Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Z-lə necə görüşdüm


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 20-liyindən. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Nigar Hüseynova


Z-LƏ NECƏ GÖRÜŞDÜM


Deyirlər ki, həyatda möcüzə olmur. Bəlkə də düz deyirlər, amma bəzi hadisələr sizin düşüncələrinizi elə gözlənilməz şəkildə dəyişir ki, geri dönüb dünənki günə baxanda artıq özünüzü tanımırsınız və başınıza gələnə ürəkdən gülürsünüz.

Belə anlarda sizə elə gəlir ki, həyat məntiqi-xronoloji hadisələr zənciri deyil; o, sadəcə bir möcüzədir, çünki cəmi bir gün ərzində sizin fikirləriniz, ardınca isə bütün həyatınız tam metamorfoz olur. Bu möcüzə deyilsə, bəs nədir?

Danışdığım hadisənin baş verdiyi gün adi bir gün kimi başlamışdı. Səhər tezdən oyananda özümü çox yorğun hiss edirdim. Gecə yuxuda görmüşdüm ki, işə getdiyim zaman birdən özümün çılpaq olduğumu anlayıram. Tam lüt şəkildə insanlar arasında dayanıb onlara nədən çılpaq olduğumu heç cürə izah edə bilmirəm. Utandığımdan küncdə gizlənib bədənimin ən ayıb hissələrini əlimlə örtürəm, sonra isə tualetə qaçıb, məni keç kəsin tapa bilməyəcəyinə ümid edirəm...

Həmin məqamda mən oyandım. Maraq üçün yuxu yozmasına baxıb, oxudum: «yuxuda özünü çılpaq görmək səmimi olmamaq və əslində kim olduğunu ətrafdakılardan gizlətmək anlamı daşıya bilər”.

Tualet və çılpaq bədən haqda yuxumun sözün həqiqi mənasında gələcəkdən xəbər verdiyini heç ağlıma belə gətirə bilməzdim.

Tez-tələsik geyinib, mətbəxə keçdim. Həmişə olduğu kimi bu dəfə də anam yemək yediyim zaman diqqətlə üzümə baxıb hər dəqiqə məndən soruşurdu:

-Elə bu? Yediyin elə budur? Üzünün rəngini görmürsən? Dərin sap-sarıdır, arıqlıq sənə heç yaraşmır.

Söhbəti dəyişməyə cəhd etdim:

- Mən avtomobil almaq istəyirəm. Sürücü vəsiqəsi almaq üçün imtahana hazırlaşıram.

- Ərə gedərsən, ərin səni öz maşınında gəzdirər – dedi anam . – Səbuhi çox gözləməyəcək, anası onu sentyabra qədər evləndirməlidir. Bu dəfə də razı olmasan, ömür boyu peşman olacaqsan ki, ərə getməyib uşaq doğmaq imkanını itirmisən.
Anam evlilik barədə söhbət açanda acığım gəlir.

Səbuhi anamın rəfiqəsinin oğludur. Bir neçə ay bundan əvvəl nədənsə onların ağlına bizi evləndirmək fikri gəlib. Kim bilir, bəlkə də o, çox yaxşı bir oğlandır, amma onu tanımadığım, elə onun da məni tanımadığı üçün bu söhbət məni çox qıcıqlandırır. “Bu ki düzələn məsələdir” deyəcəksiniz, amma başa düşün ki, mən arvad tapmaq üçün anasına və hətta başqa bir şəxsə müraciət edən insanla görüşə bilmərəm. Çünki bu cür insan mənə tam hissiyyatsız məxluq kimi görünür.

Onun haqqında düşünəndə ağlımda yalnız bir mənzərə yaranırdı. Təsəvvür edirdim ki, biz təklikdə qalanda o, yataq otağına girib, səliqəli şəkildə soyunur, paltarlarını stulun başından asır, sonra isə işığı söndürüb mənə deyir: «Uzan, gərək uşaq eləyək. Anam gözləyir».

Amma bundan əlavə onunla tanış olmaq istəməməyimin başqa, hətta daha vacib bir səbəbi də var idi. Amma söz verin ki, mənə gülməyəcəksiniz. İş orasındadır ki, ailə qurmaq haqqında düşünəndə, mən hər dəfə mənim balaca qızımın (əlbəttə ki, gələcək qızımın) mənə yaxınlaşıb atası ilə necə görüşdüyümü soruşduğunu təsəvvür edirdim. Sonra isə ona bizim sevgi hekayəmizi necə danışacağımı ağlımda canlandırırdım və həmin hekayənin qızımın otağında səpələnən rəngli kitablardakı nağıllardan da gözəl olduğunu təsəvvür edirdim.

