Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

"Səni dərin yatasan saz, qarazurna icad eliyən!"


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 20-liyindən. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.



Rəşid Bərgüşadlı



CƏNGİ

Şəhid dostum Məğrur İsgəndər oğlu Şirinovun əziz xatirəsinə


Qubadlının çox kəndi 30-40 evdən ibarət olardı, hətta 9-10 evdən ibarət kəndlərimiz də vardı.

Bizim Saray kəndi isə vur-tut 36 evdən ibarət idi. Vallah,katofunutərifləyən alverçi kimi çıxmasın, – kəndimizin şənliyini, gözəl adətlərini hələ başqa heç yerdə görməmişəm.

Bir də görürdün ki, gecə saat on birin yarısında kəndin 3-4 ailəsi külfətlikcə – “dəstəittifaq” yığışıb bir-birinə qonaq gedir. Zeynəbin, Şövkətin, İslamın konsertinə təkbaşına baxmağa qıymazdılar. Paçtalyon kəndə girən kimi “Ekran efir” qəzetini almağa tələsərdik. Alan kimi də ilk olaraq həftənin gecə konsertlərinə göz gəzdirərdik. Evdə ailəvi məşvərət keçirər,konsertləri karandaşla dairəyə alıb altından qeydlər edərdik, – “Zəynəbə Xudayargildə, Aşıq Ədalətə Səmərqəndgildə, Arif Babayevə isə Mirzəgildəyik”. Bunu təkcə bizim evdə eləmirdilər – bütün kənd cammatı sabah mal-qaranı nobata qoşanda soruşardılar ki, – “Axşamkı konsertə kimgildə baxacaqsınız?”. Əgər Əlibaba Məmmədovun konsertinə Mirzəgil,Əhmədiyyəgildəbaxmağı planlaşdırıbmışlarsa, deməli biz də onlara yollanardıq.

Çünki, Mirzə dayı ilə muğamata baxmaq başqa bir ləzzət idi. O, gözəl muğam bilicisiydi, biri hətərən-pətərən oxuyanda deyərdi ki, - “Bax, nainsan filan yerini oxumadı”... – hətta, səsi olmasa belə, “boğazları” özü xırdalayardı...Görəsən 15-20 nəfərin darısqal bir otaqda Zeynəb Xanlarovanı dinləməsindən gözəl başqa bir aləm olarmı..? Heç eynimizə dədeyildi ki, birdəncamaatı gecə vaxtı narahat etmiş olarıq. Hələ, bizim yanımızdaca Cəfər dayı yorğanın altında şalvarını soyunub, – “Gecəniz xeyirə qalsın” – deyərək xorhaxor yatanda nə etika, nə bilim daha nə.., heç vecimizə də olmurdu – onun çarpayısının ayağınaca söykənib televizorun gur səsinə qulaq asardıq. Acanda, öz evimiz kimi yemək bişirib yeyər, qazanda ev sahibinin payını saxlayar, qab-qacağı yuyar, konsert bitəndən sonra isə televizoru söndürüb, qapını örtüb evimizə dağılışardıq.

...Amma bu gethagəldə ayrılmaz bir dostum vardı. Bizimkilərin kimgilə getməsindənasılı olmayaraq, dostum Məğrurla ikimiz, konsertin, kinonun dadını sinif yoldaşlarımızdan birinin evində, ya da kəndimizin başında tək-tənha yaşayan Durna nənəgildə çıxarardıq. İkimiz bir qızı sevmişdik – Sarıtelin üstündə yumruq davasına da çıxmışdıq. Lakin sən demə qız başqasına ürək veribmiş. Elə bizi dostlaşdıran da qızın bizi “atmağı” olmuşdu. Durnanənə təklikdən bezdiyi üçün onsuz da evdə tapılmırdı. Açarın yerini bilirdik – qapının kandarındakı qoyun dərisinin altında gizlədərdi həmişə.

