Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:34

«Tacsız sultan-M.Ə.Rəsulzadə» (IV hissə)


Məmməd Əmin Rəsulzadə
Məmməd Əmin Rəsulzadə
-
Azərbaycan Cümhuriyyətinin böyük yubileyinə – 100 illiyə cəmi 4 il qalıb. AzadlıqRadiosu İstiqlalın 96-cı ildönümü ərəfəsində Rəsulzadə irsinin araşdırıcılarından tarixçi alim Aydın Balayevə üz tutur.
--Aydın bəy, Rəsulzadəni tez-tez nasistlərlə fəaliyyətdə suçlayırlar. Lütfən, bir daha bu məsələyə aydınlıq gətirin...

– Öncə onu qeyd etməliyəm ki, burada söhbət, faktiki olaraq, Üçüncü Reyx nümayəndələri ilə əməkdaşlıqdan deyil, əməkdaşlığa cəhddən gedir. Çünki Azərbaycanın istiqlalının Almaniya tərəfindən qabaqcadan tanınması məsələsində M.Ə.Rəsulzadənin tutduğu prinsipial mövqe səbəbindən həmin əməkdaşlıq konkret məzmun almamış dayandırıldı. Bu səbəbdən də Məmməd Əmin bəy Almaniyanı tərk etdi və təşəbbüs Ə.Fətəlibəyli-Düdənginski başda olmaqla Azərbaycan mühacirətinin yeni nəslinin nümayəndələrinin əlinə keçmiş oldu. Sonuncularsa Azərbaycan xalqına utanc gətirə biləcək hər hansı bir günahın sahibi deyillər. Əksinə, onlar Azərbaycanın milli iftixarı olan şəxslərdir. Çünki İkinci Dünya Müharibəsi cəbhələrində Üçüncü Reyx uğrunda deyil, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda, insanlığa qarşı törətdiyi cinayətlərin miqyasına görə alman nasional-sosializmini belə qat-qat üstələmiş rus bolşevizminə qarşı vuruşurdular. Hər halda ATƏT Parlament Assambleyasının bir neçə il əvvəl qəbul olunmuş qətnaməsində kommunizm faşizm ilə eyniləşdirilərək, cinayətkar ideologiya elan edilmişdir.

Rəsulzadə və digər Azərbaycan mühacirlərini hitlerçilərlə əməkdaşlıqda ittiham edənlərin böyük əksəriyyəti ölkəmizin ruslar tərəfindən işğalında və onun 70 illik əsarətdə saxlanılmasında xüsusi rol oynamış insanların nəvə-nəticəsidir. Onlar bu vasitə ilə öz babalarının Azərbaycan qarşısında həqiqi cinayətlərini ört-basdır etmək istəyirlər. Amma yaddan çıxarmasınlar ki, Azərbaycanı 200 il ərzində öz müstəmləkəsinə çevirən Almaniya yox, Rusiya olmuşdur. 30-cu illərdə Azərbaycan cəmiyyətinin «qaymaq»larını məhv edən də alman nasional-sosialistləri deyil, rus bolşevikləri idi...

Digər tərəfdən, hitlerçilərlə əməkdaşlığın əsasını Azərbaycan mühacirlərindən xeyli əvvəl Stalin və onun silahdaşları qoymuşlar. Məhz Stalin 1939-1941-ci illərdə Hitler-in strateji müttəfiqi olmuşdur. Ta 1941-ci ilin 22 iyununadək Almaniyanın neftə olan tələbatının 1/3 hissəsini Stalin ödəyib. Bu o deməkdir ki, II Dünya müharibəsinin ilkin mərhələsində Avropa dövlətlərini bir-birinin ardınca işğal edən alman ordusundakı hər üç tankdan biri, Britaniyaya amansız hava zərbələri endirən hər üç alman təyyarəsindən biri sovet yanacağı ilə işləyib.

