Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:43

Nils Muižnieks-lə müsahibə: «Hökumətdən izahat istəyirik»


Nils Muižnieks
Nils Muižnieks
-
Aprelin 23-də Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks Azərbaycanda insan haqlarının vəziyyətinə dair müşahidələrini açıqlayıb. Bu sənəd Komissarın ötən il hazırladığı hesabata əlavə, yəni onun yenilənməsi sayılır.

Nils Muižnieks AzadlıqRadiosuna müsahibəsində hesabatı yeniləmək, müşahidələrini dərc etmək qərarını belə izah edir:
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00
Direct-ə keçid

– Ona görə bu qərara gəldim ki, özəlliklə son bir neçə ayda durumun ancaq pisləşdiyini müşahidə etdim. Düşündüm ki, son hesabatımda qaldırdığım məsələləri Azərbaycan hakimiyyətinin yadına salmaq, durumun pisləşməsini önləməyə çağırmaq faydalı olardı.

– Niyə məhz son bir neçə ay? Əsasən hansı sahələrdə müşahidə etmisiniz pisləşməni?

– Son bir ildə bir sıra jurnalistlərin, internet fəallarının həbsini gördük. Hakimiyyətin həyata keçirdiyi nəzarət barədə eşitdik. Deffamasiyanın dekriminallaşdırılması yönündə heç bir irəliləyiş görmədik. “Azadlıq” qəzetinə qarşı hüquqi təhdidlərin davam etdiyini müşahidə etdik. Birləşmə azadlığı sahəsində qanunvericiliyə QHT-lərin fəaliyyətini çətinləşdirən dəyişiklikləri gördük. Tanınmış QHT fəalı barədə həbs qətimkan tədbirinin seçildiyini gördük. Sərbəst toplaşma azadlığı sahəsində də heç bir irəliləyiş müşahidə etmədik. Bir sıra etiraz aksiyalarının polis tərəfindən dağıdıldığını gördük.

TƏKRARLANAN ŞABLON

– İfadə azadlığıyla bağlı deyirsiniz ki, narazı fikirlərini ifadə edənlərə qarşı cinayət təqibi ədalətsiz aparılır, jurnalistlər, bloqqerlər məhz bu fikirlərə görə təqibə məruz qalırlar. Ancaq hakimiyyət jurnalistlərin peşəkar fəaliyyətə görə təqib olunmadığını bildirir. Niyə hələ də mövqeyinizdə israr edirsiniz?

– Çünki belə bir şablon var – hökuməti tənqid edənlər, tənqidi fotolar yerləşdirilənlərin üstündən tezliklə ya narkotik maddə, ya silah tapılır, dövlətə xəyanətdə, ya da polisi döyməkdə ittiham olunurlar. Bu şablon o qədər sistematik baş verir ki, onu təsadüfi saymaq çətindir. Əksər hallarda bu ittihamlar etibarlı, səhih görünmür. Bir sıra jurnalistlərə və fəallara qarşı qurama ittihamlara son qoyulmalıdır.

– Rəsmilər adətən bu iradlara qıcıqlanır, bənzər bəyanatları ölkənin məhkəmə sisteminə müdaxilə kimi dəyərləndirilir. Razısınızmı bu fikirlə?

– Xeyir. Biz Azərbaycanın yadına öhdəliklərini salırıq. Fərdlərə qarşı əsaslandırılmış iddialar istəyirik. Fikirlərini ifadə etdiklərinə görə həbsdə yatanların azadlığa buraxılmasına çağırırıq. Mənim işim Azərbaycan hakimiyyətinə yardım etməkdir, onları acıqlandırmaq deyil.

– Son günlərdə baş verən hadisələri izləyirsinizmi? Jurnalist Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur. Bir səbəb onun Dağlıq Qarabağ münaqişəsi üzrə xalq diplomatiyası layihələrində iştirakı göstərilir. Sizcə, jurnalistin həbsi ifadə azadlığına və həmin işə nə dərəcədə təsir göstərəcək?

– Bu, həbslər seriyasından axırıncıdır. Casusluq istənilən şəxsə, özəlliklə də öz peşəsiylə məşğul olan jurnalist və fəala qarşı çox ciddi ittihamdır. Bu həbsi çox böyük narahatlıqla qarşıladıq. Mirqədirovun tezliklə azadlığa çıxacağına ümid edirik.

VƏD VERMƏYİN, İŞ GÖRÜN
arxiv foto
arxiv foto
– NİDA hərəkatı üzvlərinə iş istənilib. Onlar və valideynləri aclıq aksiyası keçirir. Hakimiyyətə bununla bağlı mesajınız varmı?