Siz, yəqin ki, mənim dəli olduğumu düşünürsünüz.

Bəlkə də haqlısınız. Amma mən bunu edə bilməzdim. Balaca qızıma etiraf edə bilməzdim ki, anasının qız qarımasına, atasının isə subay qalmasına imkan verməmək üçün onun nənələri hərəkətə gəlib atasını və anasını evləndirmək fikrinə düşüb.

Əlbəttə ki, bu fikirlərimi anama açıqlamaqdan çəkinirdim.

-Mənə bir ay ver, sadəcə bir ay- anamı dilə tutmağa çalışdım. –Bu müddət ərzində heç kəsə rast gəlməsəm sənin Səbuhinlə evlənərəm. Axı sən bu qədər gözləmisən, bir ay, sadəcə bir qısaca ay da gözlə. Nəhayət ki, anamın mənə yazığı gəldi və divarda asılmış təqvimdə tarixi qeyd edib, evlilik haqqında düşünmək üçün mənə bir ay möhlət verdi.

Anamla razılığa gələndən sonra, sürətlə evdən çıxdım. Işim evə yaxın yerləşir və adətən işə piyada gedirəm. Küçədə o qədər də çox adam yox idi; həmişə olduğu kimi bu dəfə də işə gecikirdim. Qabağımda iki gənc oğlan addımlayırdı. İkisi də balacaboy və arıq idilər. Gəzəndə bir azca kürəklərini əyib bədənlərinin yuxarı hissəsini qabağa atırdılar. Əynindəki geyimləri başdan ayağa qara idi: süni dəridən tikilmiş qara qısa pencək, qara sıx şalvar, qara papaq və burnu uzun qara ayaqqabı. Onlar nə isə qışqırır, hərdən bir söyüş söyüb, bir-birini itələyir və sonra qaqqıltı ilə gülürdulər. Birdən oğlanlardan biri əlini o birisinin çiyninə qoyub kifayət qədər bərkdən dedi: «istəyir it olsun, istəyir pişik . Bir qırmızı deşik olsa bəs edər».

Topuqsuz ayaqqabı geyindiyimə görə onlar arxalarında kiminsə olduğunu gec gördülər və mən yanlarından keçərkən, onlardan biri məni görüb digərinə irad tutdu: «axmaqlama, ağzını yum, görmürsən qız gedir».

Alnımı qırışdırıb, üzümü o biri tərəfə çevirdim. Hər ikisinin küt sifətlərini əzmək istəyirdim. Amma sonra alnımda qırışların əmələ gələcəyi yadıma düşdü və üzümü boş buraxıb iri addımlarla onlardan uzaqlaşdım.

Ofisə gəlib, iş masasının arxasına keçdikdən sonra necə çətin vəziyyətdə olduğumu anladım. Axı kimlə və necə evlənə bilərdim? Özü də bir ay ərzində. Özü də romantik şəkildə qarşılaşmalı idik. Ağlımda bütün keçmiş pərəstişkarlarımı canlandırdım.
Biri var idi, birinci olduğu üçün ona A adı vermişdim. Mən onu məktəbdən tanıyırdım, özü də çox yaxşı oğlan idi, ancaq çox hissiyyatsız idi. O, mənə həmişə deyərdi ki, şeirlərdə məntiq olmadığı üçün onları yadda saxlamaya bilmir. “Riyaziyyat mənə çox asan gəlir. Həmişə aydın bir formul var və həmin formula əsasında tapşırıqları həll edirsən. Seirlərdə isə bir misranın digər misra ilə bağlantısı heç də aydın deyil. Bəzən aralarında heç bir əlaqə də olmur” deyirdi. Amma mənə əksinə, formullar çox qəliz, şerlər isə kifayət qədər məntiqli görünürdü.

Əlbəttə ki, biz buna görə deyil, başqa bir səbəbdən ayrıldıq. Onun sevgi etirafı mənim xətrimə dəydi. Daha dəqiq desəm, sevgi etirafının olmamağı.

Buraxılış günü o, mənə dedi: “Mən sənə ciddi münasibət qurmağı təklif edirəm. Banal etiraflar etmək istəmirəm, ona görə də sənə deməyəcəm ki, səndən ötrü ölürəm və sənsiz yaşaya bilmərəm.” Onun mənə vurulduğunu yaxşı bilirdim, amma bu cür quru etiraf heç xoşuma gəlmədi. Heç olmasa məktəbin kafesinə dəvət edib bir şam yandırardı.

