Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:28

İçki içən və içməyən şairlərin debatı


Yafəs Türksəs və Cəlil Cavanşir
Yafəs Türksəs və Cəlil Cavanşir
-
Cəlil Cavanşir: «Azərbaycan kimi depressiyanın bol olduğu, ədalətsizliyin tüğyan etdiyi bir ölkədə şairin, yazıçının içməkdən başqa bir yolu qalmır».

Yafəs Türksəs: «Əsl şair mütəfəkkir olmalıdır, xalqa yol göstərməlidir, pul qazanmalıdır, siyasətlə məşğul olmalıdır, ev almalıdır, QHT yaratmalıdır».

Azad Yaşar: «Bizim müasir şairlər materialist olduqları üçün, şərq şeirindəki mey, saqi, qədəh simvollarını birbaşa anlayırlar. Bunların sufi simvolları olduğunu bilmirlər».

Qurban Yaquboğlu: «Araqdan mümkün qədər qaçmaq lazımdır, çünki o adamı cəzalandırır».

Akif Əhmədgil: «İçmirsən içmə zorla səni yerə yıxıb ağzına içki tökmürlər ki».

Səadət Akifqızı

- Adətən şairlər haqqında belə bir söhbət gəzir ki, içki şairi, yazarı məhv edən vasitədir. İçki şairin bir nömrəli düşmənidir, yoxsa dostudur?

Yafəs Türksəs

- Mənə həmişə belə sual verəndə, deyirəm ki, bunun birmənalı cavabı yoxdur. Bəlkə də şair 100 qram içki içsə bu şairin qabarmalarına kömək edə bilər. Amma, əgər şair çoxlu içib şüurunu itirəcəksə, ayıqlığını itirəcəksə o əsər də yaza bilməz, həyatını da qura bilməz. Belə düşünürəm ki, çox içmək yanlış bir şeydir. Amma içmək hərdən lazımdır, çünki şairlərdə elə bir qabarma olur ki, 100 qram içində o daha da qabarır. Bu da sirr deyil ki, köhnə meyxanaçılar, şairlər, qəzəlxanlar yüngül dozada nəşə də çəkiblər. Ancaq bir məsələ də var ki, Azərbaycanda istehsal olunan içkilər, insanın sağlamlığına çox zərərlidir. Ona görə də son illərdə mənim 3-4 şair dostum Bakı arağının təsirindən dünyadan köçüb.

Cəlil Cavanşir

- İçən adamın şair olması, yaxud hansısa sənət sahibi olmasının məsələyə bir dəxli yoxdur, içki həvəskarı şair də ola bilər, jurnalist də ola bilər, pinəçi də ola bilər. Nədənsə bizim cəmiyyətdə şairin içməyini çox qabardırlar. Bizim yüksək ranqlı məmurlarımız da hər axşam işdən sonra gedib içirlər, o bir söz-söhbətə səbəb olmur, amma şairin əlinə düşən cüzi pulla gedib içməyi dərhal qabardılır. İçkinin yaradıcılıqla bir əlaqəsi yoxdur, bu dəqiqdir. Şəxsən mən indiyə qədər içib bir cümlə də yaza bilməmişəm. Azərbaycan kimi depressiyanın bol olduğu, ədalətsizliyin tüğyan etdiyi bir ölkədə şairin, yazıçının içməkdən başqa bir yolu qalmır. İndi şairləri zəlil günə salıblar, şair niyə hansısa saytda baş redaktor olmalıdır, şair yaradıcılığı ilə məşğul olması üçün öz sahəsinə yaxın bir işlə məşğul olmalıdır, yüklənməməlidir, təzyiqlərə məruz qalmamalıdır. Ümumiyyətlə niyə içkidən xilas olmaq lazımdır ki?
Cəlil Cavanşir
Cəlil Cavanşir


Yafəs Türksəs

- Ona görə ki, içki adamı öldürür. Vallah, Bakı arağından 150 qram içirəm, elə bilirəm damarımın içində qarışqa yeriyir. Zəhərdir də bu.

Cəlil Cavanşir

- İçki adamı öldürmür, əyyaşlıq öldürür. Siz də Bakı arağı içməyin. İstəmirəm indi içkinin təbliğatçısı kimi görünüm, amma içkinin zərərləri o qədər də böyük deyil.

Səadət Akifqızı

- İndi telefon xəttində şair, tərcüməçi Azad Yaşar var. Azad bəy, siz bu mövzuya necə yanaşırsınız, Azərbaycanda içkiyə düşkünlük şairlər üçün çoxmu ciddi problemdir?

