Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Tofiq Yaqublu əfv müraciəti haqda bunları deyir


Tofiq Yaqublu
Tofiq Yaqublu
-

Müsavat başqanının müavini Tofiq Yaqublu təcridxanadan AzadlıqRadiosunun suallarını yazılı cavablandırıb. Yaqublu martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. O, İsmayıllı hadisələrində iştirakda ittiham olunur.

MƏMUR ÖZBAŞINALIĞINA STİMUL
İsmayıllı iğtişaşlarının təşkilində ittiham olundunuz. Razısınızmı bu ittihamlarla? Həbsinizin əsl səbəbini nədə görürsünüz?

- Mənim və İlqar Məmmədovun İsmayıllı hadisələrinin təşkilində ittiham edilməyimiz tam absurd və yekəbaşlıqdır. O qədər absurd ittihamdır ki, adam bunu normal halda, emosiyasız rədd edə bilmir. İsmayıllıda hadisə 2013-cü il yanvarın 23-də baş verib. Yerli hakimiyyətdən narazı əhali «Çıraq» otelini və icra başçısının evini yandırıb. Biz isə İsmayıllıya bir gün sonra getmişik. Mən İsmayıllıya saat 16:00-da çatmışam. Bu zaman şəhərdə tam sakitlik olub, heç bir qarşıdurma və gərginlik olmayıb. Cinayət işi materiallarında olan video materiallarla bu, təkzibedilməz şəkildə sübut olunur. Maşından düşüb orada toplaşmış jurnalistlərə yaxınlaşmışam. Onlarla bir az söhbət etmişəm. Məni İsmayıllıda görən daxili işlər nazirinin müavini general Cavanşir Məmmədov tutulub polis idarəsinə gətirilməyimi tapşırıb. Polis idarəsində məndən ancaq təcili rayonu tərk etməyimi xahiş ediblər. Çarəsiz qalıb razılaşmışam və yol polisinin müşayiəti ilə Bakıya yola salınmışam. Əsl həqiqət belədir. Buna görə o boyda cinayət işi qaldıraraq və sonda da məhkum edilməyimi «yekəbaşlıq»dan başqa necə adlandırım? Həbsimin əsl səbəbi müxalifətdə olmağımdır. İsmayıllı hadisələrinin əsl səbəbi iqtidarın məmur özbaşınalığının stimullaşdırılması siyasətidir. Mənim kimi İsmayıllıya ancaq informasiya toplamaq üçün gəlmiş İlqar bəylə bərabər həbs edilməyimiz hakimiyyətin məsələnin mahiyyətini gizlətmək üçün uğursuz cəhdidir. İqtidar bununla demək istəyir ki, guya İsmayıllıda hakimiyyətə qarşı heç bir narazılıq yoxmuş, həmin hadisələrin səbəbi tamam başqadır, biz isə fürsətdən yararlanaq hadisələri siyasi məcraya yönəltmək istəmişik. Kim istəyirsə, mənim məhkəmədəki son çıxışımla tanış ola bilər. Onun tam mətni müsavat.com saytında var. Məncə, onu oxuyandan sonra kimsədə bir sual qalmaz.

UĞURSUZ BƏNZƏTMƏ

Məhkəmə prosesinin gedişatında müdafiənizi yetərli səviyyədə qura bildinizmi?
Ismayıllı hadisələri
Ismayıllı hadisələri
- Azərbaycan məhkəməsini tələffüz və yazılış oxşarlığına görə «məzhəkə» adlandırmaq dəb halını alıb. Çox uğursuz bənzətmədir. Məzhəkə elə şeydir ki, iştirakçılar da, seyrçilər də gülüb-əylənirlər, şaqqanaq çəkib gülürlər və s. Bir yerdə ki, haqqın-ədalətin anası ağladılır, günahsız insanları məhkum edələr, iztiraba düçar edələr, o yeri necə «məzhəkə» adlandırmaq olar? Azərbaycan məhkəmələrini «şərxana», «quldurxana» və s. adlandırmaq daha doğru olardı. Müdafiəmizi necə qurmağa gəlincə, prosesi canlı izləyənlər gördülər ki, ittiham tərəfini nə günə qoyduq. Əgər prokurorlarda və hakimlərdə azacıq ədalət hissi olsaydı, hökmdən sonra 3-4 metr çatı alıb özlərini asmalıydılar. Lakin bu, baş vermədi. Şərxanada müdafiə tərəfi ilə ittiham tərəfinin nə vəziyyətdə olduqlarını obrazla ifadə edəcəyəm. Təsəvvür edin ki, şahmat üzrə dünya çempionu Bobby Fischer-lə şahmatda fiqurların adlarını və gedişlərini təzəcə öyrənən arasında oyun keçirilirdi. Əlbəttə ki, biz Bobby Fischer idik. Amma nə faydası, ağzında «şərxana» deyirsən.

