Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

“Dahi” ilə görüş


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 20-liyindən. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Cəmilə Məmmədli


“Dahi” ilə görüş


Vəhşi heyvanları xatırladan çığırtılar, sənə tərəf uzanan əllər, quzğun kimi səni izləyən gözlər...

Bütün bunlar kabus kimi səslənir, hə? Mən onsuzda kabusdayam. Əgər kəsif dərman qoxusunu da əlavə etsək, ruhi xəstələr dispanserində.

Boyası çoxdan tökülmüş bu qaranlıq dəhlizdə atdığım hər addım məni bu dəlilər cəhənnəminə itələyir. Bunlar heç susmaq bilməzlər görəsən?! Bəs bu qədər sakitləşdirici dərmanlar hara gedir?! Biri kəssin bunların səsini! Qaçmaq, var gücümlə qaçıb bu lənətə gəlmiş binadan çıxmaq istəyirəm! Etiraf edim? Qorxuram! Onların mənə bir zərər verməsindən yox, onlardan biri olmaqdan... Mənimlə yanaşı addımlayan qadına baxdıqca bu qorxum daha da artır. 50 yaşında olar, ya olmaz. Amma gözləri... Çoxdan ölmüş, məzardan xortlamış birinin gözləri kimi. Bom-boz üz, qırışmış sifət , qara halqa ilə çevrələnmiş, soyuq parıltılı gözlər... Deyəsən ona baxdığımı hiss etdi. Başını qaldırıb, saralmış dişlərini çöldə qoyaraq gülümsədi... Əla! Indi daha çox qorxuram.

- Gənc olmağınıza baxmayaraq çox cəsursuz. Hər adamın işi deyil ilk dəfə bura gələndə qorxudan dəli olmamaq.

Görəsən Azərbaycan dili lüğətindəki bütün sözlər tükənmişdi ki, bu komplementində “dəli” sözünü işlətdi?. Ağlımdan keçənləri deyə bilməzdim. Sadəcə gülümsəməklə kifayətləndim. Yəni “təşəkkür edirəm, amma çox danışmayın”.

- Hardansan?

Marsdan! Ya səbir...

- Bakılıyam.

- Əsl Bakılı? Yoxsa sonradan gəlməsən?
Haralı olduğumu deyəndən sonra bu sualı verməyən bir adama rastlasam, sevincimdən boynuna atılacam. Bir dəqiqə, biz nə vaxt “sən”ə keçdik?! Ya səbir...

- Atam Bakılı idi.

- Bəs baba...

- Elman bəyin otağına çatmadıq?
Qadın gözlərini süzdürüb, əli ilə dəhlizin sonundakı otağı göstərdi. Deyəsən kinayəli şəkildə gülümsədi də. Ya bu mənim kobudcasına sözünü kəsməyimə görə idi, ya da...

- Elman “bəy”in otağı buradı. Təhlükəli deyil, içəri tək girə bilərsiz.
Ya da...

Bu qapının arxasında uşaqlığımın idealı var. Dəfələrlə mükafat almış dahi bir yazar. Elman Cabbarov! Adını eşitmək belə, məni hörmətdən ayağa qalxmağa məcbur edən şəxs. Amma son illər adını ancaq məsxərəyə qoymaq istəyənlər çəkir. İdealım... Mənə özümü tanıdan kitabların müəllifi... Onun kimi olmaq əl çatmaz xəyalım idi. İndi isə...

Qapının dəstəyini tutsamda, aşağı çəkməyə tərəddüt edirdim. Bura qədər yaxşı gəlmişdik, bəs içəridəki adamı gördükdə nə edəcəkdim? İçəri girib, “Salam. Mən uşaqlıqdan bəri sizə heyranam və indi sizə baş çəkməyə gəlmişəm. Dəli olmanız mənim üçün problem deyil.” deyim? Bura qədər gəldim, qapını aça bilərəm. Dəstəyi aşağı basıb, qapını özümə tərəf çəkdim. Özümü cəld içəri atdım ki, tərəddüt etməyim. Hər şeyə hazıram...

Amma buna yox! İki dəmir kənarları olan çarpayı, dəmir barmaqlığı olan balaca pencərə, kiçik masanın yanındakı 2 stul. Pis şərait deyil. Bəs bu nədir?! Adi idman geyimində, saçı saqqalına qarışmış bir adam şahmat oynayır, həm də bir dəli ilə! Mənim içəri girdiyimdən xəbərləri yoxdur deyəsən. Yüngülcə öskürdüm, amma məni vecinə alan olmadı. Bir tək o dəli üzümə baxıb gülümsədi və yenə üzünü çevirib şahmat taxtasına diqqətlə baxmağa başladı. “atı” əlinə alıb o üzünə, bu üzünə baxdı. İnana bilmirəm... 4 dama iləri qoydu!