Azad Yaşar

- Ümumiyyətlə sənət adamları arasında içkiyə düşkünlük geniş yayılmış bir problemdir. İstər rəssamlar, istər bəstəkarlar arasında içki düşkünləri də çoxdur. Amma hər içən adam da içki düşkünü deyil. Əgər bir adam yaradıcılığına stimul kimi içkiyə dadanırsa və ortaya dünya tarixində qalacaq əsərlər qoya bilirsə, bəlkə də bu müsbət cəhətdir. Mən yaradıcılıq üçün içkidən, narkotikdən, eşqbazlıqdan sərhədsiz istifadənin əleyhinəyəm. Çünki əgər adam nəfsində sərhəd tanımırsa, istər-istəməz başı daşa dəyəcək və dayanacaq. Dünya ədəbiyyatından bir misal gətirim. Ömər Xəyyamın içkidən bəhs edən şeirləri indi Rusiyada, Amerikada bestsellerdir, ancaq çox adam bilmir ki, o əslində riyaziyyatçı və astronom olub. İnsanlar Ömər Xəyyamın şeirlərindəki mey, saqi, qədəhin əslində sufi simvolları olduğunu bilmir. Belə simvollarla Nizamidə də, Nəsimidə də, ən yaxın tariximizə gəldikdə Seyid Əzim Şirvanidə də rast gəlirik. Bizim müasir şairlər isə materialist olduqları üçün, şərq şeirindəki batini mənalar birbaşa anlayırlar. Elə bilirlər ki, şərq şairləri hamısı əyyaş olub. Əslində isə şərq şairlər içki anlayışları ilə bir növ jonqlyorluq ediblər, onları maksimum dərəcədə o sözlərin çalarlarını tapmağa çalışıblar. Məsəlçün, Mövlanə Cəlaləddin Ruminin rübailəri var, bu rübailəri eşidənlər düşünər ki, bu adam hər halda əyyaşdır. Bu şeir həm içkiyə, həm eşqbazlığa dəvət kimi görünə bilər. Ancaq şərq ədəbiyyatında hər şey deyildiyi kimi, göründüyü kimi deyil. O rübailərdən birini sizə oxumaq istərdim.

Deyirlər səbir eylə bir gün cənnətdə
Hurilər əlindən içərsən badə
Sonuc bu imiş, yarla mey burda da var
Gəl içək, fürsəti verməyək fövtə

Yafəs Türksəs

- Bizdə şairlər, özlərini elə göstərirlər ki, guya dərddən içirlər, amma mən kənardan baxıram, gülə-gülə, hırıldaya-hırıldaya gedib kafelərə girirlər. Gülüşləri küçəni başına götürür. Həm də bəziləri imic yaradır ki, guya içənlər dahidir, şair yaxası açıq, saçı dağınıq olmalıdır. Amma əsl şair mütəfəkkir olmalıdır, xalqa yol göstərməlidir, pul qazanmalıdır, siyasətlə məşğul olmalıdır, ev almalıdır, QHT yaratmalıdır.

Cəlil Cavanşir

- Şeirin və şairin cəmiyyətə yol göstərmək kimi bir funksiyası yoxdur. Qədimdə bütün elmlər şeirlə bağlıydı, indi isə zaman başqa zamandır. Əgər sən siyasətlə məşğul olmaq istəyirsənsə, gedib universitetdə politologiya fakültəsini oxumalısan.
Yafəs Türksəs
Yafəs Türksəs
Şairin xalqın önündə getmək funksiyası yoxdur.

Yafəs Türksəs

- Demirəm ki, mütləq şair siyasətçi olsun. Şair biznesmen də ola bilər. Axı şeirlə pul qazanmaq olmur, 500 tirajla kitab buraxırsan, satılmır.

Cəlil Cavanşir

- Bizim ən böyük bədbəxtliyimiz odur ki, şairlər siyasətlə məşğul olur, biznesmenlər şeir yazır.

Azad Yaşar

- Şair bütün hallarda qrafiklə yaşamayan adamdır. Buna baxmayaraq şair dolana bilmirsə bir gəlir yeri olmalıdır. Bizimkilər elə bilirlər ki, şair ancaq şeirini yazıb çayxanalarda oturmalıdır. Çox böyük türk şairləri, yaxud İran şairləri dövlət işində də işləyiblər gözəl şair olublar. Məsəlçün Orxan Vəli əvvəl nazirlikdə, sonra poçt idarəsində işləyib, Mopassan nazirlikdə işləyib, bizim yazarımız Rafiq Tağı çox gözəl həkim idi, çox gözəl insan idi, çox gözəl də yazar idi. Bir məşğuliyyət digərinə mane olmur, əksinə stimul verir.