Çox vaxt sinif yoldaşlarımızla dərslərimizi də elə bu sakit guşənişində oxuyardıq – yoxsa, dədəmiz itmiş heyvanı axtarmağa göndərəcək, sabah da dərsdə yazı taxtasının qarşısında boynumuzu sallayacaqdıq. Durna nənə də bizi öz balaları qədər sevər, çayımızı-çörəyimizi verib qulluğumuzda durmaqdan elə şövqlənərdi ki, biz də bu sevinci onun əlindən almağa qıymazdıq. Əlimizə keçəndən, Allah verəndən, artıq-urtuqdan Durna nənəgildəki taxcanı doldurmuşduq – onsuz da hamısını axşamlar özümüz yeyirdik. Biz cavanların ikinci doğma eviydi Durna nənənin birgözlü,torpaq döşəməli evi. Ağ-qara “Vityaz” televizorun antennası canımızı boğazımıza yığmışdı. “Raskladuşka”nın alimünium profillərindən düzəltdiyimiz bu antenna şeytan əməli kimi konsert, ya da futbol başlayan kimi özünü qoyurdu gaylığa – televizorun əsməcəsi dayanmırdı. Yumruq yeməkdən zavallı televizorun lakı qopuq-qopuq olmuşdu. Evin damına düşüb-çıxmaqdan azbest şiferləri dəlik-deşik etmişdik. Yağış yağan kimi yazıq arvad qazan-qablamanı düzürdü yağış damcılarının altına – yoxsa, yağış torpaq evin döşəməsini zığ-palçığa döndərirdi.

Elə sürətlə böyüdük ki... Qüdrət dayının bağından son dəfə əzgil oğurlayanda bir boy-buxunumuza, bir də əlimizdəki əzgillərə baxıb xəcalət çəkdik – “Boyumuz-bosumuz yerə girsin!” – dedik. Artıq bizim 18-19 yaşımız vardı. Sonra, lənətəgəlmiş ermənilərin növbəti quduzluq tutması başladı. Əli silah tutan silaha sarıldı – hərə öz kəndini qorumağa girişdi. Uzun sözün gödəyi, onu da bacarmadıq. Vətəni qoruya bilmədik. Arvad kimi qaçdıq. Hər ev, hər məhəllə uğrunda qan tökməyi lazım bilmədik, bəlkə də ağlımıza gətirmədik, bəlkə də ağlımıza salan olmadı... Məğrur isə bacardığını elədi. Qubadlı alınandan sonra Fizulidə vuruşdu. Məngələnata yüksəkliyində minaya düşüb bir ayağını dizdən itirdi, digərini isə güclə kəsilməkdən xilas edə bildi.

Yeyəsizlikdən, başsızlıqdan bezib həm dincimizi almaq, həm də ana-bacılarımızı İmişlinin ilanmələyən çöllərindən yığışdırıb bir quru dam altına soxmaq üçün nəfəsimizi dərmək istədik. Lənət olaydı ana-bacı haqqında düşündüyümüz həmin günə! Məğrurgil və biz Bakıya yorğan-döşəkdən ibarət yükün üstündə zülm ayaqlaya-ayaqlaya düz iki gün yol gəldik.Yük maşının belində oturmaqdan baldırlarımız şişmişdi. Polis şlaqbaumlarını yara-yara İnşaat Mühəndisləri Universitetinin yataqxanasına soxulduq. Hələ bu azmış kimi, dərslərini oxuyan yazıq tələbələrin kitabını balkondan tullayıb, – “Rədd ol get vuruş!” – deyib dalına bir təpik də vurduq, gecə vaxtı isti otaqlarından qovduq. Dədəmizin evi kimi zavallıların otaqlarına yeyələndik. Ta, o vaxtdan sonra düz on-on beş il qovduğumuz tələbələrin bir gün qayıdıb halal otaqlarından biziçıxaracaqları günü səksəkə ilə gözlədik. Amma bu iyirmi ildə gələn olmayıb, bir daha gələcəklərini də gözləmirik. Gəlsələr də çıxan deyilik daha – çox sırtıldıq, çox, lap çox...

Öyrəşdik yayı qızmar küləkli, qışı qar çovğunlu nəşəli Yasamala –sükutu hər gün bir-biriylə boş şey üstündə boğuşanların yataqxana həyatına. Rahat nəfəs ala biləcəyimiz bir təbiət mənzərəsi vardısa, o da ”Qanlı göl” idi. Getdikcə vətənə dönəcəyimizi yadırğayırdıq. İndi bu istəyimizin üstünü çoxdan his basıb – bu arzunu, cini aldadıb şüşəyə soxan kimi şüşəyəqoyub ağzını da tıxaclayarak “Qanlı göl”ün dərinliklərinə tullamışdıq, gölü də qurudub yerini şumladılar...

