Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:45

Bir ağ varaq açmadan


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən



USUBOĞLU



Əvvəllər bura,
Bakiya
Osmanlıdan
Nuru paşalar gələrdi,
Mürsəl paşalar....
İndi dönərsatan gələr,
Torqovı caddəsində gəzər,
Açıq köbəkləri seyr edər də,
Söylər:
Ah, şu Azeriler,
Azeriler....

****

Hər şey yaxşı olacaq,
Üzünə gün doğacaq,
Cəmi iki gün qalıb,
İki dalan,
iki tin.
İnan, Güllü qız,
inan ...
Nişanlın Əmiraslan da inansın....!

****
Hər şey yaxşı olacaq,
Üzünə gün doğacaq,
Cəmi iki gün qalıb,
İki dalan,
iki tin.
İnan, Güllü xanım,
inan ...
ərin Əmiraslan da inansın....!


****

Hər şey yaxşı olacaq,
Üzünə gün doğacaq,
Cəmi iki gün qalıb,
İki dalan,
iki tin.
qabaq tindən sağa dön,
iki balanın,
ərin Əmiraslanın ruhuna
salavat çevir
inan ...
inan, Güllü qarı, inan.

A4 vərəqinə işlənmiş rəsmlər

I rəsm

Dostum,
Bir sirr açmalıyam sizə,
Əvvəl-axır biləcəksinizsə,
Gizlətməyin nə mənası....?!
Şəklinizi çəkdim dünən,
Rəsminizi işlədim yəni
Qara qələmlə
A4 vərəqinə.
Sevinin, Vallah,
Sevinməyi hələ unutmadınızsa ..
Hər halda ,
Əlbəttə, sevinəcəksiniz.
İndiyədək
Bir qadın teli öpmədiniz,
Heç əlindən tutmadınız,
Əlli yaşı keçdiniz...
Hər halda
Və yenə hər halda
İşlədim rəsminizi
A4 vərəqinə
Qara qələmlə...
Arıq deyilsiniz şəkildə,
80-85 kilo varsınız,
Rahat divanda əyləşmişsiniz,
Gözəl kostyumunuz,
Ağzınızda siqar,
Cibinizdə pulunuz ....
(ah, o pulları
Cibinizə qoyurkən nələr çəkdiyimi bilərsiniz)
Eviniz var, eviniz,
Şəkildə,
Qadınınız da var,
Örpəyi başında,
Saçları yanaqlarını öpən
Bir qadınınız var.
əlbəttə sevir sizi,
hətta işləyirsiniz,
şəkildə işiniz də var
ingilis ya ispan
ya da bir türk firmasında
mühəndissiniz
əsla şair deyilsiniz.
Ingiliscəni bilirsiniz,
Bəli,
bəli,
Kompüter –proqram,
Salvation –Solveyşn
Vindovs və sair,
Sair və ilaxır...


II rəsm

Dostum,
Bir sirr açmalıyam sizə,
Əvvəl-axır biləcəksinizsə,
Gizlətməyin nə mənası....?!
Bu dəfə şəhərinizin şəklini işlədim
Qara qələmlə
A4 vərəqinə.
Nədənsə
Və yenə nədənsə
Şəkillərdə həyat
Olduğundan daha gözəl olur.dostum.
Yox,
Yox,
Bu mənim ustalığımdan deyil,
əksinə
naşı olmağımdandır.
Bu eybəcər həyatı
Olduğu kimi çəkmək iqtidarında olmadım mən
Çəkə bilmədim
20 mərtəbəli xarabaları,
Dəniz kənarında yaşayıb suya həsrət qalmağı
Çəkə bilmədim, dostum.
Müəllimin, məktəbin ölməsini,
Küçələrin eyş-işrət məclisini,
Sevginin ruhi bir iş olmadığını,
Fiziki bir əməliyyat olduğunu,
Kol dibində,
Ağac dalında,
Parkda,
Küncdə-bucaqda,
Otellərdə
Və hər yerdə,
Təntimiş kişi və nakişi nəfsini
çəkə bilmədim dostum


****

Ağalar,
Adicə hava-
Oksigen yəni
Ciyər dolusu,
Ayrı bir şey yox...
Lütfən,
Çox görməyin bizə
Yarısı dığalar əlində olan bir məmləkətin
əsirləriyik biz,
hava istəyirik
hava..
vozdux yəni.



Bir AĞ VARAQ AÇMADAN

Bir ağ varaq açmadan,
Bir hərf belə yazmadan,
Sənə məktub yazdım
Sabah şehinə
Vitrinlərdə süni güllər
Yalan sevgilərə açdı,
Küçədən adamlar keçdi,
Adamlar,
Kimisi fərqində hər şeyin,
Kimisi heç bir şeyin.

****

Şüşələrdə “endirim”
Nə qədər ensələr belə
Biz olan yerlərə
Enəməzlər
Vitrinlərdə süni adamlar,
Süni güllərlə bir sırada
Küçədən adamlar köçdü
Adamlar,
Kimisi fərqində hər şeyin,
Kimisi heç bir şeyin.
XS
SM
MD
LG