Cəlil Cavanşir

- Mənim fikrim düzgün anlaşılmadı. Demirəm ki, şair işləməməlidir. Amma Azərbaycan şairi normal yaradıcılıqla məşğul olmaq üçün, mütaliə üçün, müşahidə etmək üçün yüklənməməlidir. Çətin işlərdə çalışanların yaradıcılığa vaxtı tapılmır.

Səadət Akifqızı

- Amma araq içməyə vaxt tapılır.

Cəlil Cavanşir

- Bəli tapılır. Çünki mən bilmirəm Azərbaycanda ondan başqa nə ilə həyatımızdakı bu boşluğu doldurmaq olar. Mən şair olduğum üçün içmirəm, içki mənim özümü təsdiq düsturum deyil. Necə ki, bir məmur, bir həkim işdən sonra içir mən də elə içirəm. Ola bilsin kənardan biz içkinin təbliğatçısı kimi görünürük, amma mən içməyənlərə də hörmətlə yanaşıram. Hər halda mən elə düşünürəm ki, bütün içkiləri içib qurtarmaq lazımdır ki, insanlara ziyan vurmasın.

Səadət Akifqızı

- İndi telefon xəttində şair Qurban Yaquboğludur. Qurban bəy siz necə düşünürsünüz, içki yaradıcı insanı məhv edir, yoxsa yaradıcılığa həvəsləndirir?

Qurban Yaquboğlu

- Bu məsələlər ilham fenomeni ilə bağlıdır. Bəziləri deyir ki, içki, bəziləri deyir qadınlar yaradıcılığa təsir göstərir. Amma Azərbaycan şairi bilməlidir ki, o elə bir mental coğrafi məkanda yaşayır ki, orda bir qadağalar sistemi var və bu qadağalar sistemi vaxtaşırı onun sağlamlığına təsir göstərir. Bu baxımdan Azərbaycan şairi şərabdan ehtiyatlı olmalıdır. Hesab edirəm ki, şair mütləq metafizik dünyanın qadağalarına əməl etməlidir. Hesab edirəm ki, şair təkcə öz ruhu ilə yox, fiziki varlığı ilə də davranmağı bacarmalıdır. Əgər o mənəvi varlığı yox, fiziki varlığı ilə də təzyiqlə danışırsa, daim ona güc göstərirsə, onun orqanizmi onu əvvəl-axır mütləq cəzalandıracaq. Araqdan mümkün qədər qaçmaq lazımdır, çünki o adamı cəzalandırır.
Səadət Akifqızı
Səadət Akifqızı


Səadət Akifqızı

- İndi telefon xəttində şair Akif Əhmədgildir. Akif bəy belə fikir var ki, istedadlı insana paxıllıq edən adamlar onu sıradan çıxarmaq üçün içkiyə aludə edirlər. Bu nə qədər doğrudur?

Akif Əhmədgil

- Xeyr, mən o fikirlə razı deyiləm, içmirsən içmə zorla səni yerə yıxıb ağzına içki tökmürlər ki. Sovet dönəmində içki daha aktual idi, ona güclü meyl olub. Mən özüm də içmişəm. Amma araq nə şairə, nə rəssama yaradıcılıq işlərində müsbət təsir edə bilməz. Adam arağı şənlənmək üçün içir, beyni dumanlanır, o necə şeir yaza bilər. Deyirlər insan içəndə daha yaxşı yazır, amma bu tamam məntiqsizdir. Ola bilər bizim klassik ədəbiyyatdan bəri içkinin adı hallanır, amma heç bir şair deyə bilməz ki, mən içib yaxşı şeir yazdım. Əgər şair yaxşı şairdirsə, o içkiyə görə yaxşı şair ola bilməz. Mən özüm vaxtilə çox içki içmişəm, hətta 2003-cü ildə həkim mənə səhvən seroz diaqnozu qoymuşdu.

Səadət Akifqızı

- Akif bəy, sizin içməyinizin səbəbi nəydi?

Akif Əhmədgil

- Sovet dövründə içki içmək dəb idi, hamı içirdi. Özümüzdən içkiyə adlar qoymuşduq. Gah başıxəmirli deyirdik, gah başqa bir şey. Onu çox içməyin bir mənası yoxdur. Yalnız çox içən bir adam kimi, onu deyə bilərəm ki, içkinin yaradıcılığa heç bir dəxli yoxdur, o insanın vaxtını alır, enerjisini alır, sağlamlığını alır. Bir fakt deyim ki, Azərbaycanın ən böyük şairi Əli Kərim 38 yaşında, seroza görə dünyadan köçdü.
XS
SM
MD
LG