Azərbaycan legionerlərinin faşistlər tərəfində vuruşmasının səbəblərini Ə.Fətəlibəyli-Düdənginski hətta anadangəlmə abdalların belə anlayacağı bir dillə izah etmişdir: «Stalin Hitler-lə əl-ələ verib Polşanı bölüşdürəndə, Baltik dövlətlərinin müstəqilliyini ayaqlar altına atanda, Finlandiyanı darmadağın edəndə biz böyük ümidlərlə İngiltərə, Fransa, Skandinaviya və digər Avropa ölkələrinin SSRİ-yə müharibə elan edəcəyi günü gözləyirdik. O zaman biz onların həm Stalin-ə, həm də Hitler-ə qarşı mübarizəsində təbii müttəfiqləri ola bilərdik. Heyhat... hər şey başqa cür oldu. Qərb dövlətlərinin milli maraqları onları SSRİ, bizi isə Almaniya ilə bağladı. Qərb dövlətləri bizim xətrimizə Kremllə müttəfiqlikdən imtina etmədikləri kimi, biz də onların xətrinə babalarımızın ənənələrini tapdalayaraq, xalqımızı kölə halına salmış Böyük Rusiya və ya Sovet İttifaqı uğrunda vuruşa bilməzdik».
--Deməli, Rəsulzadə Türkiyəyə bir də 1947-ci ildə gələ bildi... Türkiyə mühacirlərə münasibətdə nə dərəcədə dəyişmişdi?
Aydın Balayev
Aydın Balayev

– Maraqlıdır ki, hələ 30-cu illərin sonlarında Ankara bir çox Azərbaycan mühacirinə, o cümlədən M.Ə.Rəsulzadənin yaxın silahdaşlarından Mirzə Bala Məmmədzadəyə Türkiyəyə dönmək üçün icazə versə də, Məmməd Əmin bəyin bu istiqamətdə göstərdiyi cəhdlər uğursuzluğa düçar oldu. Ona qarşı belə bir sərt münasibətin sərgilənməsi bununla şərtlənirdi ki, M.Ə.Rəsulzadənin Azərbaycanın istiqlalı məsələsində prinsipial və dəyişməz mövqeyindən yaxşı xəbərdar olan Ankara Moskva ilə münasibətlərdə özünə əlavə problemlər yaratmaq istəmirdi.

Yalnız 1945-ci ilin əvvəlindən etibarən sovet-türk münasibətlərində yaşanan gərginlik, Kremlin Türkiyəyə qarşı ərazi iddiaları bu sahədə vəziyyətin dəyişməsinə gətirib çıxardı. Nəhayət, Türkiyə hökuməti 1947-ci ilin sentyabrında M.Ə.Rəsulzadə ilə bağlı müsbət qərar qəbul etdi və bu da ona elə həmin ilin sonunda Türkiyəyə qayıtmaq imkanı verdi. Lakin Türkiyə ilə SSRİ arasındakı münasibətlər, əslində, müharibə həddinə çatsa da, şərtlər dəyişməz qalırdı – Məmməd Əmin bəy Azərbaycan istiqlalının bərpası uğrunda açıq siyasi fəaliyyətlə məşğul olmamalı idi.

Nizami Gəncəvi haqqında yazdığı monoqrafiyanı nəşr edərkən M.Ə.Rəsulzadənin üzləşdiyi problemlər də onun Türkiyədə hansı məhdudiyyətlər içərisində fəaliyyət göstərdiyini nümayiş etdirir. Siyasi problemlərdən çox-çox uzaq olan həmin əsərin çapı Türkiyə Təhsil Nazirliyinin bəzi məmurları tərəfindən illərlə süründürülmüşdü. Səbəb – Nizaminin «İsgəndərnamə» poemasında rusların ünvanına işlətdiyi bəzi sərt ifadələrin M.Ə.Rəsulzadə tərəfindən kitaba salınması idi. Nazirliyin bəzi rusyanlı məmurları inadla həmin ifadələrin kitabdan çıxarılmasını tələb edirdilər. M.Ə.Rəsulzadənin isə onlara cavabı qısa olmuşdu: «Bunları mən yox, dahi Nizami yazmışdır. Buna görə də, nə mənim, nə başqa kimsənin dahi şairin yazdıqlarına düzəliş etmək hüququ var». Bu səbəbdən, artıq 40-cı illərin sonunda hazır olan monoqrafiyanı M.Ə.Rəsulzadə yalnız 1951-ci ildə – Tevfik İleri təhsil naziri vəzifəsinə gətiriləndən sonra nəşr etdirə bildi.

Bu baxımdan heç də təsadüfi deyil ki, M.Ə.Rəsulzadənin Türkiyəyə ikinci dönəmindəki həyatı çox ağır maddi durumda keçmişdir. Həmin dövrdə onun mənzil şəraiti də dözülməz olmuşdur. O illərdə Türkiyədə yaşayan azərbaycanlılar arasında xeyli sayda zəngin insanlar olsa da, onlardan heç biri M.Ə.Rəsulzadəyə yardım əlini uzatmamışdır... Türkiyə Cümhuriyyətinin o zamankı hökumət yetkililəri də bu istiqamətdə hər hansı bir addım atmamışlar.