- “At” elə getmir!

Özümdən aslı olmadan qışqırdım. İkisi də çönüb mənə baxmağa başladılar. Elə bil səhv edən mən idim. Dözə bilməyib, masanın yanına gəldim. “Atı” əlimə alıb, əslində olmalı olduğu yerə qoydum.

- Atlar “L” hərifi kimi ilərləyir ancaq. O “top” deyil ki, düz getsin.

- Sənə kim dedi ki, atlar elə gedə bilməz?

- Necə yəni kim? Şahmatın öz qanunları var axı! Gərək kimsə deyə?!
Uşaq vaxtı bu anın o qədər xəyalımda canlandırmışdımki. Ən sevdiyim yazarla görüşəcəkdim, ona əsərləri haqqında ağlıma olan bütün sualları verəcəkdim, öz yazdığım qaralamalı göstərəcəkdim... İndi isə qarşımda bir “at”ın necə getdiyini belə bilməyən bir dəli var.

- Mən...mən gedirəm. Gedirəm. Aparıram... Aparıram bunu. At mənimdi... mənimdi. – deyən o biri dəli taxta qutunu tərs çevirib, fiqurları içinə doldurmağa başladı.

Amma danışığı kimi, hərəkətləri də təkrardan ibarət idi. Fiqurları 2-3 dəfə qutudan çıxarıb, təzdən yığdı. Qapağı zərblə örtüb, tam örtülməməyinə fikir vermədən qoltuğunun altına qoydu. Elə qapıdan çıxırdı ki, çönüb mənə baxdı.

- Sən-sən pis adamsan. Pis. At mənimdi, mənimdi at.

- Hə, at sənindi. – yalandan gülümsəyə çalışıb üzümü çevirdim.

Tamam həvəsim ölmüşdü. O qədər yol gəlmişəm və başıma gələn hadisəyə bax! Dəlinin biri mənə pis adam olduğu deyir. Onu vecimə alası deyiləm ki!

- Sən pis adamsan. - eşitdiyim

- Nə? Niyə?

- Əgər burnunu oynumuza soxmasaydın, o çıxıb getməzdi. Indi axşama kimi neyləyəcəm mən?!

Düzü özümdə günah görmürəm. Atlar düz getməz axı! yəni sırf şahmat dəsti onundu deyə atların səhv getməsinə göz yummalıdı?!

- Mən sizə şahmat dəsti gətirərəm.

- “Üzr istəyirəm”.

- Nə?

- Deməliydin.

Ayağa qalxıb, qarşımda dayandı. Saçları uzanıb az qala gözünə girirdi. Deyəsən çoxdandı yuyunmadığından üfunət iyi verirdi. Nimdaş paltarının ləkələrindən danışmağa dəyməz! Amma gözləri eyni idi... 9 il əvvəl, ilk dəfə o kitabı əlimə alanda görmüşdüm bu gözləri. Amma o vaxt fərqli idi sahibi. Bahalı kostyum, təraşlanmış bir üz və özündən əmin duruşu ilə qarşımdakı bu adamdan çox fərqli idi. Qəribədi, elə indicə xatırladım ki, mən bura niyə gəlmişəm. Bayaqdan ikrahla süzdüyüm bu adam mənim idealım idi axı və mən onunla tanış olmaq üçün burada idim. Qeyri-iradı əlim kostyumumun ikinci düyməsinə getdi. Qarşında idman geyimində olan biri varsa, pencəyini düymələmək axmaqlıqdı. Əlimi tez yanıma saldım.

- Üzr istəyirəm. Mənim adım Faiq...

- Maraqlı deyil.

Çiynimə yüngülcə toxunub, yanımdan keçdi. Çarpayıya uzandı. Mən isə nə deyəcəyimi bilmirdim. Nə deyə bilərdim ki?! Adımı deməyə belə icazə verməmişdi. Çoxdandı belə alçaldılmamışdım. Otağın ortasında eləcə dayanmışdım. Deyəsən getməliydim. Bir addım geri atıb, dayandım. Bir-iki kəlimə pıçıldadım. Deyəsən “üzr istəyirəm” kimi bir şey idi.

- Məndən yox, bayaq gedən adamdan üzr istəməlisən.

