Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:31

Hamdi Köçər: «Azərbaycandan gələn 2 min xəstədən yalnız 100-də xərçəng tapdıq»


Hamdi Köçər
Hamdi Köçər
-

Bir müddət Azərbaycanda özəl tibb klinikaları ilə əməkdaşlıq etmiş türkiyəli cərrah, süd vəzilərinin xərçəngi üzrə mütəxəssis Hamdi Köçər «Facebook» profilində Bakıda fəaliyyətinə imkan verilmədiyindən şikayətlənib. Hazırda İstanbulda çalışan həkim AzadlıqRadiosuna telefonla müsahibəsində buna belə aydınlıq gətirib:

- Bakını könüllü tərk etmədim. Çalışdığım xəstəxanalara zəng vurub, rəhbərliyə təzyiq edirdilər ki, məni işdən çıxarsınlar. Əks halda, xəstəxananı bağlayacaqlarını deyirlərmiş. Üstəlik, birbaşa klinika sahibləri ilə danışırlarmış. Kimlərin zəng vurduğunu bilmədim. Baş həkimlər üzr istəyib deyirdilər ki, səninlə artıq işləyə bilməyəcəyik, yoxsa xəstəxananı bağlayacaqlar. Sonuncu – dördüncü klinikadan da bu səbəblə ayrıldım. Bilirəm, Bakıda bir çox xarici, özəlliklə Türkiyə həkimləri çalışırlar. Fikrimcə, problem məhz onkoloji sahədə çalışmağımdan qaynaqlanır...

«AZƏRBAYCAN HƏKİMLƏRİ XƏSTƏLİK OLMAYAN MASTOPATİYANI MÜALİCƏ EDİRLƏR»
- Bunun səbəbi nədir: İşinizdəki nöqsanlar, rəqabət mühiti, ya nələr?

- Bu söhbətləri Azərbaycanda işləməyə imkan vermirlər deyə etmirəm. Madam soruşursunuz, səmimi olum. Danışdığıma görə ordan uzaqlaşdırılmışam. Bakıya gedən gündən deyirdim ki, mastopatiya adlı bir xəstəlik yoxdur, çünki mastopatiya döşün normal quruluşudur, müalicə olunmaz, xərçəngə çevrilməz, əməliyyat edilməz. Amma Azərbaycanda həkimlərin çoxu mastopatiyanı müalicə edirlər, döşdə əməliyyat aparırlar. Mən mastopatiyanın müalicəsini aybaşını müalicə etməyə bənzədirəm. Bütün süd vəziləri hər ay böyüyür, ağrıyır, həssaslaşır. Bunu bütün qadın həkimləri də bilir, endokrinoloqlar da. Anlamadığım səbəblərlə Azərbaycanda bunu müalicə etmək istəyirlər. Mən də ora gəldiyim gündən bəri televiziya proqramlarına qatılıb söyləyirdim ki, mastopatiya adlı bir xəstəlik yoxdur. O cümlədən, süd vəzindəki «kista»ların nə əməliyyata, nə də hər hansı müalicəyə ehtiyacı var. Məncə, bu maarifləndirici təbliğatım kimlərinsə xoşuna gəlməyib.
- Hamdi bəy, ola bilərmi ki, Azərbaycan həkimləri çağdaş tibbin yeniliklərindən xəbərsiz qaldıqlarından mastopatiyanı xərçəng simptomları sayır və əməliyyat yolu ilə qarşısını almaq istəyirlər?
- Bu məsələyə şərh vermək istəməzdim. Çünki mən orda bir çox savadlı, çalışqan həmkarımın olduğunu bilirəm. Amma dediyim məsələnin nədən qaynaqlandığını bilmirəm. Mən Almaniyada, Fransada çalışdım, mastopatiya adlı xəstəlik yoxdur, – bilirəm. Nədən bunun müalicəsi üçün torba-torba dərmanlar yazırlar, – bax, bunu anlamıram.

«BİLMİRƏM, BAKIDA DƏQİQ ANALİZ APARILIR, YA YOX»
- Azərbaycanda döş xərçənginin geniş yayıldığı deyilir və statistika da bunu təsdiqləyir. Bütövlükdə xərçəngin dəqiqləşdirilməsi, xərçəng diaqnozunun qoyulub-qoyulmaması nə dərəcədə qəliz məsələdir və bu baxımdan Azərbaycanda xərçəng statistikasına nə dərəcədə inanmaq olar?