– Bəs mühacirətin içində olan müxalifət, – belə demək mümkünsə, – hələ özünü göstərirdi, yoxsa əlahəzrət Zaman hər şeyi öz yoluna qoymuşdu?

– 20-30-cu illərlə müqayisədə II Dünya müharibəsindən sonrakı dövrdə siyasi mühacirət daxilindəki qarşıdurmalar, heç şübhəsiz, xeyli səngimişdi. Bu, onunla izah olunur ki, həmin dövrdə yaşlı nəsil mühacirlərin bir çoxu artıq dünyasını dəyişmiş, digərləri aktiv siyasi fəaliyyətdən uzaqlaşmış, bir qismi isə M.Ə.Rəsulzadəyə münasibətdə uzun illər ərzində haqsız mövqedə durduqlarını anlamışdı...

​Məsələn, mühacirət daxilində Məmməd Əmin bəyin ən barışmaz tənqidçilərindən olmuş Nağı bəy Şeyxzamanlı və Fuad Əmircan illər ötdükdən sonra M.Ə.Rəsulzadənin haqlı olduğunu və ona qarşı hücumların əsassızlığını, faktiki olaraq, etiraf etmişdilər. Fuad Əmircan II Dünya müharibəsindən sonra yazırdı ki, «bir vaxtlar o, M.Ə.Rəsulzadənin mühacirətdəki taktikasını sonadək anlamayıb» və bu səbəbdən də onlar arasında ixtilaflar yaranıb. F.Əmircanın sözlərinə görə, sonralar o öz şəxsi təcrübəsində əmin olub ki, məhz M.Ə.Rəsulzadə və onun yaxın silahdaşları «ardıcıl, məqsədyönlü və fəal şəkildə milli fəaliyyətlə məşğul idilər və özlərini bütünlüklə həmin işə həsr etmişdilər».
Rəsulzadənin həyat yoldaşı ilə Türkiyədə hazırladığı Azərbaycan bayrağı. Tarix Muzeyində saxlanılır.
Rəsulzadənin həyat yoldaşı ilə Türkiyədə hazırladığı Azərbaycan bayrağı. Tarix Muzeyində saxlanılır.
Halbuki, F.Əmircanın etirafına görə, onların tənqidçiləri bu işlə təsadüfdən-təsadüfə, əlverişli imkan yarananda məşğul olurdular.

Lakin mühacirət daxilində müəyyən məsələlərdə fikir ayrılıqları II Dünya müharibəsindən sonrakı dövrdə də özünü büruzə verməkdə davam edirdi. Belə ki, həmin illərdə «vahid və bölünməz Rusiya» mövqeyindən çıxış edən rus mühacirəti qeyri-rus mühacir təşkilatlarından da həmin prinsipi tanımağı tələb edirdi. Bu baxımdan SSRİ-dən olan mühacir təşkilatların 1951-ci ilin noyabrında Visbadendə keçirilən konfransında qəbul olunmuş bir sənəd xüsusi maraq kəsb edir. Tarixə «Visbaden bəyannaməsi» kimi düşmüş həmin sənəd yalnız Polşa və Baltik ölkələri xalqlarının öz müqəddəratını təyin etmək hüququnu tanıyır, SSRİ-nin digər məhkum xalqlarına isə vahid Rusiya dövləti tərkibində milli-mədəni muxtariyyətlə kifayətlənməyi tövsiyə edirdi. C.Hacıbəyli, Ə.Şeyxülislamov və İ.Əkbərin səbatsızlıq göstərərək Azərbaycan mühacirəti adından həmin sənədi imzalaması M.Ə.Rəsulzadənin və mühacirlərin böyük əksəriyyətinin ciddi təpkisi və etirazı ilə qarşılanmışdı. M.Ə.Rəsulzadənin fikrincə, Visbaden Bəyannaməsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni beynəlxalq problemdən Rusiyanın daxili işinə çevirməklə bərabər, həm də faktiki olaraq Azərbaycan istiqlalı ideyasını rədd edirdi. Visbaden Bəyannaməsini imzalamış Azərbaycan mühacirləri bu tənqidlərə əvvəlcə etinasızlıq göstərsələr də, hadisələrin sonrakı inkişafı M.Ə.Rəsulzadənin haqlı olduğunu təsdiqlədi. Bütövlükdə isə, mühacirət daxilindəki ziddiyyətlər əvvəlki kəskinliyini itirmişdi.
– Rəsulzadənin həyatının Türkiyədəki son dönəmini bir siyasətçi üçün nə dərəcədə məhsuldar saymaq olar?