- Niyə? Bilirəm, sizə hörmətsizlik etdim Elman bəy... – kinayəli bir gülüş məni susmağa məcbur etdi.

Elə ürəkdən gülürdü ki, elə bil dünyanın ən məzəli lətifəsinineşitmişdi. Üzümdə narazı bir ifadə ilə gülməyini kəsməsini gözləyirdim. Amma kəsilməkdənsə, qəhqəhə çevrilirdi. Axır ki, bunun adı gülüş olmadığı anladım. Bu dəli gülüşü idi... Neyləyəcəyimi bilmirdim. Çox eşitmişdim, amma ilk dəfə idi ki, şahid olurdum. Onun bu halını görməmək üçün üzümü çevirdim. Düzü qorxdum, hətda qapıya tərəf getmək də keçdi ağlımdan. Fikrimi dəyişdirib cibimdən yaylığı çıxardıb, alnımdan süzülən təri sildim. Qəhqəhə birdən başladığı kimi, elə birdən kəsildi.

- Mənə çoxdandı “bəy” demirlər.
Belə bir cümlə gözləyirdim, amma bu tonda yox. Elə bil... sevinirdi.

- Ola bilər. Vəziyyətinizi nəzər alsaq. Yəni xəstəliyiniz....

- Üzr istəməlisən.

Ya səbr! İlişmiş kaset kimi eyni şeyi təkrarlamaq nəyə lazım axı? Cümləsini qulaqardına vurub, davam etdim.

- Madam ki, məni tanımaq istəmirsiz, niyə gəldiyimi açıqlayım heç olmasa. Sizinlə tanış olmaq istəyirdim, çünki...

- Çünki mən sənin uşaqlıqdan sevdiyin yazaram. 100% kitabxananda bütün kitablarım var, mənim heyranım idin. Dayan bir tapım, məndən ilham alıb yazmağa da başlamısan, hə?

- Siz... hardan? Hə, yəqin məndən əvvəl gələnlər də olub.

- Yox, ilksən.

Etiraf edirəm, bunu gözləmirdim. Əslində onun çoxdan unudulduğunu, saya salınmadığını bilirdim. Hətda birlikdə onun adını çəkəndə, yanına gedəcəyimi deyəndə gülmüşdülər mənə. Amma onu yada salan tək mənəm? Deyəsən nə fikirləşdiyim üzümdən bəlli olur, çünki diqqətlə mənə baxır. Gözlərimi qaçırıb, davam etdim:

- Inanmıram ki, sizin kimi bir yazarı hamı unutsun. Əslində elə günahın çoxu sizdədi. Burda olmağınız...

- Əgər gözündən düşməyimdən bu qədər çox qorxursansa, getsən yaxşıdı.
Bədənimdən gizilti keçdi. Özümə belə etiraf edə bilmədiyim bir şeyi necə bilə bilər axı?! Bəlkə o...

- Yox, özümü dəliliyə vurmuram, doğurdan dəliyəm. Xarici psixatrlar belə bunu təsdiqləyib.

- Siz...necə?

- Sənin nə düşündüyünü bilirəm? Bu çətin deyil. Sadəcə sənin yerinə özümü qoyuram. Uşaqlıqdan sevdiyin bir yazarı böyük kitabxanasındakı dəri kresloda oturmuş yox, dəlixananın otağında, dəlinin biri ilə düz gedən at şahmatı oynayan vəziyyətdə görürsən. Nə düşündüyünü anlayacaq qədər ağlım var hələki.
Aha, onun gözümdən düşməsindən çox qorxurdum. O mənim üçün bir dahi, ideal idi. həmişə onun kimi bir yazar olmaq istəmişdim. Amma axrım belə olacaqsa... Bu dəfə dürüst olacam.

- Bəli, sizin gözümdən düşməyinizi istə...

- Özünə bir stul çək, otur. Bəsdi əzilə-büzülə “siz”lə danışdığın. Adam kimi danış.

- Hə? Amma siz axı...

- Mənim əvvəllər kim və ya nə olduğumun fərqi yoxdu. Indi bir dəliyəm və dəli ilə “siz”lə danışdığını görsələr, səni də burdakı otaqların birinə salarlar.
Burda yaşamağın xəyalı belə məni dəhşətə gətirirdi. Odur ki, balaca uşaq kimi sözə qulaq asıb stulu çəkdim. Çarpayının yox, masanın yanında oturmaq istəyirdim ki.

