Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:34

Nərgizlərin intiharı


Mehri Mustafa
Mehri Mustafa

-

Ay “Ana”, üz-gözünü, saç-başını yolaraq: “Vay, balam,”- deyib çığır-bağır salmağın nə mənası?!

İçin-için göynəyib, səssiz- sakit ağlamağın nə mənası, ay “Ata”?!

Mehri Mustafa

GEDƏN GƏLMƏZ ARTIQ…

Bir müddət öncə iki məktəblinin intihar etməsi xəbəri hər kəs kimi məni də dəhşətə gətirdi.

Çox sarsıldım.

Nədənsə o an gözümün önünə öz şagirdlərim gəldi. Nağıllar dünyasında yaşayan, “göydən üç alma düşdü” kimi fikirlərə inanan məktəblilər Ay “Ana”, üz-gözünü, saç-başını yolaraq: “Vay, balam,”- deyib çığır-bağır necə olur ki, intihar, ölüm haqqında düşünür, hətta daha irəli gedir, özünə qəsd etməyi ağlına gətirərək bunu həyata keçirir?!

Doğrudan da, dözülməzdir.

Hər kəs kimi haqqım çatdı-çatmadısa da mən də qınadım. Valideynləri qədər özümü, səni, o birisini də qınadım. Quş olub uçdular kimi təsəllim olmadı. Yox, onlar quş olub uçmadılar, yarımçıq arzuları, həyata keçməyə macal tapmamış xəyalları ilə birgə torpağa tapşırıldılar.

Bir məktəblinin nəinki lüğətində, hətta xasiyyətində belə riyakarlıq, ikiüzlülük kimi cəhətlərə rast gələ bilməzsən. Onlar bizlərdən fərqli olaraq çox safdırlar, səmimidirlər. İstəsələr də bizə bənzəyə bilməzlər. Çünki körpədirlər. Bioloji yaşları 16-17 olsa belə, onların həyat yaşları yoxdu hələ. Axı həyat bu yaşlardan sonra onlara iməkləməyi, asta-asta yeriməyi, yıxılanda qalxmağı bacarmağı öyrədir.

Bu faciənin eninə-uzununa nəzər yetirəndə başqa məqamlar ortaya çıxır. Özlərinin sevgi adı qoyduqları bu münasibətə baxanda görürsən ki, bu, əslində təmənnasız dostluqdan başqa bir şey deyil. Lap elə sevgi olsa belə təmənnasızdır. Böyüklər hələ o qədər böyüməyiblər ki, bu təmənnasız münasibətləri qəbul edə bilsin. Əslində bu cür münasibətlərdən qorxmağa, hətta cüzamlı xəstədən qaçan kimi qaçmağa da ehtiyac yoxdur. Axı belə münasibətlərin bir qismi çox keçmədən adi bir “problem” üzündən bitir, ya da aylar, illər bu təmənnasız olan münasibətlərə əlavə rənglər qatır, onları daha da möhkəmləndirir. Əsası olmayan narahatçılıqlarsa iki canın qarşılığında nə qədər bəsit görünür!

“Qızın razılığın alıb nişanlamışdıq,” – deyərək özünə haqq qazandırmağa çalışan valideynlər düşünmürlər ki, oxumaq, təhsil almaq çağında olan bir qızın həyatını qaraltmaq ən böyük vicdansızlıqdır?!

Niyə görəsə cəmiyyətimizdə bir çox “valideynlər”, təəssüf ki, övladının təhsil almaq yox, ailə qurmaq fikrinin tərəfdarıdır? Cavab çox vaxt eyni olur: artıq yükdən, artıq xərcdən azad olmaq. O zaman başqa sual ortaya çıxır. Övlad yükdürmü? Təhsili artıq xərcdirmi? Doğrudan da, dəhşətdir.

Özünə valideyn adı qoyanların bəzilərinin düşünülməmiş hərəkətləri övladların sonsuz çətinliklər girdabında ömür boyu bədbəxt olmalarına səbəb olur. Axı təhsilsiz, savadsız (diplom nəzərdə tutulmur) fərdlərdən qurulan ailələrin əksəriyyəti daim yarımçıq olur. Daim nələrsə çatışmır. Baxanda görürsən ki, bu nələrin bircə mənbəyi var- təhsil almamaq.

Əslində bu intihar biz böyüklərə qarşı çevrilmiş səssiz, silah-sursatsız üsyandan başqa bir şey deyil. Dönüb özünə baxırsan. Bir sual içini gəmirir. Yəni biz bu balaları o qədər unutmuşuq ki, onlar bizdən bu qədər uzağa getməyi qərara alırlar?!

Təəssüflər olsun ki, hələ də cəmiyyətimizdə Nərgizlər, Nərgizlərin ataları var.

İndi məzarları gül-çiçəklə, al-qırmızı zər-xaralarla bəzəməyin nə mənası?!

Ay “Ana”, üz-gözünü, saç-başını yolaraq: “Vay, balam,”- deyib çığır-bağır salmağın nə mənası?!

İçin-için göynəyib, səssiz- sakit ağlamağın nə mənası, ay “Ata”?!

Gedən gəlməz artıq…

XS
SM
MD
LG