Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Xoşbəxtliyin düsturu


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 20-liyindən. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Hacıbala Səfərov


Xoşbəxtliyin düsturu


- Dayanın, bir dəqiqə, mən sizi tanıyıram.

- Tanıyırsınız? Ola bilməz, biz ki heç vaxt qarşılaşmamışıq.

- Bağışlayın, yəqin, yenə də kimləsə səhv salmışam.

Bununla o, artıq neçənci dəfə idi ki, insanları tanıdığını zənn edir, hər dəfə də bu zənnində yanılırdı. Özünün yaxşı bir açıqlaması vardı : “Tanımadığım hər insan, tanıdığım bir ömürdür. Birinin kədərini tanıyıram, birinin sevincini, birinin düşüncələrini, birinin sevgisini və həmişə “tanış deyilik” deyirlər.”

***

Bir başlanğıc üçün heç də pis deyil. Ən azından indi siz bu sözləri oxuyursunuzsa, deməli, bir müəllif kimi istəyimə çatmışam. Tanış olmağımıza şadam. Ümid edirəm ki, sizi qarşıdan gələn cümlələrdə yormayacam və sizə xoş dəqiqələr yaşadacağam. Bu hekayəni oxuyan zaman sizə kiminsə maneə yaratmasını istəmirsinizsə bir kənara çəkilin. Mənim əhvalımı soruşsanız (Ki çox böyük ehtimalla sizə maraqlı deyil), mən pis deyiləm, ancaq yaxşı da deyiləm. Ortada bir yerdə qalmışam, nə oyanlığam, nə buyanlıq. Gecənin bir aləmi sizlərə bu hekayəni təqdim etməyə səbəb qarın yağması, işıqların sönməsi və internet bağlantımın kəsilməsidir. Üstəlik, hələ bunlar azmış kimi, qonşunun iti soyuqdan ulayır və mən kədərlənirəm. Əlbəttə, sizə belə şeylər o qədər də cəlbedici gəlmir, amma eybi yoxdur. Canınız sağolsun. Bəzən nəsillərdən nəsillərə ötürülən elə cümlələr olur ki, onlar heç zaman öz aktuallığını itirmirlər. Bir daha təkrar edirəm : “Canınız sağolsun”. Harda qalmışdıq?

İlk cümlələrdə hamını tanıdığı iddia edən şəxsə simvolik olaraq Cənab F. desək çox da böyük yanlışa yol vermiş olmaram. Bir oxucu olaraq sizə maraqlı gələn məqamlardan biri budur ki, Cənab F.-nin dialoqu harda və hansı zəmində baş verir. Hamını tanımaq hamının işi deyil. Belə insanlar yalnız yüksək intellektuallığa malik, klassik bəstəkarların: məsələn, Baxın atasının xalası oğlunu tanıyan, Berqmandan vurub, Tarkovskidən çıxan, hətta araya Qodarı da qatan, ədəbiyyatı əlinin içi kimi bilən, hərdən əlinin içini də qoxlayan biri olmalıdır desək yanılmadığımızı zənn edərik. “Təxmin etmək, fərziyyələr irəli sürmək” insanoğluna xas bir vərdişdir, sizi də qınamıram. Cənab F.-nin söhbəti nə caz festivalda, nə Ennio Marrikonenin konsertində, nə də Trierin “Nimfomanyak”ının Bakıda olan premyerasında baş verir (Bəlkə də, siz bu hekayəni oxuyan zaman “Nimfomanyak”ın bir çox ölkələrdə premyerası edilmiş olacaq və biz hələ də sarsaq türk filmlərinin kinoteatrlarda göstəriminə məruz qalacağıq. Bu ayrı mövzudur, sonraya qalsın). Cənab F. həmişə, istisnasız olaraq insanları tanıdığını ya metroda, ya da avtobusda deyir. Bir müəllif olaraq Cənab F.-nin niyə bu məkanlarda insanlara hücum etdiyi mənə də məlum deyil. Məlum olan şeyləri imkan daxilində sizə çatdırmağa çalışacam.