Günümüzün çoxunu Məğrurla birlikdə “Qanlı göl”ün qırağında keçiririk. Hərdən qoyub gəldiyimiz yerlərin qucağına xəyalların qanadında,göz yaşlarımızı silə-silə elə cumuruq ki, keçiçıxmayan yol-rizləri elə gəzişirdik ki, təkayaq Məğrurun yerişinə çata bilmirdim. Bir gün onu çox kefsiz gördüm. “Bir şey olmayıb ki qaqa?” – deyə soruşdum. Dedi, – “Bayaq televizorda qarazurnada “Cəngi”ni çalırdılar. Rəhmətlik Əliyar müəllim yadıma düşdü.Yadındadır, bizim kənddə mismarla dolu taxtanın üstünə uzanıb biz cavanları sinəsinin üstünə çıxardığı günlər? Rəhmətlik deyirdi ki, – “Bir cəngi çalan ola, qabağımda da alınmaz düşmən qalası, qara zurnanın səsinə o qalanın divarlarını lay-lay gəmirərəm, gövşəyib udaram... Allah rəhmət eləsin, gör nə qədər igidlərin başını yedi bu müharibə... Qaqa, axırımız necə olacaq bizim? Görəsən Allah nə vaxtsa insafa gəlib bizi bu zillətdən qurtaracaqmı? Bilirsən nə arzulayıram? Yadındadır, axırıncı çərşənbədə kosa bəzənib ev-ev gəzib danqa bir manatlıqlar yığdığımız günlər?”

– Hə... Hələ sənə arvad paltarı geydirmişdik və söz vermişdik ki, buna görə pulu böləndə sənə 50 qəpik artıq pul verəcəyik.

– Amma atdınız mənə – vermədiniz...

– Hamısını Rahid elədi. Şeytanladı ki, – “Nağara üçün keçi dərisi gətirmişəm, qamışdan tütək düzəldəndə əlimi kəsmişəm” – qapazladı sənin halal pulunu vicdansız...

– Görəsən neyləyir indi helver Rahid?

– Nə edəcək, Bakı-Sumqayıt elektriçkasında xlor satır.

– Sənin günəbaxan tumundan,“bakkuş”undandırsa onun biznesi daha yaxşıdır ki... Kaş ayağım olaydı, sinif yoldaşlarımızı toplayıb kənd camaatımızın yaşadıqları yerləri tapaydıq və bu çərşənbə yenə kosa bəzəyib ev-ev gəzəydik...

– Səncə bizə yenə pul verərlər?

– Olsa niyə vermirlər ki, lap canlarını da verərlər. Gəlsənə cəhd edək, çərşənbəyə nə qalıb ki, həm də üzlərini görərdik. Gör neçə ildir ki saraylıları görmürük... O gün kəndin evbəevsiyahısını tuturdum. Nə qədər hıqqındımsa 35 evi tapdım – birini tapa bilmədim. Axşam yuxuda Vəligilin evini güclə tapa bildim.

– Evləri təpənin başındaydı axı, ona görə unutmusan yəqin...

...Off.., off!...Üç gün bundan qabaq Fizuli köçkünü, qonşumuz Arif oğluna toy edirdi. Dərd-sərimizi unudub verəcəyimiz nəmərin əvəzini ikiqat çıxarmağın həşirindəydik. Toyun ortasında qara zurnada çalınan “Yallı”nın zil səsinə yerimdən dik atıldım. Təpəmə elə bil bir vedrə qaynar su əndərdilər. Yanımdakılar heyrətlə, – “Nə oldu sənə!” – deyə soruşdular. Qaça-qaça bayıra çıxdım. Əminəm ki, görənlər, – “Yəqin qusmağa qaçdı...” – dedilər. Ancaq bayırda məni elə bir hönkürtü tutdu ki, heçanamın yasında belə ağlamamışdım. Toya nəmər də saldırmadım. Şadlıq sarayının qarşısındakı taksilərdən birinə oturub, – “Yasamal qəbristanlığına sür!” – dedim. Taksi sürücüsü qəbristanlığa girmədi – başdaşı düzəldilən sexin yanında maşından düşdüm. Havalı adamlar kimi, – “Məğrur, ay Məğrur!!!” – deyib, ayaqlarım bir-birinə dolaşa-dolaşa zil qaranlıqda dostumun məzarını fəhmlə tapdım. Kənd yerində kolxozun yoncalığında çaqqallar necə ulaşardısa, mən də elə uladım bu heykəllər qəbristanlığında. Şivənim yatmış ruhları yerindən dikəltdi. Dostumun sinədaşını göz yaşlarımla isladıb tozunusilirdim:

– Bağışla qardaşım, bağışla. Səni qoruya bilmədim, səni nəzarətsiz buraxdım. Sənsiz çox darıxdırıcıdır bu dünya, bu Yasamal. Artıq sənsiz Qubadlıya qayıtmağın ləzzəti də qalmadı qardaş. Gör harda doğulmuşdun, harda torpağa qismət oldun! Bu torpaq səninlə nə qədər qiymətə mindiyini görən bilirmi... Torpağın sotunu 20-30 minə satan nanəciblər görəsən anlayırlarmı ki, sənin o sota qarışmış ruhunu da satırlar..!
Sabahı günəş gözlərini açanda məni Məğrurun sinə daşına söykənib yatan yerdə görmüşdü.