- Yaxın gəl. Qorxma, dişləmərəm.
Dinməz-söyləməz stulu çarpayıya tərəf çəkdim. Fikirlərim tamam qarışmışdı. Qarşımdakı bir dəli idi. 5 dəqiqə əvvəlki isterik gülüş buna isbat idi, amma dedikləri... Dürüstlük mənə yaramır.

- Nə vaxt burdan çıxacaqsınız...san?

- Güya mən istəsəm buraxarlar? Mən dəliyəm cavan oğlan, normal adamların yanında nə işim var?. Həm bura da pis deyil. Yeməyim, içməyim, əyləncənidəki özün gördün.

- Amma siz yenə kitab yazmalısız. Sonuncu kitabınız yarıda qalmışdı. Onu tamamlayın mütləq!

Elə həmən saniyə dediklərimə peşman oldum. Bayaqdan tavana zillədiyi gözlərini mənə tərəf çevirdi. Dodağı qaçdı. Hiss edirəm ki, gülməyini güclə saxlayır. Böyük ehtimalla məni qorxutmamaqdan ötrü.

- Elə bilirdim bura gələndə “onu elə, bunu elə” deyənlərdən canımı qurtaracam. Sənalla, sən hardan gəlib yapışdın yaxama? Elə vacibdi, özün tamamla.

- Axı... Axı o sizin kitabınızdır! Mən əlyazmanızı oxumuşam, möhtəşəmdir! Tamamlansa, lap elə olar. Bestseller olar, xaricdə belə satılar! Həm mövzusu...

- Dəlixanadakı bir dahinin gündəliyi hə? Çox maraqlıdı, fəlsəfi fikirlər çoxdu, psixologiyanın isə anasını ağlatmışam orda!
Yenə gülməyə başladı. Amma qorxduğumun əksinə bu dəfə qısa çəkdi. Tarıma çəkilmiş əzələlərimi boşaldıb, nəfəsimi çölə buraxdım. Deyəsən bunu hiss etdi. Yenə dodağı qaçdı.

- Cavan oğlan, getsən yaxşıdı.

- Amma məni başa düşmürsüz. Heç kimə deməyəcəm, bilirəm ki, bura o hissləri anlamaq üçün gəlmisiz. Bəs deyil? Hər şəyi gördünüz, yaşadınız hə? İndi qayıda bilərsiz.

Dikəlib, çarpayıda oturdu. Gözlərini mənə zilləyib boş-boş baxdı. Adi insanların gözlərində əsla görə bilmədiyim o soyuq parıltı yenə ordaydı. Eyni o kitapın arxa cildindəki şəklində olan kimi... İndi əminəm, o mütləq buna görə bura gəlib. Əlbətdə! Güya az olub ki, dahi yazarlar əsərlərindəki yerləri, insanları daha yaxşı tanımaq üçün aralarında yaşayıb?. Düzü mən heç eşitməmişəm, amma mütləq olub!

- Ağıllı olmağın ən böyük mənfisi odur ki, sənə axmaq olmağa icazə vermirlər.

- Çünki axmaqlar yığnağında bir ovuc ağllı insan var, onları da itirə bilmərik.

- Sənin ağlllılardan olduğunu kim dedi?

Sual kimi səslənsə də, belə deyildi. Onun baxışından hiss edirdim bunu. Əlbətdə, mənim ağıllılardan olduğumu kimsə deməmişdi. Amma deməlidilər ki? Özüm bunu hiss edirəm. Hamı axmaq-axmaq işlər görür, bir-birlərinə quyruq bulayırlar, quyu qazırlar. 1-2 manat üçün doğma qardaşını öldürməyə hazırdılar. Televiziya da mənasız şouları izləyən, hələ bir onlara gülən axmaqlar bəs?! Gic-gicə dəbdən danışmıram belə! Bəs niyə bunu ona deyə bilmirəm? Elə bil sözlər boğazımda düyümlənib. Ola bilməz ki, bu dediklərimdə yalan olsun? Bu nədi belə?! Öz-özümə şübhə edirəm?!

- Fikir vermə, buranın havasındandı. Adamı ağlından şübhə etməyə məcbur edir.
Alnımda puçurlanan təri əlimin tərsi ilə silib, düz gözlərinə baxdım. Düşündüyüm kimi, mənə gülürdü! Dodağı tərpənməsə də, gözlərində eyni boş baxış olsa da, mənə gülürdü! Bunu hiss edirdim.

- Getsən yaxşıdı.

- Hə.