***

- Xoşbəxtliyin düsturunu tapdım, xoşbəxtliyin düsturunu tapdım, - deyərək Cənab F. yataq otağının qapısını açdı. Mətbəxdən keçərək, tez-tələsik qonaq otağına keçdi. Qapını açar-açmaz yenə eyni sözləri təkrar etdi :

- Xoşbəxtliyin düsturunu tapdım, xoşbəxtliyin düsturunu tapdım.
2004-cü ildə Cənab F.-yə ərə gələrkən atası evindən cehiz gətirdiyi televizorun qarşısında oturub, telekanalların göstərdiyi taleyüklü verilişlərə baxan Nigar ərinə təəccüb dolu baxışlarını zillədi. Son on ildə ərini belə sevincli gördüyü yadına düşmürdü. Tez-tez eyni cümləni təkrar etməyini də anlamırdı. Diqqətini istəksiz şəkildə verilişdən ayırıb dedi:

- Nə olub, a kişi?

- Xoşbəxtliyin düsturunu tapmışam, Nigar, xoşbəxtliyin.

- Yenə nə gəlib ağlına? Kant, Hegel, Marks başını xarab elədi də sənin. Günah səndə deyil e, sənə fəlsəfədə oxumağa icazə verən ata-anandadır.

- Nigar, gəl mənə inan. Bütün insanları xoşbəxt edə biləcək bir düstur tapmışam.

- Düsturun başına dəysin. Axşama nə yeyəcəyik? Evlənəndə deyirdin ki, tezliklə işə düzələcəm. Tezliklə deyə-deyə üstündən 10 il keçdi. Əvvəlcə atam sənin universiteti yenicə bitirdiyinə görə kömək edirdi. Sonra onun vəziyyəti pisləşdi, kömək edə bilmədi. Ondan sonra fasiləsiz olaraq qayınatam kömək elədi. Bizim bəxtimizdən onun da vəziyyəti pisləşdi. Belə-belə sənə 10 il dözdüm, amma daha belə olmaz.
- Nigar, belə danışma. Tezliklə hamımız xoşbəxt olacağıq.

- Gül kimi fizika müəllimliyini bitirmişdim. Bilsəydim atama deyərdim ki, məni bir məktəbə düzəltsin. Müəllimliyin maaşı az olsa da sonradan dərsdə özümə hazırlıq üçün uşaq yığardım. Mən axı hardan biləydim... Ax, mənim axmaq ağlım.
Nigarın dediklərindən mən belə başa düşdüm ki, insan kitab oxuyanda dəli olurmuş. Əcəb vəziyyətdir, vallah. Bu sözləri müəllif, yəni mən və Nigar desə, yenə cəhənnəm, günahımızdan keçmək olar. Amma bir xalq olaraq belə ediriksə vəziyyət necə olsun? İnsanlar özlərinin oxumamaqlarını oxuyanları “dəli” etməklə sığortalamağa, ört-basdır etməyə çalışır. Oxuyursansa, monotonluğu dərk edir və ondan qurtulmağa çalışırsansa, sən dəlisən, başqa yolu yoxdur.

***

Cənab F.-nin keçmişi, harda və nə oxuduğunu müəyyənləşdirməyə çalışsaq pis olmaz. Yeri gəlmişkən, Cənab F. adlandırmasını da ləğv etsək yaxşı olar. Obrazın Kafkavari adlanlandırılması, sonradan plagiat iddialarına səbəb ola bilər.

***

- O, K. yazıb, burda isə F. olması plagiatdır, ey camaat. O, K. yazaraq Kafkaya işarə vurur, bu isə Kafka ola bilməyib, uzaqbaşı özünü Frans kimi təqdim etməyə çalışır.