– Bakıda olanda NİDA üzvlərindən birilə görüşmüşdüm. Onlar dinc dəyişiklik uğrunda mübarizə apardıqlarına güclü inanırlar. Bunun əksinə elə bir ciddi sübut-dəlil görməmişəm. Bir daha öz fikrimdə qalıram ki, bu gənclər də ictimai və siyasi fəalların hakimiyyət tərəfindən hədəfə alınması modelinin bir hissəsidir və azadlığa buraxılmalıdırlar.

– Ötən il Venesiya Komissiyası Azərbaycanın təqdim etdiyi qanun layihəsini rədd edəndən sonra, Diffamasiya qanunu sahəsində hansısa irəliləyiş varmı?

– Heç bir irəliləyiş görməmişəm. Gördüyüm Azərbaycan rəsmilərinin Venesiya Komissiyası ilə əməkdaşlığa hazırlıqları barədə davamlı bəyanatlarıdır. Ancaq diffamasiyaya görə cinayət cəzasının ləğvi yönündə irəliləyiş görmürəm. Vədlərdən çox iş görmək istərdim. Məncə bunu etmək elə də çətin deyil. Çünki son vaxtlar diffamasiyaya görə cəza çox tətbiq olunmayıb. Yaxşı olardı ki, son 2 ildə verilən vədlər yerinə diffamasiyaya görə cəza ləğv olunaydı.

– Yəni son vaxtlar bu cəzanın verilməməsini yaxşı əlamət sayırsınız?

– Son vaxtlar qeyri-mütənasib cərimənin tətbiq olunmaması yaxşı əlamətdir. Düzdür, “Azadlıq” qəzetinin gələcəyi bu cərimələr üzündən qeyri-müəyyəndir. Bu, yaxşı deyil. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti bu addımı atacaq.

VERGİDƏN YAYINMA VƏ HƏBS QƏTİMKAN TƏDBİRİ

– QHT-lərə dair qanunvericiliyə dəyişikləri hakimiyyət şəffaflığın təmin olunmasıyla izah edir. Siz isə əksinə onların fəaliyyətinin məhdudlaşdırıldığını düşünürsünüz. Niyə?

– QHT-lərin üzərinə əlavə tələblər qoyulub- Ədliyyə Nazirliyinə hesabatlar, pozuntulara görə cərimələr artıb. Dəyişikliklərin mətni də qeyri-müəyyən səslənir. Mən bunu irəliyə deyil, geriyə addım sayardım. Anar Məmmədlinin həbsi bu qanunları pozmaqla əlaqələndirilir. Öncə QHT-nin qeydiyyatı çətinləşdirilir, daha sonra fəaliyyətinə məhdudiyyət qoyulur. Üstəlik təhlükəli cinayətdə ittiham olunmayan şəxs barəsində həbs qətimkan tədbiri seçilir. Anar Məmmədlinin işini götürək. Vergidən yayınmaya görə niyə kiməsə qarşı həbs qətimkan tədbiri seçilsin? Bunu etmək üçün elə də güclü səbəb yoxdur.

– Sərbəst toplaşma yerləri ilə bağlı hakimiyyətlə hər hansı yazışmanız olubmu? Ötən il Sizə şəhər mərkəzində aksiyalar üçün yerlər ayrılacağı vəd olundu. Daha sonra bu icazə ancaq seçki dönəminə aid edildi. İndi isə siz hakimiyyətdən izahat istəyirsiz.

AÇIQLAMA İSTƏNİLİR

– Hesabata dair müşahidələrin dərc olunmasının bir məqsədi dialoqu davam edirməkdir. Hakimiyyət bəzi məsələlərə dair informasiya təqdim edib. Ancaq bu məsələyə dair izahat yoxdur. Biz aydınlaşdırıcı açıqlama istəyirik. Hökumətin cavabında bu yoxdur. Ümid edirik gələcəkdə təqdim olunacaq. Hakimiyyət dialoqu davam etdirmək arzusunu bildirdiyinə görə gələcəkdə bu izahatın veriləcəyinə ümid edirəm.

– Hesabatınızda bir məqam da yer alıb. Jurnalistlər və insan haqları fəallarına qarşı izləmə əməliyyatlarının artmasından narahatlıq bildirirsiniz. Yazırsınız ki, bu zaman istifadə olunan Məsafədən Nəzarət Sistemi isə bir qayda olaraq hökumətlərin ixtiyarında olur. Bu informasiya nə dərəcədə etibarlıdır?

