Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:53

ABŞ və İran İraq islamçılarıyla mübarizə yollarını düşünür


İraq
İraq
-
«The Guardian» xəbər verir ki, İraqda islamçıların hücumlarını necə dayandırmaq məsələsi Vyanada keçirilən nüvə sammitində ABŞ və İranın diqqət mərkəzində olub.

Birləşmiş Ştatların dövlət katibi John Kerry deyib ki, «gerçək sabitliyin əldə olunması naminə mən heç nəyi istisna etməzdim».

Bir sıra agentliklər dövlət katibinin bu bəyanatından belə bir nəticə çıxarıblar ki, Tehran və Vaşinqton İraqda hərbi müttəfiq də ola bilərlər. Ancaq daha sonra cənab Kerry-nin bəyanatına «aydınlıq» gətirilincə, hərbi əməkdaşlıq perspektivinin olmadığı və bu məsələnin Vyanada müzakirəyə çıxarılmadığı bilinib. ABŞ və İran rəsmilərinin açıqlamaları belə bir fikrə əsas verib.

İRAQDAKI VƏZİYYƏT MÜZAKİRƏ EDİLİB, AMMA...

Dövlət Departamentinin vəzifəli rəsmisi bildirib ki, ABŞ İraq xalqının başı üzərindən İranla İraqın gələcəyinə dair hər hansı hərbi koordinasiya və strateji planlama hazırlamır. İran rəsmiləri də danışıqlar masasında hərbi əməkdaşlıq məsələsinin olmadığını söyləyiblər:

«İraqdakı fəlakətli durum dartışılıb, ancaq heç bir konkret nəticə çıxarılmayıb».

YahooNews saytına müsahibəsində jurnalist Katie Couric-in «İranla hərbi müttəfiqliyə dair» sualıyla küncə sıxışdırılan Kerry – «Bu mərhələdə, düşünürəm ki, biz addım-addım getməli, reallıqda bunun nə nəticə verəcəyinə baxmalıyıq. Lakin mən real sabitlik üçün konstruktiv ola biləcək heç nəyi istisna etməzdim» – cavabını verib.

PENTAQONUN TƏKZİBİ

Bu müsahibədən üç saat sonra Pentaqon bir neçə bəyanat verərək ABŞ və İran arasında İraqa dair hər hansı koordinasiyanın mümkünlüyünün istisna edildiyini bildirib:

«Bu barədə heç bir təmas olmayıb. ABŞ Müdafiə Nazirliyi ilə İran hərbçiləri arasında hər hansı təmas planı yoxdur». «The Guardian» qəzetinə açıqlamasında Pentaqonun sözçüsü dilə gətirib.

«The Guardian» yazır ki, bu bəyanatlar nə qədər doğru olsa da, Tehranla Vaşinqton arasında İraqa dair diplomatik danışıqları artıq yeni mərhələ saymaq mümkündür.

«İRAN QURUDAN, ABŞ HAVADAN VURARDI...»

Hərbi ekspertlər İran və ABŞ-ın İraqda əlaqələndirilmiş hərəkətlərinin fayda verəcəyini düşünürlər. Onların fikrincə, bu halda İran İraqa seçmə qoşunlarını göndərər, ABŞ isə qiyamçıları hava zərbələrinə tutardı.

Bununla belə, İraq böhranının çözülməsi üçün Vaşinqtonla Tehran arasındakı danışıqlara dair məlumatlar ABŞ siyasi dairələrində birmənalı qarşılanmayıb.

ƏVVƏLLƏR DƏ DANIŞIQLAR OLUB

Senator John McCain belə məlumatlara inanmadığını söyləsə də, amma bir başqa güc tətbiqi tərəfdarı olan respublikaçı Lindsey Graham İranla hərbi əməkdaşlığa müsbət yanaşdığını bildirib.

Mediada gedən xəbərlərə görə, McCain və Graham xarici siyasət məsələlərində daim kəllə-kəlləyə gəlirlər. «The Guardian» ABŞ administrasiyasının bir rəsmisinə istinadən buna da diqqət çəkib ki, Tehran və Vaşinqton əvvəllər də BMT kuluarlarında Əfqanıstan, 11 sentyabr terror aktı kimi məsələləri məxfi müzakirəyə çıxarıblar.
XS
SM
MD
LG