Ayağa qalxıb, sağollaşmaq üçün əlimi uzatmaq istədim. Yadıma düşdü ki, heç salamlaşmaq üçün əl uzatmamışdım. Indi sağollaşmaq üçün əl uzatmaq axmaqlıq olardı. Qollarımı yanıma salıb, qapıya tərəf addımladım.

- Ondan üzr istəməlisən.
Səbr kasamı daşıran son damla... Əlimi dəstəkdən çəkib, ona tərəf çöndüm. Əsəbi şəkildə bağırmağa başladım:

- Niyə üzr istəməliyəm axı?! Atlar düz getmir! Bunu bilməyəcək qədər axmaq olmasından mənə nə? Dəli olması heç nəyi dəyişdirmir! Atlar düz getmir! Bilmirsə, öyrənsin! Xaricdə dəlilər şahmat yarışlarına qatılır, bizim dəlilərimiz də ağıllılarımız kimi axmaqdı! Atlar düz gedə bilməz, başa düşürsən?! Düz gedə bilməz...

- Onun atını düzəltdin, çünki mənim fillərim eyni rəngli xanalarda idi. Mənim fillərimi düzəldə bilməzdin, mən dahi idim. Amma onun atına qarışa bilərdin, çünki o dəli idi hə? Əslində mənə öyrətmək istəyirdin, hə?

Qapının ağzında qurudum qaldım... Bu sözləri elə sakit tonda deyirdi ki, elə bil balaca uşağa səhvini başa salır. Elə idi. Əslində öyrətmək istədiyim o idi, amma bunu edə bilməzdim. Mənim niyə “maraqlı” olmadığımı anlayırdım artıq. Çünki məni tanımışdı. Adımı, yaşımı, haralı olduğumu, işimi və hətda maaşımı demədən tanımışdı. Gülmək istədim.

- Ondan üzr istə. At onundur, istəyər “L” şəklində aparar, istəyər “O”.
“O” şəklində getsə, başladığı yerə qayıdar axı. Ağlıma gələn bu axmaq fikrə özüm gülümsədim. Görəsən bunu ona deyim? “Cənab dəli, siz mənə həyatımın dərsini verəndə, mən “O” şəklində getməyin axmaqlıq olduğunu düşünürdüm.” - görəsən belə desəm nə olar?

- Salamat qalın.

Otaqdan çıxan kimi dərindən nəfəs aldım. Mən özümə gəlməyə macal tapmamış o qadın yenə yanımda bitdi. Gülümsəyərək mənə baxıb dedi:

- Bitdi danışığınız Elman “bəy”lə?

Qəribədi, bu dəfə “bəy” sözünü xüsusi vurğu ilə deməsi məni qıcıqlandırmadı. Əksinə, gülümsədim. O da bundan cəsarət alıb, biraz da yaxınlaşdı. Allah eşqinə, bu dişləri fırça ilə qovuşdurun!

- Bəli, danışdım.

- Onda sizi çölə qədər ötürüm.

- Çox sağ olun.

- Aa, demədiz axı, babanız hardan idi?

- Zaqataladan.

- Hmm, nə yaxşı.

Qadının üzündəki “bilirdim!” baxışına məhəl qoymayıb addımlarımı yeyinlətdim. Mümkün qədər tez burdan çıxmaq istəyirdim. Amma xanım “yeriyən 150 kilo” mənə çatmağa çətinlik çəkdiyindən yavaşlamalı oldum. Yenə bu qışqırıqlar... Artıq özümü “cəsur” göstərməyə ehtiyac yoxdu, barmaqlarımla qulağımı tıxayacam. Bu dəlilərin...

- Elman bəyin otağındakı o adamı tanıyırsız? O sözləri bir neçə dəfə təkrarlayan, arıq, uzun adamı deyirəm? Şahmat dəsti var.
Axır ki, qadın kimdən danışdığımı anlayıb başını yellədi. çiynini çəkib, iyrənirmiş kimi üz-gözünü turşudub dedi:

- Qariki deyirsən? Hə, bilirəm. Nolub ki?

Artıq burdaki iydən başım gicəllənməyə başlayırdı. Hələ bağırışmaları demirəm. Heç halına tafavüt etməyən qadına paxıllıq edirdim. O isə hələ də məndən cavab gözləyirdi... Dodaqlarımı bir-birinə sıxıb, qaşlarımı çatdım. Dərindən nəfəs alıb, az qala dişlərimin arasında fısıldadım:

- Məni onun otağına aparın zəhmət olmasa...

Son
XS
SM
MD
LG