– M.Ə.Rəsulzadənin həmin dövrdə bir siyasət adamı kimi məhsuldarlığına qiymət verməzdən öncə onun hansı şərtlər daxilində fəaliyyət göstərdiyini nəzərə almaq lazımdır. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan mühacirlərinə, o cümlədən M.Ə.Rəsulzadəyə Türkiyə ərazisində, faktiki olaraq, siyasi fəaliyyətlə məşğul olmaq qadağan idi. Heç də təsadüfi deyil ki, Türkiyəyə döndüyü ilk çağlarda Məmməd Əmin bəy ədəbi, kulturoloji və tarixi tədqiqatlarla kifayətlənmək məcburiyyətində qalmışdı.

Lakin M.Ə.Rəsulzadə siyasi fəaliyyətdə yaranmış məcburi fasiləni elmi araşdırmalarla nə qədər doldurmağa çalışsa da, gözəl başa düşürdü ki, uzun müddət belə davam edə bilməz. Digər tərəfdən, etiraf etmək lazımdır ki, Türkiyə hakimiyyət orqanlarının bütün qadağalarına baxmayaraq o, heç vaxt siyasətdən tamamilə kənarda qalmamışdı və bu, ümumiyyətlə mümkün deyildi. Bu mənada M.Ə.Rəsulzadənin təşəbbüsü ilə 1949-cu ildə yaradılmış Azərbaycan Kültür Dərnəyi də elmi araşdırmalarda onun bir an belə dayanmayan siyasi fəaliyyətini imkan daxilində ört-basdır etmək vasitəsindən başqa bir şey deyildi.

Doğrudur, M.Ə.Rəsulzadənin həmin dönəmdəki siyasi fəaliyyəti, əsasən, Türkiyənin hüdudlarından kənarda, Avropa ölkələrində həyata keçirilirdi. Biz onu 50-ci illərin əvvəllərində Avropada keçirilən müxtəlif mühacir tədbirlərinin iştirakçıları və rəhbərləri sırasında görürük. Məsələn, 1952-ci il dekabrın 11-dən 16-dək Münhendə keçirilmiş Ümumqafqaz Konfransının təşəbbüskarlarından və rəhbərlərindən biri məhz M.Ə.Rəsulzadə olub.

1951-ci il yanvarında SSRİ-dən olan siyasi mühacirlərə dəstək məqsədilə yaradılmış Amerika Komitəsinin (American Committee for Freedom for the Peoples of the USSR) öz fəaliyyətinin ilkin mərhələsində qeyri-rus siyasi mühacirlərə açıq-aşkar etinasız münasibətinin aradan qaldırılmasında da M.Ə.Rəsulzadənin də əvəzsiz xidmətləri olmuşdur.

Lakin Türkiyədəki qadağalar və məhdudiyyətlər, heç şübhəsiz, bir siyasi xadim kimi M.Ə.Rəsulzadənin məhsuldarlığına mənfi təsir göstərməyə bilməzdi.
– Aydın bəy, müsahibə aldığım bəzi araşdırıcılar Rəsulzadənin ömrünün sonlarında artıq Türkiyə cəmiyyətində elə də tanınmadığını, sanki unudulduğunu deyirlər. O dönəmin Türkiyə mediasını izləyəndə də bu qənaətə gəlmək olur. Bu nə dərəcədə doğrudur?

– Bu sözlərdə böyük bir həqiqət var... Belə vəziyyət ilk növbədə onunla əlaqədar idi ki, təxminən 20 ilə yaxın bir müddətdə M.Ə.Rəsulzadə Türkiyədən ayrı düşmüşdü və həmin dövr ərzində Türkiyənin siyasi arenasında nəsillərin dəyişməsi prosesi baş vermişdi. Bu səbəbdən, Məmməd Əmin bəyin vaxtilə yaxından tanıdığı və ünsiyyət qurduğu türk siyasilərinin, demək olar, hamısı siyasi səhnədən getmişdi...
Məmməd Əmin Rəsulzadənin dəfni - Ankara, 1955
Məmməd Əmin Rəsulzadənin dəfni - Ankara, 1955

Və nə qədər acı olsa da etiraf etməliyik ki, türk siyasətinin yeni nəslinin nümayəndələrinə M.Ə.Rəsulzadə adı artıq heç nə demirdi...
Burada bir məqama da diqqət yetirmək gərəkdir. Biz Azərbaycanda Türkiyəyə və türklərə önəm verdiyimiz dərəcədə Türkiyədə Azərbaycana və azərbaycanlılara heç vaxt önəm verilməyib. Bu tarixən belə olub, belədir və belə də olacaq. Bunun çoxsaylı tarixi və psixoloji səbəbləri vardır ki, onlar barədə burada geniş danışmaq istəməzdim.