Yaşı yetmişi adlamış, ayaqüstə qırxıçıxan (müəllif kimi öz hisslərimi cilovlaya bilməyib, bu cür kobud ifadədən istifadə etdiyimə görə üzr istəyirəm. Kimin nə qədər yaşayacağını bilmək olmaz, Allahın işidir), psevdo-bezdirici fikirləri və ən çox nəsihətləri ilə ədəbi toplumu boğaza yığan bir yazıçı ayağa qalxdı və əsəbi şəkildə əlini stolun üstünə çırparaq dedi :

- Yaxşı ki, O, L. xitabından istifadə etməyib, yoxsa daha pis olardı. Yığışdırılsın, senzuralansın, öldürülsün, baltalansın.

Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) OL!” – dedi, o da OLdu. (Ali İmran surəsi, 59)

- Siz yanılırsınız,- ortayaşlı, özünü və düşüncələrini hələ tam qavraya bilməmiş, aradabir nəsə yazmağa cəhd edən, hər dəfə bu sınaqdan üzüqara çıxan və bütün bunlarda insanları günahlarından yazıçı ayağa qalxaraq davam etdi, - bəli, siz yanılırsınız. Müəllifin yuxarıda qeyd etdiyi ironiyalı sözlərdən sonra mən onun yüksək potensiala malik bir gənc olduğunu başa düşdüm. Müəllif sizi haqlı olaraq inkar edir. Belə davam etsə, biz dediyimiz fikirlərə önəm versə, bir neçə il ərzində “dissident”, “persona non qrata” ola bilər. Lap belə olmasa da, biz dünyaya onu belə təqdim edərik. Bir azərbaycanlı yazar üçün şey-şüylərini yığıb Avropaya mühacirət etməkdən daha böyük şərəf nə ola bilər ki?! Ah, Avropa, Avropa... Mənim cənnətim, xəyallarım...

Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. (Ali İmran surəsi, 133)

***
Gəlin, obraza Filosof adını verək, lazım gəlsə “Ozan” çağırıb adqoydu mərasimi edək. Hamı nəyə layiqdirsə, ona uyğun ad almalıdır. Zarafat deyil, xoşbəxtliyin düsturunu hər adam tapa bilməz. Əgər sizə maraqlıdırsa lap Filosofun keçmişini də araşdıraq.Təxminən, 2003 ya da 2004-cü ildə təhsilini bitirdiyini nəzərə alsaq, 1980-cı illərin ortalarına qədər həyata gəldiyini söyləyə bilərik. Nigarın da təxminən eyni illərdə doğulduğunu ehtimal edək. Filosofun Nigarla sevib evləndiyini və yaxud məcburi evləndirildiyini deyə bilmərəm, nə olduğunu bircə Allah bilir. Həmin illərdə Bakıda “basıb evləndirmək” modda olduğundan ikinci variant daha inandırıcı gəlir. Filosofumuz çox güman ki, əsgərlikdə olmayıb. Nigarın dediyinə görə, Filosofun atası varlı imiş. Varlı atanın oğlunu əsgərliyə göndərməməsi bu diyarlarda normal hadisədir. Düzü, ortada qınanılası nəsə yoxdur. Təsəvvür elə ki, atəşkəs olan dövlətdə əsgərliyə gedirsən və ölürsən. Yenə qarşındakı düşmən öldürsə, başa düşmək olar, daha sonra “Şəhid” adı alırsan. Bəs kimləsə sözün çəp gəldiyinə görə ölsən necə? Yatırsan, oyanmırsan. Televiziya xəbərlərində, xəbər saytlarında adın bir-iki xəbərdə keçə, ya da keçməyə. Hələ bu azmış kimi səni kimin öldürdüyünü də tapa bilmirlər. Dirilsən, qayıdıb deyərsən ki, düşmənin milliyəti yoxdur, fərdlərin çoxu sənə düşməndir. Filosofun atası da bu həqiqəti gec dərk etdi. Tutduğu vəzifə heç də pis deyildi, hətta çox nüfuzlu və çinli bir şəxs idi. Onu görən hər kəs baş əyir, yaranmağa çalışır, lazım gəlsə yaltaqlıq edir, “məzara sən uçma, mən uçum” deyirdi. Ata bundan həmişə qürrələnir, sevinir, özünü önəmli şəxsiyyət hesab edirdi. Vəzifədə olduğu müddətdə oğlunu sabit bir işə düzəltməməsi də şübhə doğuran bir məqamdır. Yəqin, qəhrəmanımız tənbəl olduğundan belə hal baş vermişdi. Gün keçir, ay dolanır, fələyin çarxı elə fırlanır ki, atanı rüşvət üstündə işdən çıxarırlar. Şey-şüylərini yığmaq, vəzifəsini tərk etmək bir neçə gün vaxtını alır və onun köhnə işçilərinin yeni “ATA”ya qarşı, eynilə özünə qarşı yaltaqlandıqları kimi yaltaqlandığını görür. Mənəviyyatının çox da dərin olmadığını elə mənəviyyatısınmışlar tərəfindən edilən hücumla anlayır. Bu anda hardasa oxuduğu alayarımçılıq fikirlər yadına düşür : Təbii seçmə, yaşamaq uğrunda mübarizə. Mövzudan çox uzaqlaşmadan davam edək. Hadisə yerinə canlıbağlantı yaradırıq :