Sonra biri də vardı, adı qoy olsun B. Elə o da pis oğlan deyildi. Mən onunla universitetdə tanış olmuşdum. Ərindən boşanmış qadını sevən dostunu mühakimə etdikdə, mən ondan soruşdum: “mən əvvəllər evli olmuş olsaydım, sən bəyəm məni sevməzdin? ”O, susdu və bundan sonra mən ona qarşı çox soyudum.

Dostluq etdiyim üçüncü oğlan, ondan əvvəl iki oğlanla dostluq etdiyimi kimdənsə öyrəndikdən sonra, özü məndən ayrılmaq istədi. “Sənin haqqında pis danışırlar” dedi. Onun buna inanıb-inanmadığını soruşanda, mənə “mən sənin keçmişinlə yaşaya bilməyəcəm” deyib, başını dizlərimə qoyub ağladı. Elə bil ki, mən keçmişdə adam öldürmüşdüm.

Sonra başqaları da olmuşdu. Onların hərəsini nömrə ilə deyil, hərflərlə işarə edirdim. Axı mən kişilər kimi hissiyyatsız deyildim ki, insanları sıra nömrəsi ilə xatırlayım.
-Bu gün nədənsə çox fikirli görünürsən –mənimlə bir otaqda oturan və çoxdan tanıdığım qızlardan biri dedi. O, məndən yaşca beş il böyükdür və artıq yeddi yaşlı oğlu da var; əri haqqında mənə tez-tez danışsa da, onların necə tanış olduqlarını bilmirdim.

- Sən necə ərə getdin? – ondan soruşdum. – Yəni ərinlə necə tanış olmusan?

-Biz onunla qarpız alanda görüşmüşük. Çox romantik bir hekayə oldu. Mən küçədə qarpız alırdım. Bu zaman o, yaxınlaşdı və mənə qarpız seçməyə kömək etdi. Sonra söhbətləşdik və başa düşdük ki, qonşuyuq. Niyə soruşursan ki?

- Heç, elə belə. Sevginə necə rast gəldiyinlə maraqlandım.

- Mənim ərim uzaq qohumumdur- mənimlə üzbəüz oturan ikinci qadın da söhbətimizə qarışdı.

- Mən ərimlə internetdə tanış olmuşam- üçüncü qız da öz sevgi tarixçəsini bölüşdü.
Nahara qədər vaxt çox tez keçdi. Hərdən bir işimdən ayrılıb, verdiyim sözü yadıma salıb müxtəlif planlar qururdum və gələcək ərimlə necə və harada rastlaşa biləcəyimi düşünürdüm. Bunun mümkün olmasına şübhəm tədricən yoxa çıxırdı. «Sadəcə gərək yaxşı bir planım olsun, bəlkə də bir neçə»- fikirləşirdim. «Bu iş tapmaq və ya universitetə girmək qədər asandır. Düzdür bu günə qədər məndə uğurlu alınmayıb, amma axı mən heç vaxt plan qurmamışam, ona görə »-deyib, özümü ruhlandırmağa çalışırdım. Bu haqda nə qədər çox düşünürdümsə, o qədər də bir ayın çox uzun bir vaxt olduğuna və həmin müddət ərzində yüngüllüklə mənə uyğun gələn birini tapa biləcəyimə inanırdım.

Nahar fasiləsində ofisin yaxınlığında yerləşən Makdonolza getdim. Hərdən təklikdə qalmağı sevirəm, amma özümü tənha hiss etməmək üçün insanların çox olduğu yerləri seçirəm. Bu dəfə də öz planlarımı rahat düşünmək üçün Makdonolza getməyi qərara aldım.

Boynuma almalıyam ki, Makdonolz mənim ziyanlı vərdişimdir. Əslində mən özümə ziyan vurmağın əleyhinəyəm. Kimsə yanımda siqaret çəksə, hətta açıq havada olsa belə, mən həmin insandan uzaqlaşıram. Amma Makdonolz mənim zəif yerimdir. Ziyanlı sendviçləri, yəqin ki, genetik modifikasiyaya uğramış qızarmış kartofu və tərkibi bəlli olmayan kolanı çox xoşlayıram. Amma ən çox xoşuma gələn daimi tərpəniş, səs-küy və basa-bas mühitidir, çünki bu cür mühitdə mən özümü canlı hiss edirəm və fikirlərim daha sürətlə itiləşir.