– Mühacirətdə keçirdiyi 35 ildə Əmin bəyin heç milli davadan vaz keçdiyi, Azərbaycan müstəqilliyinin yenidən bərpasına ümidini kəsdiyi anlar oldumu?

– Bu bir danılmaz tarixi faktdır ki, ömrünü Azərbaycan xalqının tərəqqisinə və onun dünyanın inkişaf etmiş millətləri cərgəsində öz layiqli yerini tutması uğrunda mübarizəyə həsr etmiş bir çox ünlü şəxsiyyətlər elədiklərinin əvəzində cəmiyyətdən yalnız biganəlik və sayğısızlıq gördükdə pessimizmə qapılmışlar... Buna əmin olmaq üçün, məsələn, M.F.Axundov, Mirzə Cəlil və ya Əhməd bəy Ağaoğlunun ömürlərinin son çağlarında yazdıqlarını oxumaq kifayətdir.

Lakin xoşbəxtlikdən, nə doğma və yaxınlarının Stalin-in müdhiş «repressiya maşını»nda məhv edilmiş taleləri, nə qürbət həyatının acıları, nə bəzi mühacirət yoldaşlarının dönüklüyü, nə də sovet xüsusi xidmət orqanlarının təqibləri Azərbaycanın müstəqillik ideyasının gerçəkləşməsi uğrunda mübarizədə M.Ə.Rəsulzadənin qətiyyət və inamını qırmaq gücündə olub... Hər halda, M.Ə.Rəsulzadənin mühacirətdəki bütün qaynar fəaliyyəti göstərir ki, o, bir an belə Azərbaycan idealının gerçəkləşməsinin mümkünlüyünə şübhə etməmiş, bütün qüvvəsini həmin vəzifənin yerinə yetirilməsinə yönəltmişdir.

Eyni zamanda, özünəarxayınçılıq və əsasız nikbinlik də onun xarakterinə yad olmuşdur. Belə ki, siyasi mühacirlərin bir hissəsi eyforiyaya uyaraq, Stalin-in 1953-cü ilin martında ölümünü sovet imperiyasının tezliklə süqutunun ilk əlaməti kimi qəbul etdikdə, M.Ə.Rəsulzadə qəti şəkildə bunun əleyhinə çıxmışdı. O, gözəl anlayırdı ki, «bütün zamanların və xalqların ən böyük diktatoru»nun ölümü hələ onun yaratdığı sistemin məhvi demək deyildir və Azərbaycan siyasi mühacirətinin çox ağır şəraitdə apardığı istiqlal mücadiləsinin gedişinə həlledici təsir göstərə bilməz. Bunları nəzərə alan M.Ə.Rəsulzadə öz mücadilə yoldaşlarını əsassız eyforiyadan çəkindirir, onları Azərbaycan idealının qələbəsi uğrunda uzun və ağır mübarizəyə hazır olmağa çağırırdı.

Lakin bu yoldakı bütün çətinlikləri dərk etməklə bərabər, M.Ə.Rəsulzadə Azərbaycan davasının uğurlu sonluqla bitəcəyinə zərrə qədər də şübhə etmirdi. Fəaliyyətinin son dövrlərində də Azərbaycan mühacirlərinin gənc nəslini məhz bu cür nikbin ruhda tərbiyə etməyə çalışırdı.

Təsadüfi deyil ki, Məmməd Əmin bəyin gənclik dostlarından biri, sonralar İran parlamentinin sədri olmuş S.H.Tağızadə onun məhz bu keyfiyyətlərini nəzərdə tutaraq yazırdı ki, «nə Bakı hökumətində tacsız bir Sultan mövqeyində olanda, nə də İstanbulda ayda bir lirəyə yaşadığı günlərdə M.Ə.Rəsulzadə öz əqidəsindən əsla dönməmiş, inadla öz idealları uğrunda mücadiləsini davam etdirmişdir...».

Aydın Balayevlə müsahibə davam edəcək.

Gələn sayda «Rəsulzadə ailəsini Sovetlərin cəngindən niyə qurtara bilmədi» sualına cavab axtarılacaq.
XS
SM
MD
LG