- Nigar, axı mən... Xoşbəxtlik...

- Hansı xoşbəxtlikdən danışırsan? Ac olan adam xoşbəxt olar? Un qutarıb, çörək də almamışıq, axşam nə yeyəcəyimizi fikirləşirəm. Sənin o oxuduğun filosoflar da bekar adam olublar. Oturublar, bekarçılıqdan özlərindən fərziyyələr uydurublar. Kefləri yaxşı olub, imkan olub deyə bu qədər şey yazıblar.

- Bu qədər bəsit düşünmə. Mən dediyim xoşbəxtlik düsturuna bütün insanlar əməl etsə heç kim pis yaşamayacaq. Hamımız həmişə gülərüz, xoşbəxt və mehriban olacağıq. Müharibələr olmayacaq.

- Onu düz deyirsən, acından ölsək,o biri dünyada müharibə olmayacaq. Ay insan, başa düş, sənin bu axmaqca fikirlərindən bezmişəm. Nə vaxta qədər davam edəcək? Hə? Ya sabahdan gedib özünə iş axtarırsan, ya da mən səndən ayrılıram.
Nigarın belə aqressiv çıxışından məlum olur ki, vəziyyət həqiqətən çətindir. Filosofun atası daha sonra vəziyyətini heç cürə düzəldə bilməmiş, bəlkə də daha pis vəziyyətə düşmüşdü, hətta rüşvətə görə həbs olunma ehtimalını da gözönünə gətirə bilərik. Əgər ata imkanlı olaraq qalsaydı belə dialoq eşitməyə bilərdik.

***

Bəzən elə sözlər olur ki, onları eşitməkdənsə səni döysələr daha yaxşıdır. Filosof özünü 13-cü qabırğasından məhrum olan Adəm kimi hiss etdi. Dayandı və susdu. Nə edəcəyini bilmirdi. Çox yox, bir balaca fürsəti olsaydı, yeməyə, işə ehtiyac qalmayacaqdı. Nigarın dediyi sonuncu cümlə ona pis təsir etdi. Hər nə qədər özünün və insanların xoşbəxtliyi onun üçün önəmli olsa da həyat yoldaşına qarşı vəfasızlıq edə bilməzdi. Onunla birgə yaşadığı 10 il ərzində Filosofun hər dərdinə çarə axtarmış, qeydinə qalmış, lazım olanda cibinə pul da basmışdı. Filosof kefsiz halda yataq otağına doğru getdi. Xoşbəxtliyin düsturunu tapdığı anda yataq otağından çıxması və qonaq otağına keçməsindən sonra başa düşmək olar ki, evləri heç də böyük deyil. Xüsusi iş otağı yoxdur və düşünmə seanslarını elə öz yataq otağında keçirir.