...Novruz bayramı yaxınlaşırdı. Bu çərşənbə kosa bəzəyib Sumqayıtdakı saraylılardan bir neçəsinin evini gəzməyi razılaşmışdıq. Çətini, sinif yoldaşlarımızdan bir-ikisini tapınca idi, qalan işlər yağ kimi gedəcəkdi. Uşaqların yandırıb atdığı “vzrıvpaket” – fitillərin səsindən evdə oturmalı deyildi. Yeriyəndə bir gözün balkonlarda qalırdı ki, bu saat fitil təpəndə partlayacaq. Uşaqlar əlinə keçən taxta, köhnə mebel, maşın təkəri, ağac budaqlarından iri bir qalaq toplamış, “Qanlı göl”ün sahilində Novruz tonqalı üçün tədarük görmüşdülər.

Martın 19-uydu.., həm də Məğrurun ad günü idi – 39 yaşı tamam olacaqdı. Axşamsərini korpusumuzun qabağındakı “Göbələk” kafesində oturub komendantımızşəkili Mübarizin hardansa tapdığı “məftil arağı”nı gillədirdik. Birdən,Məğrur qulaqlarını qarazurnada ifa olunan “Cütcü”yə şəklədi. Bu televizor səsinə bənzəmirdi.

Məğrur:

– Vallah televizor deyil... – dedi.

– Hə, 2-ci korpusda yaşayan kəlbəcərli Qoşunəli və nağaraçı Xanlardır – Novruzqabağı “alətlərini” sazlayırlar gölün qırağında, – komendant Mübariz izahat verdi.

Məğrur mənə:

– Arabamı onların yanına sür qaqa,onlara yaxından baxmaq istəyirəm.

Mübariz:

– Əşşi otur yeməyimizi yeyək, qaçmırlar ki, istədiyin vaxt çağıraram səninçün nə qədər istəsən çalsınlar.

Mən:

– Onu tanımırsan? O ki, qarazurnanın səsini eşitdisə, cilov gəmirən at kimi dartınıb buruntağını qırmayınca rahat durmayacaq. Yaxşısı budur siz davam edin, mən qaqamı sürüm onların yanına.

Məğrur:

– Siz allah inciməyin, çoxdandır canlı qarazurna görməmişəm, mən onların çalğısına yaxından baxmasam bağrım çatlar.

Əlil arabasını pillələrdən endirib “Qanlı göl”ün yanına sürdüm. Çalğıçılara yaxınlaşanda artıq Məğrur çiyinlərini atıb-tuturdu. Bayaqdan içdiyimiz araq və ritmik musiqi onun kefini lap açmışdı. Körpə uşaq kimi gözlərindən sevinc yaşı yağırdı.5-6 nəfər uşaq ortada oynaqlayırdılar. Məğrurun sifəti qızarmışdı, sevinc, həyəcanı bir-birinə qarışmışdı. Biləyi ilə yanaqlarına diyirlənən yaşı silir, əl çalır, arabadaca çiyinlərini ata-ata yerindədingildəyirdi. Balacaların oynamağına elə həvəslə baxırdı ki, az qala özü durub bu saat şıdırığı oynayacaqdı. Ayaqlarının bu saat yerinə qayıdacağını gözləyirdim – elə bil yeri göyə tikmək istəyirdi... “Bu yaraşıqda oğlanı, belə igidi niyə şikəst edirdin Allahım..?”. Sarıteldən sonra bir qızla Durna nənəgildə xəlvəti görüşürdülər. Durna nənə nə qədər işə qarışsa da, Hürzad öz qızını Məğrura verməmişdi, – “Çolağa kim qız verər axı. Qınamayın məni...” – demişdi. Bu da bir dərd olmuşdu ona – içində gömdüyü qönçə bir sevgi, nakam eşq də daşıyırdı Məğrur...
– Qoşunalı əmi, qurbanın olum bir “Cəngi” çalsana... – az qala yalvardı.
“Cəngi”nin ortalarında arabanı altından arxaya itələyib durdu. Durdu... “Vallah ayağa durdun qaqa!!” – deyə qışqırdım. Ancaq kəsilmiş ayağının qatlanmış balağı yerə düşənəcən o da üzüstə yerə sərildi. Uzandığı yerdəcə yeri döyəclədi – indi yumruqlarıyla rəqs edirdi. Hönkürə-hönkürə, torpağı yumruqlaya-yumruqlaya rəqs edirdi. Köməkləşib onu arabasına oturtduq. Ağız-burnunun suyu, gözününmütüyü bir-birinə qarışmışdı. Uşaqlar hürkmüşdülər – qorxudan qaçdılar. Bir bəhanəylə Qoşunalıgil də aradan çıxdılar – neyləsinlər, ağır dərd idi – onların da öz dərdləri vardı – “Hərənin dərdi özünə dəvə boydadı”...

