Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:33

"Gənc şairlərin yazdıqları heç nədir"


Cabir Umud (sağda) və Namiq Hüseynli
Cabir Umud (sağda) və Namiq Hüseynli
-

"Televiziyalarda saz lağ hədəfinə çevrilib, sazımızı niyə bu günə qoyuruq, bu ki, bizim türkçülüyümüzün bəlkə də qədimdən bəri gəlib çatan yeganə nişanəsidir".


«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz şair Cabir Umuddur. (Onluqdakı şeirlərini oxu)


- Cabir bəy, bildiyimə görə ixtisasca həkimsiniz, bəs şeirlə tanışlığınız necə baş verdi?

- Mən əslən sazın-sözün məskəni olan Kəlbəcərdənəm. Deyim ki, şeir mənim üçün birinci yerdə dayanır, həkimlik ondan sonra gəlir. Mənim atam Kəlbəcərdə tanınmış şair Bağban Umuddur. Ədəbiyyata orta məktəbdən maraq göstərmişəm. Ədəbiyyat arxasınca da getmək istəyirdim, ancaq böyük qardaşımın məsləhətiylə tibb sahəsində təhsil aldım. Uğurlu bir həkim oldum. 1993-cü ilə qədər hər şey yaxşı gedirdi. 93-cü ildə Kəlbəcər işğal olundu. Bu mənim yaddaşımda ən ağrılı səhifələrdən biridir. Sonra mən Bakıya gəldim. İlk kitabım “Qəm dəyirmanı” 2004-cü ildə çıxıb. Onun ardınca cinas bayatılardan ibarət bir kitabım çıxdı. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Azərbaycan ədəbiyyatında bayatı janrında yazan yeganə şair bəlkə də mənəm. Mindən çox cinas bayatı yazmışam. Kitabımda onların 430-nu toplamışam.

- Bayatı janrına indi maraq qalıbmı? Düşünürsünüz ki, bayatının gələcəyi var?

- Bayatı köhnəlmişdirsə, təzə nəyə deyirsiniz? Şeirdə müasirlik deyil, zamanında və məqamında uğurlar olur. İndi modern şeir deyə bir şeir növündən danışırlar, şəxsən mən onu qəbul etmirəm. Bilirsiniz mən bayatı yazıram, əgər bu mənim kökümdən, qanımdan, nəslimdən, soyumdan gəlibsə onu necə modern bayatı edim. Məgər biz köhnə şeirimizi təbliğ etdik, öyrətdik ki, indi təzənin də arxasınca gedək? Əgər bayatının iki misrası ilə 300-400 səhifəlik modern şeirin dediyini deyə bilirəmsə onda o müasir şeir mənim nəyimə lazımdır. Şeirdə əsas məzmundur, duyumdur, ruhdur.

- İndi Qarabağın müxtəlif bölgələrindən, Kəlbəcərdən, Laçından, Zəngilandan xeyli sayda şair var. Qarabağ münaqişəsi, onun nəticəsində yaranan qaçqınlıq xeyli adamın şair olmasına stimul verdi. Siz necə düşünürsünüz?

- Bu fikirlə razı deyiləm, insanı heç bir hadisə şair etmir, insan şair doğulur. Özünü zorla şair kimi qələmə vermək istəyənlər indinin özündə də çoxdur. Amma əsl şair başqa şeydir. O ki qaldı vətən dərdinə, bəli, o dərd şairlərin əbədi dərdlərindən biridir. Mən özüm 2013-cü ildə Kəlbəcərdəki Ağdaban qətliamına həsr etdiyim “Burda bir kənd vardı” adlı poemamı kitab şəklində çap etdirdim. Oxuyanların, bilənlərin dediyinə görə orda xalqın dərdini kifayət qədər dərindən əks etdirə bilmişəm.

- Azərbaycan şairlərindən kimləri oxuyursunuz? Gənc şairlərdən kimləri bəyənirsiniz?

- Mənim orta məktəbdə ədəbiyyat müəllimim şair Məmməd Aslan olubdur. O mənim şeiriyyatıma böyük təsiri olan birisidir, elə gün olmur ki, ona zəng vurub hal-əhval tutmayım.
Cabir Umud
Cabir Umud


Gənc şairlərə gəlincə isə, mən onları nə tanımıram, nə oxumuram. Onlar nəsə yeni bir şey yazmağa çalışırlar, modern şeir yaratmağa can atırlar, hər şeydən yazırlar da, amma onların yazdıqları heç nədir. Bir yaxınlarda Aqşin Yenisey adlı gənc bir şair radioda çıxışında dedi ki, “muğam mənəvi dimedroldur”, Füzuli dədəmizə dil uzatdı, indi belə bir adamı şair hesab etmək olarmı? Bir dəfə də həmin bu gəncin vətəndaş nigahından danışdığını görəndə, yandım-yaxıldım, özünə Azərbaycan türkü deyən kəs, bu haqda necə danışa bilər?

- Müsahibənin əvvəlində dediniz ki, saza, aşıq musiqisinə bağlısınız. Aşıq şeirinin və musiqisinin indiki vəziyyətindən razısınızmı?

- Mən mənşə olaraq saza bağlı adamam, özüm çox yaxşı saz ifa edirəm. Sazla bağlı silsilə şeirlərim var. Amma sazın, aşıq şeirinin indiki vəziyyəti ürəkaçan deyil. Sanki bilərəkdən sazı gözdən salırlar. Bir dəfə televizorda Aşıq Mübarizin sazda muğamat ifa etməyinə baxdım, saza münasibətinə şahid oldum, çox böyük məyusluq keçirdim. “Bütöv Azərbaycan” qəzetində iki qoşa səhifədə saza qarşı bu aşağılayıcı münasibətdən bəhs edən bir məqaləm çıxdı. Televiziyalarda saz lağ hədəfinə çevrilib, sazımızı niyə bu günə qoyuruq, bu ki, bizim türkçülüyümüzün bəlkə də qədimdən bəri gəlib çatan yeganə nişanəsidir.

Söhbətləşdi: Namiq Hüseynov
XS
SM
MD
LG