***
Filosofun bundan sonra başına gələnlər və gələcəklər o qədər də maraqlı olmaya bilər, əziz oxucu. Diqqət etdinsə “əziz oxucu” dedim, çünki bütün müəlliflər öz oxucularını sevər, ondan başqa sığınacaq adamı yoxdur. Mən də sizi sevirəm, hekayə sizə sıxıcı və mənasız gəldisə bura qədər oxuduqlarınız bəsdir. Onsuz da bundan sonra 800 söz yazaram, ya da yox. Müəllif olmaq qəribə duyğudur. Öz obrazlarına istədiklərini etdirirsən, onların həyatını istədiyin kimi yaşadırsan. Məsələn, Filosof Nigara desə ki, dur, bir stəkan çay süz, içək, yorulmuşam və Nigar da bunu etsə çox yaxşı görsənər. Bir müəllif olaraq çay istəyirəm, amma onu süzüb qarşıma qoyacaq hər hansı bir adam oyaq deyil. Çox kədərli vəziyyətdir. Hələ bu azmış kimi, qaz çox yazmasın, sayğacda pul qalsın deyə qazın səviyyəsini aşağı endirmək istəyəndə söndü. Hələlik ev istidir, lakin 30 dəqiqə sonra soyuq olacağına adım kimi əminəm. Hərdən mənə elə gəlir ki, bizim yaşadığımız üçölçülü dünya kiminsə qələmindən çıxan yazıdır. Bu yazı bəzilərinin alnına, bəzilərinin həyatına düşür və böyük ehtimalla heç də yaxşı yazı deyil. Xoşbəxtlik düsturunu tapmış biri onu niyə unutsun ki?

Yuxarıda oxuduğunuz son sözlərdən də məlum olur ki, Filosof düsturu unutdu. Gecəni çörək və biraz kolbasa alaraq keçirdilər, səhər Filosof geyinib-kecinib qul bazarına getdi. Yox, səhv yazmamışam və ya siz səhv oxumursunuz. 21-ci əsr, inkişaf, inflyasiyanın aşağı faizli olmağı-filan kimi uydurmalara inansaq, deyə bilərik ki, bizdən gözəl həyat yaşayan insan yoxdur. Günlərini şəhərin mərkəzində keçirən, şəhərin mərkəzinə yaxın yaşayan insanların kədərli söhbətlərinə heç inanmıram. Burda kədər var, amma o uydurmadır, kədərin özü deyil. Onu deyirdim axı, Binəqədidə bir məktəbin yanında elə qulların özü tərəfindən yaradılmış qul bazarında dayanmağa başlaması ilə iş tapmağı arasında heç 3 saat fərq olmadı. Şəhərin digər tərəfində olsa belə, həmin işi qəbul elədi. Gündəlik 15 manata tikintidə fəhlə kimi işə başladı. İşinin ilk günündə evə qayıdarkən o qədər yorğun oldu ki, nə Hegel, nə Kant, nə Marks, nə də Nitşe haqqında düşünə bildi. Deyilənə görə həmin tikinti bitəndən sonra hansısa alman şirkəti fəaliyyətə başlayacaqdı. Filosofa belə şeylər maraqlı deyildi. 10 saatlıq iş rejimi, üstəlik hər gün tıxaclarda və ictimai nəqliyyatlarda itirdiyi 3 saat vaxt onu kifayət qədər yormağa bəs idi. Bəzən işdən sonra güzgünün qarşısına keçəndə özünü tanıya bilmirdi. Bu həqiqi “O”dursa, bəs o biri “O” kim idi?

- Daha xoşbəxtlik düsturu haqqında danışmırsan, nə əcəb?