- Orada çalışdığım müddətdə xərçəngdən şübhələndiyim xəstələrin iynə ilə biopsislərini edirdim. Sonra bu analizləri İstanbula gətirib, patologiya üzrə mütəxəssislərə verirdim. İşdir, xərçəng çıxardısa, onda xəstəni İstanbula çağırıb əməliyyat edirdim. Azərbaycanda patologiya üzrə yalnız bir nəfər mütəxəssislə tanış oldum, o da Türkiyədən Ləvənd bəy idi. Milli Onkologiya Mərkəzində işləyirdi. Onunla söhbətimdən öyrəndim ki, Azərbaycanda patologiya üzrə həkim yoxdur. Patologiya uzmanı – mütəxəssisi deyərkən, bu sahədə 4 il boyunca uzmanlıq təhsili alan, beynəlxalq diplomu olan həkimi nəzərdə tuturam. Yoxsa Azərbaycanda patologiya üzrə birillik təhsili olan və ya xaricdə bir neçə ay çalışmış həmkarlarım var. Onların da əməyinə sayqım yetərincədir. Ancaq xəstələrimə daha güvənli və dəqiq analiz nəticəsi almaq üçün mən nümunələri İstanbula gətirirdim. Bilmirəm, Bakıda dəqiq analiz aparılır, ya yox. Amma bunu gördüm ki, Azərbaycanda xəstələrin əlində patoloji analiz nəticələri yoxdur, di gəl, onlara əməliyyat olmalarının vacibliyi söylənib. Azərbaycandakı iş sistemi fərqlidir. Mən Türkiyədəki, Qərbdəki sistemi orda qurmaq istədim. Biz xəstəyə bir diaqnoz qoyduqsa, o diaqnozu mütləq sənədlə, analiz nəticəsi ilə təsdiqləməliyik. Buna dünyada sübuta dayanıqlı təbabət deyilir. Analizin nəticəsi xəstəyə verilməlidir, bundan sonra o, əməliyyat üçün istədiyi həkimin yanına gedir. Amma siz xəstəyə analizin nəticəsini verməsəniz, o, sizə məhkum qalar, ya da başqa həkimin yanına gedərsə, yenidən ondan analiz götürmək məcburiyyəti yaranar.
- Hamdi bəy, 4 ildə sizə üz tutan adamlardan neçəsinə xərçəng diaqnozu qoydunuz? Əlinizdə bir statistika var?

- Əlimdə bütün xəstələrimin bilgiləri var. Azərbaycandan 2 mindən çox xəstəm olub. Bunların, uzağı, 100-ü gerçəkdən xərçəng xəstəsi olub. Yerdə qalanların çoxuna Bakıda təklif edilən əməliyyata ehtiyac olmadığını gördüm. Bunların 90 faizi döş ağrısı ilə gəlib, ya da süd vəzisində şiş diaqnozu ilə.
- Sizcə, onkoloji xəstələr yalnız ixtisaslaşmış klinikalarda müalicə və ya əməliyyat olunmalıdır, yoxsa bu elə də önəmli deyil?

- Türkiyədə xərçəng əməliyyatını bu sahədə ixtisaslaşan hər həkim edə bilər. Bütün xəstəxanalarda isə ümumi cərrah həkim süd vəzisində əməliyyat apara bilər. Amma bundan sonra xəstəni onkoloqun görməsi, müayinə və müalicəsi vacibdir.

«XƏSTƏLİYİN MİLLİSİ NECƏ OLUR?»
- Onkoloji xəstələri çox narahat edən bir sual: əməliyyatdan sonra kimyəvi terapiya istənilən klinikada gerçəkləşdirilə bilər, yoxsa yalnız onkoloji mərkəzlərdə?

- Türkiyədə onkoloji klinika deyilən, özəlliklə «milli onkoloji» deyilən bir yer yoxdur. Əslində anlamıram, xəstəliyin millisi necə olur? Milli himn, milli mədəniyyət, milli tarix olur, amma xəstəliyin, müalicənin millisi necə olur, mən bunu anlamadım. Türkiyədə şüa cihazları çox bahadır. Xüsusən dövlət xəstəxanalarında, universitet klinikalarında, hər şəhərdə şüa müalicəsi imkanı var. Son illərdə xərçəng əməliyyatı, şüa terapiyasını özəl klinikalar da gerçəkləşdirir. Onkoloji əməliyyatları özü edən, başqasına izn verməyən monopoliya sistemi, şükür ki, Türkiyədə yoxdur.
- Azərbaycanda nəyə ehtiyac daha çoxdur: ixtisaslı həkimlərə, yoxsa modern texnologiyaya?

- Hər ikisinə ehtiyac var. Zatən söhbətin əvvəlindən bəri bu sahədə gördüklərimi, müşahidələrimi sizinlə bölüşdüm. Orda yaxşı həkimlər var. Mənim vurğulamaq istədiyim budur ki, orda uzman həkimlərin sayı artmalıdır və düşünürəm ki, bu, çox önəmlidir. Uzman həkimlərin sayı artdıqca, ölkədə sağlamlıq durumunun səviyyəsi də yüksələcək.
XS
SM
MD
LG