Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:45

Rauf Mirqədirovun vəkilləri Baş Prokurorluğa müraciət etdi


Rauf Mirqədirov
Rauf Mirqədirov
-

Mayın 27-də jurnalist Rauf Mirqədirov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı baş prokurorluğa və işi aparan müstəntiqə müraciət edilib. Vəkillər hesab edir ki, jurnalist həm saxlanan, həm də atasının yasına buraxıldığı zaman hansısa qanun pozuntusuna yol vermədiyi üçün həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizamla» əvəzlənməlidir:

Vəkil Elmar Süleymanov:
«Biz müraciətdə yazmışıq ki, «ziyalı ailəsində doğulmuş, Azərbaycanda və dünyada yaxşı tanınan R. Mirqədirov illərdir «Ayna-Zerkalo» ictimai-siyasi qəzetində jurnalist kimi çalışıb. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə dair bir çox analitik məqalələrin müəllifi olub. Rauf Mirqədirov öz yazılarında düşmənlərin Azərbaycanın ərazi bütövlüyünə, Qarabağın Azərbaycanın tərkibində olmasına qarşı və ölkənin iqtisadi cəhətdən zəifləməsinə yönələn siyasətini dərindən təhlil etmiş və baş verə biləcək neqativ nəticələr ilə bağlı fikirlərini bölüşüb. O, qondarma ittihamla özünü təqsirli bilmir və ittihamı əsassız, həqiqətdən uzaq, həm də Azərbaycanın maraqlarına ziddi hesab edir. Bundan başqa Rauf Mirqədirov həm saxlandığı, həm də atasının yasına buraxıldığı müddətdə hər hansı qanun pozuntusuna yol verməyib. Nümunəvi davranış göstərib, istintaq sirrini yaymayıb».

Vəkillər müraciətdə yazılanları əsas gətirərək hesab edirlər ki, Baş Prokurorun müavini Rüstəm Usubov məhkəmə qarşısında təqdimatla çıxış etsin və Rauf Mirqədiov barəsində həbs qətimkan tədbiri «başqa yerə getməmək haqda iltizam»la əvəzlənsin.

PREZİDENT VƏ XANIMINA DA MÜRACİƏT EDİLDİ

Bu arada isə jurnalistin anası Rəfiqə Mirqədirova isə prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

O, özünün yaşlı olmasını və həyat yoldaşının da bu günlərdə vəfat etməsini nəzərə alaraq, övladlarının həbsdən azad olunmasını istəyir: «Göstərilən məqalələrində əgər həqiqətən səhv edibsə, kiminsə könlünə toxunacaq bir hissə varsa, keçsinlər», deyə müraciətdə qeyd olunur.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da bu ölkədən deportasiya olunub. Elə həmin gün də Bakıda həbs edilib.

Dövlətə xəyanətdə ittiham olunan jurnalist 3 aylıq həbs edilib. Jurnalist ittihamları qəbul etmir. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlan jurnalist bu günə qədər istintaqa ifadə verməkdən imtina edir.
XS
SM
MD
LG