- Danışmıram yox, danışa bilmirəm. O düsturu tamamilə unutmuşam. Necə olduğunu, necə tapdığımı xatırlaya bilmirəm. Avtobus və ya metroda gülümsəyən, kədərlənən, sevinən, düşüncəli-düşüncəli xəyala dalan insanlar görürəm, onları görən anda beynimin bir küncündə nəsə parıldayır. Mənə elə gəlir ki, onları tanıyıram. Hətta yaxınlaşıb tanış olub-olmadığımızı da soruşuram. Hər dəfə eyni cavabı alıram. Nigar, axı mən onları həqiqətən də tanıyıram. Tanımadığım hər insan, tanıdığım bir ömürdür. Birinin kədərini tanıyıram, birinin sevincini, birinin düşüncələrini, birinin sevgisini və hər dəfə də “məni tanımırsınız” deyirlər. Bu çox qəribədir. Güzgünün qabağında özümə baxanda ürəyim mənə deyir ki, bu sən deyilsən. O anda beynim işə müdaxilə edir və deyir ki, yox, elə bu sənsən. Sən, bu sən olmağa məhkumsan. Sanki, hamılaşmışam, eyniləşmişəm və bir neçə gün öncə beynimdə qurduğum rəngli dünya bir anda yox olub. Məişət problemləri, iş, yorğunluq, əsəb, stress və s. və i. şeylər mənim üzərimdəki düşüncələr tozunu təmizlədi, məni ikiləşmədən qurtardı, çoxları üçün keçərli olan qəlibə saldı. Hər şey yaxşı olacaq, əzizim. Daha heç nə əvvəlki kimi olmayacaq. İki öncə getdiyim bərbərdə güzgünün qarşısında oturan zaman əsl özüm olmadığımı, yamsıladığım bütün həmin adamların məcmusu olan özümü təqlid elədiyimi anladım. Amma mən həmin bərbərin yanına düşüncələrimi götür-qoy eləməyə gedərdim. Bərbərlə birgə qırxılacaq saça, o saçı gəzdirən başa, çiyinlərə, bədənə, güzgüyə baxmağa başlayanda kresloda oturan, güzgüdə tamaşa elədiyimiz adamın “mən” yox, başqa adam olduğunu dərhal başa düşdüm. Bərbərin “Qabaq tərəfdən nə qədər alacağıq?” deyəndə əlində tutduğu bu baş, bu başı gəzdirən boyun, çiyinlər və bədən mənim yox, sanki tamamilə mənə yad olan, tanımadığım birinin idi. Nigar, bərbərin başına gələndən xəbərin varmı? Bərbərin bir qızı var, ərə getmişdi, amma daha sonra aralarında yaranan nəsə söz-söhbətə görə ayrılmalı oldular. Bərbərin qızı 3 uşaqla ortada qaldı. Daha sonra başqa bir evli kişiylə tanış olubmuş və münasibət yaranıb. Evli oğlan öz ailəsini tərk edib, bu qızla evlənmək istəyir. Bərbər də buna etiraz edərək deyib ki, bu hərəkət milli dəyərlərimizə, adətlərimizə uyğun deyil, sonra camaat nə deyər? Buna baxmayaraq, bərbərin qızı üçün nişan gətiriblər, bu yaxında da toyları olacaq. Nişana yaxın bərbərin çox etiraz etdiyini görüb, arvadı ilə qızı birləşib onu döyüblər, indi də küsüb anasıgildə yaşayır. Bizim insanlar niyə belə dəyişdi? Biz ki milli dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxan xalq idi. Nə oldu bizə? Hələ qızın atasının başına üç kiloluq balonu keçirməyindən danışmıram.
Nigar həyat yoldaşının əvvəlcə kədərlənməsini, sonra sevinməsini, gözlərinin parıldamasını, haldan hala düşməsini, xasiyyətinin və dünyagörüşünün əksinə olaraq
qeybətə başlamasını anlamayaraq dedi:

- Səndən də bir söz soruşmaq olmur, qələt elədim. Bayaq hamamı yandırmaq üçün kağız tapa bilmədim. Sənin o çox sevdiyin, üstündə “Das Kapital” yazılan kitabdan bir neçə vərəq cırmalı oldum, bağışla.

- Əşi, problem deyil. Kitabı boş ver, bir çay gətir.

- Doğrudan? Mən elə bildim ki... Kitab önəmli idi axı...
XS
SM
MD
LG