Kassada pulu ödəyəndən sonra, yeməyimi götürüb yer tapmaq üçün ətrafda fırlandım. Yeməklərini yeyib qurtarmış insanların üzünə diqqətlə baxıb boş yer axtarırdım. Bəlkə kimsə insafa gəlib qalxıb gedər deyə düşünürdüm.

Nəhayət ki, boş masa tapıb, yeməyimi üstünə qoyub oturmaq istəyəndə, tualetə getməli olduğumu başa düşdüm. Əşyalarımı oturacağa qoyub, tez tualetə cumdum.
Amma burdakı vəziyyət heç urəkaçan deyildi! Qadın tualeti üçün uzun bir növbə var idi: ən azı on qadın, üstəlik ikisinin yanında uşaqları. Növbədə durub, bir az gözlədim. İçəridən çıxan yox idi, əcəb vəziyyətə düşmüşdüm. Kartofum soyuyur, özüm isə işə gecikə bilərdim. Üstəlik işim də təcili idi. “Bəlkə kişi tualetinə gedim”- birdən ağlıma gəldi. “Orda deyəsən heç bir növbə yoxdur, həm də bayaqdan heç kəs içindən çıxmayıb, görünür içi də boşdur.” Fikirləşə-fikirləşə oğru kimi kişi tualetinə tərəf astaca addımlamağa başladım. Artıq kişi tualetində olmuşdum. Yalnız bir dəfə, orta məktəbdə oxuyanda. O vaxt təsadüfən tualetə girmişdim. Adi bir tualet idi, adi çirkab kabinələr, adi “Asiya fincanı”, pis qoxu, sınmış kran; bir sözlə qəribə heç nə yox idi.
Elə bu dəfə də tualetə gedəndə, qeyri-adi bir şeylə üzləşəcəyimi heç ağlıma da gətirmirdim. Mən kişi tualetlərinin bədənin məxfiliyi prinsipinə zidd olduqlarını bilmirdim! “Tez girib-çıxaram, heç kəs görməz”- fikirləşib, içəri daxil oldum. Heç kəsin olmadığını görüb, tez kabinəyə keçdim. İşimi bitirəndən sonra, çıxıb qapıya tərəf keçmək istədim... Və az qala huşumu itirdim.

Kabinələrdən qapıya tərəf üç kişi şalvarı aşağı durmuşdu! Mən onların arxalarını aydın şəkildə görürdüm. Əvvəlcə mən onların orda bu şəkildə nə səbəbə durduqlarını başa düşmədim, amma sonra onların nə etdiklərini anladım. Vahiməyə düşüb üzümü əks tərəfə çevirdim. “Mən heç nə görmədim, heç nəyə fikir vermədim” qışqırıb qapıya tərəf atıldım. Başım tam dumanlı idı; üzüm yanır və heç nə düşünə bilmirdim. “Bəs qapı haradadır? Sağda divar, solda divar, elə düz önümdə də divardır!” Həyəcanla düşünürəm, kim bilir, bəlkə də qışqırıram: “mən bura girəndən bəri burda hər şey dəyişib. Qapılar itib, lüt arxalar peyda olub!” “Burda ancaq divardı!” qışqırıb, nə vaxtsa qapı olmuş divarı yumruqlamağa və təpikləməyə başladım. Birdən gördüm ki, divar yerindən tərpənir, sonra isə başımın üstündən keçib ağır qapını itələyib açan bir əl gözümə sataşdı.

Xilaskarın arxamda durmuşdu, və məni bu axmaq və çıxılmaz vəziyyətdən xilas etdiyi üçün ona qarşı minnətdarlıq hissi keçirirdim. Başımı çevirib ona təşəkkür etmək istəyəndə, birdən ağlıma gəldi ki, o, şalvarı aşağı duran kişilərdən biridir. Başımı çevirmədən dərhal tualetdən, sonra isə Makdonolsdan çıxdım, çünki həmin üç şəxsin tualetin divarındakı güzgüdə üzümü gördüklərindən şübhələnirdim və onlarla üz-üzə gəlməkdən qorxurdum. Həm də heç iştahım qalmamışdı.

