLDİYİ ZAMAN...

«Təriqət, məzhəb, cərəyan bir-birindən fərqli anlayışlardır. «Nurçu»luğu bir cərəyan olaraq adlandırmaq doğru yanaşma olar. Bu cərəyanın da müxtəlif qolları var. Cərəyanın üzvləri hər hansı bir «dərshanə» adlanan evlərdə toplanırlarsa, polis orqanı gəldiyi zaman «eyni fikirli tələbələrik, birlikdə yaşayırıq» deyə bilərlər. Evlərində qadağan olunmuş dini ədəbiyyat, qanunazidd əməlləri yoxdursa, onların birlikdə olmağına heç bir maneə yoxdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təsis edildikdən bu günədək qadağan olunmuş kitabların siyahılarını açıqlamayıb. İnsanların bilməyə haqqı var ki, hansı kitablar niyə qadağan edilib. Bu halda onlar da tədbirli olarlar...».

«Məktəblərdə dinlə bağlı dərslər olmalıdır. Hər hansı bir cərəyanın qüsurlu tərəfləri dini baxımdan, «Qurani-Kərim»ə əsaslanaraq izah edilməlidir. Yoxsa hər hansı cərəyanı qadağan etməklə onların fəaliyyətinə əngəl olmaq mümkünsüzdür...».

«GET ORA, YIĞIŞANLARI TUT» DEMƏKLƏ OLMUR

İlham İsmayıl da hesab edir ki, qadağa çıxış yolu deyil:

«QMİ-nin bugünkü təkzibi vəziyyəti nisbətən yumşaltdı. Din ictimai şüurdur. Qanunazidd hərəkət varsa, bunun qarşısı alınmalıdır. Cərəyanları ləğv etməklə məsələni həll etmək olmaz. Qadağan edilməməlidir. Qadağalar, əksinə, insanları həmin səmtə meylləndirə bilər. Gizli fəaliyyət başlayar ki, bu da dövlətin təhlükəsizliyi üçün həqiqətən problem yarada bilər. Hər hansı kitabın qadağa olunması əvvəlcə əsaslandırılmalıdır. Ölkənin təhlükəsizliyinə zərər gətirə bilən kitablar qadağan edilə bilər...».

«İnsanlar arasında maarifləndirmə işləri əvvəldən aparılmalı idi. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsi bunun üçün paralel iş görməlidir. Zor, güc həmişə əks təsir yaradır. Sahə müvəkkilinə «get ora, yığışanları tut» deməklə məsələni həll etmək olmaz...».
XS
SM
MD
LG