– İctimai açıq ekspert mənbəyinə əsaslanmışıq. Nəzarət sistemindən istifadə barədə ayrı-ayrı fəallar və mediadan məlumat almışıq. Azərbaycandan kənarda yerləşən İnternet ekspertlərində də bu məlumatlar var və ictimaiyyətə açıqdır. Bu nəzarətin artdığı bildirilir. Qərbdən bir mənbənin məlumatına görə, hakimiyyətin bu texnologiyaya çıxışı var. Bu, onlara müxtəlif kommunikasiyalara, Skype, elektron poçta gizli çıxış imkanı yaradır. Bu məqam narahatlıq yaradır.


– Hakimiyyətlə sıx əlaqə yarada bilirsinizmi? Ötən ilin mayında Bakıya səfər etdiniz və avqustda hesabatınız dərc olundu. Tövsiyələrin yerinə yetirilməsi uğrunda əməkdaşlıq necə gedir?

DİALOQ VAR, NƏTİCƏ YOX

– Bugünkü müşahidələri dərc etməyin səbəbi tövsiyələrin yerinə yetirilməsi yolunda heç bir irəliləyişin olmamasıdır. Ona görə narahatlığımı hakimiyyətin diqqətini çatdırmaq qərarına gəldim. Son əlaqəm buradakı səfirlə (Komissarın ofisi Parisdədir- A.K.) olub. Bundan başqa Ədliyyə nazirliyi və Ombudsman ofisinin təmsilçiləri İnsan Haqlarına dair Milli Fəaliyyət Planına həsr olunmuş dəyirmi masaya qatılıb. Mən daha intensiv dialoq və nəticə, iş görmək istəyirəm. İfadə, sərbəst toplaşma və birləşmə azadlıqları ilə bağlı irəliləyiş görmək istəyirəm. Hələlik bu dialoqdan konkret bir nəticə əmələ gəlməyib.

– İsmayıllı məhbuslarına hökm oxundu. Anar Məmmədlinin məhkəməsi başlayıb. Beynəlxalq çağırışlara baxmayaraq fəalların həbsinin, qorxudulmasının davam etdiyi görünür. Bu prosesi necə izah edərdiniz?

– Bu proses qəbuledilməzdir və dayanmalıdır. Avropa Şurasının üzvü kimi Azərbaycan öhdəliklərinə əməl etmir. Mən bu dialoq vasitəsilə hakimiyyətə öhdəliklərini xatırladır, onlara yardım təklif edirəm. Bu kömək Venesiya Komissiyası, təkliflərlə həyata keçirilə bilər. Ancaq hələlik heç bir irəliləyiş görmürəm.

– Beynəlxalq qurumların bəyanatları kəskinləşdikcə, ölkədə hüquq və azadlıqlara qarşı kampaniya da güclənir. Bəlkə beynəlxalq kampaniyada nəsə çatışmır? Çatmayan nədir?

XALQ DAHA ÇOX MƏYUS OLMALIDIR

– Məhkəmələr var, insan haqlarının monitorinqi, dialoqlar həyata keçirilir, müxtəlif növ yardım proqramları var. Ancaq görünən odur ki, bunlardan heç biri qeyd etdiyimiz məsələlərə ciddi təsir göstərə bilmir. Bəli, biz buna görə məyus oluruq, ancaq məncə bu, haqları pozulan Azərbaycan xalqını daha çox məyus etməlidir.

– Nə etmək lazımdır?

– Hakimiyyət onu islahatlara çağıran, Avropa Şurası öhdəliklərini xatırladan səslərə diqqət verməlidir.

– AzadlıqRadiosuna öncəki müsahibələrinizdə Azərbaycanın Avropa Şurasında sədrliyi ərəfəsində islahatlara çağırırdınız. Sədrliyə günlər qalır. Gözləntiniz nədir?

– İnsan haqları sahəsində irəliləyişlər, islahatlar sədrlikdən asılı deyil. Ümid edirəm hakimiyyət bu imkandan yararlanaraq bu dəyişiklikləri həyata keçirəcək. Bu çağırışları sədrlikdən asılı olmadan edirəm. Sədrliyə irəliləyişə nail olmaq, Avropa Şurasındakı həmkarları ilə daha intensiv dialoq aparmaq üçün bir imkan kimi baxıram. Azərbaycan xalqının mənafeyi üçün irəliləyiş görmək istəyirəm. Saxlanan, cəzalandırılan insanlar var. Onlar həbs olunmamalı, cəza almamalıdırlar. Bu, Azərbaycanda hüququn aliliyi və insan haqlarına təhlükə yaradır.
XS
SM
MD
LG