Küçəyə çıxandan sonra yavaş-yavaş özümə gəlməyə başladım. Dərindən nəfəs alıb gözlərimi yumdum və öz-özümə dedim: «Yalnız iki varlıq mövcuddur. Sən və kainat. Sən kainata bərabərsən. Şalvarını aşağı salmış bir və ya bir neçə kişi kainat üçün heç bir məna kəsb etmir». Gözlərim yarıaçıq olduğu üçün birdən kiminsə mənə yaxınlaşdığını gördüm və onun mənə ünvanladığı sözləri eşitdim:

- Axı siz kişi tualetində nə edirdiniz ?

«Sakit ol. Sadəcə kainat və sən mövcudsan, sən özün də kainata bərabərsən» - deyib gözlərimi tam açdım və göy üzünə baxmağa başladım. Göyün hündürlüyündən və dolğun rəngindən başım gicəlləndi; göyə deyil, qarşımda duran və indicə məndən kişi tualetində nə etdiyimi soruşan oğlanın göy gözlərinə baxdığımı anlayanda başım daha da çox hərləndi. «Ay səma, sən necə də gözəlsən, amma həm də qəddarsan»- düşünüb, oğlanın iri sümüklü üzünə, səliqəsiz saçlarına, mənalı və bir az kinayəli gözlərinə diqqətlə baxmağa başladım.

Həyat bəzən elə qəddar olur ki. Mənasız söhbətlərə vaxt itirirsən, sonra vaxtın olmadığı üçün önəmli şeylərdən vaz keçməli olursan, sevgi axtarıb, planlar qurursan, hər şeyin gözəl olmasını xəyal edirsən, sonra isə qəflətən uyğun olmayan bir yerdə məhz gözlədiyin insanla qarşılaşırsan. Heç bir plan olmadan. Bütün planların acığına.
Onun üzünə baxanda, həyatın bu amansızlığını heç vaxt hiss etmədiyim qədər hiss etdim. Amma bir şeyi də anladım. Bir dəfə hansısa bir kitabda hər insanın içində həm qadın, həm də kişi tərəfinin olduğunu oxumuşdum. O kitabda deyilirdi ki, xoşbəxtliyə çatmaq üçün hər bir şəxs öz ikinci şəxsiyyətini də öz içində tapmağı bacarmalıdır.
Həmin anda o, düz qarşımda dayanarkən, vücudunun mənim vücudumdan fərqli olan hər bir cizgisi məni cəlb edirdi: hündür boyu, mənim çiyinlərimdən daha enli olan çiyinləri, səliqəsiz qırxılmış üzü, iri almacıq sümükləri, hətta mənim yuxarıya qalxan qaşlarımdan fərqli olaraq, aşağı baxan təvazökar qaşları; bunların hamısı maqnit kimi məni cəlb edirdi.

Amma mən həm də görürdüm ki, o mənim kimi bir insandır. Mənim kimi damarlarından qan axır. Məndə olduğu kimi, onda da bir ürək var. O da mənim kimi ağrı hiss edə bilər. Mənim kimi yorğun ola bilər. Mənim kimi zəif və güclü ola bilər. Onu da mənim kimi asanlıqla yaralamaq və hətta öldürmək olar.

Həmin gün baş verən sonrakı hadisələrin heç bir mənası yox idi. Mən onları heç xatırlamıram da.

Evə qayıdandan sonra otağımdakı güzgüdə əksimə baxa-baxa qərar qəbul etdim. Mən heç kəsi heç vaxt heç yerdə axtaran deyiləm. “Öz içindəki kişini tap, qəbul et ki, kişilərdən fərqli deyilsən”- güzgüdəki əksimə deyirdim. Yavaşca otağıma girən anam nə dediyimi eşitdi.

“Mən elə bilirdim ki, sənin nə isə problemin var”- anam dedi. “Oğlan kimi geyinirsən, söyüş söyürsən, qışqırırsan, ev işlərinə də marağın yoxdur. Ərə də getmirsən. Hətta keçən il transseksuallar haqqında məqalə də yazdın”. Anamın gözləri yaşardı və o, otaqdan çıxdı.

Onun ardınca gedib, ona hər şeyi izah etməyə çalışdım.

-Axı sən bilirsən ki, mən uşaqlıqda dəmir konstruktora necə nifrət edirdim. Mən səndən həmişə mənə ancaq kukla almağı xahiş edirdim.

Bu həqiqətən də belədir. Uşaqlıqda mənə daha çox dəmir-dümür konstruktorlar alardılar və onlardan oyuncaq alətlərdən istifadə edib müxtəlif maşınlar və dəmir robotlar hazırlamalı olurdum. Kuklalarım da var idi, amma o qədər də çox deyildi, çünki valideynlərim intellekti inkişaf edən oyuncaqlardan almağa üstünlük verirdilər. Evimizdə tez-tez güzgüyə baxmağa da icazə verilmirdi. Hətta bir dəfə uzun müddət güzgüyə baxdığıma və anamın dediyinə əsasən “özümlə öyündüyümə” görə bir şapalaq ilə cəzalandırılmışdım.