Dostumun boynunu qucaqlayıb onu kiritmək istəyirdim. Amma o dəli kimi hönkürməkdən yorulmurdu:

– Məni tək burax..! – dedi.

– Yox qaqa, mən səni tək qoymaram. Gəl evə gedək...

– Getmirəm! Onda get aşıqları geri çağır, ya da kəlbəcərli aşıq Nizamiyə de sazını götürüb gəlsin...

– Yaxşı... Amma ehtiyatlı ol, mən bu saat qayıdıram.
Qoşunalıgilin dalınca cumdum. Qayıtmaq istəmədilər. Aşıq Nizamigilə qaçdım, Məğrurun vəziyyətini anlatdım. Sazını əlinə götürüb, – “Düş qabağa...” – dedi. Ayağımın altında, başımda partlayan fitillər vecimə də deyildi. Nizami bir-iki balkona boylanıb, – “Sizin südünüzə...” – deyib ləngiyəndə onun qolundan tutub gölə tərəf dartırdım...

...Fitil səslərininiçində itən bir partıltıdan tüklərim biz-biz oldu, –”Bu səs fitil səsi deyildi!”. Aşığı qoyub gölə tərəf götürüldüm. Tapançası olduğunu bilə-bilə onu təkbaşına buraxdığım üçün özümü lənətləyirdim. Məğrurun əlindəki tapança şəhadət barmağından sallanıb qalmışdı. Tapançanı əlindən alıb kənara tulladım. Güllə boynundan dəymişdi. Ağ göynəyi şah damarından bıldır-bıldır axan qanı özünə çəkirdi.O, gülləni beyninə sıxacaq qədər məğrur, qorxmaz biriydi. Sadəcə ölümünü nağdıladıqdan sonra son dəfə sevdiyi saza qulaq asmaq üçün bu fani dünyada bir neçə dəqiqə ləngimək istəmişdi.Bu tapançanı, müharibədə öldürdüyü erməninin üstündən götürmüşdü və həmişə arabasında – döşəkcənin altında gizlədirdi. Bu gün isə silib-təmizləmiş, ad günü münasibətilə havaya “canlı atəş” açmağa niyyətlənmişdi. Nizamiyə bağırdım, – “Tez həkim çağır!”. Məğrur qoymadı, – “Getsən öləcəyəm... Qoy çalsın...” – dedi. Nizami dünyagörmüş daşürəkli kişiydi, pıçıldadı, – “Dəymə, qoy yasinini özüm oxuyum” – dedi. Məğrurun üzü güldü, – “Hə.., oxu...Sarıteli...” – dedi. “Baş Sarıtel”i gözyaşlarıyla çaldı – amma necə çaldı... Mələklərin hamısı yerdəydi, Allah-taala özü də təşrif buyurmuşdu yerə – əzrayılı bu canalmaya buyurmağa qıymamışdı – bu dəfəözü alacaqdı igid canını. Məğrur arabasında göylərlə əlləşə-əlləşə qolu yanına düşənəcən oynadı. Nizaminin göz yaşları, Məğrurun axan qanından da betər idi. Biz ayılanda – Xudavəndi Aləm Məğruru qucağına alıb göylərə qaldıranda – onun üzündə lap Durna nənəgildə Zeynəbin kinserti vaxtı gördüyüm, indi isə yadırğadığım qayğısız sevinci gördüm. Ona toxunmadıq, Allahla vüsalına qarışmağa qıymadıq. Nizami sazını yaxındakı turnikin dəmir dayağına çırpıb, – “Səni lənətə gələsən belə dünya! Sənin tifaqın dağılsın bizi elimizdən didərgin salan! Səni dərin yatasan saz, qarazurna icad eliyən! Bizi yaradan, səni görüm....”– sözünün dalını uddu, dizlərini yerə atıb başını qucaqladı. Məğrur canını tapşırmışdı, üzündə qajıyıb qalmış gülüşüylə birgə ölmüşdü. Onsuz da biz də ölüydük – iyirmi illik ayaqüstü ölülər...

18 mart 2014-ci il
XS
SM
MD
LG