ETİBARLI MƏNBƏLƏR AMNİSTİYA OLACAĞINI DEYİR

Sizə əfv üçün müraciət yazmaq təklif olunubmu? Ümumiyyətlə, yaxınlarda əfv gözlənməsi barədə həbsxanada məlumat varmı?

- Əfv üçün hüquqi imkan yaranması üçün məhkəmənin hökmü qüvvəyə minməlidir. Bizdə isə hələ qabaqda apelyasiya məhkəməsi durur. Mənə heç kəs hər hansı müraciət haqqında heç nə təklif etməyib. Bir şeyi deyim ki, məhbuslar arasında amnistiya veriləcəyi barədə söz-söhbət əbədi mövzudur. Nədən ki, həbsə atıldığım ilk gündən söhbət edə bildiyim bütün məhbuslar özlərinin «etibarlı» mənbələrinə əsaslanaraq yaxınlarda amnistiya olacağı barədə danışıblar. Xüsusən də mətbuatda bəzi hüquq müdafiəçilərinin belə ehtimallar səsləndirməsi tez bir zamanda həbsxanaya çatır və məhbuslarda inam daha da artır. Mən özüm də belə bir şey olacağını istisna etmirəm. Sadəcə olaraq, gedən prosesləri izləyərək bu ehtimalın mümkünlük dərəcəsini qiymətləndirməyə çalışıram.
Siz və digər siyasi məhbusların azadlığa buraxılması üçün beynəlxalq və yerli hüquq müdafiəçiləri kampaniya aparır. Bu tədbirlərdən gözləntiniz varmı?
NƏ QANUN, NƏ VİCDAN

Şəki Ağır Cinayətlər Məhkəməsi
Şəki Ağır Cinayətlər Məhkəməsi
- İqtidarın xarakterinə baxdıqda gərək əlini dünyadan üzəsən. Ancaq yaxşı ki, beynəlxalq və yerli hüquq müdafiəçiləri var. Onlar çox çətinliklə iqtidarı müəyyən yumşalmalara sövq edə bilirlər. İnanın ki, onlar olmasa, hamımızı divara düzüb, «uf» demədən güllələyərlər. Təəssüf ki, onların çox gərgin çalışmalarının nəticələri cüzi olur. Çünki bu iqtidar nə qanun, nə də vicdan hərləyir. Bütün hüquq müdafiəçilərinə dərin minnətdarlığımı bildirirəm.
Təcridxanadan ölkədəki prosesləri necə izləyirsiniz?

- «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinə abunə yazılmışam. Lakin həmin qəzetləri mənə vermirlər. Yalnız «ANS»dən xırım-xırda informasiyalar ala bilirik. O biri kanallar isə bəy tərifindən başqa heç nə vermirlər. Vəkilimlə görüşəndə o, bəzi informasiyaları çatdırır. Bir də ailə üzvlərimlə görüş zamanı nəsə öyrənə bilirəm. Operativ informasiyadan söhbət gedə bilməz. Mənə ancaq yeddi-on günlük boyat xəbərlər çatır. Əsl informasiya blokadasındayam. Təsəvvür edin evdən xəritə göndərdilər, lakin onu mənə vermədilər. Tam absurd!

Səhhətiniz necədir? Həbsxana şəraitini necə dəyərləndirirsiniz?

XƏRİTƏ NİYƏ QADAĞANDIR?

- Səhhətimin ideal olduğunu deməzdim. Məndə bronxial astma xəstəliyi var. Bir-iki dəfə halım pisləşib, amma tez də keçib. Ümumilikdə götürsək, səhhətim normaldır. Həbsxanada hər şey həbsxanadakı kimidir. Ancaq məhrumiyyətlər və yenə də məhrumiyyətlər. Bir çoxu da absurd və qanunsuz məhrumiyyətlər. Saxlananların hüquqlarının təmin olunması baxımından nə Şəki, nə də ki, Gəncə təcridxanası Bakı istintaq təcridxanası ilə müqayisə oluna bilməz. Bakıda çox yaxşı idi.
Hansısa təzyiqlər varmı?

- Nə istintaq dövründə, nə də ki, sonrakı mərhələdə mənə qarşı nə fiziki, nə də psixoloji təzyiq olmayıb. Yalan deyə bilmərəm.

Məhbəs yoldaşlarınızla münasibətləriniz necədir?

- Məhkəmənin hökmündən sonra İsmayıllı işi üzrə «dostlarım»la bir kamerada qalıram. Münasibətlərimiz əladır.
Ailə üzvlərinizlə görüşə problem yoxdur deyəsən. Sizə ərzaqdan başqa nə çatdırılır?

- Ailə üzvlərimlə görüşməkdə mənə problem yaradılmayıb. Ərzaqdan başqa bəzi məişət ləvazimatları və kitablar çatdırılır. Sonuncu dəfə xəritə istəmişdim ki, Ukraynadakı prosesləri xəritədə də izləyim. Ancaq xəritəmi müsadirə etdilər və heç kəs mənə izah etmir ki, xəritə niyə qadağan olunub.
XS
SM
MD
LG