Uşaqlıq yaralarım yadıma düşəndə mən özüm də az qala ağladım.

- Ana, mən bir oğlanla tanış olmuşam, amma hər şey o qədər çətindir ki....
Sonra mən hər şeyi ona danışdım. Ömür boyu səhv insanlarla rastlaşdığımı, özümün də səhvlər buraxdığımı, hər dəfə ürəyim sınanda özümü necə tənha hiss etdiyimi, görüşdüyüm oğlanların yanında tənhalığımın daha da artdığını, kişilərin necə cəsarətsiz olduqlarını, “sevgi” sözünə bəzən nifrət etdiyimi və özüm üçün deyil, gələcək qızıma danışmaq üçün gözəl sevgi hekayəsinə ehtiyacımın olduğunu; bu gün bir oğlanla tanış olduğumu və bizim hansı şəkildə görüşdüyümüzü dəyişməyə qadir olmamağımı...

Danışdıqca anamın necə təəccübləndiyini görürdüm. Nəfəs almaq üçün dayananda, o, soruşdu:

-Sənin deyəsən ağlın çaşıb. Bəlkə də bu mənim öz günahımdır. Sənə atanla necə görüşdüyüm barədə o qədər danışmışam ki, sən də qızına danışmaq üçün gözəl hekayənin olmasını istəyirsən... Sən necə də sadəlövhsən… Mən öz hekayəmi ona görə sevirəm ki, o mənim hekayəmdir. Sən öz hekayəni sevsən, onda o, gözəl olacaq, təkcə sənin üçün deyil, hamı üçün. Özün stereotiplərə qarşı olduğunu deyirsən, görmürsən ki, heç özün də başqalarından fərqlənmirsən? İstəyirsən ki, hər şey “gözəl” olsun, amma “gözəl” “eyni” demək deyil.

Sonra isə o, bərkdən gülməyə başladı.

-Axı kişi tualetinə getmək fikri sənin ağlına necə gəldi? Doğrudan da kabinələrdən kənar pisuarların olmasını bilmirdin?- Sən axı necə belə ağıllı, eyni zaman belə səfeh ola bilərsən. Özü də qaşlarını hamarla, qaşların da, başın kimi göydə uçur...
Növbəti gün mən Z-lə küçədə görüşdüm.

Hava artıq qaralmağa başlayıb və küçənin işıq dirəklərinin sarı zəif işığı ətrafa yayılır. Bəlkə də biz küçənin ortasında dayanıb, yoldan keçən insanlara maneə oluruq, bəlkə də onlar bizə təsadüfən toxunub narazılıq bildirərək, başlarını əsdirir, amma bizim gözümüz ətrafda heç nə görmür.

Bu gün hər şey çox fərqlidir. Çünki bütün kainat bizim ikimizdən ibarətdir.

-Bəs hekayəmiz necə olacaq? – o, soruşur, məni cırnatmaq üçün. Axı biz kişi tualetində görüşmüşük. Dostlarına nə deyəcəksən? Deyəcəksən ki, mənə kişi tualetində ilk baxışdan vuruldun?

- Axı mən sənin üzünü küçədə gördüm. Bədənin o biri hissəsi sayılmır. Deyərəm ki, təsadüfən küçədə üz-üzə gəldik.

- Bəs hekayəndə mənə nə ad qoyacaqsan? Məni öz adımla çağıracaqsan?

- Yox. Sən Z olacaqsan.

-Nə üçün Z? Bəlkə sənin öz adının Z-lə başladığına görə? Bizim eyni bir varlıq olduğumuza işarə edirsən?

-Yox, sadəcə Z əlifbanın son hərfidir. Həm də məndə yalnız “Z” qalıb. Amma mənə heç vaxt keçmiş rəfiqələrindən danışma.

- Bəs birdən biz ayrılmalı olsaq? Onda mən Z olmayacam.

O, gülümsəyir. Mən bilirəm ki, bu zarafatdır.

-Sən həmişə Z olacaqsan. Birdən ayrılmalı olsaq isə… onda başqa əlifbadan istifadə edəcəm,- deyib, onu tikanlı yanağından öpürəm.
XS
SM
MD
LG